Deputatın jurnalistlərin mənzili ilə bağlı təklifinə SƏRT CAVAB

13:09 18-07-2021 | icon 1681 | KİV
Deputatın jurnalistlərin mənzili ilə bağlı təklifinə SƏRT CAVAB

Dövlət qayğısı altında olan şəhid ailələrinin və qazilərin jurnalistlərin mənzilinə ehtiyacları yoxdur!

 
 

Milli Məclisin deputatı Etibar Əliyev dövlət tərəfindən jurnalistlər üçün inşa olunan 3-cü binadakı evləri şəhid ailələrinə verməyi təklif edib.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili bu barədə şəxsi "Facebook" hesabında paylaşım edib.
 
 
E.Əliyev qeyd edib ki, media işçilərinə verilən evlər jurnalistikada keyfiyyəti artırmayıb:
 
“Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək verilib. Amma bu, jurnalistika keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç bu qədər qayğı yoxdur və üstəlik, onlar üçün tikilən binanı Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi də deyirlər ki, jurnalistlər üçün 3-cü bina tikilir. Ay məmləkət, ölkədə demək olar ki, qəzet yoxdur, cəmi üzdə olan 5-6 sayt var. Həmin saytlar da reklam və xəbərlər dərc etməklə məşğuldurlar. Başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti də sonradan axtarırsan ki, niyə fikrimi təhrif etmisən? Əvvəlki binalarda ev alanların çoxu jurnalistikadan uzaqlaşıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət belə ucuzlaşdırılıb. Tanıdıqlarımın bir neçəsi oradakı evləri satıblar və bu hallar davam edir. Belə təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.
 
 
Bəs jurnalistlər deputatın bu təklifi haqqında nə düşünür?
 
 
Məsələ ilə bağlı jurnalistlərin fikirlərini təqdim edirik:
 
 
 

 

 

 

"hər kəsin haqqı özünə verilsin"

 
 
Jurnalist Tahirə Qafarlı bildirib ki, hər kəsin haqqı özünə verilməlidir:
 
 
"Şəhid və qazilərə borcluyuq. Hər kəs öz sahəsində bu borcu ödəməyə çalışmalıdır. Lakin apardığımız araşdırmalara görə, deputatların çoxu seçildiyi ərazidə qeydiyyatda olan qazilərə biganə yanaşır, əhəmiyyət vermir. Yaxşı olar ki, Etibar Əliyev bu barədə düşünün bir az.
 
 
Son vaxtlar kim gəldi qazi və şəhidləri lap yolçu yerinə qoyur. Onun-bunun adına olanları "verin qazilərə, verin şəhid ailələrinə" deyib guya vətənini sevir görüntüsü yaradır. Əsla belə deyil! Əslində qazilər və şəhid ailələri üşün heç nə etmir. Kiminsə haqqına girənləri qəbul etmirəm. Və küyə düşüb pafoslu çıxış edənləri də qəbul etmirəm. Deputat Etibar Əliyev də bir deputat kimi öz qazisinə sahib çıxmalıdır. Amma boğazdan yuxarı yox.
 
 
Və mənim evim yoxdur. Jurnalistlərə verilən binadan mənzil almağa ümid edirəm. 23 ildir mətbuatda külüng çalıram. Bir həmkarım mənə "jurnalistikanın qazis"i deyir. Mən də öz sahəmin qazisiyəmsə əgər, izin verin mənim də bir evim olsun!.. Və yaxud onun da bir evi olsun! Hadisələri düzgün dəyərləndirin! Ədalətli olun... Amma yenə də araşdıraq görək hansı deputatın ərazisində olan qazi necə yaşıyır və ona deputat qayğısı necədir?.."
 
 
 
 

 

 

 

"Məgər jurnalist də bu dövlətin əsgəri deyil?"

 
 
 
Keçmiş millət vəkili, jurnalist Aynur Camalın sözlərinə görə, təbii ki, Qarabağ müharibəsində sağlamlığını itirmiş qazilərin, həyatını qurban vermiş qəhrəman oğullarımızın ailə üzvlərinin mənzil-məişət problemlərinin həlli dövlətimiz üçün prioritet məsələdir:
 
 
"Əminəm ki, bu, həmişə belə olacaq. Şəhidlərimiz də, qazilərimiz də başımızın tacıdır və nəyimiz varsa, onlara qurban olsun! Şuşanı azad etmiş, Qarabağı işğaldan qurtarmış hərbçilərimiz bu ölkədə ən rahat, ən firavan yaşayışa, ən üstün təminata haqq edirlər və xüsusi olaraq qeyd etmək istəyirəm ki, onların bu yöndəki problemləri ölkə rəhbərliyinin, ilk növbədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Bir yox, min bina qurban olsun o qəhrəmanlara! Amma…
 
 
Dostlar, səhv etmirəmsə, bu ölkədə 13 mindən artıq şəhid və qazimiz var. 255 mənzilli bir binanı onlara bağışlamaqla məsələ çözülməz. 255 mənzili 13 min ailə arasında necə bölüşdürmək və o əziz insanları necə razı salmaq olar?! Əlbəttə, o ailələrin hər biri üçün mənzillər inşa edilir – elə ötən gün Xocasəndə qazilər və şəhid ailələri üçün yeni evləri şəxsən Prezidentimiz təqdim etdi, - bundan sonra da ediləcək və onların təkcə ev yox, bütün problemləri həll ediləcək. Həmçinin doğma yurd-yuvalarına qayıdacaq məcburi köçkünlər üçün inşa edilmiş binalar da qazilərə və şəhid ailələrinə veriləcək.
 
 
Qazilərimiz və şəhid ailələri üçün hər şey edilir və ediləcəyinə də kimsə şübhə edə bilməz. Bir ömür başımız-gözümüz üstdə yerləri var. Ancaq məgər jurnalist də bu dövlətin əsgəri deyil?! Məgər onlar da 30 ildir Qarabağ uğrunda döyüşmürlər? Ön cəbhədə döyüşmək qədər çətindir axı informasiya savaşında iştirak etmək! Hələ maarifçilik missiyası! O qəhrəman oğulların yetişməsində medianın rolunu, xidmətini kiçiltmək, görməzlikdən gəlmək insafsızlıq deyilmi? Və yaxud 3-5 üz qarası “jurnalist”ə görə bütün media cameəsini gözdən salmaq olarmı?
 
 
Prezident İlham Əliyev İkinci Qarabağ savaşının qəhrəmanlarını necə xarakterizə etmişdi: son 17 ildə yetişən gənclik… O gəncliyin yetişməsində medianın da əməyi var axı. Prezidentimiz məgər “jurnalistlər mənim köməkçilərimdir” deyərkən, həm də bu missiyaya işarə etmirmi?
 
 
İstənilən məsələdə fikir ayrılığımız ola bilər, zaman-zaman olub da, ancaq Qarabağ məsələsində zərrə qədər də qələbəmizə şübhə yaratmayıb media. Bugünkü misilsiz Qarabağ Qələbəsini 30 il öncədən görüb, inanıb və yayıb Azərbaycan mediası. Ali Baş Komandanımızın dediklərinə sidq ürəklə inanmışıq! Xalqımızın ruhunu, əzmini, inamını ayaqda tutmaq üçün biz də gücümüz çatanı etmişik. Hər an tətikdə olmuşuq. Birmənalı olaraq, harada, hansı siyasi qüvvənin yanında dayanmasından asılı olmayaraq, hər kəs üçün Qarabağ milli hədəf olub. Kimsə bəyənməyə bilər, amma lütfən, xidmətlərimizi danmayın. O səbəbdən də həmkarlarımın da bu müzakirələrə qoşulmasında fayda görürəm.
 
