İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

10:22 18-06-2021 | icon 706 | Cəmiyyət
İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Bəziləri ictimai şura üzvülüyünü vəzifə bilib, indidən məmurlaşıb

 

Bu gün Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarında ictimai nəzarət məsələsi gündəmdədir. Bu məsələ "İctimai iştirakçılıq haqqında" qanunda əksini tapıb. Qeyd edək ki, 2014-cü ildə qüvvəyə minən bu qanuna əsasən müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bu gün bəzi nazirliklərdə, komitələrdə, yerli icra hakimiyyətlərində artıq ictimai şuralar formalaşdırılıb. İctimai nəzarət mexanizmi olan ictimai şuralar həmin qurumların öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməsi üçün hansı təsiretmə qabiliyyətinə malik olacaq.

 

İctimai şuranın yaradılması idarəçilikdə qüsurları müəyyənləşdirmək baxımından effektiv üsul sayılır. Artıq bir çox orqanlarda ictimai şuralar və onlara seçilən üzvlər təmsil olunduqları dövlət qurumlarının işinin şəffaflaşmasında üzərinə məsuliyyət və öhtəlik götürüb. Bəs, baş verə biləcək mənfi  halların qarşısnı ala biləcəklərmi? İctimai şura üzvləri öz üzərlərinə hansı məsuliyyəti götürüb? İctimai şura üzvü olaraq məqsədə çatmaq üçün nə tələb olunur? Vətəndaş cəmiyyəti institutunun nümayəndələri nazirliklərdə, komitələrdə, yerli icra hakimiyyətlərində mövcud problemləri qaldırıb onun üzərinə qorxmadan, çəkinmədən gedərək məsələni ictimailəşdirmək gücünə malikdirmi və İctimai Şura üzvü o nəhəng qurumların içində əriyib gedə bilərmi? Müstəqilliyinizi qoruya biləcəkmi?

 

Versus.Az xəbər verir ki, bir sıra ictimai şura üzvləri gələcək fəaliyyətlərini necə quracaqlarından danışıblar.

 

 

 

 

“Şura üzvü olaraq səsimizin daha tez eşidilməsi mümkündür”

 

Daxili İşlər Nazirliyində İctimai şuraya üzv seçilən jurnalist Rəfail Becanov bildirib ki, İctimi Şuraya üzv seçilmək insanın üzərinə ictimai vəzifələr qoyur:

 

“Bu ictimai vəzifələri biz illərdir siyasətdə, jurnalistikada, QHT-də yerinə yetiririk. Cəmiyyətin problemlərini qaldırırıq, müzakirəyə çıxarırıq və həllinə çalışırıq. Yenə də eyni işi görəcəyik. İndi bu işi daha çox konkret bir ünvanda və səmərəli yerinə yetirməyə çalışacağıq”.

 

R.Becanov bu prosesdə əsas məqsədə toxunub. Onun sözlərinə görə, İctimai Şuralara seçilən hər bir şəxs “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən fəaliyyət göstərir və göstərəcək:

 

“Kimsə Kolumb olub Amerika kəşf edəsi deyil. İctimai Şura üzvünün səlahiyyət həddi var və hər kəs o səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək. Biz nə edə bilərik? Görünür cəmiyyətdə bununla bağlı maarifləndirməyə ehtiyac var. Biz olduğumuz qurumlara təkliflər verə bilərik. Məsələn, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər hazırlayıb təqdim edə, müxtəlif ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplaya və müvafiq orqanlara təqdim edə bilərik. Seminarlar, konfranslar, sorğular keçirməklə ictimai rəyi öyrənə bilər və müvafiq orqanlara bunu tövsiyə edərik. Qanunda başqa səlahiyyət yoxdur. Səlahiyyət həddini aşmaqla başqasından səlahiyyət həddini aşma tələbi nə qədər uyğun gəlir? Məqsədimiz qanunvericiliyin tələblərinə əməl etmək, başqalarından da qanunlara əməl etməsini tələb etmək olmalıdır.

İndiyə qədər necə gəlmişiksə, elə də gələcəyik. Çətinliklər indiyə qədər də olub, bundan sonra olacaq. İctimai Şura üzvü olmaq müstəsna səlahiyyət deyil. Bu gücü kimsə haradansa almır. İllərdir mövcud problemləri qaldırıb həllinə nail olmağa çalışırıq. Bundan sonra da belə olacaq. Fərq ondadır ki, Şura üzvü olaraq səsimizin daha tez eşidilməsi mümkündür. Mənə elə gəlir ki, İctimai Şuralar vətəndaşla, cəmiyyətlə müvafiq dövlət qurumu arasında bir körpüdür. Bu körpü vasitəsilə məlumatlar, problemlər daha tez və daha dəqiq ünvana çata bilər. Bəzən yox, bir çox hallarda informasiyalar aşağı qatlarda gizlədilir, yuxarıya ötürülmür. Öz maraqları naminə hər şeyi ört-basdır eləməyə çalışırlar. Bu da problemlərin həllini əngəlləyir. İctimai Şuraların fəaliyyəti ilə bu kimi halların qarşısını almaq mümkündür. Məlumatlar, informasiyalar, problemlər üst düzənə daha tez çata bilər. Bu isə problemin həlli deməkdir. Əgər problem varsa və qanunlara görə həll edilməyibsə, edilmirsə, onu ictimailəşdirmək vətəndaş olaraq borcumuzdur və təbii ki, bunu edəcəyik. Kimsə İctimai Şuraya üzv seçiləndə xidməti müqavilə bağlamır. Qanunla müəyyən edilmiş hüquq və vəzifələri var, onlara əməl etməlidir. Təbii ki, ictimai narazılığı, vətəndaş marağını, təklifləri hər kəs deyəcək və səsləndirəcək.  Dövlət qurumları insanlara xidmət etmək üçündür. Mən öz fəaliyyətimi bu prinsiplər üzərində quracağam”.

 

R.Becanov ictimai şura üzvlərinin təmsil olunduqları orqanlarda əriyib getməsi ilə bağlı ortaya çıxan məqamlara birmənalı yanaşmayıb:

 

“Hər şey mümkündür. Amma mən özümlə bağlı, tanıdığım bir çox adamlarla bağlı elə düşünmürəm. Əgər dövlətin iradəsi varsa, islahatlar davam edirsə, deməli, İctimai Şuraların fəaliyyəti də, Şura üzvlərinin fəaliyyəti də səmərəli olacaq. İndiyə kimi bu şuralar tək-tük yerlərdə vardı. O yerlərdə də seçilmək yox, təyinat olurdu. Amma görürsünüz ki, indi böyük rəqabət var, seçki var, şəffaflıq var. İstədiyimiz də bu idi. İctimai Şuralarda seçk prosesinə baxanda bunun şahidi oluruq. Bir yerə azı 3-4 namizəd olur. Seçki strategiyası hazırlayır və seçilir. Seçki ilə seçiləndə hər kəs işləməyə həvəsli olur, çünki məsuliyyət var. İşləməyən bilir ki, növbəti dəfə seçkidə, rəqabətdə uduzacaq. Bu baxmdan da əriməni qəbul etmirəm. Bir az zəif və ya daha səmərəli fəaliyyət ola bilər. Düşünürəm ki, hər kəs də çalışacaq səmərəli fəaliyyət göstərsin, cəmiyyətə yararlı olsun. Düşündürücü məsələdir. Özünü qoruyan da, qoruya bilməyən də olacaq. Təbiidir. Beş barmağın beşi də eyni deyil. Cəmiyyət də, insanlar da fərqlidir. Cəmiyyətin ümumi problemlərinin İctimai Şuralardan yan keçəcəyini birmənalı iddia etmək mümkün deyil. Lakin adından göründüyü kimi, İctimai Şura ictimai institutdur, şura üzvülüyü isə ictimai vəzifədir, ödənişli, imtiyazlı bir qurum, fövqəladə səlahiyyətli vəzifə deyil. Korrupsiya ilə mübarizə aparmaq üçün cəmiyyətin ictimai nəzarət mexanizmlərindən biridir. Burada vicdan məsələsi, fərdlərin həyatı və düşüncəsi, dünyagörüşü, etibarlılığı əsas amildir. Yəni cəmiyyət qarşısında məsuliyyətli və etibarlı olmaq. Etibarlı, vicdanlı adamlar  cəmiyyəti, etibarsızlar, vicdansızlar isə öz çıxarlarını fikirləşir. İkinci tiplər üçün fərqi yoxdur, harada olsa, eyni işi görəcək. Bu gün kimin yanındadırsa onu tərifləyəcək, özünün sözü, fikri olmayacaq ki, nəsə qazansın, sabah dünənini unudub başqa şeylər deyəcək ki, yenə nəsə əldə etsin. Cəmiyyət üçün bu tiplər təhlükəlidir.

İnsan kimi, vətəndaş kimi cəmiyyətin etibarını, etimadını doğrultmaq çox önəmlidir. Həyat kredosu belə olan adamların hansısa şurada olması ətraflarında nə baş verməsindən asılı olmayaraq, onların müstəqilliyinə xələl gətirməz və gətirməyəcək”.

