AXCP sədri Mətbuat Muzeyində olub

11:03 06-11-2018 | icon 862 | KİV
AXCP sədri Mətbuat Muzeyində olub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev, “Cümhuriyət” qəzetinin baş redaktoru və Cebhe.info saytının direktoru Rəfail Becanov, partiya rəsmiləri - AXCP sədrinin müavini Tural İrfan, partiyanın təşkilat şöbəsinin müdiri Pərviz Şıxəliyev, partiya sədrinin müavini və  Talk TV-nin icraçı direktoru Mehriban Sadıqova, fəallar - Ləman Yusifova, Almaz Məmmədova, Nəzakət Zeynalova, Nuranə Abdullayeva və digərləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə qəzetin nəzdində yaradılmış Mətbuat Muzeyində olublar.

 

Versus.Az Cebhe.info qəzetinə istinadən xəbər verir ki, Akif Aşırlı muzeyin yaranması ideyasından bəhs edib. O bildirib ki, muzeydə Azərbaycan mətbuatının keçdiyi tarixi dövrün bütün mərhələlərini əks etdirən eksponatlar toplanıb:

 

“Ali məktəblərin bir neçəsində “Mətbuat tarixi”ni tədris edərək onları sistemləşdirib 2 cild kitab nəşr etdirdim. Hesab elədim ki, bunu sistemləşdirib muzey yaratmaq olar, çünki mədəniyyətimizin, jurnalistikamızın tarixini əks etdirən muzey mütləq olmalı idi”.

 

Baş redaktorun sözlərinə görə, redaksiyanın 6 otağında “Əkinçi”dən, yəni 1875-ci ildən bu günə qədər "Ziya" qəzeti, "Molla Nəsrəddin", "Dəbistan", "İşıq", "Məktəb", "Zənbur", "Yeni Qafqaziyyə", "Türk izi", "Türk amacı", "Azərbaycan" kimi anadilli mətbu nümunələrinin orijinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar, şəxsi əşyalar toplanıb.

 

Bəzi qəzetlərin orijinalları, bəzilərinin komplekt halı, bəzilərinin isə nüsxələri sərgilənir. Əlavə olaraq çap üçün istifadə edilən ləvazimatlar da muzey üçün yığılıb:

 

“Sərgilənən eksponatların əksəriyyətini özümüz etmişik. Muzeydə olan 16 portretin bəziləri hədiyyə olub, bəzilərini isə özümüz rəssama sifariş vermişik”.

 

Muzeydə Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Məhəmməd Tağı Şahtaxtlının, Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, Şəfiqə xanım Əfəndizadənin, Xədicə xanım Əlibəyovanın, Əlimərdan bəy Topçubaşovun, Cəlil Məmmədquluzadənin, Xəlil İbrahimin, Üzeyir bəy Hacıbəylinin, Əzim Əzimzadənin, Nəsir İmanquliyevin portretləri nümayiş olunur:

 

“Burada Əhməd bəy Ağaoğlunun 160-a yaxın arxiv sənədləri var. Onlar arasında qızından və oğlundan aldığımız sənədlər də yer alıb. Həmçinin Əli bəy Hüseynzadənin arxivindən də xeyli sənədlər gətirmişik. Bəzi sənədlərin isə orijinalları ayrı-ayrı insanlardan alınıb”.

 

Akif Aşırlı vurğulayıb ki, redaksiya daxilində yaradılan muzey hüquqi əsassız, kiminsə yardımı olmadan açılıb:

 

“Qeyd eləməliyəm ki, Xalq şairi Nəriman Həsənzadə bizə kömək edib. Onunla danışanda muzey açmaq fikrimin olduğundan xəbərdar oldu. Daha sonra öz pensiyasını bizə göndərdi. Nə qədər dedim ki, biz sizə- Xalq şairinə kömək etməliyik, siz bizə kömək eləməli deyilsiniz, ancaq o, dediyindən dönmədi. Bildirdi ki, bu işdə qatqısının olmasını istəyir. Həmçinin Milli Məclisin deputatı Cavanşir Feyziyev 3 ay hər ay 500 manat olmaqla, 1500 manat bizə köməklik edib”. 

 

Akif Aşırlı daha sonra bildirib ki, siyasi partiyalar arasında muzeyə ilk gələn Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. O həmçinin deyib ki, heç bir ictimai birlik də indiyə qədər muzeylə maraqlanmayıb.

 

AXCP sədri Razi Nurullayev də muzey haqqında fikirlərini bölüşüb:

 

“İstənilən halda bu məsələ gündəmə gətirilməlidir ki, daha çox insan bu muzeylə tanış ola bilsin. Bundan sonra isə sosial sifariş yaranacaq və dövlət də bu muzeylə maraqlanacaq.  Qərb dünyasında II-III əsrdə olan nüsxələr indi də saxlanılıb. Eləcə də onların əvvəlki kitabları bizim indiki kitablarımızdan heç fərqlənmir. Dünyada, bütün ölkələrdə insanlar öz tarixlərini, keçmişlərini qoruyub saxlayıblar”. 

 

Daha sonra Razi Nurullayev Akif Aşırlının bu təşəbbüsü ilə görülən işin əhəmiyyətini xüsusi qeyd edib:

 

“Möhtəşəm bir iş görülüb. Düzü, bu qədər böyük bir iş gördüyünüzü bilmirdim. Bu muzeyin ərsəyə gəlməsi üçün çox böyük əmək sərf edibsiniz. İnanıram ki, bu məsələ diqqətdən kənarda qalmayacaq. Həm muzey, həm də şəxsən siz qiymətinizi alacaq, dəyərləndiriləcəksiniz. Şəxsən mən sizdən çox razı qaldım və tariximizi bu şəkildə yaşatdığınıza görə sizə təşəkkür edirəm”.

 

“Cümhuriyət” qəzeti və Cebhe.info portalının  rəhbəri Rəfail Becanov da muzeylə bağlı fikirlərini çatdırıb. O qeyd edib ki, muzey mətbuat tarixinin öyrənilməsi üçün yaxşı mənbə ola bilər. Çünki toplanan sənədlər böyük tarixi önəm daşıyır, öz əhəmiyyətinə görə Azərbaycanın mətbuat tarixinin öyrənilməsi üçün əvəzsiz eksponatlardır:

 

“Yaradılmış muzey nə zamansa müstəqil quruma çevrilsə, burada mətbuat tarixi yaradılmalıdır. Bəlkə də Axundov adına Milli Kitabxanada qəzetlərin arxivi tam olaraq yığılmır və ya redaksiyalar qəzetləri mütəmadi olaraq göndərmirlər. Bu baxımdan, mətbuatın arxivinin yaradılması və qorunması vacibdir. Mətbuat tarixinə dair sənədləri axtarmaq, toplamaq, bir araya yığmaq, daha sonra isə onları qorumaq lazımdır. Nə qədər arxiv sənədlər var ki, onlar ayrı-ayrı insanlardadır və bir gün bütün arxiv yoxa çıxacaq. Onları bir araya gətirərək muzey halında toplamaq lazımdır ki, gələcək nəsillər də bunlardan faydalana bilsinlər. Çünki Azərbaycanın fəxr olunası mətbuat tarixi var. Bu tarixin gələcək nəsillərə çatdırılması da bugünkü nəslin üzərinə düşür”.

 

Akif Aşırlı da Rəfail Becanovun fikirlərini təsdiqləyərək hazırda mətbuat nümunələrinin tam olmadığını bildirib:

 

“Mətbuat nümunələri ilə məşğul olan  şəxslər, qurumlar yoxdur. Bizim qeyri-leqal mətbuat nümunələrini hazırda bir yerə yığmaq olar. Ancaq bunu edən yoxdur. 6 otaqla biz nə edə bilərik ki? Bunun üçün daha yaxşı şərait lazımdır”.

 

Söhbətlərdən sonra Akif Aşırlı muzeydə yer alan arxiv sənədlərin hər birinin tarixi, onlar haqqında müfəssəl məlumatı AXCP sədri və digər qonaqların diqqətinə çatdırb, ziyarətçilərin suallarını cavablayıb.

 

Qeyd edək ki, redaksiya-muzeydə sərgilənən eksponatlar arasında XIX əsrin sonlarında Cənubi Qafqazda nəşr olunmuş qəzetlərin, həmçinin Azərbaycanın ilk milli mətbuat nümunəsi sayılan "Əkinçi"nin orjinal nüsxələrinə, jurnalistlərin xatirə şəkillərinə rast gəlmək olar.

 

Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin dönəmində nəşr olunmuş dövrü mətbuat nümunələri isə ayrıca nümayiş olunur.

 

Azərbaycan sovet mətbuatının, həmçinin müasir dövr qəzetlərinin nüsxələri də eksponatlar arasındadır. Bununla yanaşı, muzeydə mühacirət dövrü, habelə Cənubi Azərbaycanda nəşr olunmuş milli qəzetlərin orijinal nüsxələrinə də rast gəlmək olar.

 

Bu nadir eksponatların daha da zənginləşdirilməsinə və müasir avadanlıqla təchiz olunmuş binada sərgilənməsinə ehtiyac böyükdür.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Mətbuat Tarixi Muzeyinin açılışı 18 iyul 2017-ci ildə baş tutub. Açılışda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat muzeyi yaratmağı çox dəyərli ideya adlandırıb:

"Hər birimiz bu muzeyin genişlənməsi üçün çalışmalı, əlimizdə olan nümunə və eksponatların gələcək nəsillərə çatdırılması üçün onları muzeyə verməliyik. Vaxt gələcək deyiləcək ki, bu muzeyin əsası 2017-ci ilin 18 iyulunda “Şərq” qəzetinin redaksiyasında qoyulub. Məhz bu gün xatırlanacaq. Hesab edirəm ki, bu, Azərbaycan mətbuatı üçün əlamətdar gündür. “Şərq” qəzetinin bu dar otaqlarında mediaya aid yüzlərlə eksponatlar yer alır. Onlardan təqribən 200 ədədi orijinaldır. Eləcə də çox sayda orijinal foto və sənədlər var. Vaxt gələcək ki, bu orijinal eksponatlar böyük bir muzeyə daşınacaq. Bu ideyanın müəllifi və təşəbbüskarı dostumuz Akif Aşırlıdır. Biz bir dəfə Akif bəylə İstanbulda olduq, Akif bəy hətta orada öz pulu ilə çoxlu sayda eksponat aldı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”