Əbülfəz Elçibəyin doğum günündə yeznəsindən MÜSAHİBƏ

19:30 24-06-2021 | icon 707 | Cəmiyyət
Əbülfəz Elçibəyin doğum günündə yeznəsindən MÜSAHİBƏ

Aqil Səmədbəyli: "Çinalay atasını çox sevir, atasını araşdırır, öyrənir..."

 

Bu gün Azərbaycan Xalq Cəbhəsinin rəhbəri və ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Universiteti bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

 

O, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri idi. 1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

 

Qeyd edək ki, Ə.Elçibəy rəhmətə gedəndə mərhum ümummilli lider Heydər Əliyev onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirdi.

 

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva da rəhmətə gedəndə isə mərhumun dəfn və yas xərclərini Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürmüşdü. Hətta Həlimə xanımın cənazəsinin Bakıdan Naxçıvana aparılması və dəfn prosesində iştirak edən yaxınlarının muxtar respublikaya gedə bilməsi üçün xüsusi təyyarə də ayırtdırmışdı.

 

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən qısa müddət sonra Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirildi. İki mərtəbə və mansardan ibarət yaşayış evində həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yeniləndi. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırıldı.

 

 Uzun zamandan bəri Əbülfəz Elçibəyin ev-muzeyinin açılması xəbərlərinin ardına düşüb, o məkana üz tutmaq üçün yollar aradıq. Məlum oldu ki, Əbülfəz Elçibəyin ev-muzeyi yoxdur. Ailəsi muzeyin hazırlanması barədə düşünsə də, hələ ki gözləyirlər.

 

Elçibəy ailəsindən yalnız kürəkəni Aqil Səmədbəyli ilə söhbətləşmək fürsəti oldu. Qızı Çinalay xanım hazırda ailəsi ilə birlikdə İstanbulda yaşayır və siyasətə qoşulmaq, mətbuata çıxmaq istəmir. Eləcə də hazıda Əbülfəz bəyin evində yaşayan oğlu Ərturqut da mətbuata çıxmaq istəmir. Ona görə də müsahibəmizi ailənin digər üzvü, Çinalay xanımın həyat yoldaşı Aqil Səmədbəyli ilə davam elədik.

 

Versus.Az xəbər verir ki, Bütöv Azərbaycan Birliyi idarə heyətinin sədri Aqil Səmədbəyli müsahibəsində Əbülfəz Elçibəylə bağlı maraqlı fikirlər söyləyib:

 

- Prezident olduğu dönəmdə Əbülfəz Elçibəyə Azərbaycan dövləti tərəfindən “Varovski”də ev verilmişdi. Orada əvvəllər, 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi Viktor Polyaniçko yaşamışdı. Əbülfəz bəy dedi ki, ya evi dəyişdirin, ya da satın, mən o evdə yaşamaram. Sonra evi  7-ci mikrorayondakı İstambul evləri deyilən yaşayış binasında iki mənzilə dəyişdilər. Əbülfəz bəy o evlərdən birini qardaşı Almurad bəyə vermişdi, birini də “Varovski”də başqa evə dəyişdirmişdi.

“Varovski”dəki həmin o ev uzun müddət təmirsiz qalmışdı. Mən Türkiyəyə gedən ərəfədə, 2012-ci ildə təmirə başlandı. Həlimə xanımın sağlığında ailədə Ərturqutun yerinə bütün işlərlə bəyin baldızının kürəkəni Çingiz Özgür məşğul olurdu. O, Həlimə xanımın adından müraciət edəndən sonra, “Varovski”dəki ev Heydər Əliyev Fondu tərəfindən təmir olundu.

 

- Əbülfəz bəyin evi hazırda muzey kimi istifadə olunur, yoxsa yaşayış var?

 

- Bizim fikrimiz odur ki, o ev muzey kimi istifadə olunsun. Bu barədə aidiyyəti yerlərə müraciət olunub, amma hələlik rəsmi qərar verilməyib. Hazırda bəyin oğlu Ərturqut həmin mənzildə yaşayır.

 

- Bu mövzuda Ərturqut bəylə də danışmaq istərdik...

 

- Biz də onunla danışa bilmirik.Ancaq nişanlısının zənglərinə cavab verir (gülür). O, bir az fərqli xarakterə malikdir. Çox təmiz insandır, dürüstdür, ancaq öz dünyası var, heç kəsi ora buraxmaq istəmir...

 

- Aqil bəy, bu gün bildiyimiz kimi, rəhmətlik Əbülfəz Elçibəyin doğum günüdür. Bu doğum tarixi Azərbaycan üçün nə deyir? Bu gün necə bir şəxsiyyətdən danışırıq?

 

- Təbii ki, hər bir insanın, hər bir şəxsiyyətin öz dünyası var. Əbülfəz Elçibəy təkcə Azərbaycanın deyil, bütün Türk dünyasınındır. Baxmayaraq ki, mən 1991-ci ildə, Politexnik İnstitutunun Maşınqayırma fakültəsində, 3-cü kursda oxuyurdum. Əbülfəz Elçibəy Xalq Cəbhəsinin sədri ikən Türkiyəyə göndərdiyi 50 tələbədən biri oldum. Vaxtilə rəhmətlik atam, sonra rəhmətlik bəy Türkiyəyə qarşı o qəqər sevgi aşılamışdılar ki, hər şeyi atdım və Türkiyədə oxumaq üçün o 50 nəfərin iştirak etdiyi imtahana qatıldım və Türkiyədə təhsil alma haqqı qazandım.

1991-ci ildə Türkiyəyə gələndə elə təsəvvür edirdik ki, burada hər kəs millətçidir, hamı “Boz Qurd”çudur. Gördük ki, heç özünə millətçi deyən kəsimin otaqlarında “Boz Qurd” şəkli belə yox idi. Yəni özünə türk deyən adamı burada çox çətin tapmaq olurdu. Soruşanda ki, nə millətsən? Deyirdi əlhəmdülillah, müsəlmanam. Biz orada çox şok durumla qarşılaşmışdıq. Əbülfəz Elçibəyin başlatdığı o millətçilik hərəkatı  həm Azərbaycanda, həm Türkiyədə, həm Güney Azərbaycanda, eləcə də bütün dünyada türkləri yenidən özünə qaytarmaq baxımından həyati önəm daşıyırdı və həlledici rol oynadı. O baxımdan Əbülfəz Elçibəyi, sadəcə, Azərbaycanla məhdudlaşdırmaq yanlışlıqdır. İndi Türkiyədə Əbülfəz Elçibəyi Azərbaycandakından daha çox sevirlər. Vaxtilə Əbülfəz Elçibəy deyəndə ki, Azərbaycan Türkiyə ilə bir olmalıdır, birgə hərəkət etməlidir, deyirdilər ki, o dünya siyasətini yaxşı bilmir.  Aradan 30 ilə yaxın vaxt keçdi və torpaqların işğaldan azad olunması, bu yolla həyata keçirildi.

 

- Onu daha çox ideoloq kimi təqdim etmənin kökündə nə dayanır?

 

- O, sadəcə filosof deyildi, həm də gözəl tarixçi idi, dünyanın inkişaf tarixini bilirdi. İnsanlarımız onu görə bilmədiyi üçün Elçibəyi başa düşmürdülər. Zaman keçdikcə, onun dedikləri bir-bir yerinə gəldikcə görürlər ki, bu kişi həqiqətən də çox dahi insan imiş. Məsələn, Əbülfəz Elçibəy deyirdi ki, vaxt gələcək, Rusiya bütün Qafqazdan gedəcək. Siz gördünüz ki, Rusiya Ermənistanda keçirilən seçkilərdə uduzdu. Emənistan Rusiyanın bir əyaləti sayılır, oradakı bütün böyük şirkətlər Rusiyanın şəxsi mülkiyyətidir.  Rusiyanın bütün gücü, mediası Köçəryanın, Sarqisyanın təbliğatına işlədi. Sonda aldıqları səs 20 faiz oldu.

Azərbaycanda yanlış təbliğat aparılıb ki, Əbülfəz Elçibəy yaxşı adam, ideoloq idi, amma siyasətçi deyildi. Siyasətçi yumruğunu xalqının başına vuran adam deyil. Siyasətçi xalqını sevən, qoruyan, yumruğu düşmənin başına vurandır. Əbülfəz Elçibəy də belə bir adam idi.  O necə zəif siyasətçi ola bilər ki, hələ Sovetlərin ən güclü dönəmində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlayıb? Həbsxanalardan keçib... O, müstəqillik hərəkatına liderlik edib və nəhayət, Azərbaycanın üçrəngli bayrağını öz əlləri ilə Əlyazmalar İnstitutunda rus işğalı nəticəsində endirilən yerə təkrar sancıb.

 

- Aqil bəy, Elçibəy ailəsinin bir üzvü kimi, istərdim deyəsiniz. Elçibəy ruhundan, ideyasından ailə üzvlərinə nə ötürülüb? Onun keyfiyyətləri kimdə var?

 

- Genetik olaraq Ərturqut bəyin oğlu, Çinalay da qızıdır. Təfəkkür, beyin potensialı olaraq mən Çinalayda Əbülfəz Elçibəyi daha çox görürəm. Onun məsələlərə baxışı, dəyərləndirməsi, hadisələrə üstdən yanaşması, analizləri daha itidir. Baxmayaraq ki, mən aktiv siyasətlə məşğul olmuşam, amma Çinalay xanımın kənardan apardığı dəyərləndirmələrin səhv olduğunu görmədim.  Bütün analizləri, şərhləri doğru çıxdı, məsələlərə baxış acısı da bəyin baxış bucağı ilə eynidir. Elə magistraturada müdafiə işini də bəyin siyasi həyatı, eyni zamanda bioqrafiyasının elmi əsaslar, standartlar çərçivəsində yazılmasına həsr elədi. Yaxşı bir dissertasiya yazıb. Bu baxımdan,  genetik olaraq  siyasi və mənəvi yükü qızında görürəm.  Ərturqut da çox təmiz, saf, dürüst oğlandır. Siyasətdən çox-çox uzaqdır, heç vaxt siyasətlə məşğul olmaq istəmir və yaxına da gəlmək istəmir. Vaxtilə çox istəmişəm ki, o, atasının missiyasını davam etdirsin, amma istəməyib. Bu işlər zorla olan şeylər deyil. Öz dünyası var, hazırda FHN-də məmur kimi işləyir, nişanlıdır, toya hazırlaşır. Qismət olsa, görək toyunu hansı günə təyin edəcək.

 

- Dediniz ki, Çinalay xanım öz dissertasiya işini Əbülfəz Elçibəyə həsr edib. Niyə?

 

- Elmi rəhbəri məsləhət gördü. Dedi, bəylə bağlı bu günə qədər çox kitab yazılıb, amma Əbülfəz Elçibəyin həyatı bu günə qədər elmi standartlarda yazılmayıb. Qızı olaraq ən yaxşı sən yazarsan. O da yazdı. Bu elmi işində  hamının gözündən qaçan maraqlı faktlar ortaya çıxarıb. Məlum olur ki, Əbülfəz Elçibəy 1-ci sinfə gedəndə, bircə ay məktəbdə oxuyub. Həmin vaxt müəllimlərdən kimsə Əbülfəz bəyin qəlbinə dəyib, o da küsüb məktəbə getməyib. Nə qədər israr etsələr də, inadından dönməyib. Bir ildən sonra ikinci il təkrar 1-ci sinfə gedib. Bu, Əbülfəz bəyin uşaqlıqdan belə dönməz xarakter sahibi olduğunu da göstərmiş olur. Bunu ilk dəfə Çinalay xanımın araşdırmasında öyrəndim.

 

-  Əbülfəz Elçibəydəki o küskünlük sonralar siyasətçi dostlarına, silahdaşlarına qarşı da hiss olunurdu...

 

- Əksinə, o, komandasında işləyən adamların mənfi yükünü sinəsinə çəkib. Sadəcə,  küsəyənlik şəxsi məsələlərdə özünü göstərə bilərdi. Siyasi məsələlərdə isə Elçibəy heç vaxt küsəyənlik eləməyib.

 

- Bu gün siyasi partiyalar arasında Elçibəyin davamçıları varmı?

 

- Azərbaycanda mövcud olan siyasi partiyaların əksəriyyəti Əbülfəz Elçibəyin yolunda olduğunu deyirlər və bu mövzuda bir-biri ilə yarışırlar. Mövcud olan partiyaların əksəriyyəti Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq  Hərəkatının içərisindən çıxmış partiyalardır.

Bəyin yanından çıxan adam, adını çəkməyim,  deyirdi ki, “Amerikanı ayağımızın altına qoyub əzərik”. Bəy insana böyük enerji verirdi. Əbülfəz Elçibəyin gücü budur. Əbülfəz Elçibəyin dürüstlüyünü yanlış dəyərləndirilər, deyirlər siyasətçi deyil.

 

- Aqil bəy, təzadlı məqam odur ki, bütün siyasi fəaliyyəti, bütün həyatı boyu birlik, bütövlük ideyası ilə mübarizə aparan Elçibəyin Türk dünyasında axtardığı birliyi, daxildə onun ətrafında olan bu siyasətçilərin əməllərində görmədik. Bu partiyaların sədrləri bir yerdə olmadı. Niyə?

 

- Əbülfəz Elçibəyin vaxtında partiya dağılmadı. Daxildə bir-birinə tərs olan qüvvələr var idi. Əbülfəz Elçibəy çox böyük məharətlə onları bir arada tutmağı bacarırdı. Sadəcə Əbülfəz Elçibəy Ankaraya xəstəxanaya gələndən sonra və haqqa qovuşandan sonra bu partiyaların parçalanması gerçəkləşdi.

 

- Siz Elçibəyin qızı ilə ailə qurmazdan əvvəl onunla qohumluğunuz var idi?

 

- Yox əvvəllər heç bir qohumluğumuz olmayıb.

 

- Sonradan qohum olmaq istədiniz və oldunuz...

 

- Qohum olmaq istəmədim. Mən aşiq oldum və taleh elə gətirdi ki, qohum olduq. Əbülfəz Elçibəyə olan sevgimin, onunla  qohum olmağıma zərrə qədər də aidiyyatı yoxdur. Yəni xanımıma olan sevgimin Əbülfəz Elçibəyə olan sevgimlə heç bir əlaqəsi yoxdur. Əbülfəz Elçibəyə olan sevgim tamamilə fərqlidir və mən bunu kiçik qohumluq çərçivəsinə endirməyi qətiyən qəbul eləmirəm.

 

- Çinalay xanımın mətbuata çıxmadığını dediniz. İstərdim, həyat yoldaşı, sirdaşı kimi onun adından bu günlə bağlı fikirlərini bildirəsiz.

 

- 24 iyun Əbülfəz Elçibəyin doğum günüdür. Əbülfəz Elçibəy həyatını millətinə həsr elədiyi üçün ailəsinə ayırmalı olduğu zamanı da ailəsindən kəsib millətinə həsr edib. Bu baxımdan Əbülfəz Elçibəyin övladları da çox istəyərdi ki, ataları onların yanında daha çox zaman keçirsin,  buna imkan olmayıb. Əbülfəz Elçibəy həyatını mübarizələrdə, meydanlarda, zindanlarda keçirib və ailəsi də bunu öz həyatında yaşayıb. Xüsusilə də xanımı, rəhmətlik Həlimə xanım çox əziyyət çəkib. Eyni zamanda o qədər üzərində böyük yükü olan ağır kişinin gələn -gedən qonaqlarının hamısını qarşılayıb yola salmaq asan deyildi. Həlimə xanım çox əziyyət çəkib, amma heç bir vaxt şikayət etməyib. Bu baxımdan mən Əbülfəz Elçibəyin doğum günündə Həlimə xanmın da anılmasını istəyirəm. O xanım heç vaxt Əbülfəz Elçibəyi narahat edəcək, xırda şeylərlə məşğul edəcək bir davranış sərgiləməyib. Həmişə Əbülfəz Elçibəy evindən, ailəsindən rahat olub. Ona sayğı göstərən bir ailəsi olub. Bu baxımdan Əbülfəz bəy şanslı bir kişi olub.

Bilirsiniz ki, hər bir qız uşağı ataya daha çox bağlı olur. Mən öz bacılarımdan da, gəlinlərimizdən də bunu görmüşəm. Taleyin nizam-tərəzisidir. Oğullar anaya, qızlar ataya bağlı olur. Beləcə ilahi ədalət qorunur. Təbii ki, Çinalay atasını çox sevir, atasını araşdırır, öyrənir. Əsas odur ki, Əbülfəz Elçibəyin ideyaları tam olaraq gerçəkləşsin. Bu bizim hamımızın istəyimizdir.

 

- Elçibəyin yaşadığı evi görmək, o evdə onun aurasını, dünyasını görmək, ona xas olan əşyaları, o auranı hiss eləmək istəyənlər var. Biz də o evdən reportaj hazırlamaq istəmişdik...

-Hələlik Əbülfəz Elçibəyin evini ziyarət edib, o mənzərəni görə bilməzsiniz. Ev təmir olunandan sonra bəyin əşyaları hələ qutulardan çıxarılıb yerləşdirilməyib.  Ev muzeyi olması haqqında qərar rəsmiləşəndən sonra bu barədə qəti fikir söyləyə biləcəyik... /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı