Bakı limanı keçmişdən bu günə
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi kökləri uzaq keçmişə dayanır. Bakı limanı ölkənin dəniz qapıları olmaqla yanaşı, eyni zamanda, şəhəri beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzinin qovşağına çevirən mühüm vasitə olub.
Bu fikirlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən hazırlanmış “Bakı limanı” kitabında yer alıb. Azərbaycan və ingilis dillərində çap edilmiş kitab Prezidentin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır” sözləri ilə açılır.
Kitabda Bakı limanının keçmişindən, bu günündən və gələcəyindən bəhs edilir. Limanın beynəlxalq statusunu və Böyük İpək Yolunda önəmli rolunu nəzərə alaraq, bu sahədə yeni tədqiqatların aparılması zərurəti yaranıb. Oxuculara təqdim edilən yeni kitab bu istiqamətdə atılan əsaslı addım kimi diqqəti cəlb edir. Burada indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar və tarixi sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Bakı limanının inkişafında önəmli xidmətləri barədə informasiyalar, unikal fotoşəkillər, illüstrasiya və rəsmlər yer alıb.
Beş bölümdən ibarət kitabın ilk hissəsində Bakı limanının qədim və orta əsrlər dövründən bəhs olunur. Azərbaycanın qədim yaşayış yerlərindən olan Qobustanın üst terrasında eramızdan əvvəl VI minillikdə yaşayış üçün istifadə edilən mağara yaxınlığında aşkarlanmış daş lövhələr və qayalar üzərindəki qayıq təsvirləri həmin yerdə qədim limanın mövcudluğunun sübutu kimi göstərilir. Həmçinin eramızdan əvvəl IX əsrə aid Assuriya mixi yazıları olan gil lövhələr, Misir mənbələri, qədim yunan müəllifləri Miletli Hekatey (e.ə.VI əsr), Herodot (e.ə. V əsr), Aristotel (e.ə. IV əsr), Strabon (e.ə. I əsr), romalı müəllif Plinin (I əsr) qeydləri, habelə Homer və arqonavtlar dövrünə aid materiallar Bakı limanının beynəlxalq əhəmiyyətini göstərən mənbələrdir. Eramızdan əvvəl 285-ci ildə Sələvkilər dövlətinin sərkərdə və dənizçisi Patroklun rəhbərliyi ilə tərtib edilmiş “Xəzər dənizinin peripli” (Xəzər dənizinin sahillərinin təsviri) əsərinin Xəzərin ilk xüsusi tədqiqatı olduğu diqqətə çatdırılır.
Kitabdan məlum olur ki, sualtı arxeoloji tədqiqatlar nəticəsində aşkarlanmış çoxsaylı maddi-mədəniyyət nümunələri Bakı limanının hələ qədim zamanlarda beynəlxalq ticarətdə mühüm rol oynadığını sübut edir. Buna nümunə kimi ən qədim əşya olaraq eramızdan əvvəl I əsrdə Aralıq dənizi sahillərindən gətirilmiş tunc delfin fiquru göstərilir.
Nəşrdə yer alan mənbələr - X əsr ərəb səyyahları İbn Həvqəlin və əl-Müqəddəsinin qeydləri, Xəzərin “Bakı dənizi” kimi qeyd olunduğu Avropa xəritələri (1375-ci ilə aid katalon xəritəsi), azərbaycanlı coğrafiyaşünas alim Əbdürrəşid Bakuvinin, habelə Marko Polo (XIII əsr), Adam Oleari (XVII əsr), Afanasi Nikitin (XV əsr), Övliya Çələbi (XVII) və başqa müəlliflərin qeydləri Bakı limanının beynəlxalq əlaqələri haqqında dolğun təsəvvür yaradır. Bakının əsas liman olaraq müxtəlif dövlətlərlə ticarət əlaqələri bir çox tarixi sənəd və faktlarla da təsdiqlənir. Bu baxımdan Səfəvilər dövlətinin başçısı I Təhmasibin 1564-cü ildə Şeyx Zahidi Bakı limanına birinci nazir təyin etməsi haqqında fərmanına, Böyük Britaniyanın “Rusiya kampaniyası”nın Rusiyadan Volqa – Xəzər yolu ilə İran və Azərbaycanla bağlanan müqaviləsinə diqqət çəkilir. Eyni zamanda, I Pyotrun Bakını işğal etmək niyyəti ilə Xəzər sahillərinə yürüşü xatırladılır. Bakı buxtasının ilk xəritəsinin tanınmış rus naviqator və hidroqrafı Fyodor Soymonov tərəfindən 1719-cu ildə “Bakı körfəzi” adı ilə tərtib edildiyi bildirilir.
“Bakı limanı: kiçik limandan Rusiya imperiyasının ən böyük limanınadək (XIX əsr və XX əsrin əvvəlləri)” adlı ikinci bölümdə Orta Asiyanın müstəqil dövlətləri, həmçinin İranla ticarət aparıldığından limanın beynəlxalq statusunu saxladığı və burada gömrük məntəqəsi yaradıldığı haqqında məlumat verilir. Xəzərdə suyun səviyyəsinin dəyişməsinin tədqiqi məqsədilə akademik Emiliy Lensin 1830-cu ildə buraya ezam olunması, imperator I Nikolayın fərmanına (1854-cü il 17 sentyabr) əsasən Bayıl burnunda hərbi limanın fəaliyyətə başlaması, 1859-cu ildə Bakı limanının dövrün tələblərinə uyğun tikintisinə start verilməsi, XIX əsrin 60-cı illərində Xəzər dənizində mayaklar sisteminin qurulması, “Xəzər dənizinin Atlası”nın tərtib edilməsi və digər maraqlı tarixi faktlar əksini tapır. Məlum olur ki, dünyada neft sənayesində bir çox ilklər Bakı limanında həyata keçirilib. Bu sıraya Nobel qardaşları şirkətinin neft daşınmalarında istifadə olunan “Zoroastr” adlı dəmir tankeri, habelə “Assan Dadaşev” adlanan ikipərli tanker, dünyada birinci daxiliyanma mühərrikli “Vandal” dizel teploxodu, reversiv mühərrikli “Delo” gəmisi daxildir. 1911-ci ildə Rusiya donanmasında mövcud olmuş 9 teploxoddan 8-i Bakı limanında idi. Oxucu, həmçinin 1902-ci il iyulun 21-dən rəsmi fəaliyyətə başlayan Bakı ticarət limanı idarəsinin fəaliyyəti, limanın strateji əhəmiyyəti ilə yanaşı, onun çox gəlirli müəssisə olması haqqında məlumatlarla da tanış ola bilər.
Bu bölümdə Xəzər dənizində limanların qurulmasında, gəmiçiliyin təşkilində və təhlükəsizliyinin təmin edilməsində ilk azərbaycanlı peşəkar mühəndis Fətəli bəy Nəcəfqulu bəy oğlu Sultanovun (1845-1910) xidmətlərindən də bəhs olunur.
“Bakı limanı 1914-1968-ci illərdə” adlanan üçüncü bölümdə I Dünya müharibəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində, habelə sovet hakimiyyətinin 1920-1960-cı illərində limanın fəaliyyətini əks etdirən zəngin materiallar toplanıb. İstər I Dünya müharibəsi, istərsə də II Dünya müharibəsi illərində liman beynəlxalq statusunu saxlayıb. Bakı limanı Xəzərdə əsas, SSRİ-nin isə ən iri limanlarından biri olub. Onun tərkibinə Bakı körfəzi, yeni tikilmiş Abşeron liman məntəqəsi, Pirallahı (Artyom) adasında yerləşən mayedaşıma liman məntəqəsi, Lökbatan yanalma körpüsü, Astara, Lənkəran, Port-İliç liman məntəqələri, Ələt körpüsü daxil idi. Neft Daşlarının yaradılması, Bakı-Krasnovodsk (indiki Türkmənbaşı) bərə xəttinin açılması ilə Bakı limanının quruluşu dəyişib.
Kitabın “Bakı limanı XX əsrin sonu – XXI əsrin əvvəllərində” bölümündə qeyd olunur ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Bakı Dəniz Limanında əsaslı dəyişikliklər və inkişaf baş verib. Hələ sovet dövründə Yuqoslaviya, Polşa, Finlandiya, Norveç, Fransa, Hollandiya və Almaniyadan Bakıya müasir gəmilərin alınıb gətirilməsi dəniz limanında infrastruktur dəyişikliklərinə səbəb olmuşdu. Dövrün tələblərinə uyğun dəniz vağzalı tikilmiş, terminallar Bakı buxtasından Ələt, Sumqayıt, Primorsk ərazilərinə köçürülmüş, dəniz limanının fəaliyyəti ilə bağlı elmi, tədris, texniki və metodik ədəbiyyat Azərbaycan dilində nəşr edilmişdi.
Burada, həmçinin dövlət müstəqilliyinin bərpasından sonra limanın fəaliyyətinin genişlənməsinə dair faktlar diqqətə çatdırılır, “Əsrin müqaviləsi” nəticəsində limanın həyatında baş vermiş yeniliklərdən söhbət açılır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir dövrdə inkişaf strategiyası” adlı sonuncu bölmədə limanın ölkəyə kifayət qədər gəlir gətirmək potensialı və perspektivləri barədə məlumat verilir. Vurğulanır ki, Prezident İlham Əliyevin Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində hədəflərindən biri də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı limanın inkişafı və dünyada tanıdılmasıdır. Bakı limanı Azərbaycan Respublikasının dəniz sərhədi olmaqla, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mərkəzi və dəniz qapısıdır, ölkəmizi qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır.
Oxucu kitabda beynəlxalq nəqliyyat dəhlizlərində Bakı limanının rolu və potensialı barədə geniş məlumat ala bilər.
Kitaba limanın idarəetmə və informasiya sistemi əməliyyatları, beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması haqqında ətraflı məlumatlar, habelə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dəniz Vağzalının (2006), Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin bərə terminalının (2014), Ro-Ro terminalının (2018), Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin (2018) açılışlarına, limanın beynəlxalq əməkdaşlığına dair materiallar daxil edilib. Vurğulanır ki, Bakı limanı region və hava limanını beynəlxalq marşrutlarla birbaşa birləşdirən rəqabətqabiliyyətli və çoxtəyinatlı olmaqla Azərbaycanda ilk azad ticarət zonasına daxil edilib.
Bakı limanı Xəzərdə ən böyük liman və azad iqtisadi zona statusuna malik liman olacaq. Liman 2020-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gələcəkdə limanın da daxil olduğu Ələt Azad İqtisadi Zonasında əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulur.
Nəşrdə Bakı limanının xronoloji tarixi ilə də tanış olmaq mümkündür.
Layihənin rəhbəri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır. Mətnin müəllifləri Nazim Ərəbov, tarix elmləri üzrə fəlsəfə doktoru dosent Səbuhi Əhmədovdur.
“CASPIGROUP” (İstanbul) tərəfindən nəfis tərtibatda nəşr edilən, çoxsaylı xəritə, fotoşəkil və illüstrasiyalarla müşayiət olunan kitabda AZƏRTAC-ın fotolarından da istifadə edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"