"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

21:13 09-05-2021 | icon 835 | Siyasət
"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

Eldar İbrahimov: "Hər şeyi zaman həll edir, zamana isə səbr lazımdır"

 

Bu gün Azərbaycanın müstəqillik tarixinə qızıl mürəkkəblə imza atan ümummilli lider Heydər Əliyevin 98-ci doğum günüdür. Tarixin gedişinə təsir göstərmək qüdrətinə malik yenilməz şəxsiyyət ulu öndərin xatirəsi, ruhu bu gün bir başqa duyğu, fəxarət hissi ilə anılır. O, mütərəqqi ideyaları və prinsipləri ilə yeni doğulan nəslin önündə bir mayak, bir işıqdır.

 

Versus.Az xəbər verir ki, ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan etdiyi 91-lərdən biri, Milli Məclisin deputatı Eldar İbrahimov müsahibəsində özü Azərbaycan olan Heydər Əliyev yolunun xəritəsini cızmaqla maraqlı nüanslara diqət çəkib.

 

- Eldar müəllim, Ulu Öndərin doğum gününün 98-ci ilini qeyd edir Azərbaycan. Onun xatirəsinin 44 günlük müharibənin zəfər tarixi ilə birgə anılması, qeyd olunması sizcə, hansı yeni duyğunu canlandırır? Bu gün Ulu Öndərlə bağlı düşüncələrinizi, xatirələrinizi eşitmək istərdik...

 

- Həqiqətən də bu il ölkəmiz üçün xüsusilə əlamətdar bir ildir. Biz 44 günlük müharibədə 30 il işğalda qalan ərazilərimizi azad etdik. Ulu Öndərin 98 yaşının qeyd olunmasının məhz bu ilə təsadüf etməsi, anılması hər kəsdə başqa bir hiss yaşadır. Düşünürəm, Ulu Öndərin də ruhu şaddır. Ona görə ki, Ulu Öndər həmişə Dağlıq Qarabağın bütövlükdə Azərbaycana qaytarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün gücü ilə gecə-gündüz çalışardı. Torpaqların azad olunması onun ən böyük arzusu idi. Təsadüfi deyil ki, möhtərəm prezidentimiz İlham Əliyev Ali Baş Komandan kimi Şuşa işğaldan azad olunan gün ulu öndərin qəbrini ziyarət etdi və orda “Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini həyata keçirtdim, atamın arzuları həyata keçdi”, - dedi. Doğrudan da bu il məxsusi bir ildir və Ulu Öndərin doğum gününün zəfər tarixində qeyd edilməsi çox gözəl bir hiss yaradır. Bir daha təkrar eləmək istəyirəm ki, onun ruhu bu gün şaddır. Ona görə ki, uzun illər işğalda olan ərazilərimiz erməni tapdağından azad olunub, təmizlənib və bu gün o yerlərdə bərpa işləri gedir. Möhtərəm Prezidentimiz sayəsində artıq qayıdışa başlanılıb, quruculuq, abadlıq işləri gedir. Bugünlərdə Zəngilan şəhərinin Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirildi və eləcə də aeroportun təməli qoyuldu. Yol tikintisi ilə bağlı çox böyük işlər həyata keçirilir. Bir çox dost ölkələrin şirkətləri Qarabağda müəyyən işlərin görülməsində iştirak etməklə ölkəmizə töhfələr verməkdə maraqlıdırlar. Bizim hər birimizin arzusu o idi ki, kaş Qarabağ azad olunaydı, o yerləri gedib bir də görə biləydik. Çox insanlar, xüsusən də o yerlərin insanları öz övladlarının xeyir işlərini həmin torpaqlarda keçriməklə bağlı diləklər tutur, dualar edirdilər. İnsanların arzuları çin olur, həyata keçir. İnşaallah, Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən biri olacaq. İnanıram ki, möhtərəm prezidentimizin zövqü ilə və yüksək peşəkarların əli ilə hazırlanmış o infrastruktur layihələrinin gözəlliyi ilə Qarabağ doğrudan da ən gözəl diyara çevriləcək.

 

- Prezidentimiz çıxışlarında Zəngəzur dəhlizindən danışır və deyir ki, biz Zəngəzura qayıdacağıq.  Necə hesab edirsiniz, biz buna “Ulu Öndərin ölkəmizin müstəqilliyi, bütövlüyü naminə cızmış olduğu “yol xəritəsinin” davamıdır” deyə bilərikmi? Burada hansı başqa nüansları qeyd edərdiniz?

 

- Əlbəttə, bu, Ulu Öndərin bizim müstəqilliyimizin, ərazi bütövlüyümüzün yolunda cızdığı “xəritənin” davamdır.  Möhtərəm Prezidentimiz buna xüsusilə diqqət yetirir. Qarabağ azad olub, Amma Zəngəzur dəhlizi olmasa, Bakı, Naxçıvan, Türkiyə yolları açılmasa, işimiz yarımçıq qalar. Ona görə də Zəngəzur dəhlizinə xüsusi diqqət verilir. Yəqin ki, gələcəkdə lazım olacaqsa, bizim digər Azərbaycan torpaqlarına getmək üçün yollar tapılacaq. Sadəcə, bir qədər səbr edib, zamanı gözləmək lazımdır. Hər şeyi zaman həll eləyir, zamana isə səbr lazımdır.

 

- Siz Ulu Öndərin zamanında elan etdiyi “qızıl fond”un 91 üzvündən birisiz. O “91-lər”, təbii ki, başda Ulu Öndər olmaqla, bugünkü Azərbaycan üçün nələri etdi?

 

- “91-lər”in ən böyük rolu bu oldu ki, o vaxt bir yerə toplanıb Yeni Azərbaycan Partiyasının yaradılması üçün işlər apardı, çıxışlar etdilər. Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratdıq və sonra partiya Azərbaycan xalqını səfərbər etməklə, bir yerdə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil dövlət qurduq. Bundan böyük hansı əməyi ola bilər? “91-lər” Azərbaycanın dövlət quruculuğunda, müstəqilliyi üçün canını qoydu. Təbii ki, “91-lər”in hər biri izlənirdi. Mənim özüm nəinki üzv olmuşam, hətta çoxları ilə ayrı-ayrılıqda görüşüb lazım olan sənədlərə imzaların yığılmasında iştirak etmişəm. Hazırda yüksək vəzifədə olan bir çoxları o vaxt qorxub bəzi sənədərə imza atmırdılar. Sonradan onları anladım, başa düşdüm ki, ailələri üçün qorxublar. “91-lər”in hər birinin dövlət quruculuğunda xüsusi yeri var və deyərdim ki, Azərbaycanın qəhrəmanı adına layiq olan insanlardır. Onlar qorxmadan, çəkinmədən çalışırdılar. Biz hamımız təqib olunurduq, həyatımız hər an təhlükədə idi. Azərbaycan Ali Sovetinin deputatı idim, amma məni də izləyirdilər, öldürmək istəyirdilər. Başqalarını prokurorluğa çağırırdılar. Ovaxtkı Cəbhə hakimiyyətində yüz oyunlardan çıxırdılar. Biz Naxçıvanda partiya yaradanda Azərbaycana rəhbərlik edən Xalq Cəbhəsi-Müsavat cütlüyü Naxçıvanda dövlət çevrilişinə cəhd etdi. Mən hadisələrin içində olmuşam, biz nələri görmədik ki... Qorxmadıq, çəkinmədik, kişi kimi dayandıq. Açığı, 18 may 1992-ci ildə Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər. Hədələr gəlirdi. Bir dəfə Kamran Rəhimov  mənə dedi ki, səni öldürərlər, mənsiz çıxma. Sonra məni arxa qapıdan çıxardılar. Çöldən də xəbər gəlmişdi ki, səni öldürəcəklər. Görünür, ölümümə fərman verilmişdi. Qismətimdə yaşamaq vardı, yaşadım, gəldim bu günə çıxdım. Həm də özümü qorumağı bacardım.

 

- Eldar müəllim, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bağlı keçən yaxın tarixdə siyasi cameədə müxalifətdə çox müzakirələr, ziddiyyətli, mübahisəli fikirlər səsləndi. Bu günə baxanda o ziddiyyətli, mübahisəli fikirlər suya düşdü. Müxalifət özü də razılaşdı ki, Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı müstəqilliyin qorunmasına, ərazilərimizin bərpasına, dünya siyasətində mühüm yer tutmasında uğurlu addımlardan biri oldu. Bu barədə nə deyərdiniz?

 

- Bütün Azərbaycan xalqı Ulu Öndərin ruhu qarşısında minnətdar olmalıdır ki, o, böyük cəsarətlə Moskvadan qayıtdı. Azərbaycanda ona yer vermədilər, Naxçıvana, öz doğma torpağına getdi. Naxçıvanda çox işlər gördü. 1990-cı ildə Naxçıvan Ali Sovetinə deputat seçilməsindən 1 ay keçmiş, noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Bizə yolumuzun müstəqillik olduğunu göstərdi. Ovaxtkı Mərkəzi Komitə üzvləri kommunistlər onun əleyhinə gedirdilər, başa düşmürdülər. 1991-ci il martın 17-də referendum çağırmışdılar ki, guya Kommunist Partiyasını saxlayacaqlar. Heydər Əliyev çox cəsarətli, uzaqgörən, müdrik insan idi. Mən ona ən yaxın adamlardan biri olmuşam. Bu, elə-belə iş deyil. Ona görə də bütün insanlar başa düşür, başa düşməyənləri də Allah başa salır ki, həqiqətən bu gün Heydər Əliyev olmasaydı, Azərbaycan dövlətindən, xalqından əsər-əlamət də qalmazdı. O, xalqı, milləti özünə qaytardı, torpağını qorudu, saxladı və yenidən bir dövlət qurdu. Müstəqil dövlətin əsasını qoydu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bu prosesləri yaxından izləyən adam olmuşam. Ona görə də biz, bütün Azərbaycan xalqı Heydər Əliyevin ruhu qarşısında  borcluyuq və nə qədər minnətdar olsaq da, o borcdan qurtara bilmərik. Bugünkü müstəqil Azərbaycan, bugünkü Azərbaycan vətəndaşlarının müstəqil dövlətdə yaşamağı Heydər Əliyevin hesabına olub. Heydər Əliyev 2003-cü il 1 oktyabrda Azərbaycan xalqına müraciət edib dedi ki, İlham Əliyev gələcəkdə Yeni Azərbaycan Partiyası ilə birləşib mənim edə bilmədiyim məsələləri həyata keçirəcək. Bax, bu vəziyyətin nəticəsidir ki, möhtərəm Prezidentimiz 30 il əsarət altında qalan torpaqlarımızı 44 günə azd etdi.

 

- Biz Azərbaycana qarşı hər zaman xarici təsirlərin, qərəzin  olduğunu görmüşük, həyatımızda hiss etmişik. Regionda marağı olan bəzi güclərin o təzyiq və qərəz elementləri bu gün də müşahidə olunur. Ulu Öndər beynəlxalq aləmdən ölkəmizə qarşı yönələn təzyiqlərə qarşı hansı bəndləri qurdu və xarici diplomatiyada hansı qətiyyətli təcrübəni yaratdi?

 

- Ulu Öndərin Lissabon sammitində qoyduğu məsələlər bugünkü gün üçün əsaslı təməl idi. Heydər Əliyev həmişə dünyanın böyük gücləri, Fransa və digər dövlətlərlə vuruşurdu ki, Dağlıq Qarabağ Azərbaycanın torpaqlarıdır, Azərbaycana qayıtmalıdır. İndi hər şeyi zaman həll edir, zamana isə səbr etmək lazımdır. Görürsünüz, zamanı gəlib çatdı, onu davamçısı, bütün işlərini həyata keçirən cənab Prezident İlham Əliyev Ali Baş Komandan, böyük sərkərdə kimi 44 günlük müharibəni uddu, ərazi bütövlüyümüzü bərpa etdi. Bundan böyük xoşbəxtlik nə ola bilər. Bu hər bir azərbaycanlı üçün qürurdur. Şəxsən mən çox böyük qürur duyuram ki, bu gün müstəqil, müasir, güclü ölkənin vətəndaşıyam. Bu gün artıq qalib ölkənin vətəndaşıyam, qalib ölkənin deputatıyam.

 20 il ATƏT-in Parlament Assambleyasının üzvü olmuşam. Orda ermənilərlə üzləşirdik, sözləşirdik. Haradasa sıxılırdım ki, mən məğlub ölkənin deputatıyam. Bu gün isə qalib olmuş ölkənin deputatı kimi qürur hissi keçirirəm. Azərbaycan öz gücünü göstərdi. Həm hərb meydanında, həm təbliğat məsələsində. Prezidentimiz müharibə zamanı nə qədər qərəzli, çirkin niyyətli jurnalistlərə cavab verib, onları yerində otuzdururdu. Azərbaycanı, torpağını sevən, damarında azərbaycanlı qanı axan hər bir insan bunu dəyərləndirməli, minnətdar olmalıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimizin həyata keçirdiyi məsələlər üçün biz hamımız Ulu Öndərin ruhu qarşısında, Prezidentimizin böyüklüyü qarşısında borcluyuq. Borcluyuq ki, bizim dövlətimizi, namusumuzu, milli-mənəvi dəyərimizi özümüzə qaytardı. Bundan böyük heç nə ola bilməz.

 

- Eldar müəllim, bu gün Xankəndi, Laçın dəhlizi, Xocalı, Ağdərə və s. ərazilərimizlə bağlı prosesləri narahatlıqla izləyən cameəyə 44 günlük müharibə və sonra davam edən diplomatik addımların fonunda hansı fikirləri söyləyərdiniz? Proseslərin inkişafı Qarabağdakı vəziyyəti hansı məntiqi nəticəyə aparacaq?

 

- “Hər şeyin zamana ehtiyacı var” sözünü elə-belə demədim. Hər şeyin vaxtı var. Mən çox şey bilirəm, amma demirəm. Sadəcə olaraq insanlar səbr etsin, dözsün. 30 il səbr elədik və bu gün 44 gün ərzində torpaqlarımızı azad elədik. Bu günə qədər ciddi hazırlıqlar gedirdi, ordumuz ən müasir silahlarla silahlandı. Düşmən dəqiq zərbələrlə məhv edildi. Bizim əsgərlər döyüşdə bir gün də dayanmadı, bir dəfə də geri çəkilmədi. Biz bu nəticəni əldə etdik.  Bəziləri deyir ki, biz müharibədə lap Yerevana gedib çıxa bilərdik, yaxud getməliydik. Belələrinə adam deməyə söz də tapmır. Belə təxribatçı çıxışlar böyük Azərbaycanı istəməyən adamlar tərəfindən edilir. Belə fikirlər işlədib camaatı çadırırlar.

 

- Düşünərək, təxribatçı addımlar atanlar var. Sadə insanlar diplomat deyil və hər bir məsələni vizual görür, dəyərləndirir. Onun alt qatında nələrin baş verdiyini düşünmür.

 

- Ona görə də yaxşı olardı ki, hər kəs öz bildiyi işlə məşğul olsun. Siyasət də böyük sənətdir. Siyasəti Prezidentimiz aparır və apardığı işlər nəticəsində biz bu nailiyyətləri əldə etmişik. Gəlin, zamanı gözləyək, hər şeyin vaxtı var. Ogünün də  vaxtı gələcək. Prezidentimiz özü də dedi ki, mən bilirəm nəyi, nə vaxt etmək lazımdır. Onu da eləyir. Niyə qabağa düşüb qaçırıq, çay gəlməmiş çırmanırıq?!

 

- Gəlin, söhbətimizi Ulu Öndərin doğum günü ilə anmaqla yekunlaşdıraq. Bu gün Ulu Öndərin irsi necə öyrənilir? İstərdim, bu barədə bir neçə kəlmə deyəsiniz: bu irsin öyrənilməsi necə davam edir?

 

-Təbii ki, bizim Yeni Azərbaycan Partiyasında bu sahədə böyük işlər gedir. Gənclər təşkilatları, gənclərimiz, o tarixin şahidləri var. Biri mən, hər yerdə Heydər Əliyev yolundan danışırıq. Gənclərimiz tarixi bilməlidirlər ki, ulu öndər Heydər Əliyev bu dövləti qurub. Bu dövlətdə sonrakı proseslər necə gedib, bu gün  Prezidentimiz Ulu Öndərin yolunu necə davam etdirib, ölkəni necə idarə edir, ölkəmiz necə inkişaf edir. Bunu gənclər bilməlidir. Azərbaycan o qədər də böyük olmayan ölkə olsa da, dünyanın ən böyük ölkələri bizimlə razılaşır. Ona görə ki, neft-qaz məhsullarımızdan, qazıntılarımızdan düzgün istifadə elədik. Bu gün  bütün Avropanın enerji resurslarını biz təmin edirik. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri, TANAP layihəsi, Trans Anadolu, Trans-Adriatik layihələri... Artıq bizim qazımız İtaliyaya çatıb. Bundan böyük nə iş ola bilər? Bu neft-qaz əvvəl də var idi, niyə bu işləri görə bilmirdik? Ulu öndər “Əsrin müqaviləsi”ni bağladı, möhtərəm Prezidentimiz də onu həyata keçirən icraçı oldu. Bunlar asan işlər deyil. Ona görə də bir daha deyirəm: hər kəs öz işi ilə məşğul olsa yaxşı olar. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”