Laçın azad edilmiş, geri qaytarılmış olsa da...

22:44 18-05-2021 | icon 870 | KİV
Laçın azad edilmiş, geri qaytarılmış olsa da...

Laçının işğal və azad edilmə əməliyyatlarından çıxan NƏTİCƏ

MÜŞFİQ ƏLƏSGƏRLİ

 

267 nəfər sakini şəhid, 66 nəfər sakini girov götürülməklə işğal edilən rayonun bircə nəfər itki verilmədən geri alınması çox suallara aydınlıq gətirir.

 

18 may Laçın rayonunun işğal günüdür. İndi rayon azad edilmiş, geri qaytarılmış olsa da, işğal tarixinin xatırlanmasında, proseslərin təhlil edilməsində fayda var. Bu təhlillər acı tariximizə yol açan səbəblərin araşdırılıb tapılması, onların bir daha təkrarlanmasına yol verilməməsi baxımından zəruridir.

 

Laçın sözünün mənası məğrurluq, qürur deməkdir, xalqımız üçün müqəddəs anlam daşıyır. Bu ad rayon ərazisinə yerli sakinlərin tarixi şücaətləri nəzərə alınaraq verilib.

 

Laçın ərazisində məskunlaşmış əhalinin düşmənə qarşı vuruşmaq, müqavimət göstərmək, məğlub olmamaq kimi tarixi vərdişləri, ənənələri var.

 

1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon insan həlak olsa da, ərazi düşmənə təslim edilməmişdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da bu savaş davam etmiş, daha da şiddətlənmişdi. Qarabağı və Zəngəzuru mənimsəmək istəyən erməni komandanı Andronikin əsas hədəflərindən biri məhz Gorus-Laçın istiqaməti olmuşdu. Amma Andronikin çoxminlik ordusu məhz bu ərazilərdə keçilməz müqavimətə rast gəlmişdi.

 

O zaman bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov özünün partizan dəstələri ilə Laçın-Zabux yolunda Andronikin qoşununu mühasirəyə salmışdı. Məhz bu döyüşlər zamanı general Andronik bütün qüvvəsini itirmiş, bir neçə nəfərlə qaçıb canını zorla qurtarmışdı. Həmin qanlı döyüşün nəticəsidir ki, o yer bu gün xalq arasında “Qanlı dərə” adlandırılır.

 

Yüz illərcə düşmənə müqavimət göstərən, məğlub olmayan, azərbaycanlıların məğrurluq, qürur simvolu saydıqları qala, nə baş verdi ki, düşmənin əlinə keçdi?

 

Mental dəyəri bir yana: rayon həm də iqtisadi göstəriciləri, strateji mövqeyi ilə önəm kəsb edir. Laçın ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar; qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı kimi faydalı qazıntılarla zəngindir; kənd təsərrüfatının inkişafı, iri və xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılması baxımından müqayisəyəgəlməz imkanlara malikdir. Həm mental, həm iqtisadi, həm də digər kontekstlərdə ciddi önəm daşıyan bu ərazi düşmənə necə təslim edildi?

 

Səbəblər çoxdur. Təbii ki, ilk yerdə düşmənin məkri, hiyləsi dayanır. Beynəlxalq güclərin regiondakı maraqlarını öz üzərlərində cəmləşdirməyi bacaran erməni şəbəkəsi məhz beynəlxalq güclərin himayəsi, dəstəyi ilə Azərbaycan rayonlarını, o cümlədən Laçını işğal etdi. Laçın əhalisi yenə döyüşdü, yenə məğrurluq göstərdi, yenə şəhidlər verdi. 1992-ci il döyüşlərində Laçın rayonu 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb. Amma qeyri-bərabər güc, hiylə, məkr də öz işini görüb. 58 min 736 nəfərlik Laçın əhalisi pərən-pərən salınıb.

 

Əslində bu məqamda rayonun işğal edilməsinin ikinci səbəbi ortaya çıxır: pərakəndəlik, xaotiklik, köməksizlik…

 

1990-1992-ci illərdə Azərbaycanda cərəyan edən proseslər, AXC-Müsavat qruplaşmasının hakimiyyət uğrunda savaşı, səriştəsizliyi ölkədə xaos, dərəbəylik sistemi yaratmışdı. Bu xaotikliyin bir istiqaməti də yerli əhalinin köməksiz buraxılması, nizami ordu quruculuğunun tamamlanmaması, düşmənə qarşı müqavimətin düzgün təşkil edilməməsi, nəticədə rayonların işğal edilməsi oldu.

 

1992-ci ildə 267 nəfər sakini şəhid, 66 nəfər sakini girov götürülməklə işğal edilən Laçın rayonu 2020-ci ildə bircə nəfər şəhid vermədən, bir güllə atılmadan geri alındı.

 

Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Laçın rayonu 28 il sonra – 1 dekabr 2020-ci ildən etibarən yenidən Azərbaycan Respublikasının suveren ərazisi kimi öz yerini aldı.

 

Bu problemi Azərbaycan dövlətinin mövcud gücü, qüdrəti həll etdi. Budur güclü, qüdrətli dövlətlə xaosa sürüklənmiş, nizamsız dövlətin fərqi. Budur legitim, güclü hakimiyyətlə qeyri-legitim, səriştəsiz hakimiyyətin fərqi. Laçının işğal və azad edilmə əməliyyatları bu yöndə nəticə çıxarmaq üçün təkmil nümunədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol