"Əllərinə hakimiyyət düşsə, ölkələrini yenidən qana qərq edəcəklər"

08:13 01-05-2021 | icon 591 | Geopolitika
"Əllərinə hakimiyyət düşsə, ölkələrini yenidən qana qərq edəcəklər"

"Rusiya artıq özü üçün götür-qoy edib Paşinyanın üzərində dayanacaq"

 

Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə kəskinləşib. Bir tərəfdə müharibədə uduzan və üçtərəfli bəyannaməyə imza atan Paşinyan, bir tərəfdə Azərbaycanda separatçılığın əsasını qoyan Robert Köçəryan və Serj Sarkisyan cütlüyü, digər tərəfdə isə İrəvanda sırf Ermənistanın maraqlarından çıxış edən üçüncü tərəf arasında mübarizə gedir. Bu üç cəbhədə hakmiyyətə gəlmək istəyən qüvvələr arasında gərginlik hökm sürür və seçkilərə hazırlıq gedir. Seçkidə kim qalib gələ bilər? Üçtərəfli Bəyanata imza atan Paşinyan, Azərbaycanda separatçılığı dəstəkləyib, körüklüyən Xocalı soyqırımını törədən Köçəryan-Sərkisyan cütlüyü, yoxsa hər iki tərəfi dəstəkləməyən üçüncü qüvvələr. Bunlardan hansnın şansı daha çoxdur? Hansının hakimiyyətə gəlməsi Dağlıq Qarabağ məsələsində danışıqlara təsir göstərə bilər.

 

Yaxud, bunlardan hansı hakimiyyətə gəldikdən sonra, Dağlıq Qarabağda olan sülhməramlı qüvvələrin 5 il müddətində fəaliyyəti necə tənzimlənəcək, necə mövqe tutulacaq və buna uyğun da Azərbaycan hansı addımları atmalıdır?

 

Politoloqlar şərhlərində məsələyə birmənalı yanaşıblar.

 

 

 

“Ermənilərin Qarabağ siyasəti, ərazi iddiaları yoxa çıxmayacaq, bu birmənalıdır”

 

Politoloq Fikrət Sadıqov şərhində bildirib ki, Paşinyanın partiyası seçkilərdə qalib gələ bilər. Onun fikrincə, Paşinyanın reytinqi bir mərhələ aşağı düşsə də, digəriləri ilə müqayisədə müəyyən üstünlük təşkil edir:

 

“Bu ona işarə edir ki, xalq bu ağır vəziyyətdən çıxmaq istəyir. Onlar digər dövlətin torpaqlarında vuruşmaq, qan tökmək istəmirlər. Keçmiş Qarabağ klanının siyasi addımlarından artıq cana doyublar. Bunlar başa düşürlər ki, artıq geriyə addım yoxdur. Geriyə addım atılsa da, bunların havadarı olan Rusiya tam mənada onların tərəfdarı deyil. Rusiya sadəcə olaraq neytral bir mövqedə dayanıb. Biz öz torpaqarımızı azad edə bildik, bu məsələyə son qoyuldu. Bütün bu revanş, yenidən hansısa bir Azərbaycan şəhərini işğal etmək kimi fikirlər hamısı illüziyadır, öz daxili auditoriyasına yönəlmiş sərsəm bəyanatlar, şüarlardır. Amma iyuna qədər hər şey dəyişə də bilər. Məsələn, aparıcı dövlətlərin Qafqazda siyasəti dəyişə bilər. Hazırda Bayden “soyqırım” ifadəsini dilə gətirərək, Ermənistanda müəyyən siyasi qruplaşmaları yenidən dirçəltdi. Onlar hesab edir ki, ABŞ onlara dəstək verəcək. Bu özü-özlüyündə yeni bir kontektdir. Özü-özlüyündə Cənubi Qafqazda Ermənistanla bağlı Rusiya -ABŞ arasında yaranan qarşıdurma amilidir. Hər halda Köçəryanın partiyası birləşdirilmiş siyasi qüvvə kimi Paşinyanı keçsə də, onun baş nazir seçilməsini düşünmürəm. Çünki Köçəryanın dövrü artıq keçib. Gərək nəsə bir möcüzə olsun və Rusiya qismində onlara böyük bir dəstək verilsin ki, hakimiyyətdə bir yer tutsunlar. Amma Manukyan və digər qüvvələri nəzərdə tuturuqsa, onların belə bir geniş miqyaslı şansının olmasını düşünmürəm. Onu da istisna etməmək olmaz ki, onlar bəlkə də parlamentə seçilə bilər. Yaranmış daxili siyasi vəziyyətdə onların da müəyyən şansları olmalıdır”.

 

Politoloq Paşinyanın daha şanslı olmasını Rusiya ilə əlaqələndirdi. Onun fikrincə, hazırda Paşinyan Rusiyanı tam qane edir:

 

“Artıq Paşinyan sözəbaxan bir siyasətçiyə dönüb. Gurultulu şüarlarla gələn, Qərbə üzünü tutan, NATO, Avropa İttifaqı haqqında danışan Paşinyan indi üzüsulu Moskvaya baş əyir. Və onun əsas havadarı hazırda Rusiyadır. İndi ABŞ-da çalışır ki, erməniləri müəyyən dərəcədə dəstəkləsin. Baydenin “soyqrım” ifadəsi də təsadüfi deyil. O da hakimyyətə bir dəstəkdir. Bu da bir həqiqətdir ki, onlar heç nəyə nail ola bilməyiblər. Vaxtilə Rusiya Dövlət Duması da soyqırımı tanıdı, Amerkanın müxtəlif ştatları da bunu tanıdı. Heç bir nəticəsi olmadı. Ermənistan boğulur, iqtisadi böhran içindədir. Ermənistanın iki dövlətlə sərhədləri bağlıdır. Onların belə bir dəstəyi heç nəyə nail olmayıb, Ermənistanı hansısa bir işıqlı yola çıxartmayıb. Bu hamıya aydındır”.

 

F.Sadıqov vurğulayıb ki, Ermənistanda keçirilən seçkilərdə kimin şanslı olub-olmamağından asılı olmayaraq, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq ermənilərin Qarabağ siyasəti dəyişməyəcək:

 

“Sadəcə olaraq aralarında fərq olacaq. Biri daha radikal, yumşaq, başqası daha möhtədil ola bilər. Amma ermənilərin Qarabağ siyasəti, ərazi iddiaları yoxa çıxmayacaq, bu birmənalıdır. Azərbaycan olaraq belə bir vəziyyətdə öz prinsipial mövqeyimizdən dönməməliyik. Hətta erməniləri  müxtəlif layihələrə cəlb etsək də, Dəmr Yumruğumuzu başlarının üstündə saxlamalıyıq. Burda başqa bir mövqe  nümayiş etdirmək də mümkün deyil. Çünki onların çoxəsirlik iddiaları heç vaxt geri çəkilməyəcək.

 

 

 

 

"Hakimiyyətə kim gəlsə də işğalçı mövqeyindən çıxış edəcək"

 

Politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanda seçkiyə gedən tərəflər içərisində Paşinyanın rəhbərlik etdiyi qrup daha çox mütərəqqi düşünən, daha çox ölkədə müəyyən münasibətlər balansını yaratmağa çalışan qüvvədir:

 

“Ermənilərlə bağlı “yaxşı erməni” kəlməsini işlətmək mümkün deyil. Onların ağına da lənət, qarasına da. Amma Qarabağda olan Robert Köçəryan, Serj Sərkisyan və onların ətrafında olan digər Qarabağdan olan ermənilər daha təhlükəlidirlər. Bunların əlinə hakimiyyət düşsə ölkələrini yenidən qana qərq eliyəcəklər. Güman edirəm ki, prosesləri tənzimləyən tərəf Rusiya olacaq. Rusiya da seçki saxtakarlığında ustadır. Əgər seçkilər saxtakarlıqla həyata keçirilərsə, istədiyi adamı hakimiyyətə gətirə bilər. Amma Paşinyan seçki sistemində dəyişikliklər edib. O, dünya seçki sisteminin təmin etdiyi seçki qanunu qəbul etməklə seçkiyə ictimai nəzarəti gücləndirib. Həm də seçki saxtalaşdırmaları minimuma endirilib. Baxaq görək Rusiya burda necə hərəkət edəcək. Rusiyanın hansı siyasi texnologiyaları burda işləyəcək. Bunların hamısı çox mühüm əhəmiyyətə malikdir. Hər halda belə görünür ki, Rusiya da Paşinyan hakimiyyətini qorunub saxlanılmasının tərəfdarı kimi çıxış edir. Hər hansı bir hadisə Rusiyanın mövqeyinin dəyişməsinə gətirib çıxarda bilər”.

 

Politoloq hesab edir ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, gələn şəxs işğalçı mövqeyindən çıxış edəcək:

 

“Paşinyan ölkədə əməkdaşlığın tərəfdarı kimi çıxış eliyə bilər. Proseslər də onu göstərir ki, ölkədə kommunikasıya xətlərinin açılması, tərəflər arasında ticarət əlaqələrinin, yolun açılması, Türkiyə ilə Azərbaycanın münsibətlərinin inkişaf etdirilməsi Paşinyanın proqramında var. Amma Köçəryan, Sərkisyan, Manukyan və nə bilim daha kimlərsə elə hərəkət edirlər ki, heç bir sülhə gəlmək istəmirlər. Elə hesab edirlər ki, bu dılğır balaca dövlət guya bizimlə əməkdaşlıq eləsə, Mehri dəlizini açsa biz qazanacağıq. Bunlar Mehri dəhlizi ilə Azərbaycan dəmir yollarına qoşulurlar. Azərbaycan dəmir yolu bölgənin ən nəhəng dəmir yolu qovşağıdır. Bu dəmir yolları vasitəsilə Avropaya da getmək mümkündür, Asiyaya da. Yəni ucuz sərnişindaşımaların hamısını Mehri dəhlizini açmaqla dünyanın qapılarını üzlərinə aça bilərlər. Amma onlar narahatdır ki, bu Mehri dəhlizi Türk birliyini möhkəmləndirir. Soruşan lazımdır ki, ay düdüklər, siz nə vaxta qədər onun-bunun əlində oyunçağa çevriləcəksiz. Siz niyə başınızı aşağı salıb öz rifahınızın, dövlətçiliyinizin inkişafı ilə məşğul olmursuz. Bunlar boylarından yuxarı tullanmaq istəyirlər. Birdəfəlik anlamırlar ki, “dənizdən-dənizə” ideyası saxta tarixçilərin uydurmasıdır, bu mümkün deyil. Sən inkişaf etmiş sənaye ölkəsi deyilsən. Təkmilləşmiş, sosial cəmiyyət qurmuş və dünyaya örnək ola biləcək bir cəmiyyətin yoxdur.  Sən qonşularla normal münasibət yarada bilmirsən. Ona görə də  hesab edirəm ki, iki mənfidən bir ədər müsbətə çəkən mənfi yaxşıdır. Bu mənada Rusiya artıq özü üçün götür-qoy edib Paşinyanın üzərində dayanacaq”.

 

 

 

 

“Erməni seçicisi köhnə vəziyyətə qayıtmaq istəmir”

 

Politoloq Natiq Cəfərli bildirib ki, iyun ayında baş tutacaq seçkilərin gedişatında seçkilərlə bağlı çoxşaxəli təsirlərin olduğu görünür. Onun fikrincə, burda Rusiyanın da rolu var, erməni diasporunun da, erməni kilsəsinin də:

 

“Amma görünən odur ki, son sorğularda Paşinyan komandasının reytinqi digər qruplardan üstündür. Düzdür, bu, 2018-ci il seçkilərində Paşinyanın göstərdiyi göstəricilərdən az qala iki dəfə azdır. O zaman Paşinyan daha üstün səs çoxluğu ilə seçilmişdi. Amma 44 günlük mühaibədə Ermənistanın hərbi məğlubiyyəti Paşinyanın reytinqinə də mənfi təsir göstərib. Daha bir maraqlı cəhət odur ki, hansı qüvvələr ki, daha çox revanşist şüarlarla çıxış edirlər, bunlar keçmişdə hakimiyətdə olan qüvvələrdir. Onların dayağı çox deyil. Əhali Sarkisyan-Köçəryan siyasətindən o qədər narazı idi ki, indi revanş olaraq geri qayıtmasını istəmirlər. Ona görə də nə qədər qəribə səslənsə də Paşinyan və onun komandasının şansı çoxdur. Ola bilər ki, seçkilərdən sonra elə bir konfiqurasiya yaransın ki,  təkbaşına hökumət qurmaq çətin olsun və müəyyən koalisiyaların qurulması, müəyyən təşkilatların orada təmsil olunması mümkün olsun. Azərbaycana revanşist yanaşan qüvvələr anlayırlar ki, indiki dövrdə Azərbaycanla hərbi döyüşlərin yenidən başlaması az qala Ermənistanın dövlətçiliyini də sual altına qoya bilər. Hətta çıxışlarında ən yaxşı halda bir neçə ildən sonra hansısa formada güclənərək güclü ordu quraraq müəyən addımların atılmasından danışırlar. Bu gün Ermənistanda müharibənin yenidən qızışdırılması ilə bağlı çıxışlara tərəf çıxan, buna çağırış edən seçkidən sonra müharibə olacaq deyən qüvvələr yoxdur. Çağırışlar, müəyyən hərəkətər, qızışdırıcı addımalar var, amma ağlı başında olan bilir ki, mümkün deyil. Ona görə də əsas mübarizədə təkcə tərəflər arasında deyil, xarici təsirlərin də həlledici rolu olacaq. Burda Rusiyanın özünün siyasi oyunları var. Son zamanlar Qərbdən də Paşinyan komandası ilə bağlı müəyyən mesajlar gəlir. Baydenin  “soyqırım” deməsi, proseslə bağlı açıqlama verməsi seçkilər zamanı Paşinyan və onun komandasına dəstək deməkdir. Əslinə qalsa, Paşinyanın seçkiləri udması, hakimiyyətdə qalması bütün başlanan danışıqların pozitiv dinamikada inkişafı üçün şansları artıracaq. Çünki Paşinyan Azərbaycanla normal münasibətlərin olmasının həyati vacib olduğunu, dəhlizin açılmasının,  kommunikasiya xəttlərinin həyati vacib olduğunu deyir. Məğlub olmuş Ermənistan cəmyyətində bunu söyləmək elə də asan deyil. Görünən odur ki, erməni cəmiyyətində də müəyyən dərəcədə indiki durumda əsas günahın işğal siyasəti olduğunu anlamağa başlayacaqlar. Erməni seçicisi köhnə vəziyyətə qayıtmaq istəmir. Ona görə də zəifləmiş Paşinyan Rusiya üçün indi daha məqbul sayılır. Paşinyan əvvvəl Qərbə inteqrasiyanı sürətlə aparıdı, indi zəifləyib. Rusiya Paşinyanın dəyşməsinə müqavimət göstərəcək.

Hesab edirəm ki, Azərbaycanın hərbi qələbəsini gələcəkə iqtisadi, diplomatik qələbəyə çevirmək, yeni islahatların keçirilməsi üçün daha sərt addımlar atılmasına ehtiyac var. Bunun üçün Azərbaycanın daxilində yeni idarəetmə sisteminin qurulmasına ehtiyac var. Azərbaycan sülhün tərəfdarı kimi çıxış etməlidir. Azərbaycanın, daxili islahatlarının əsas hədəfləri ondan ibarət olmalıdır ki, 5 ildə rus sülhməramlıların Qarabağdan çıxarılması üçün zəmin hazırlansın. Bunun üçün erməni tərəfi ilə münasibətlərin normallaşmasına, sülh müqaviləsinin bağlanmasına, sərhədlərin müəyyənləşməsinə zəruri ehtiyac var. Yoxsa, münaqişə ehtimalı davam etdikcə, sülhmməramlıların Azərbaycan ərazilərində qalması da labüd hala gələcək”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI