“Bizdə də vaksinlərin tətbiqi məcburi olsun...”
“Heç kim maska taxmır, məsafə gözləmir, "Delta" ştammı qaçılmazdır"
Hindistan ştammı sayılan “Delta” dünyada getdikcə daha çox yayılmaqdadır. Artıq o, 104 ölkədə qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində məlumat verilib.
Təşkilat bildirir ki, son bir həftə ərzində dünyada yeni yoluxmaların sayında bir qədər artım olub - 2 688 561. Ölənlərin sayı isə əvvəlki həftəyə nisbətən 7% azalıb və 53 958-ə çatıb. Bu, 2020-ci ilin oktyabr ayının əvvəllərindən bəri ən aşağı həftəlik ölüm nisbətidir.
Yeri gəlmişkən, ÜST-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, Azərbaycana “Delta" ştammının gəlməsi qaçılmazdır: “Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. ”Delta" ştammına yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma “Delta" ştammı aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-in siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur".
Azərbaycanda hələ ki pozitiv dinamika davam edir. Bu dinamikanın yay boyu qalması mümkünmü? “Delta”nın yayılmasının kütləvi peyvəndləmədən də asılı olacağı da ehtimal olunur. Bəzi ölkələr, məsələn, Türkmənistan məcburi peyvəndləməyə qərar verib. Azərbaycanda da bundan belə məcburi ola bilərmi?
Bu arada səhiyyə nazirinin müavini Viktor Qasımov APA-ya deyib ki, Azərbaycanda “TURKOVAC”ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözlənilir:
“Sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq. Sınaqlar könüllü şəkildə keçiriləcək”. Görəsən, sınaqlar uğurla davam etdirilsə, bütünlüklə Türkiyə peyvəndinə keçə bilərikmi?
İlhamə Abbasova
Mövzu ilə bağlı həkim-infeksionist İlhamə Abbasova “Yeni Müsavat”a danışıb:
“Bizdə də vaksinlərin tətbiqi məcburi olaraq tətbiq edilməlidir. Onsuz da bizdə də məcburi sayılır, iş yerləri tələb edir. Toylara, idman zallarına və bir çox yerlərə getmək üçün ”COVİD pasportu" tələb olunur. Amma elə adamlar var ki, onların kəskin xroniki xəstəliyi var, onlara vaksin olmaz, onları məcbur edə bilmərik axı. Bütün sağlam insanlar vaksin vurdurmalıdır ki, bu bəladan birdəfəlik qurtulaq. Vaksin vurulandan 6 ay keçəndən sonra isə antitellər yaranmalıdır. Əgər antitel yaranmayıbsa, 3-cü doza vurulması məqsədəuyğun olar. Düzdür, bununla bağlı hələ ki düşünürlər, konkret bir qərar yoxdur. Məsləhətdir ki, 3-cü doza da tətbiq olunsun".
Hande Harmancı
İnfeksionist Hande Harmancının “Delta” ştammı ilə bağlı xəbərdarlığına da fikir bildirib:
“Əlbəttə, qonşu ölkə, Türkiyənin 3 vilayətində ”Delta" ştammı aşkarlanıbsa, Azərbaycanda da olma ehtimalı böyükdür. Mən, məsələn, bu yaxınlarda iri ticarət mərkəzində oldum. Məndən başqa maska taxan yox idi. Heç bir sosial məsafə qaydalarına riayət olunmur. Bu halda əlbəttə ki, yoluxma da ola bilər, artım da. O səbəbdən vaksinasiya işini daha da sürətləndirmək lazımdır".
Həkim "TURKOVAC" peyvəndi ilə bağlı fikirlərini də bildirdi:
“Hələ sınaqdan keçsin. Özünü doğrultsa, niyə də olmasın. Biz hər zaman hər sahədə əməkdaşlıq edirik. Sadəcə, elə orqanizmlər var ki, immun sistemi zəifdir. O orqanizmlərə iki doza vaksin vurulub, amma immunoqlobinləri yox səviyyəsindədir, immunitet əmələ gəlməyib. Mən məsləhət görərdim ki, həmin insanlara üçüncü doza vurulsun. Yəni heç altı ay gözlənilməsin. Düzdür, bu hələ özünü doğrultmayıb, iki doza vurduran 6 aydan sonra 3-cü dozanı vurdura bilər. Bir müddət əvvəl Operativ Qərargahda dedilər ki, ola bilər ki, iki dozanı vurdurub, 6 aydan sonra digər vaksinlərdən istifadə edilsin. Amma hələ belə bir qərar yoxdur. Ancaq olsa, yaxşı olar. Məsələn, mənim ətrafımda tanıdığım şəxslər var, iki doza vaksin olunublar, amma immunitet yaranmayıb. Bildirir ki, ”CoronaVac" vaksini vurdurub, immunitet yaranmayıb, digər vaksinləri də sınamaq istəyir. Amma edə bilmir, çünki sistem onu qəbul etmir. İmmuniiteti zəif olanlara növbəti dozanı vurmaq yaxşı olardı. Bu sıradan "TURKOVAC" da sınanılsa, yaxşı olar".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVİD-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Həmçinin peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVİD-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq. /“Yeni Müsavat”/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"