“Harınlamış nazirlər olduğu kimi, harınlamış müxalifət də var”

16:17 23-01-2018 | icon 681 | Siyasət
“Harınlamış nazirlər olduğu kimi, harınlamış müxalifət də var”

“Azərbaycan məmurları sanki qaçıb stol altında gizləniblər”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Versus.Az-a müsahibəsi.

– Hafiz bəy, son vaxtlar mətbuatdakı çıxışlarınızda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin rəisi Kamran Əliyevi hədəfə götürübsüz. Onu korrupsiyaya qarşı mübarizə aparmamaqda ittihamlayırsınız.

– Korrupsiyaya qarşı mübarizə aparmaq baş idarənin rəisi Kamran Əliyevin məsuliyyətindədir. Ona görə də korrupsiya ilə bağlı bütün söylədiklərim birbaşa ona ünvanlanır. Hər gün bir xırda iş ortaya qoyub deyirlər ki, korrupsiyaya qarşı mübarizə aparırıq. Əgər indiyədək korrupsiyaya qarşı mübarizə aparılsaydı, bu gün sabiq vergilər naziri Fazil Məmmədovun Ukraynada milyonlarla dəyəri olan hotelləri, zavodları ortaya çıxmazdıDövlət məmurları nəinki ölkədə, xaricdə də böyük sərmayələr qoyurlar. Amma nədənsə Kamran Əliyev bunlardan xəbərsizdir. Korrupsiyaya qarşı Mübarizə İdarəsində mənim də dostlarım var, amma onlar daha ciddi mübarizə aparmalıdırlar. Korrupsiyaya qarşı ciddi mübarizə aparmaq istəyirlərsə, yardımçı ola bilərəm. Ünvanları da göstərərəm ki, hansı nazir hansı ölkədə nə qədər yatırım qoyub. Bu faktları araşdırmaq lazımdır. Əsas korrupsionerlər kənarda qalıb, hansısa xırda məmuru tuturlar. Belə də korrupsiyaya qarşı mübarizə aparmaq olar? Bütün bunlar özümüzü aldatmaqdan başqa bir şey deyil. Hansı icra başçısı, nazir müavini, prokuror, polis rəisi korrupsiyaya görə tutulub? Guya yuxardakılar Fazil Məmmədovun, Eldar Mahmudovun, Ziya Məmmədovun nələrə sahib olduqlarını bilmirdilərmi? Nəyə görə vaxtında tədbir görmürdülər?

“Orda-burda da deyir ki, prezidentə işləyirəm…”

Niyə nazirdən soruşan yoxdur ki, sən 1500 manat maaş ala-ala, o qədər var-dövləti necə əldə etmisən? Fazil Məmmədovun milyonları ortaya çıxır. Yaxşı, onun müavinləri, idarə rəisləri niyə yoxlanmır? Eldar Mahmudov niyə azadlıqdadır? Niyə oğlu Azərbaycanın milyonlarını ölkədən rahat çıxara bilir? Korrupsiyaya qarşı mübarizə aparan qurumlar bir az cəsarətli olsunlar. Biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov. Korrupsiya İdarəsi bilmir ki, Kərəm Həsənov bu gün ölkəni dağıdır. Bilmir ki, Kərəm Həsənov İvanovkada ikinci bir Moskva yaradıb? Əgər bilmirlərsə, mən ünvan göstərə bilərəm. Onun Bakıdakı, Göygöldəki malikanələrinin, obyektlərinin siyahısını və ünvanını təqdim edə bilərəm. Ölkəni talan edib dağıdırlar, orda-burda da deyir ki, prezidentə işləyirəm. Hansı əməlinlə prezidentə işləyirsən? Sənin əmlak sahəsində yaratdığın korrupsiya şəbəkəsinin yaratdığı narazılıq dövlətçiliyə ən böyük zərbədir. Soruşmaq lazımdır ki, Kərəm Həsənov, sən hansı haqla mənim qardaşımın adından gedib danışırsan ki, prezidentə evlər alıram? Bilirəm, mən bunları deməklə həyatımı təhlükəyə atıram. Amma qorxmuram, mən bu yolda bütün riski gözə almışam, qardaşıma dəyə biləcək zərbələrə qarşı sipər olmuşam. Həmişə demişəm, yenə deyirəm, Azərbaycan məmurları sanki qaçıb stol altında gizləniblər. Bütün məsələləri atıblar prezidentin üztünə. Onu meydanda tək qoyublar. Amma mən qardaşımı tək qoymaram, nə qədər ki, canım var, qoruyacam onu bu xəyənətkar ünsürlərdən. Qardaşımı qoruyuramsa, dövlətçiliyimizi qoruyuram deməli. Ağıllarını başlarına yığsınlar. Bunlar elə adamlardır ki, məsəlçün prezidentin ad günündə ona bir adicə gül hədiyyəsi alanda da onun çekini aparıb geydirmə müxalifətdəki Həsənov Cəmil, Kərimov Əli kimilərinə verəcəklər ki, qoy xaricə ötürsünlər, youtubda bəzəkli-düzəkli sözlərlə yaysınlar. Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu məsələlərin də üzərinə getməlidir.

– Niyə getmirlər?

– Ona görə ki, hamısı əlbirdir. Ölkənin hüquq-mühafizə orqanlarında da onlara işləyən şəxslər var. Birləşib çox çirkin yollarla çirkli pullar qazanırlar. Qazansınlar, amma o çirkli pulları niyə aparıb mənim qardaşımı devirmək üçün xərcləyirlər? Bax məni bu narahat eləyir. Yoxsa onların pulları cəhənnəmə, heç özlərinə də qismət olmuyacaq, necə ki, olmur. Korrupsiya qarşı mübarizə idarəsi, milli təhlükəsizlik nazirliyi görmürdü ki, ölkə kimlərin əli ilə talan edilir? Oğurladıqlarını göndərirlər xaricə. Məsələn, Londonda artıq müəyyən dairələr etiraz etməyə başlayıblar ki, Azərbaycandan gələn nazirlər burda evləri bahalaşdırıblar. Londonun bəzi mətbuatı da bu barədə dəfələrlə yazıb.

“Kərəm Həsənov Fərhad Əliyevin yolunu gedir”

– Necə düşünürsüz, adlarını sadaladığınız sabiq nazirlərin aqibətindən hazırki nazirlər bir nəticə çıxarır?

– Bu gün Azərbaycan dünyada ancaq korrupsiya, söz azadlığının olmaması, insan haqlarının pozulması hallarına görə qınaq obyektinə tutulur. Bunu kimlər edir? Təbii ki, mənim qardaşımın etimadını doğrultmayan nazirlər, icra başçıları. Onlar öz korrupsiya əməlləriylə, vətəndaşların haqlarını tapdalamaqla, jurnalistlərə hədə-qorxu gəlməklə qərəzli Qərb dövlətlərinə Azərbaycanı təzyiqdə saxlamaq fürsəti verirlər. Müşahidə etsəniz özünüz də görərsiniz ki, sabiq nazirlərin aqibəti onların yolunu davam etdirən hazırki bəzi nazirlərə elə də təsiri yoxdur. Düzdür, korrupsiyaya qarşı mübarizə idarəsi üç cinayət əməli aşkar etdiyi barədə məlumat yayıb, amma bu, məni qane etmir. Çünki bayaq dediyim kimi, bunlar xırda məmurların üzərinə düşüblər, əsas adamlar isə sağa-sola səpirlər dövlətin malını. Baxırlar ki, Fazil Məmmədov kimilər sadəcə vəzifəsindən atılmaqla canını qurtarır, fikirləşirlər ki, vəzifədən çıxarsınlar da, onsuz da oğurladığımızı oğurlamışıq, yığdığımızı yığmışıq, xaricdə yatırmışıq. Yəni vəzifəsindən çıxarılanların oğurladıqları əllərindən alınıb həbs edilmədiyinə görə, qalanlarının da ayaqları yer alır.

 Bəlkə Fazil Məmmədovun cinayət əməli olmadığı üçün sadəcə vəzifəsindən uzaqlaşdırılması ilə kifayətləniblər.