 
Əvvəla, bu, dövlətin sosial yönümlü layihəsidir. Jurnalistlər də aztəminatlı təbəqəyə aiddir və dövlət onların həm maddi texniki bazasının güclənməsinə, həm də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək verir. Bu, Prezident İlham Əliyevin müstəsna səlahiyyətidir, media mənsublarının problemlərinə həssas münasibətinin göstəricisidir və alqışlanmalıdır. Bu binalar Prezidentin müvafiq sərəncamları əsasında tikilib. Prezident İlham Əliyev həmişə “mənim sözüm mənim imzamdır” deyir. O halda siz dövlət başçısının imzasınamı qarşı çıxmaq istəyirsiniz? Axı o, hər 3 binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunlardan sonra Prezidentin bu nəcib addımına qarşı çıxmaq, nəhayət, illərdir ki, özünə məxsus evinin, yuvasının olacağını, kirayələrdən canı qurtaracağını səbirsizliklə gözləyən jurnalistlərin sonuncu ümidini öldürmək olarmı?
 
 
Məncə, qətiyyən olmaz. 3-cü binadakı o mənzillər də jurnalistlərə paylanmalıdır. Və əlbəttə ki bir şərtlə: ədalətlə, haqqı çatana, həqiqətən də ehtiyacı olana verilməlidir mənzillər. Əvvəlki 2 binada mənzillər paylanarkən böyük ədalətsizliklər oldu, haqlısınız. Katibələrə, sürücülərə, bir neçə evi olan jurnalistlərə, hətta jurnalist olmayanlara da evlər peşkəş edildi. Söz-söhbət, narazılıqlar da məhz ədalətsiz münasibətdən ortaya çıxdı. Bu dəfə isə ədalətlə paylamaq olar mənzilləri və jurnalistləri daha da ruhlandırmaq olar. Bizim bir-birimizdən başqa kimimiz var?! Gəlin, bu məsələdə həmrəy olaq və Prezidentimizin bu nəcib jestini yüksək qiymətləndirməyi bacaraq.
 
 
Bəli, misli-bərabəri, dünyada analoqu olmayan bir addımdır, gözəl nümunədir, təqdirəlayiq örnəkdir, təmənnasız edilən dəstəkdir. Cənab Prezidentdən xahiş edirik ki, sözügedən mənzillərin ehtiyacı olan jurnalistlərə bağışlanması üçün göstəriş versin və bu nümunə, bu layihə davamlı olsun. Biz birlikdə güclüyük. Və bütün çətinliklərə də birlikdə, əl-ələ, çiyin-çiyinə sinə gərəcəyik.
 
 
Önümüzdə uzun bir Yol, müqəddəs Amal var! İnformasiya cəbhəsindəki əsgərlərinizə inanın, Cənab Prezident!
 
 
 

 

 

 

"Etibar Əliyev o təklifi səsləndirəcək ən axırıncı adamdır"

 
 
Əməkdar jurnalist Ləman Ələşrəfqızı özünə jurnalistlərin mənzili mövzusunda artıq danışmayacağını söz verdiyini vurğulayıb:
 
 
"Danışanda deyirlər, siz nə jurnalistsiniz ki, hökumətdən nəsə umursunuz. Onlar baxmırlar ki, sənin şəraitin nədir, necə yaşayırsan, Azərbaycan jurnalistikasında rolun, çəkin nədir. Bu suallar qətiyyən onları maraqlandırmır. Sadəcə bir toplum var ki, “sən də hakimiyyətin yanında yal içməyə həvəsli olanlardansan?” - deyib hücuma keçirlər.
 
 
O vaxt 1-ci binadan ev veriləndə ANS-də işləyirdim, hüquqlarım da elə onda pozuldu. Düşünürdüm ki, evə iddia edənlər arasında mənim də haqqım var. Çünki ipoteka ilə aldığım evdə yaşayırdım, onu da zülmlə almışdım. İndinin özündə də 2-ci mikrorayonda, bəlkə, heç kimin bəyənib yaşamayacağı, köhnə beşmərtəbəli, istismar müddəti bitən, ipoteka ilə aldığım evdə yaşayıram. 8 ildən sonra həmin ipotekanın müddəti bitəcək. 1-ci binadan mənə ev vermədilər. Allah canlarını sağ eləsin. 2-ci binadakı mənzillər verilən vaxt isə “Azərxalça”da mətbuat katibi idim. Onda da Əli Həsənovun siyahısı qazandı, yəni yenə mənə ev vermədilər. Elə adamlara verildi ki, indi də zülmünü çəkirlər, barələrində bu qədər cinayət işləri açılır. Ondan sonra bu məsələnin başını buraxdım. Özümə söz verdim ki, bir daha qarışmayacağam. Kimə istəyirlər, versinlər”.
 
 
L.Ələşrəfqızı hesab edir ki, bu məsələdə E.Əliyevin söz deməyə haqqı yoxdur:
 
“Etibar Əliyev o təklifi səsləndirəcək ən axırıncı adamdır. O, necə deputat oldu? Həmin parlament seçkilərində mən də iştirak etmişəm. Etibar Əliyevin necə mandat aldığını bilirik. Ona görə sussa yaxşıdır. O adam ən yaxşısı təhsil eksperti kimi qalaydı. Jurnalistlər tikilən binanın kimlərə verilməli olduğunu, Etibar Əliyev, sən müəyyən etmirsən! Etibar Əliyevin bu məsələdə söz deməyə haqqı-hüququ yoxdur. Düşünürəm ki, əgər həmin bina jurnalistlər üçün nəzərdə tutulubsa, elə jurnalistlərə də verilməlidir. Yenə qeyd edirəm, mənim bu evlərdə nə gözüm, nə iddiam var. Onlarla jurnalist gördüm ki, ümidlərini o evlərə dikmişdilər. Adamlar var ki, iş yerlərində boğaza yığılıb, ancaq ev üçün qalıblar. Elə jurnalist var ki, evi olsa belə, xidməti də var. Ona da ev vermək olar. Amma o ev jurnalistikada yal içməyə gələnlərə, iki cümləni düzüb-qoşub yaza bilməyənlərə veriləcəksə, daha sözüm yoxdur. Prezident İlham Əliyev o binaların bünövrəsi qoyulanda jurnalistlər üçün xeyir-dua verib. Qoy elə Prezidentin xeyir-duasına uyğun, jurnalistlərə də verilsin. Guya şəhid, qazi, müharibə iştirakçıları ailələrinə dövlətin pulumu yoxdur ev tikməyə? Onlar üçün tikir də, verir də”.
 
 
 
 

 

 

 

"Bu təklifin arxasında onun jurnalistlərə olan qəzəbi dayanır"

 
 
Mətbuat Şurasının üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli deputatın dediyi fikirlərin arxasında jurnalistlərə qarşı aqressiyanın olduğunu düşünür:
 
 
 
“Azərbaycanın gücü və potensialı var ki, şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçılarını mənzillə təmin etsin və bu istiqamətdə kifayət qədər ciddi sosial proqramlar həyata keçirilir. Ümumiyyətlə, Etibar bəyin jurnalistlərə olan qəzəbinin, aqressiyasının mahiyyətini başa düşmürəm. Ola bilsin ki, özü-özlüyündə çox maraqlı bir təklif irəli sürüb. Bu təklifin arxasında təbii ki, onun jurnalistlərə olan qəzəbi dayanır. Bundan qətiyyən şübhə etmirəm. Amma mahiyyət etibarı ilə bu təklif əslində, Azərbaycan dövlətinin gücünün üzərinə kölgə salmaq cəhdindən başqa bir şey deyil. Uzun illərdir, Azərbaycanda qaçqın və məcburi köçkünlərin, həmçinin şəhid ailələrinin, qazilərimizin sosial rifahının yüksəldilməsi ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proses bütövlükdə dövlət başçısının nəzarəti altındadır. Son günlər cənab Prezidentin şəhid ailələri ilə keçirdiyi görüşdə də verdiyi mesajların şahidi olduq. Bu aspektdən düşünürəm ki, xüsusən Mətbuat Günü ərəfəsində yersiz fikirlərlə çıxış etməkdənsə, öz işi ilə məşğul olsa, parlamentin toplantılarında seçicilərinin problemləri ilə bağlı məsələ qaldırsa və cəmiyyətə faydalı bir hərəkət etsə, daha yaxşı olar. Yoxsa, yetənə yetib, yetməyənə bir daş atmaq ona verilən mandatın çərçivəsinə daxil olan məsələ deyil.
 
 
 
E.Əliyev düşünüb ki, həssas bir məsələyə toxunub və bu mülahizələrinin qarşısında jurnalistlər heç bir fikir səsləndirməyəcək. Əslində, hər bir jurnalist peşəsinə sayğı duyan, hörmət edən, jurnalistikanın prinsiplərinə əməl edən ləyaqətli qələm sahibi şəhid ailələrinin şərəfini hər zaman üstün tutub. Bundan sonra da belə olmağa davam edəcəklər. Mənzil və ya hər hansısa bir məsələ prioritet deyil. Bu cəhdin özü o qədər primitiv və səhvdir ki, məqsəd burada jurnalistlərin, guya, vətənpərvər olmadıqlarını və onların şəhid ailələrinə münasibətinin yüksək olmadığını, yalnız yazılarda büruzə verdiklərini ritorik bir tərzdə cəmiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. Bu, çox primitiv bir davranışdır. Şəhid ailələrinin jurnalistlər üçün tikilən mənzilə ehtiyacı yoxdur. Onlar dövlətin qayğısı altındadırlar. Ona görə də yaxşı olardı ki, son dövrlərdə bir-birinin ardınca, davamı olaraq yanlışlara yol verməkdənsə, insanların qəzəbini qazanmaqdansa, Etibar Əliyev daha faydalı işlərlə məşğul olsun”.
 
 
 
 

 

 

"Məsələləri tez-tez gündəmə gətirməklə öz piarlarını qurmaq istəyirlər"

 
 
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə də məsələ ilə bağlı öz fikirlərini bölüşüb:
 
 
“Şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində hərtərəfli iş görülür, geniş layihələr həyata keçirilir. Demək olar ki, hər həftə 25-30 qazi və şəhid ailəsinə mənzillər verilir. Heç kim şəhid və qazi ailələrinin arxasında gizlənməsin, onlardan öz reklamları üçün istifadə etməsin. Kim şəhid ailəsinə kömək etmək istəyirsə, maaşını versin, kimin qaziyə ürəyi yanırsa, 2-3 yerdən əmək haqqı alan şəxslər var, heç olmasa, 1 yerdən aldığı maaşın kartını onlara bağışlasın. Bu problemləri dövlət yüksək səviyyədə həll edib və edir. Düşünürəm ki, bəzi ictimai xadimlərimiz, deputatlarımız məsələləri tez-tez gündəmə gətirməklə öz piarlarını qurmaq istəyirlər. Azərbaycanda jurnalistlərin sosial vəziyyəti heç də ürəkaçan deyil.
 
Hesab edirəm ki, əgər cənab Prezident jurnalistlər üçün bina tikilməsinə pul ayırıb, təməlini qoyubsa, həmin bina da jurnalistlərə verilməlidir. Həqiqətən də o evə ehtiyacı olan jurnalistlər var. Sadəcə ədalətli bölgü olmalıdır ki, narazılıq, söz-söhbət olmasın. Mən 3-cü binanın birmənalı şəkildə haqqı çatan jurnalistlərə verilməsinin tərəfdarıyam”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…