"Etirazımızı Rusiya hökumətinə çatdırmalıyıq"
Bayram Məmmədov: "Bu gün bunu ayrı-ayrı vətəndaşların deməsi ilə iş bitmir"
Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirən "Azərtac" Xəbər Agentliyinin müxbiri Məhərrəm Əli oğlu İbrahimovun və AzTv telekanalının operatoru Sirac Abışovunun mina partlayışı nəticəsində şəhid olması ölkə ictimaiyyətini sarsıtmaqla yanaşı, düşmənə qarşı mühüm tədbirlərin görülməsini tələb edir. Hadisə bir daha dünyanın insan haqlarından danışan təsisatlarının Azərbaycana hansı münasibətini ortaya qoydu. Beynəlxalq insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Ermənistanı ittiham etmək əvəzinə, təəssüflə kifayətləndilər. Görünən odur ki, Azərbaycan öz haqqını qorumaq üçün meydanda təkdir və bunun üçün dövlət və xalqdan daha qətiyyətli addımların atılması tələb olunur. Məlumdur ki, bu gün Laçın dəhlizi ermənilərin Azərbaycana rahat gediş-gəlişi üçün çox münbit bir yol kimi saxlanır. 10 noyabr bəyannaməsində yer alan ən sadə məsələlər - minalanmış sahələrin xəritəsinin Azərbaycana verilməsi, silahlı ermənilərin ərazidən çıxarılması, Rusiya sülhməramlılarının öz işini düzgün icra etməsi baş vermirsə, nə etməliyik? Niyə Azərbaycanın öz sərhədi düşmən dövlətə açıq saxlanmalıdır? Belə olduğu təqdirdə ictimaiyyət hansı addımların atılmasını təklif edir?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi bu günün, 30 ilin deyil, artıq əsirlərin münaqişəsidir. B.Məmmədov tarixi faktlara əsasən Azərbaycana qarşı daim düşmənçilik edən ermənilərin bu gün də öz məkirli niyyətindən əl çəkmədiyini önə çəkib.
Bayram Məmmədov vurğulayıb ki, ermənilər İrandan, Türkiyədən Azərbaycana köçürüləndən bu günə qədər münaqişələr müxtəlif mərhələlərdə qabardılıb. O, tarixi faktlara qısa nəzər salmaqla, əslində erməni faşizminin bu gün də xarici dövlətlərin dəstəyi ilə ölkəmizə qaşı apardığı siyasətin hansı məqsəd daşıdığını ortaya qoyub.
"Münaqişənin ən alovlanan dövrü həmişə ölkədə hakimiyyət dəyişikliyi, inqilablar olan illərdə daha bariz şəkildə ortaya çıxıb.
Baxın, keçən əsrin əvvəllərində bizim ilk cumhuriyyətimiz qurulanda, hansı ki, o vaxt hələ ordumuz təzə yaranırdı, erməni daşnakları Zəngəzurda, Bakıda, Qubada dəhşətli qətliamlar, soyqırımlar törətdilər. Ölkəmizin elə bir yeri olmadı ki, erməni faşistləri orda qətliamlar etməsinlər. Çox təəssüflər olsun ki, biz bundan düzgün nəticə çıxara bilmədik. O vaxt bizim milli demopkratik respublikamız bütün dünyaya nümunə oldu. Bunu gözü götürməyən xain düşmənlər, o cümlədən, Rusiya boşluqdan istifadə edərək çevriliş etdi. Bolşevik-daşnaklar Mikoyan və Şaumyan Azərbaycana göndərildilər. "26-ı Bakı Komissarı" kimi yadda qalan o “inqilabçılar” guya Bakıya sülh gətirirdilər. Sonrakı proseslərdə Şaumyanla, Mikoyan Ağcaqum çölündə güllələnməyə aparılan 26-ların arasından sağ çıxa bilirlər. Bolşevik-erməni daşnaqları olan Mikoyanla, Şaumyan qadın tumanı geyinib qaçırlar. Şaumyan Hindistana qaçır, Mikoyan isə gedib Kremldə oturur. "Sosialist Əməyi Qəhrəmanı" adı alır, dövlət xadimi olur. Bütün hakimiyyətdə olduğu müddətdə, 20-ci ildən 60-cı ilin ortalarına qədər Azərbaycana qarşı elmi, planlı şəkildə işlər aparırlar. Bunun başında da erməni kilsəsi, erməni keşişləri dururdu".
B.Məmmədov bildirib ki, bu gün də o erməni siyasəti davam edir. Onun sözlərinə görə 10 noyabr bəyannaməsinə əsasən Rusiya sülhməramlılarının nəzarətində olan, hələ ki, açıq saxlanılan Laçın dəhlizi erməni nazirinin, keşişinin, erməni silahlılarının asanlıqla ərazilərimizə keçməsi üçün bir bəhanəyə çevrilib.
"Təbii ki, biz buna kəskin şəkildə etiraz eləməliyik. Biz etirazımızı Rusiya hökumətinə çatdırmalıyıq. Təbii ki, birinci növbədə bunu bizim Xarici İşlər Nazirliyi həyata keçirməlidir. Təkcə ayrı-ayrı vətəndaşların etirazı ilə iş bitmir. Şübhəsiz ki, bütün hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nzirliyi, Azərbaycan Sərhəd Qoşunları, Müdafiə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, bu sahədə öz işini görür. Amma bizə məlumdur ki, Kəlbəcər, Laçın zonasının çox mürəkkəb bir reliyefi var. Mövcud şəraitdən istifadə edən düşmən xaincəsinə sərhəddi keçib hər an bizə qarşı terror törədə bilər. Biz daim terrora qarşı hazır olmalıyıq. Ordumuzu daha da gücləndirməli, ən müasir silahlarla silahlandırmalıyıq. Biz nə qədər regionda sülh istəsək də, ermənilər öz məkirli niyyətlərindən əl çəkməyəcəklər. Ona görə də daim hazırlıqlı olmalıyıq”.
SEVDA
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...