– Fazil Məmmədov ölkədən 4 milyard yarım pul çıxarıb. Bu gün də açılıb ki, Ukraynada bunun hoteli, “şin zavodu” var. Yaxşı, bəs Azərbaycanda olan sərvətini niyə demirlər? Niyə Şəmkirdəkiləri, Gürcüstandakıları, Bodurumdakıları, Antaliyadakıları demirlər? Bunların hamısı cinayətdir də, həbs etmək üçün başqa hansı cinayətini açmalıdırlar? Sizi inadırıram ki, yaxşı araşdırsalar başqa cinaytə əməlləri də üzə çıxar. Bunların hamısı cinayətdir də, başqa hansı tutarlı fakt lazımdır bunlara? Belələri həbs edilməlidir. Bunları qoyub xırda məmurları rüşvətə görə cəzalandırıb adını da “korrupsiyaya qarşı mübarizə” qoyanda kənardan çox gülünc görünür, camaat arasında bu cür “mübarizə” ironiya ilə qarşılanır. Hər hansı bir məclisdə, xeyirdə-şərdə camaat gülür ki, əsas korrupsioner qalıb kənarda gör gedib kimi tuturlar. Bax əgər Kamran Əliyev, Zakir Qaralov bu məsələnin üstünə doğru-düzgün getsələr, böyük nüfuz sahibi olarlar.

“Araşdırsalar, hamısı vəhabilərdən çıxacaq”

Prezident nə istəyir ki, korrupsiyay qarşı amansız mübarizə aparır. Bəs bu işdə ona kömək etmək lazımdır da, niyə tək qoyurlar, niyə faktlar ortaya qoymurlar? Niyə biri cəsarətlə çıxış edib demir ki, cənab prezident, Kərəm Həsənov Fərhad Əliyevin yolunu gedir? Niyə Hacıbala Abutalıbov araşdırılmır? Niyə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan maliyyənin xərcləndiyi mənbə araşdırılmır? Araşdırsalar, hamısı vəhabilərdən çıxacaq.

Məsələnin kökündəki əsas səbəbləri araşdırıb üzə çıxarmaq lazımdır. Seçkilər ərəfəsidir, dünyada gedən prosesləri izləyirik. Dünyada gedən proseslər bu gün onu göstərir ki, artıq mətbuat azadlığını, söz azadlığını, demokratiyanı bərpa etmək üçün dünya ayağa qalxıb. Yaxşı, prezident, mənim qardaşım İlham Əliyev bütün bunların öhdəsindən təkbaşına necə gəlsin? Onun ətrafındakılar nə üçündür bəs? Niyə imkan verirlər ki, ölkəmiz dünyanın gözündə korrupsiya yuvası kimi tanınsın?

– Hafiz bəy, nazirləri ittiham edən açıqlamalarınızda, elə hazırki söhbətimizdə də bəyan edirsiniz ki, əgər aidiyyəti orqanlar korrupsuoner məmurları tanımırlarsa, yaxud onların dövlətdən, xalqdan oğurladıqları yatırımlardan xəbərsizdilərsə, mən onlara tapmaqda kömək edə bilərəm. Bu bildirişinizə baxmayaraq həmin qurumların rəhbərləri nədənsə sizə müraciət etmirlər. Nə məsələdir, bəlkə səsiniz onlara çatmır, bəlkə yazılı surətdə rəsmi olaraq çatdırasınız?

