Avstraliya alimləri Hind Okeanının dibində məşhur yazıçı Con Tolikinin “Üzüklərin Əfəndisi” (“Lord of the Rings”) fantastik trilogiyasında Mordor krallığına bənzəyən dağlar kəşf ediblər.
Bu barədə “The Conversation” xəbər yayıb.
Bildirilir ki, yeni kəşf “RV Investigator” tədqiqat gəmisi tərəfindən 3100 metr dərinlikdə güclü hidrolokator istifadə edilərək aşkarlanıb.
Tədqiqatçıların xüsusi diqqətini “Sauronun gözü” adlanan sualtı vulkanın nəhəng kalderası cəlb edib. Krater Sauronun “göz qapaqlarına” bənzəyən 300 metrlik bir haşiyə ilə əhatə olunub, ortada isə 300 metrlik konus şəkilli zirvə (“bəbək”) var.
Məlumata görə, dəniz dibinin skan edilməsi nəticəsində daha iki dağ aşkarlanıb. Elm adamları onları da məşhur saqanın şərəfinə adlandırıblar. Birincisi Sauronun iqamətgahı olan “Barad-dur” (“Qara qala”), ikincisi Mordor dağlarının şərəfinə “Ered Litui” (“Kül dağları”) adını alıb.