Rusiya rəsmiləri Ermənistandakı seçkilərdən danışdı
“Biz İrəvandan gələn məlumatları diqqətlə izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin baş tutması ilə bağlı məlumatını alqışlayırıq. Əlbəttə ki, biz Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük”.
Versus.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Moskva Ermənistandakı seçkilərin nəticələrini necə qiymətləndirir?” sualına cavabında deyib.
“Ermənistan Rusiyanın yaxın müttəfiqi və tərəfdaşıdır. Əlbəttə, arzu edirik ki, erməni xalqının bu seçimi ölkənin yaşadığı çətinliklərlə mübarizəsinə, eyni zamanda, Rusiya Prezidentinin birbaşa iştirakı ilə imzalanan üçtərəfli bəyanatın reallaşması yolu ilə dayanıqlı inkişaf trayektoriyasına çıxmağa kömək etsin”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “İnterfaks”a müsahibəsində bildirib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasının erkən parlament seçkilərində qələbə qazanması İrəvan-Moskva münasibətlərində minimal dəyişikliklərə səbəb olacaq.
O, həmçinin qeyd edib ki, Rusiya o ölkədəki seçkilərin nəticələrini tanıyacaq.
“Paşinyan partiyasının parlament seçkilərindəki qələbəsi Ermənistanla münasibətlərimizə ən az təsir edəcək, çünki bu münasibətlər artıq sınaqdan keçib və Qarabağda nizamlanmaya dair üçtərəfli razılaşmada möhkəmlənib”, - deyə Kalaşnikov vurğulayıb.
Kalaşnikov bildirib ki, Koçaryanın bloku parlamentdə çoxluq qazansaydı, köhnə yeni ortağımız olmasına baxmayaraq əlavə təlatüm yaradardı:
“Hamı bunu başa düşürdü, buna görə düşünürəm ki, böyük ehtimalla, Moskva bu seçkiləri tanıyacaq”.
“Eyni zamanda, keçirilmiş seçkilərin nəticələrindən sonra, Ermənistan daxilində cəmiyyətdə uzun müddət mövcud olan parçalanma davam edəcək”, - deyə o vurğulayıb.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"