– Yəni deyirsiniz onlar mətbuatı izləməzlər? Xəbər saytları vasitəsilə sözümü çatdırıram. Onlar görməzdən-eşitməzdən, bilməzdən gəlirlərsə, qulaqlarına, gözlərinə pambıq tıxayıblarsa mən neyniyə bilərəm? Bax elə indi də sizin saytınız vasitəsilə Kamran müəllimə müraciət edirəm. Hörmətli Kamran müəllim, xahiş də edirəm, yoxluyun görək hansı icra başçısı Almaniyanın Koln şəhərində ermənilərlə birlikdə poliklinika tikdirib və hansı pulla? Adını çəkmiyəcəm, özümdən soruşsa deyəcəm. Eyni zamanda əziz dostum-qardaşım, xətrini istədiyim hörmətli Zakir Qaralovdan soruşuram, niyə yoxlamırsınız görək İvanovkada salınan şəhər kim tərəfindən, hansı pulun hesabına salınıb? Bilmirsinizsə gəlin birlikdə gedək mən göstərim. Kərəm Həsənov o qədər pulu hardan tapıb ora xərcləyib? Ziya Məmmədov da, Eldar Mahmudov da, Fazil Məmmədov da düşünürdülər ki, Azərbaycanı yeyib-talıyacaqlar, prezidentin də xəbəri olmuyacaq. İndi Kərəm Həsənov da onlar kimi düşünür. Siz də deyirsiz bəlkə səsinizi eşitmirlər? Başqa cür səsimi necə çatdırım onlara, səsucaldan götürüb çığırmalıyam? Televiziyalara çıxışımız yoxdu çıxıb ordan deyək sözümüzü. Televiziyalar müğənni ixrac etməklə məşğuldur. Çıxsınlar, reklam olsunlar, tanınsınlar, özlərinə sponsor tapsınlar. Bizim televiziyalar onlara işləyir, xalqı maarifləndirici heç nə yoxdur, biz də ancaq internet üzərindən çıxış edə bilrik. Heç kəs də heç nə danışmır. Sakitcə durublar yerlərində, hamı da deyir ki, Azərbaycanı dağıdırlar. Mən də dağıtmağa qoymamaq üçün həyatımı təhlükəyə atmışam da. Ona görə də deyirəm ki, gəlin bu seçki ilində elə edək ki, Qərbin, Avropanın Azərbaycana təzyiq edə biləcək fürsətinin qarşısını alaq. Gəlin işimizdə, dövlətçiliyə xidmətimizdə səmimi olaq. Mən deyirəm olaq, amma hanı, varmı? Bu hakimiyyətdə prezidentin ətrafında səmimi adam yoxdur, hamısı vicdanını itirmiş, mənim qardaşıma xəyanət etmiş insanlardır. Niyə Kərəm Həsənovun prezident haqqında danışdıqları ona çatdırılmır, köməkçiləri hara baxır? Ona görə çatdırmırlar ki, hər komitə ayda hərəsi elə 10 min versə bəsidir də, nəyinə lazımdı gedib demək. Bircə mənəm özümü əsir-yesir edirəm, xalqın sözünü çatdırıram. Çox istərdim ki, Zakir müəllim ortaya sərt mövqe qoysun, desin ki, cənab prezident, icazə verin Kərəm Həsənovu yoxluyum. Və onunla bərabər Korrupsiyaya qarşı mübarizə idarəsi araşdırmalara başlasın. Eləcə də digər nazirləri, filan icra başçılarını yoxlasın görək bu milyardlar onlarda hardandır? Onda xalqımız da, Qərb, Avropa da görər ki, ölkəmizdə dərəbəylik deyil.

“O müxalifətin hərəsi bir nazirin, icra başçısının himayəsindədir”

– Bildiyiniz kimi, 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, müxalifəti tam qane etmədi, səbəb kimi də Məhəmməd Əmin Rəsulzadənin adının çəkilməməsi göstərilir.

– Müxalifət deyəndə ki, biz də müxalifətik və bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə çox sevinirik. Elçibəy rəhmətliklə çiyin-çiyinə mübarizələrdə olmuşuq. Partiyaməz Məhəmməd Əmin Rəsulzadənin ideyalarını həyata keçirən təşkilatdır. Siz nəyə görə müxalifət deyəndə Kərimov Əli, Qəmbərov İsa, yaxud digərlərini nəzərdə tutursunuz ki? Əgər müxalifətdilərsə niyə mənim kimi hansısa korrupsionerin əməlindən danışmırlar? Ortaya fakt qoysunlar ki, filan nazir ölkəni talayır. Deməzlər axı, niyə desinlər, qorxurlar, asılılıqları, gözükölgəli işləri var? Həmin o müxalifətin hərəsi bir nazirin, icra başçısının, hökumətdəki o QOCALAR EVİnin sakinlərinin himayəsindədilər, qazancları onlardan gəlir. Yoxsa adını müxalifət qoyasan, özün də o bəzi nazirlərimiz kimi yüksək səviyyədə yaşayasan. Nazirlərdən nələri əskikdir? Nazirin də övladı xaricdə yüksək ödənişli məktəbdə oxuyur, “ana-dədə müxlifətəm” deyənin də, nazirin də Azərbaycanın müxtəlif guşələrində villaları var, dediyiniz o müxalifətin də. Nazirin də övladlarının hərəsi ən son model maşın sürür, bunların da eləcə. Harınlamış nazirlər olduğu kimi, harınlamış müxalifət də var.

O gün baxıram Kərimov Əli canlı yayım edib, paylaşıblar feysbukda. 2018-ci ilin Cümhuriyyət ili elan olunmasına kölgə salmaq üçün ciddi-cəhdlə qardaşım İlham Əliyevi ittihamlayır. Camaata deyir ki, Cümhuriyyət ili elan olunması sizi çaşdırmasın, falan-filan. Hakimiyyətdən kimsə buna göstəriş verib ki, prezidentin uğurlarını kölgələ. Mən deyəndə ki, bunlar agentura şəbəkəsidir, inanmırlar. Bunlar hamısı hakimiyyətdəkilərin agentidir. Gördünüz, Qəmbərov İsa xəstələnən kimi hakimiyyət onun müalicəsini öz üzərinə götürdü. Niyə hakimiyyətə işlədiklərini gizlədirlər ki, onsuz da hamımız bilirik. Bütün bunlar mənim dediklərimi təsdiq edir ki, ölkə prezidentinin atdığı addımlara qısqanc yanaşan məmur təbəqəsi var. Onlar da qorxurlar. Hamısı gözükölgəli, rüşvətxor, cinayətkardılar. Yaxşı bilirlər ki, bu gün Fazil Məmmədovun, Ziya Məmmədovun, Eldar Mahmudovun başına gələnlər sabah bunların da başına gələcək. Ona görə də Kərimov Əli, Cəmil Həsənov kimilərinin vasitəsilə ölkədə qarışıqlıq salıb diqqəti yayındırmaq istəyirlər ki, oğurladıqları milyardları aparıb xaricdə gizlədə bilsinlər.

Yenə Kamran müəllimə qayıdıram, Kamran müəllim bilmir ki, baş nazirin müavini İsmət Abbasvun özü və oğlu Londonda böyük malikanələrə sahibdir? Niyə gedib araşdırmırlar ki, bu malikanələrə hansı pulla sahib olublar? London demokratik bir ölkədir və bunları görəndə fikirləşir ki, Azərbaycan korrupsiyaya qurşanıb. Əgər bizim Korrupsiyaya qarşı mübarizə idarəmiz onları tutub gətirib həbs etsə, onda London görəcək ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə aparır.

Ona görə də deyirəm, bütün bu korrupsioner məmur təbəqəsi həbs edilməlidir. Özü də oğurladıqları pulları əllərindən alınmalıdır. Onlarda pul qoymaq olmaz, çünki həmin pulları dövlətimizin əleyhinə istifadə edəcəklər.

Nazirlər Kabineti də lazımsız bir qurumdur. Artıq ölkəmizdə Vitse-prezidentlik institutu yaradılıb, ona görə də Nazirlər Kabineti ləğv edilməlidir. Nəyə lazımdır, boş-boş oturublar, bir iş də görmürlər. Görün dövlətin büdcəsinə nə qədər ekonomiya olar onda.

– Sadaladığınız problemləri kölgədə qoyan Qarabağ kimi həlli görünməyən dərdimiz var. Onu kimin üstünə yazaq?

– Bilirsiniz niyə Qarabağın həlli müşkülə düşüb? Nə qədər ki, vəzifədə ermənilərlə qohumluğu olanlar var, Qarabağ münaqişəsi çözülmüyəcək, uzandıqca uzanacaq. Nə vaxt prezident Qarabağla bağlı daxildə bir müzakirələr aparır, danışıqlara gedir, o saat ermənilərin ovcunun içindədir. Mən ermənilərlə qohumluğu olan məmurların adlarını həmişə çəkmişəm, qorxmuram, yalan demirəm ki, gəlib üzümə dursunlar. Bunlar səhər prezidentin müzakirələrini dinləyirlər, axşam gedib evdə arvad-uşağın yanında danışırlar, onlar da qan çəkir axı, tez erməni dayılarına, xalalarına xəbərliyirlər. Erməni bizim düşmənimizdirsə, onun qohumları dövlət vəzifələrində olmamalıdır. Məsələn, Cocuqmərcanlıda ölən erməni əsgərlərinə görə baş nazirin və digər məmurların ermənilərlə evlənən övladları yas saxlayıblarmış ki, Azərbaycan prezidenti artıq erməni dayılarımızı, qohumlarımızı qıra-qıra gedir. İmkan vermədilər, yoxsa indi qardaşım Xankəndində oturmuşdu. Yəni bunlar imkan vermiyəcək. Ona görə də birinci hakimiyyətin daxilində saflaşma getməlidir. Bizim bəzi siyasilərimiz də mənim dediklərimi deyirlər, amma dişsiz deyirlər, qorxurlar, kimdənsə asılıdırlar. Bunların bir hədəfi var – prezident. Niyə hökmətin üzvlərindən danışmırlar? Özünü “ana müxalifət” adlandıranların bircə nəfəri indiyənə kimi Fazil Məmmədov haqqında bir kəlmə danışmayıb. Hələ bir Ziya Məmmədovu da müdafiə edirlər, nədi-nədi görək prezidentə qarşı istifadə edə bilərikmi.

“Mənə niyə vəzifə vermirlər, məni niyə kamfort yaşatmırlar?”

– Hafiz bəy, çox vaxt sosial şəbəkədəki paylaşımlarınızda belə bir rəylərə rast gəlirəm, sual edirlər ki, niyə sizə vəzifə vermirlər? Cavabınız nə olacaq?

– Bu gün prezidentə xəyanət edənlərin hamısını yaxşı yaşadırlar. “Qaçqınkom”un sədri Əli Həsənov dədəmiz Heydər Əliyev üçün vaxtilə demişdi ki, “onu niyə gətirirsiz Azərbaycana, əli qana batıb”. Bu gün isə yüksək vəzifədə, yüksək imkanlarla yaşayır, hələ üstəlik ermənilərlə də qohumdur. Kimlər ki, prezidentə düşmən olub, gətirib onu vəzifəyə qoyurlar. “Yeni Müsavat”ın bir jurnalisti var idi, Aynur Camalqızı, vaxtilə həmin qəzetdə yazmışdı ki, “kim Heydər Əliyevin ölüm xəbərin birinci gətirəsə, barmağımdakı nişan üzüyünü ona hədiyyə edəcəm”. Bu faktdır, həmin yazısını arxivdə saxlayıram, istəsə çıxarıb göstərərəm. Qardaşım İlham Əliyevin ünvanına ən ağır söz deyən adam bu gün kamfort həyat yaşayır, ayda 40-50 min manat verirlər ona, niyə? Belə çıxır ki, kim mənim qardaşıma xəyanət eləsə daha yaxşı yaşayacaq? Diasporanın rəhbəri Nazim İbrahimov onu maliyyələşdirməkdən qəti imtina etmişdi ki, Heydər Əliyev, İlham Əliyev haqqında o cür sözlər deyən adama pul vermərəm. Bax bu cür kişilər lazımdır.

Düzdür, mənim Aynur Camalqızına maliyyə buraxan dostlarım bunları dediyimə görə məndən inciyəcəklər ki, sən də elə hər şeyi danışırsan. Axı niyə deməməliyəm? Mənə niyə o puldan vermirlər? Mənə niyə vəzifə vermirlər, mənə niyə kamfort yaşatmırlar? Çünki qardaşıma xəyanət etmirəm. Nəyə görə keçmiş düşərgədə birgə olduğum insanlar bu gün mən düşmən kəsiliblər? Hamısı qardaşımı, dövlətçiliyimizi müdafiə etdiyim üçündür. Əgər bu gün qardaşıma qarşı çıxsam sevincək gətirib milyonlar verərlər mənə. Amma bilsinlər ki, nə qədər nəfəsim var, dövlətimizi, qardaşımı bu xəyanətkarlardan qoruyacam.

O feysbukda mənə niyə vəzifə verilmədiyinə görə narahat olanlar da darıxmasınlar, o da olacaq. Mənə qardaşım özü hansı vəzifəni məsləhət görsə, o zaman qəbul edəcəm. Ona xəyanət edənlərin məni qardaşıma qarşı çıxarmaq üçün təklif etdikləri vəzifəni, milyonları qəbul etməmişəm, bundan sonra da etmiyəcəm.

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin