“30 illik torpaq həsrətinə “Xarı Bülbül”ün əks-sədası ilə son qoyuldu” - MÜSAHİBƏ

17:38 13-05-2021 | icon 1121 | Siyasət
“30 illik torpaq həsrətinə “Xarı Bülbül”ün əks-sədası ilə son qoyuldu” - MÜSAHİBƏ

Könül İsmayılova: “Prezidentin hər çıxışı “dəmir yumruq yerindədir” mesajını verir”

 

 

Regionun geopolitik mənzərəsi diplomatik müstəvidə özünün gərginliyi ilə müşahidə olunur. Erməni faşizmi üzərində qələbəni qeyd edən Azərbaycanın uğurunu kölgələməyə çalışan güclər öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qara iddialardan əl çəkmir. Belə bir vaxta Azərbaycan Prezidentinin vaxtaşırı verdiyi mesajlar ictimai-siyasi sferada birmənalı qarşılanmır. Siyasi partiyaların vəziyyəti nə dərəcədə düzgün dəyərləndirməsi də mühüm amillərdən biri kimi önə çəkilir.

 

Bu və ya digər məsələlərlə vağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova maraqlı nüanslara diqqət çəkib.

 

- Könül xanım, öncə bu yaxınlarda verilən bir xoş xəbərə fikrinizi öyrənmək istərdim. Bildiyiniz kimi, Türkiyə artıq Şuşada konsulluq açacağını bəyan edib. Gözlənilən idimi?

 

- Bu xəbər məni çox sevindirdi. Qardaş ölkənin belə bir bəyanatı tərəfimizdən gözlənilən idi və bu bəyanat Azərbaycan-Türkiyə dostluq və qardaşlığına BİZ BASILMARIQ sevgisi idi. Düşünürəm ki, Şuşada nəinki Türkiyə, eyni zamanda İsrail, İtaliya, Böyük Britaniya və Pakistanın konsulluğu açılmalıdır. Şuşa Qarabağ bölgəsinin mərkəzi şəhəridir. Təsadüfi deyil ki, bu gün artıq Şuşa Mədəniyyət Mərkəzi elan edilib. Bu gün Şuşada “Xarı Bülbül” festivalı keçirilir və artıq bu festival hər il keçiriləcək. Eyni zamanda Şuşanı siyasət və diplomatik mərkəz etmək lazımdır ki, düşmənə ən böyük zərbəni növbəti dəfə vuraq. Müşahidələr və ölkə başçımızın çıxışlarındakı bu yöndə fikirlər göstərir ki, buna doğru gedirik.

 

- Ölkə başçısının çıxışlarından söz düşmüşkən, Prezident Naxçıvana səfəri zamanı bir daha bəyan etdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Erməni separatçıları isə hələ də “müharibə bitməyib” iddiasındadılar.

 

- Ölkə başçısının da dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi bitib, Azərbaycan bu münaqişəni həm döyüş meydanında, həm masa arxasında təkbaşına həll edib. Noyabrın 10-da da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Bundan sonra erməni separatçıların nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Onların qanındadır başqasının torpağına göz dikmək, maşqasının kulinariyasını, mədəniyyətini öz adına çıxarmaq. İnşallah elə onlara qalan da ancaq bax o özlərinin inandıqları yalanlar olacaq. Düzdür, Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsi ermənilərin əl-qolunu açır, Laçın dəhlizi demək olar ki, onlara işləyir, insanlarımız haqlı olaraq narahatdır. Amma əgər cənab prezidentimiz çox inamla deyirsə ki, bir qarış torpağımızı da verən deyilik, deməli belə də olacaq. Xalqımız bir az da səbr etsin. Düşmənlərimiz o torpaqlarımızın az qala hər qarışını minalayıblar. Minalardan təmizlənməmiş o yerlərə dönmək itkilərimizin sayını artırar. Bir az da dözək, erməni mətbuatının yaydığı yanlış məlumatlarla özümüzü yükləməyək. Ermənilərin “müharibə bitməyib” kimi çıxışlarına gəlincə, onlar özləri də çox gözəl bilirlər ki, Azərbaycanın yenilməz ordusu var, o ordunun cənab İlham Əliyev kimi Ali Baş Komandanı var və hər zaman əks-həmləyə hazırdır.

Qeyd edim ki, ermənilərin bu cür revanşist fikirləri Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Prezident də çıxışlarında vurğulayır ki, əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar və heç kim onları müdafiə edə bilməz. Prezidentin Zəngəzurla bağlı qətiyyətli çıxışı istər Ermənistanı, istərsə də onu dəstəkləyən qüvvələri bir daha xəbərdar etdi.

 

- Könül xanım, Prezident Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunarkən bildirdi ki, bu məsələ strateji əhəmiyyət daşıyır. Necə düşünürsünüz, qarşı tərəf hansı mesajları almış oldu?

 

- Ermənistan və onu müdafiə edən ölkələr 44 günlük müharibədə Azərbaycanın hərbi gücünü gördü, diplomatik gücü qarşısında mən deyərdim ki, aciz qaldı. Dövlətimizin siyasi diplomatiyası Azərbaycanı sevməyən dövlətlərə də dərs oldu. Ermənistan elə bildi ki, illərdir səbrlə ordusunu gücləndirən, iqtisadiyyatını gücləndirən Azərbaycan bu dəfə də güclər qarşısında geri çəkiləcək, yeni ərazilərini itirəcək. Amma bilmədilər ki, zaman bu zaman imiş, artıq Azərbaycan cavab verməyə qalxıb və bundan sonra da lazımi cavab verməyə hazırdır.

Hesab edirəm ki, nəinki Zəngəzur dəhlizini açmaq, ümumiyyətlə, Zəngəzuru geri almağın da vaxtı çatıb. Mən əminəm ki, çox keçməz buna da nail olarıq. Proseslərin gedişatı da bunu göstərir. Təsəvvür edirsiz, hələ ölkə başçısının adicə Zəngəzur dəhlizinin açılması barədəki çıxışı Ermənistanı da, Rusiyanı da, digər ermənipərəst ölkələri də qıcıqlandırırsa, görün Zəngəzurun geri alınması onları hansı duruma düşürər. Fikrimcə, prezidentimzin yalnız Zəngəzurla bağlı deyil, bu yöndə bütün çıxışlarındakı hər cümləsi qarşı tərəfə “dəmir yumruq yerindədir” mesajını verir. Eyni zamanda 10 noyabr bəyanatına əməl olunmasını tələb edir. Erməni silahlıları ərazilərimizdən çıxarılmayıb. Hələ də Laçın dəhlizindən separatçı ermənilərə “humanitar” yardımlar gəlir. O qədər həddlərini aşıblar ki, bu yaxınlarda İrandan Laçın dəhlizi vasitəsi ilə ermənilərə hansısa yüklər gətirilib. Azərbaycanın suverenliyi kobud şəkildə pozulub. Prezidentin çıxışı həm də tərfləri imza atdıqları bəyanata əməl etməyə çağıran bir mesajdır.

 

- Sergey Lavrov da öz ampluasındadır və sanki Azərbaycanla Ermənistan arasında ilişib qalıb. Onun son səfəri barədə nə deyə bilərsiz?

 

- Qısaca desək, Lavrov gəldi və getdi. Bu insan Ermənipərəst mövqeyi ilə yadda qalıb. Rus sülhməramlılarının ermənilərdən minaların xəritəsini niyə alıb Azərbaycana verməməsi, ermənilərə Qarabağda silahlı dolaşmalarına göz yummaları və sair kimi suallar var ki, Lavrov sadəcə ağzına su alıb durdu. O, Azərbaycana Azərbaycanın xeyiri üçün gəlməmişdi. Erməniyönümlü maraqları aydın görünürdü. Rusiya hələ də çalışır ki, Azərbaycanla elə bir əməkdaşlıq qursun ki, özündən asılı vəziyyətə sala bilsin. Amma unudur ki, Azərbaycan neçə illər bundan öncəki Azərbaycan deyil. Azərbaycan tək deyil, onu dəstəkləyən dövlətlər var. Başda Lavrov olmaqla vaxtilə kabab iyinə çox gəlib-gedən oldu. Gəldilər burda bir söz dedilər, gedəndən sonra başqa mövqe sərgilədilər. İndi isə sıxıla-sıxıla gəlirlər, ağızlarını da aça bilmirlər. Çünki ölkə başçımızın qəti mövqeyi qarşısında acizdilər. Və anlayırlar ki, artıq qarşılarında bir güc dövləti durmaqdadır. Rusiyanın özünün başı üzərində qara buludlar gəzir. Onun belə bir vaxtda Ermənistandan yararlanmaq istəyi saman çöpündən yapışmaq kimi görünür. Amma təbii ki, Rusiya Türkiyənin Azərbaycanın yanında durmasından da çox narahatdır. Bu iki dövlətin bir-birinə qardaş deməsi Rusiyanı, onun himayə etdiyi cırtdan Ermənistanı narahat etmiyə bilməzdi. Yaxşı olardı ki, Vladimir Putun Azərbaycanı özündən asılı salmaq cəhdlərindən əl çəkib öz ölkəsinin aqibətini düşünsün. Daha Lavrovun gəlib ona Azərbaycan-Ermənistan münasibətlərindən uydurduğu fərziyələri dinləməklə vaxt itirməsin. Azərbaycan bu qısa müddətdə öz sözünü istər hərb, istər diplomatik yolla dedi. Lavrovun gəlişi zatən heç nəyi dəyişmiyəcəkdi.

 

- Və bu gün “Xarı Bülbül” festivalı Şuşamızdan dünyaya səs saldı...

 

- Bu məni o qədər xoşbəxt etdi ki. Bütün Azərbaycan xalqı, dost ölkələr 30 illik torpaq həsrətinə bu festivalla son qoydu. Mən torpaqlarımızın azadlığında şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Onların qanı ilə bu torpaqlarımız daha da müqəddəsləşdi. Qazilərimizə Allahdan sağlıqlı ömür arzulayıram. Festivalı izləyəndə Cıdır düzünün görüntülərində sanki şəhidlərimizin ruhlarını görürdüm. Onların ruhu indi şaddır. Ömrümüz boyu borclu qaldığımız şəhidlər, şəhid ailələri, qazilərimiz qarşısında baş əyirəm. Haqlarını halal etsinlər. Bu gün Şuşadan gələn o muğam, xalq mahnılarının əks-sədası Azərbaycanın qələbəsinin göstəricisidir.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol