Yediyimiz ətdir, yoxsa leş?
“Yediyimiz ətdir, yoxsa leş?!” başlıqlı jurnalist araşdırmasında yer alan problemlər Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə baxılıb və məsələ ilə zəruri araşdırma aparılıb.
Versus.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentlinin (AQTA) sədr müavini Balarəhim Quliyev “Azərbaycan” qəzetinə məlumat verib.
O bildirib ki, Agentlik tərəfindən bu sahədə mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarlar barədə qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.
Agentlik rəsmisi əlavə edib ki, görülən işlərin nəticəsi olaraq hazırda ölkədə müasir tələblərə cavab verən 60 iri və xırdabuynuzlu heyvan kəsimi məntəqəsi mövcuddur.
Balarəhim Quliyevin sözlərinə görə, aparılan yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunan faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədirlər:
“Agentlik tərəfindən mütəmadi keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əmək olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz fəaliyyət göstərən sahibkarlar mövcuddur.
Həmçinin Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət tədbirləri zamanı qidaya yararsız, mənşəyi məlum olmayan, xəstə, ölmüş və ya aqoniya halında kəsilmiş mal və at ətlərinin tədarükü ilə məşğul olan şəxslər yaxalanıb, onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib”.
Qeyd edilib ki, 2021-ci ilin altı ayı ərzində aparılan nəzarət tədbirləri zamanı istifadəyə yararsız 91,63 ton ət və ət məhsulları Agentliyin iştirakı ilə məhv edilib.
Qurumun sədr müavini son olaraq vurğulayıb ki, Agentliyin fəaliyyəti dövrü ərzində dövlət nəzarət tədbirlərini həyata keçirən bir-neçə əməkdaş tərəfindən korrupsiya hüquqpozmalara və Agentliyin nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi səbəbindən həmin şəxslər barədə məlumatlar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...