“İMZA”-nın təşkilatçılığı ilə Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirilib

14:12 01-07-2021 | icon 448 | Cəmiyyət
“İMZA”-nın təşkilatçılığı ilə Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirilib

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 30-da videokonfrans formatında Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirilib.

 

Versus.Az xəbər verir ki, forumda deputatlar, müvafiq dövlət orqanlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, dünyanın müxtəlif ölkələrindən parlament üzvləri, nüfuzlu ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər.

 

Forumun İctimai Birliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən birinci paneli “Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi” mövzusuna həsr olunub.

 

Bu paneldə Milli Məclisin deputatı Vüqar Bayramov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Pakistan parlamentinin üzvü Sərdar Ayaz Sadiq, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini Mariam Laşxi, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və digərləri iştirak ediblər.

 

Tədbirin əvvəlində moderator Elnar Məmmədli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun torpaqlarımızın 30 illik işğalına son qoyduğunu bildirib. Münaqişənin həllinin bölgənin yenidən bərpası, o cümlədən regionun iqtisadi resurslarının səmərəli şəkildə istifadəsi üçün yaxşı imkanlar yaradıb. Dövlət tərəfindən bu məqsədlə planlı addımlar atılır, mühüm layihələrə start verilib.

 

İclasda vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar Qarabağ bölgəsinin tezliklə bərpasına və Böyük Qayıdışın ən qısa zamanda baş tutacağına ümidləri artırır. Xatırladılıb ki, Prezident İlham Əliyev bərpa prosesində, ilk növbədə, dost və qardaş ölkələrin iştirak edəcəklərini bildirib və bu işə faktiki olaraq başlanılıb.

 

İştirakçılar işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasında, infrastrukturun yaradılmasında beynəlxalq təcrübədən geniş istifadə olunmasının zəruriliyini qeyd ediblər. İclas zamanı Ermənilər tərəfindən basdırılmış çoxsaylı minaların yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaratdığı vurğulanıb. Müharibə başa çatandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən indiyədək 120-dən çox azərbaycanlının həlak olduğu və ya yaralandığı qeyd edilib. Ermənistanın mina xəritələrini təqdim etməsi ilə işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi və yenidən qurulması prosesinin sürətlənəcəyi, beləliklə, bunun nəinki Qarabağ regionun inkişafına, o cümlədən qonşu ölkələrinin iqtisadiyyatına töhfə verəcəyi bildirilib.

 

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşı Lalə Mustafanın moderatorluğu ilə keçirilən ikinci panel iclas isə “Qarabağın iqtisadi imkanları və gələcək planlar” mövzusuna həsr olunub.

 

Panel iclasda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Türkiyə Respublikasının Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, tanınmış siyasi ekspert Arye Qut, Milli Məclisin deputatı Ramin Məmmədov, Fransanın “Musulmans en France” xəbər portalının baş redaktoru Jan Mişel Brun, İsrailin “Hayom” qəzetinin jurnalisti Din Şmuel Elmas, Avropa Xəbər Agentliyinin İtaliya üzrə təmsilçisi, “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino və digərləri qatılıblar.

 

İclasda işğaldan azad edilmiş ərazilərin iqtisadi imkanları və bu imkanların regionun inkişafına verəcəyi töhfələrdən bəhs edilib. Bu baxımdan Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizinin Azərbaycanın, o cümlədən region ölkələrinin maraqlarına tam cavab verdiyi qeyd edilib. Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühitinin formalaşacağı bildirilib. Zəngəzur dəhlizinin açılması yeni regional iqtisadi inkişafın vacib şərti kimi qiymətləndirilib.

 

Forum iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş rayonlarına və şəhərlərinə dəfələrlə səfər etdiklərini, Ermənistanın həmin ərazilərdə törətdikləri vandalizm və barbarlıq aktlarını, dağıntıları öz gözləri ilə gördüklərini bildiriblər. Məruzəçilər Qarabağ zonasının iqtisadiyyatının münaqişədən əvvəl Azərbaycanın ümumi iqtisadiyyatının inkişafına böyük töhfələri barədə danışıblar.

 

İştirakçılar, eyni zamanda, Qarabağın işğaldan azad edilmiş ərazilərinin vəd etdiyi iqtisadi potensialının təkcə Azərbaycan və region üçün deyil, həmçinin Ermənistanın iqtisadiyyatının da inkişafı üçün fürsət olduğu vurğulayıblar. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında xarici ölkələrə məxsus çoxsaylı şirkətlərin iştirak etməsinə marağın olması tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

 

Tədbir çərçivəsində, həmçinin dünya şöhrətli fotoqraf Reza Deqatinin Qarabağa həsr olunmuş sərgisi nümayiş etdirilib. Vətən müharibəsinin taleyüklü günlərində Parisdən Azərbaycana gələn dünya şöhrətli fotojurnalist Reza Deqati həmişə olduğu kimi, bu dəfə də Qarabağ həqiqətlərini dünyaya sənətinin dili ilə çatdırıb. Reza Deqati Qarabağda və ölkəmizin digər yerlərində müharibə vaxtı və sonra yaşananları fotolara həkk edib, KİV-lərə müsahibələr verib, telekanallara dəvət olunub.

 

Qeyd edək ki, ümumiyyətlə, Qarabağın Azərbaycan iqtisadiyyatına qısa müddətdə reinteqrasiyasının, bu proses başa çatdıqdan sonra isə ölkədə iqtisadi fəallığın daha da artacağına heç bir şübhə yoxdur. Bərpa prosesinə xüsusi maraq göstərən ölkələrin və şirkətlərin sayının artması, uğurla həyata keçirilən infrastruktur layihələri onu deməyə əsas verir ki, yaxın perspektivdə Qarabağ bölgəsi inkişaf mərhələsinə qədəm qoyacaq. Bu baxımdan, mövzunun əhəmiyyətini, aktuallığını, prosesə marağı daha da artırmaq üçün onun təbliğatının əhəmiyyətini nəzərə alan “İMZA” İctimai Birliyi Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirməyi qərara alıb.

 

 

RƏVAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...