“Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” - KONFRANS
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu (TYSİ) ilə birgə “Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” adlı Beynəlxalq konfrans keçirib.
Versus.Az xəbər verir ki, Konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TYSİ-nin rektoru, professor İlham Sabirov, Azərbaycanın, Türkiyənin və Özbəkistanın elm, təhsil, mədəniyyət sahələrinin nümayəndələri çıxış edib.
Konfransı İnstitutun müəllimi Şaxnoza Nurbekova açaraq dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu və mövqeyi haqqında danışıb.
Qənirə Paşayeva xalqların formalaşmasında dil və mədəniyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri türk xalqlarının coğrafiyası haqqında danışaraq deyib ki, biz bu torpaqların sahibləri, yerli xalqlarıyıq.
Q.Paşayeva son 30 ildə bu xalqların öz kökünə qayıtması istiqamətində böyük yol qət etdiyini vurğulayıb. Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu bildirən Q.Paşayeva bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında da söhbət açıb. O, qeyd edib ki, Ermənistanın işğalından azad olunan qədim Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Deputat sonda ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yolda bütün türk dövlətlərinə uğurlar arzulayıb.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Özbəkistandakı səfirliyinin Mədəniyyət, turizm və mətbuat məsələləri üzrə attaşesi Alparslan Akınçı, Türkiyənin Sakarya Universitetinin professoru Xəlil İbrahim Balkol, şair-publisist Əkbər Qoşalı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Kərim Məmmədzadə, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Universitetinin müəllimi Rəna Qədirova, dosent Gülbahar Aşurova və başqaları türk dünyasının tarixi, mədəniyyəti, ədəbiyyatı, həmçinin dünya dövlətləri arasında bu ölkələrin yeri və mövqeyi haqqında söhbət açıb.
Komitə sədrinin konfransdakı çıxışının tam mətnini təqdim edirik:
"Əziz dostlar, Xalq tanıdan, sayğın edən, başqa xalqlar içərisində fərqləndirən özəlliklərin içərisində ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Dil də mədəniyyət hadisəsidir4 eyni güclə mədəniyyət dil hadisəsidir, dillə ifadə olunur, sözlə şəkillənir. Şərt deyil ki söz sənətini nəzrdə tutaq – digər əməli fəaliiyət sahələri də söz, dilə, əlifbaya, işarələrə, anlatmağa və anlamağa... möhtacdır. Bizim coğrafiyamız böyükdür, biz böyük coğrafiyanın yerli xalqlarıyıq. Beləliklə dilimiz, dilimizin ləhcələri böyük coğrafiya üzrə dağlılıb. İstər-istəməz yad sözlər, sivilizasiyalarla sıx, intensiv mübadilədə olmuşuq. Bəzi türk xalqları tarixin bir sıra dönəmlərində ayrı-ayrı mədəniyyət axımlarına, o cümlədən dil basqısına məruz qalıb. Bununla da ikili proses baş verib: həm inteqrasiya həm diferensiasiya. Son 30 ildə türk xalqları öz kökünə qayıdış yolunda böyük məsafə qət edib. O cümlədən ortaq qrafikalı əlifba, bir-birimizdən söz alış-verişi, fərliliklər də qazanmış milli mədəniyyətlərimizin bir-biri ilə əsas kök üstə yenidən intensiv mübadiləyə girməsi və s. Bu il Azərbaycanda: Nizami ilidir, bu il Azərbaycanda Şuşa Mədəniyyət Paytaxtı elan olunub, bu il Abdulla Şaiqin 140, Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunur; Türkiyədə: Yunus Əmrə İlidir; Özbəkistanda: Əlişir Nəvai İlidir; Qazasıtanda: Cambul İlidir, ötən ilsə Abay İli olmuşdu və s. Bu böyük mədəniyyət hadisələri 2021-ci ili Türk dünyası üçün Mədəniyyət İli kimi də xarakterizə etməyə imkan verir! Mədəniyyət İlində ən əsas diqqət yetiriləcək sahələrdən, kateqoriyalardan biri heç şübhəsiz Dildir, Dilin təmizliyidir...
Türk coğrafiyasının böyüklüyü, türk geopolitikası türk dilinin mağdaş dünyada önəmini daha da artırdığı kimi, dilimizin qədim və orta yüzilliklərdə avarsiyada oynadığı tarixi rolu da qürurla söyləyirik. Heç təsadüfi deyil ki bir çox qonşu xalqların dilində ayrı-ayrı türk boylarından alınmış sözlərin miqdarı elə səviyyədədir ki, o sözlərsiz həmin dillər çox kasıb görünərdi. Biz də ayrı-ayrı xalqlardan söz almışıq. Dil canlı orqanizmdir, bundan sonra da dillər bir-birindən söz alıb, söz verəcək. Bu önəmli toplantıda onu da vurğulamalıyıq ki, biz dilimizin keçmiş qüdrətindən qürurla danışdığımız kimi, türk dillərində bəşər mədəniyyətinin qiymətli əsərlərinin yarandığını dediyimiz kimi, dilimizin gələcəyini də düşünməliyik. Bir dilin gələcəyini düşünərkən önplana çıxan əsas amillərdən biri, istehsalatdır, milli brendlərdir, yaradılan yeni məhsullar, milli texnologiyalardır. Yeni texnika, texnologiya hansı ölkədə yaranıbsa, o dilin daşıyıcısıdır ilk növbədə - dünya həmin ölkənin dili, termuinləri ilə tanıyacaq o yeniliyi. Deməli, türk ölkələri, necə deyərlər, “türkcə danışan yeniliklər” yaratmalıdır. Məişətdən tutdun kosmosadək türk sözləri qanad açsın, ruh qazansın. Əski sözlərimizə yeni ömür qazandırmalıyıq.
Məsələn, qardaş yeni türk hərb silahları kimi: Aksunqur, Göysunqur, Atılqan, Bayraqdar, Bora-Qasırğa, Cirit... Əlbəttə, burada nəzəri biliklərdən danışmaq olar; bununla belə, elə hesab edirəm türk birliyi ideyasına sadiq aydınlar, ortaq türk qurumları ilk növbədə öz mühitlərində türk dilinin qayğısına qalmalıdır. Dünyanın bütün böyük əsərləri türk dillərinə çevrilməli, bütün böyük türk əsərləri dünya dillərinə çevilməlidir. Hər birimiz öz danışığımız, öz yazdıqlarımızla, dilə münasibətimiz, sözlərlə davranışımızla örnək olmalıyıq. Bugünlərdə görüşdüyümüz qocaman ədibimiz Seyran Səxavətin sözü ilə desək, cümlə qurmaq dövlət qurmaqdan çətindir. Hərfimiz – əlifbamız, sözümüz, cümləmiz, əsərimiz xarakterimizi göstərir, xarakter yaradır, gələcəyimizi şəkilləndirir. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yolda zamanında yürmüşlərə rəhmət, bu gün də yürüyənlərə salam-sayğılar! Bu anlamlı mövzunu müzakirəyə açan Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, bütün qatılımçılara könül dolusu təşəkkürlər! Sağ olun!"
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"