 

 

 

 

“İctimai şuraya üzv olmaq, kimisə asmaq-kəsmək deyil...”

 

Daxili İşlər Nazirliyində İctimai Şuraya üzv seçilən QHT rəhbəri Mehriban Zeynalova bildirib ki, bu qurumun Azərbaycanın bütün ərazilərində fəaliyyətləri var və mövcud problemləri vaxtında müəyyən etmək, vətəndaşların səsini ora çatdırmaq operativlik ciddi əmək tələb edir.

 

Bu mənada o, DİN-də ictimai Şuraya üzv seçilməyi ilk növbədə böyük məsuliyyət və öhtəlik kimi dəyərləndirib:

 

“İctimai şura üzvləri olaraq etik davranış normalarına riayət etmək, o cümlədən qurumun fəaliyyətinin nəzarət mexanizmində ədalətliliyi qorumaq, qurumun fəaliyyətində  müstəqilliyi qorumaq mənim üçün əsas məsuliyyət və öhtəlikdir. Eyni zamanda, İctimai Şuraya üzv olaraq əsas məqsədə çatmaq üçün təkliflərimi doğru-dürüst formalaşdırmaq və həyata keçməsində iştirak etməklə yanaşı, prosesə nəzarət etmək əsas məqsədlərimdəndir. Əsas məqsədim qadın polislərin sayının artırılması, o cümlədən polislərin gender əsaslı zorakılıq qurbanları ilə davranış qaydalarına nəzarət etmək, yeri gəlsə onları maarifləndirmək, məlumatlandırmaqdır. Bütün hallarda İctimai şuranın fəaliyəti birbaşa nəzarətdir. Bu, vəzifə deyil, bu böyük bir öhtəlikdir. İctimai şuralarda müxtəlif sahələr üzrə vətəndaş cəmiyyəti üzvləri təmsil olunur. Polis orqanı da elə bir qurumdur ki, həyatın müxtəlif sahələrində fəaliyyəti görünür. Bu, asayişin qorunması, vətəndaşların onlara nəzarət etməsinə, qanunlarına nəzarət etməsinə nəzarətdir. Polisin özünün də etik davranış normaları, vəzifə öhtəlikləri var. Polis haqqına qanuna əsasən bu qanunun necə icra edilməsinə nəzarət  güclənməlidir. Ona görə də mən qadın problemləri, insan alveri, zorakılıq sahələrində polisin fəaaliyyətinə nəzarəti gücləndirə bilərəm. Gördüklərimi, hardasa davranış pozqunluğu, qanun pozuntusu varsa, onların aradan qaldırılması üçün həm maarifləndirmə, həm təkliflər qismində həyata keçirdəcəm”.

 

M.Zeynalova təəssüflə qeyd edib ki, bu gün ictimai nəzarət və ictimai iştirakçılıq bir qədər fərqli başa düşülür. Zaman-zaman Daxili İşlər Nazirliyi ilə əməkdaşıq etdiyini deyən M.Zeynalova problemlər olanda bu barədə aidiyyatı orqana müxtəlif formalarda məlumatlar ötürdüyünü bildirib:

 

“Mən problemlərlə bağlı daim Daxili İşlər Nazirliyinin saytlarına yazırdım, birinci müavinə yazırdım, ən vacib məsələləri cənab nazirə yazırdım. Mənim təkliflərim və yaxud hansısa qanunsuzluqlar barədə iradlarımı nəzərə alırdılar.  Məsələlər o zaman ictimailəşir ki, təkliflər ya icra edilmir və ya da qanun pozuntusu aradan qaldırılmır. Təkliflər nəzərə alınmırsa və bu  problemlər aradan qaldırılmırsa, məsələni ictimailəşdirərək hay-küylə həll etmək də fərqli metoddur. Düşünmürəm ki, məsələni o zaman ictimailəşdirərəm ki, təkliflərim nəzərə alınmır, dediklərim eşidilmir, qüsurlar aradan qaldırılmr və yaxud kimlərsə cəzalanmır”.

 

QHT rəhbəri hesab edir ki, bəzi hallarda təkliflər vermək üçün dəstək də lazımdır. Onun sözlərinə görə, bəzi hallarda hansısa  boşluqları doldurmaq üçün özün də ciddi fəaliyət göstərməlisən:

 

“Görüsən ki, polisdə hansısa sterotiplər var və o, həmin steriotiplərdən asılı adamdır, ona görə davranışlarında problemlər var, onda maarifləndirməyə keçmək lazımdır. Uzun müddətdir bu işlə məşğul oluram və görürəm ki, bu istiqamətdə dəyişikliklərə nail olmaq olur. İctimai şuraya üzv olmaq, kimisə asmaq-kəsmək deyil, kimisə qorxutmaq deyil. Bu, ədalətli, obyektiv və eyni zamanda ictimai dəstəklə problemləri aradan qaldırmaqdır. Hər halda fiziki güclə olmasa da, ağlın gücü ilə nəyəsə nail olmağa çalışacam. Səmimi deyim ki, ictimai şura üzvü olmadan da həmin güc orqanlarının içində əriyib gedənlər var. Hər halda hansısa məsələlərdə mən nə prinsiplərimi, nə də obyektivliyimi, müstəqilliyimi  dəyişməmişəm. O baxımdan ehtimal edirəm ki, burda da əriyib getmə ehtimalım aşağıdır. Hər halda, özümə hörmət qoyan, vətəndaşların maraqlarını öz maraqlarından üstün tutan bir şəxs kimi bu olmayacaq. O zaman müstəqilliyi qorumaq olmur ki, o prosesdə korrupsiya var və yaxud kiminsə iradəsinə sözsüz tabe olmalısan. Hazırki daxili işlər naziri Vilayət Eyvazova hansısa boşluqlar, qanin pozuntuları ilə bağlı məlumatlarım, təkliflərim olub. Cənab nazir kifayət qədər açıq adamdır. Hansısa qanunsuzluğa qarşı obyektiv yanaşıb, hətta öz əməkdaşını cəzalandırmaq gücündə olan biridir. Düşünürəm ki, indiyə qədər beç bir korrupsiyada adım hallanmadığına, hansısa qurumda hansısa “alıb-verə” biləcəyim iş olmadığına görə müstəqilliyimi qoruyacam. Bəzən deyirlər ki, hansısa şəxs hansısa qurumda işlədiyinə görə asılı vəziyyətə düşür. Mən isə hesab edirəm ki, bu, şəxsin özündən asılıdır. İnsan öz prinsiplərinə, öz fəaliyyətinə, ölkənin müsbət dəyişikliyinə sadiqdirsə, əriməyəcək, yox olmayacaq. İctimai şüraların hansısa korrupsiyada iştirakı mümkünsüzdür. Buna şərait yaradan heç bir faktor yoxdur. Hər şey insanın davranışından və problemə baxışından asılıdır. Mən ora kimlərisə tərif etməyə getmirəm. Mənim dəyişmək, ərimək imkanım yoxdur”.

 

 

 

 

“Məmurların korrupsiyası qarşısında ərimək yox, daha da bərkiməliyik”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuraya üzv seçilən QHT rəhbəri Məhluqə Qaramanlı bildirib ki, İctimai Şura olaraq fəaliyyətlərini günün tələblərinə uyğun olaraq həyata keçirirlər.

 

O, davamlı olaraq ƏƏSM Nazirliyinin tabeliyində olan müxtəlif qrumlarla, agentliklərlə görüşlər keçirib, təkliflərlə çıxış etdiklərini, lazımi monitorinqlər aparıldığını qeyd edib:

 

“Bu gün İctimai Şura əməkdaşları olaraq əlilliklə bağlı gündəmdə olan məsələlərə həssas yanaşır, həqiqətən də əlilliyi olan insanların əlilliyinin təyin edilməsində yardımçı oluruq. Təəssüf hissi ilə bildirirəm ki, qarşılaşdığımız çoxlu sayda problemlər var. Bütün bunlarla yanaşı yalançı əlilliyin təyin edilməsinin qarşısının alınmasında da fəallıq göstəririk”.

 

M.Qaramanlı nazirliyin şura üzvləri ilə çox gözəl sıx əməkdaşlıq yaratdığını qeyd edib:

 

"Biz Əlil Qadınların İctimai Birliyi olaraq əvvəldən də işlərimizi görürdük. Artıq ictimai şura üzvü olaraq üzərimizə ikiqat məsuliyyət və öhdəliklər qoyulub. Bu, işimizi daha dəqiq yerinə yetirmək üçün bizə stimul verir. İnanıram ki, bu sahədə ictimai şuranın rolu yüksək nəticələr verəcək. Bu gün ƏƏSMN-i  əhalinin sosial həyatını əhatə edən bir qrum olaraq çox gərgin, ağır iş rejiminə malikdir. İnsan anadan olandan rəhmətə gedənə qədər o qurumla əlaqəli şəraitdə yaşayır, fəaliyyət göstərir. Biz öhtəmizə düşən məsələlər ətrafında monitorinqlər edir, görünən problemləri aidiyyatı orqanlara çatdırır, davamlı olaraq məlumatlar ötürür, problemin həlli yollarını tapırıq. Bir faktı deyim; Göyçay rayonunda şəhid Səlimovlar ailəsi var. Şəhid ailəsində qadın məktəbdə süpürgəçi işləyirmiş və xəstəliyi ilə əlaqədar işindən azad ediblər. Qadın yataq xəstəsidir, biz onun əlil arabası məsələsini qaldırdıq və həll etdik. Belə problemlər Şəkidə, Qusarda və digər rayonlarda da var. Biz bütün gücümüzü insanların problemlərini yerində müəyyən edib məsələni aidiyyatı orqanlar qarşısında qaldırıb lazım olan köməyi göstərməyə yönəltmişik. Beləcə, bölgələrə çıxırıq, monitorinqlər, davamlı görüşlər keçiririk.

Bu gün sosial gündəm əlillik məsələsində yaranan mövcud problemlərin həllinə yönəlib. Amma burda da "reket" insanlar olub ki, sağlam insanlara əlillik dərəcələri veriblər. Əlbəttə ki, ölkəmizdə müharibə yeni bitib, vəziyyət ağırdır və bütün müharibə gedən bölgələrdə insanlar psixoloji sarsıntılara məruz qalıblar. Evlərinə şəhid, qazi gələn ailələr ciddi psixoloji gərginlik içində qalırlar. Biz bunların hamısını görürük. Amma bundan sui-istifadə edən insanlar da var ki, biz onların da qarşısını almağa çalışırıq. Əlillik problemi olan insanlara dəstək oluruq. Məşğulluq sahəsnində böyük işlər aprırıq. Məşğulluğa ehtiyacı olan insanları araşdırırıq, işləmə qabiliyyəti olan insanların potensialını araşdırırq. Təlimlərə cəlb edib, kiçik sahibkarlar kimi gələcəkdə ailələrinə dəstək olmaları üçün onlara yardım edirik”.

 

Artıq uzun illər əlillərlə işləyən QHT olaraq problemlərə biganə qalmadıqlarını deyən M.Qaramanlı, bundan sonra da öz işlərini doğru və düzgün nəzarət əsasında görəcəklərini deyib:

 

“Biz məmurların özbaşınalığı, korrupsiyası qarşısında ərimək yox, daha da bərkiməliyik. Uzun illər apardığımız fəaliyyət məhz buna yönəlib. Bizdən bir şey tələb olunur - məsuliyyətimizi dərk edib, öhtəliyimizin əhəmiyyətini anlayıb cəmiyyətin nöqsanlarını vaxtında görüb, onun aidiyyatı orqanlar qarşısında həllinə çalışmaq. Təbii ki, öhdəmizə düşəni edəcəyik. Gücümüz yetməyən məsələləri aidiyyatı orqanlarda yüksək səviyyədə qaldırıb, təkilflərimizi verib, vəziyyəti ictimaiyyətin nəzərinə çatdırmaqla həllinə çalışacağıq. İnsanların, cəmiyyətin hər bir məsələyə düzgün yanaşması üçün mariflənməyə ehtiyacı var. Düşünürəm ki, hər kəs ətrafında olan problemə biganə qalmamalı və məsələ ilə bağlı məlumat verməlidir. Belə olarsa, cəmiyyətimiz inkişaf edər və hər bir vətəndaş ictimai nəzarət funksiyasını yerinə yetirməklə ümumi işin xeyrinə hərəkət etmiş olar”.

 

P.S. Bir çox ictimai şura üzvlərinə suallar ünvanladıq. Bir həftə öncədən “möhtərəm” ictimai nəzarətçilərə ünvanlanan sualların cavabını səbrlə gözləsək də, cavab gəlmədi. Bu da onu deməyə əsas verir ki, həmin şura üzvləri öz məsuliyyətini dərk etmir və ictimai şuraya seçilmənin mahiyyətini anlamır. Bəziləri bunu vəzifə bilib, indidən məmurlaşıb. İctimai şura üzvləri mətbuata sözünü çatdıra bilmirsə, vətəndaşın sözünü necə deyəcək. Təbii ki, gələcəkdə belə hallar təkrarlanarsa, həmin şura üzvlərinin adları tək-tək çəkiləcək və maariflənməyə dəvət olunacaqlar. Çünki nəzarətimiz üzərlərində... /“həftə içi” qəzeti/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...