Komitə sədri şəhid atası ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Aşağı Quşçu kənd sakini, Vətən Müharibəsinin şəhid əsgəri Elçin Poladovun atası Adil Polad oğlu Poladovla Milli Məclisdə görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
"Əziz şəhid atası, Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun atasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuz Elçinin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Elçin 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. O, Quru Qoşunlarının əsgəri olaraq Vətən Müharibəsində Füzuli, Xocavənd döyüşlərində fədakarlıqla döyüşüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Elçin Poladov, Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə də təltif edilib. Elçin kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik! Xahiş edirəm, bizim salamlarımızı ailə üzvlərinizə, bütün doğmalarınıza çatdırasız"!
Q.Paşayeva şəhidin atasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"