Alça duzla həddindən artıq miqdarda yeyildikdə...
Yay mövsümündə ən sevilən meyvələrdən biri yaşıl alçadır. Natrium, kalium, kalsium, maqnezium, fosfor, həll olunan lif kimi qidalarla zəngin olan alçada C və A vitaminləri və orqanik turşular da az deyil. Düzgün miqdarda yeyilən alça dəri, ürək-damar, qaraciyər və immun sisteminə müsbət təsir göstərir. Alça avitaminozla mübarizə aparır.
Versus.Az xəbər verir ki, alçanın insan orqanizminə faydası olduğu kimi, ziyanı da var. Bu meyvə duzla həddindən artıq miqdarda yeyildikdə bədəndə su tutma səbəbindən ödəmə səbəb olur, qan təzyiqi artır. Duz olmadan da həddindən artıq qəbul edilərsə, həzm sistemi pozula bilər.
Dietoloq Leyla Zülfüqarlı bildirir ki, alçanın tərkibindəki qida lifləri günlük qida maddələrinə olan 30 milliqramlıq ehtiyacı ödəyir. C yeganə vitamindir ki, orqanizmdə depolanmır və giləmeyvələrlə qidalananda orqanizmin həmin vitaminə olan tələbatı ödənilir. Alça turş giləmeyvə olsa da, turşuluğu çoxaltmır və ödqovucu təsir göstərir, qan dövranını yaxşılaşdırır. Mütəxəssislər gün ərzində 150-400 qram meyvə qəbulunu tövsiyə edirlər. Həddən artıq alça yemək mədə turşuluğunu artıra və bəzi problemlərə səbəb ola bilər.
Mədə və onikibarmaq bağırsaq xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə, tutmanın inkişafına təkan verə bilər. Bundan əlavə alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir edir, mədədə ağırlıq, köp və s. xoşagəlməz hallara səbəb olur.
Alçanın çəyirdəklərinin tərkibində az miqdarda sianid turşusu var. Bu maddə güclü zəhərdir. Bu səbəbdən alçanın çəyirdəklərinin içərisində olan "qozları" yemək tövsiyə edilmir. Bu, zəhərlənməyə səbəb ola bilər. Xüsusilə, azyaşlı uşaqlar üçün təhlükəlidir.
100 qram alça ortalama 46 kaloridir. Bir kasa alça dedikdə orta hesabla 10-12 ədəd nəzərdə tutulur. Yaşıl alçada qlisemik indeksi az olduğu üçün qandakı şəkəri birdən-birə qaldıra bilməz. Buna görə şəkərli diabet xəstələri tərəfindən asanlıqla yeyilə bilər.
Alçanın tərkibində antioksidan təsir yaradan xlorofil var. Antioksidan xüsusiyyətləri sayəsində dəri sağlamlığına müsbət təsiri olur. Dərinin yaşlanmasını ləngidir və daha sağlam görünməsinə kömək edir.
Araşdırmalara görə, alça dəmir əskikliyi yaşayanlar və anemiya xəstələri üçün təsirlidir.
Xərçəngin yaranma riskini də azaldır. Ağciyər xərçəngi, xroniki ağciyər narahatlıqları, astma və soyuqdəymə kimi xəstəliklər üçün problemlərin aradan qaldırılmasına kömək edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"