İngiltərənin Korrinqem şəhərinin sakini Loren Briqqsin parti əyləncəsi həyatını alt-üst edib. Belə ki, qonaqlıq zamanı cakuzidə vanna qəbul edən gənc qadın ölümcül infeksiyaya yoluxub və ayaqlarından məhrum olub.
Bu barədə “The Sun” xəbər yayıb.
“Həmin gecə mən yatmağa yollanarkən ürəyim bulanırdı. Səhər tezdən isə dostum məni döşəmədə boğulmaq üzrə olarkən tapdı”, -deyə qız başına gələnləri danışıb.
Dostu dərhal təcili yardıma zəng edib və Briqqs xəstəxanaya aparılıb. Müayinə zamanı ona meningokok infeksiyası diaqnozu qoyulub.
Gənc qadın iki gün həyat dəstəyi aparatına qoşulub. Fəsadlara görə sağ baldır və ayağı, eləcə də sol ayağının barmaqları təcili amputasiya edilib. Xəstə özünə gəldikdə, həkimlər onun vanna qəbul edərkən ayağında olan kiçik kəsik yolu ilə infeksiyaya yoluxa biləcəyini deyiblər.
Dörd ay xəstəxanada yatan Briqqs hazırda əlil arabasında hərəkət edir və səhhəti ilə əlaqədar işləyə bilmir. Amputasiya onun psixoloji sağlamlığına da təsir edib.
“Həyatım alt-üst oldu. İndi ancaq mümkün qədər normal yaşamaq istəyirəm”, - deyə o, bildirib.