Jirinovskini Bakıda müşayiət etmiş deputat danışdı - MÜSAHİBƏ

11:13 03-08-2021 | icon 448 | Siyasət
Jirinovskini Bakıda müşayiət etmiş deputat danışdı - MÜSAHİBƏ

Səməd Seyidov: "Bir də bura gəlməyə üzü varsa..."

 

Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə Azərbaycana qarşı həqarət söyləməklə ölkəmizə qarşı nifrətini aşkar büruzə verib. Düzdür, əvvəlki illərdə də rusiyalı deputatın anti-Azərbaycan və anti-Türkiyə sərsəmləmələrinin şahidi olmuşuq, ancaq 2014-cü ilin sentyabrında Bakıya səfər edən Jirinovski bir müddət özünü normal adam kimi aparmışdı.

 

Hazırda gedən müzakirələrdə onun illər öncə Azərbaycana dəvət olunması da tənqid olunur. O zaman Jirinovskini Bakı görüşlərində müşayiət edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun bu mövzu ilə bağlı musavat.com-a verdiyi müsahibəni təqdim edirik:

 

 - Səməd bəy, Jirinovski növbəti dəfə qalmaqallı fikirləri ilə aranı qarışdırdı. İllər öncə Bakıda olmuşdu, layiq olmadığı halda, hörmətlə qarşılanmışdı. Sizcə, indi nə baş verdi, təzədən anti-Azərbaycan mövqeyinə qayıtdı? Hər halda, səbəbsiz deyil...

 

- Mən bununla bağlı feysbukda geniş şərh yazdım. Qəsdən rusca yazdım ki, özü də oxusun, çünki onlar hamısı izləyirlər, baxırlar, fikir verirlər bu məsələlərə. Bu məsələyə fikir verməmək də olardı, ancaq o, Rusiyada böyük bir siyasi partiyanın, o cümlədən Duma fraksiyasının rəhbəridir. Odur ki, Azərbaycanın xarici işlər naziri tamamilə doğru olaraq bu məsələ ilə bağlı öz etirazını nota vasitəsilə səfirə bildirib. Bu, çox düzgün addımdır. Ona görə ki, biz müşahidə edirik, son zamanlar birincisi, Jirinovski kimi qüvvələr yenidən baş qaldırmağa cəhd göstərir. Tamamilə doğru buyurdunuz ki, bu, səbəbsiz deyil. Buna nə oldu birdən-birə? Axı bu, Azərbaycana gəlmişdi, şahidiyəm ki, burada nə qədər tərif yağdırırdı. Deyirdi ki, siz rus dilinə, rus mədəniyyətinə, rus məktəblərinə, ruslara, rus dünyasına nümunəvi davranış göstərirsiniz və siz bu nöqteyi-nəzərdən başqa ölkələrə nümunə ola bilərsiniz. Dəfələrlə həmin sözləri Prezidentin yanında təkrar edirdi. İndi nə olub barmaq silkələməyə başlayıb?

Məncə, onu nə bugünkü Rusiya qane edir, nə də bugünkü Azərbaycan. Rusiya və Azərbaycanın bugünkü vəziyyətinin Jurinovski kimilər tərəfindən qəbul olunmaması məsələsi çox ciddi məsələdir. Heç kim üçün sirr deyil ki, elə məhz belə fikirlər, yanaşmalarla Rusiyanı sanksiyalar altına saldılar, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda yalnız qalmaq, tərk olunmaq məcburiyyətində qalan bir ölkəyə çevirdilər. Jirinovski son vaxtlar tez-tez “5-ci kolon”dan danışır. Məncə, elə “5-ci kolon”un “ən parlaq” nümayəndələrindən biri elə özüdür. Ancaq məsələ burasındadır ki, Rusiyaya məhz belə Jirinovski lazımdır. Təcrid olunmuş, beynəlxalq təşkilatlardan çıxarılmış, sanksiyalar altında olan... Ona görə ki, bunun kimi insanlar bulanıq suyun içərisində özlərinə çox gözəl yer tuturlar. Parlament seçkiləri ərəfəsində yenə də həmin fikirləri ortaya atmaqla gündəmdə qalmaq niyyətindədir.

 

- Yəni hesab edirsiniz ki, bu sərsəmləmələr Dumaya seçkilərlə bağlıdır?  

 

- Yalnız yox, o cümlədən. Bu qeyri-normallıq elə ümumi qeyri-normal siyasi mühitdə olan Rusiya ilə bağlıdır. İkincisi, bugünkü Azərbaycan onları heç cür qane edə bilməz. Çünki onlar Azərbaycanı işğal altında, qan içində, qaçqın-köçkünlə görməyə, yalvaran, diz çökmüş, asılı, müstəqil olmayan görməyə öyrəşiblər. Görəndə ki, 44 günlük Vətən müharibəsi Azərbaycanı tamamilə başqa bir səviyyəyə yüksəltdi, təbii, bu, belə insanların maraqlarına, geosiyasi düşüncəsinə tamamilə zidd olan məsələ kimi qiymətləndirilir. Heç kim üçün sirr deyil ki, məhz müharibədən sonra Azərbaycan-Rusiya münasibətləri inkişaf edir. Artıq böyük-kiçik məsələsi yox, iki bərabər söz sahibi beynəlxalq səviyyədə münasibətlər qururlar. Yəni Rusiya və Azərbaycandan söhbət  gedir. O adam öz çıxışında cənab Prezidentlə bağlı da öz fikirlərini ifadə etmişdi, əgər buna fikir demək mümkündürsə. Bunlar öyrəşiblər ki, keçmiş Sovet İttifaqına daxil olan ölkələrdə siyasi rəhbərlər bir siyasi dairənin içərisində fəaliyyət göstərsin. Ancaq Azərbaycan Respublikasının Prezidenti dünya səviyyəsində və dünya siyasətçiləri sırasında böyük nüfuza malik dövlət başçısı olaraq fəaliyyət göstərir. Azərbaycan Prezidentinin sözünə nəinki region ölkələri, o cümlədən Rusiya rəhbərliyi, o cümlədən dünyanın ən güclü ölkələri qulaq asır, onu nəzərə alırlar. Təbii ki, bütün bunlar bəzi insanlarda tamamilə başqa fikirlər, düşüncələr formalaşdırır.

 

“Heç kim qanundan yuxarı danışa, davranış göstərə bilməz, xüsusilə millət vəkilləri”

 

- Bir sıra hallarda belə fikir səslənir ki, Putin, Kreml öz mövqeyini Jirinovski kimi dəlisovun dili ilə çatdırır, tirajlayır. İndiki halda bunu söyləmək olarmı?

 

- 2005-ci ildə və ondan sonra Rusiya prezidenti bu kimi şovinist, irqçi çıxışlara, ruspərəst ideologiyaya qəti etirazını bildirib, “bu, mağara axmaqlığından başqa bir şey deyil”, söyləyib. Ona görə də təbii, kimsə məsələni bu şəkildə yoza bilər. Ancaq hesab edirəm daha vacib məsələ ondan ibarətdir ki, belə fikirlər Rusiya ictimai fikrində yer tutur və bəzi qüvvələr tərəfindən dəstəklənir, bu, heç də təsadüfi deyil. Əsas səbəb Azərbaycanın bu gün tamamilə başqa bir durumda olması, fərqli siyasət yürütməsidir, regionda həm məhdud, həm geniş şəkildə siyasəti formalaşdıran faktora çevrilməsidir. Bu gün bəzi məsələlər Azərbaycandan asılıdır.

 

- Sosial şəbəkələrdə Jirinovskinin sərsəm fikirləri ilə bağlı çox geniş müzakirələr gedir, media yazır...

 

- Diqqət etdinizsə, 1-2 gün qabaq təkzib verdi ki, mən elə deməmişəm, üzrxahlıq etdi. Çünki ona da izah etdilər ki, sən bununla Azərbaycana qarşı yox, həm də Rusiyanın milli maraqlarına zidd hərəkətlər edirsən.

 

- Vaxtilə onun Azərbaycan xalqına ünvanlı aşağılayıcı münasibəti olmuşdu. Bundan bir müddət sonra Bakıya dəvət olundu, açığı, onu dəvət edənlərin kim, hansı qurum olduğunu dəqiq bilmirəm. Amma çox yüksək səviyyədə qəbul olunmuşdu, necə deyərlər, adam yerinə qoyulmuşdu - layiq olmadığı halda. O zaman vaxtınızı sərf edib belə birisini müşayiət etdiyinizə görə peşimansınızmı?

 

- Hesab edirəm ki, Azərbaycanın nailiyyətlərini məhz Azərbaycanla bağlı belə mövqedə olan insanlara göstərmək lazımdır. Dostlar onsuz da görürlər. Ancaq bu kimi insanlara ölkəmizin nailiyyətlərini nə qədər çox göstərsək, o qədər yaxşıdır. Hesab edirəm ki, bu gün onun bu şəkildə sözləri dilə gətirməsi onun Bakıda olarkən Azərbaycanla, Azərbaycan rəhbərliyi ilə bağlı tərif söyləməsi ona dəlalət edir ki, bu insan hiyləgər, şovinist, bəzi qurumların, insanların, lobbilərin maraqlarını həyata keçirən, ən əsası Rusiyanın bugünkü milli maraqlarına zidd siyasət həyata keçirən siyasətçidir.

 

- Növbəti dəfə Bakıya gəlmək istəsə, yenidən onu müşayiət edərsinizmi?

 

- Bunu ondan (Jirinovskidən-E.P.) soruşmaq lazımdır ki, yenidən Bakıya gəlmək istəyir, yoxsa yox? Yaxud Bakıya hansı üzlə gəlmək istəyəcək?

 

- Bəlkə Jirinovski bu hədyanları ilə özünü Azərbaycanın, yaxud Ermənistanın “siyasi bazarı”na təklif etmək istəyib...

 

- Söhbət ondan getmir. Ondan gedir ki,  həm seçkiqabağı proseslər var. Həm Rusiyanın özünün daxilində şovinist dairələrin dəyirmanına su tökür. Həm də özünün qeyri-ciddi, insanları, xalqları təhqir edən davranışları ilə diqqətinə özünə cəlb etməsi onu göstərir ki, bu qüvvələr Rusiya siyasi dairələrində nə qədər də mövcud olsa, artıq ciddi söz sahibinə çevrilməyiblər. Əgər belə olmasaydı, sonra səhvini etiraf etməzdi, üzrxahlığını bildirməzdi.

 

- Necə bilirsiniz, Rusiya XİN rəsmi Bakının etiraz notasına cavab verəcəkmi, yoxsa “İskəndər-M” raketləri ilə balı susqunluq burada da davam edəcək?

 

- Mən hesab edirəm ki, notanın verilməsi hansısa bir cavabın gözlənilməsi ilə bağlı məsələ deyil. Notanın verilməsi məhz Azərbaycanın Bakı-Moskva münasibətlərinə xələl gətirməklə bağlı cəhdlərin qarşısını almaq istiqamətində atılan addım kimi qiymətləndirilməlidir və bu, çox vaxtında verilmiş qərardır. Mən bir də təkrar etmək istəyirəm, baxmayaraq ki, bu, deputatdır, deyə bilər mənim şəxsi fikrimdir, amma Rusiyadakı böyük bir partiyanın və Dumadakı fraksiyanın rəhbəridir. Ona görə də belə bir fikirlərə, düşüncələrə, addımlara dərhal reaksiya verilməsi lazımdır. Bilsinlər ki, artıq Azərbaycan Vətən müharibəsindən sonra fərqli və başqa bir Azərbaycandır.

 

- Səməd bəy, Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında da Azərbaycanın heysiyyətinə toxunan məqamlara rast gəlinir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ adlı ərazi yoxdur, amma Rusiya Müdafiə Nazirliyi rəsmi məlumatlarında bu ifadəyə yer verir, Xankəndini “Stepanakert” adlandırır və sair...

 

- Biz fərq qoymalıyıq. Siyasi rəhbərlik, ali rəhbərlik Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı tamamilə düzgün mövqedə dayanıb və həm Putinin, həm XİN-in bəyanatlarında hətta ermənilərin çalışdığı status məsələsi belə tamamilə kənara qoyulur, bu məsələnin müzakirəsinə ehtiyac olmadığı dəfələrlə deyilir. Ancaq başqa dairələr - o dairələr ki, bu gün Jirinovskini də dəstəkləyir və ona “zəhər” verir - onlar təbii ki, bundan istifadə edir. Bu mənada mən təsadüfən demədim ki, bu cür çıxışlar Azərbaycandan çox Rusiyanın milli maraqlarına ciddi təsir göstərir.

 

- Deputatlarımızın xeyli hissəsi Azərbaycan mediasında etirazını ifadə edib. Bəlkə Jirinovskiyə öz dilində cavab verilsə, bu barədə etiraz Dövlət Dumasına göndərilsə, daha effektli olar, deyilmi?

 

- Bizim deputatlarımız mətbuatda, müxtəlif qəzetlərdə, saytlarda bizim münasibətlərimizə xələl gətirən çıxışa kəskin münasibət bildiriblər.  Mən tövsiyə edərdim ki, elə mənim feysbuk statusuma baxasınız.

 

- İstərdim deputat həmkarınız Eldəniz Səlimovun polisi döyməsi faktına da münasibət bildirəsiniz. Artıq İntizam komissiyası məsələni müzakirə edib və Milli Məclisin 3 avqustda keçiriləcək növbədənkənar sessiyasında məsələyə baxılacaq. Sizin bu fakta münasibətiniz necədir?

 

- Qanun hamı üçün eynidir. İntizam komissiyası qərarını formalaşdırır, biz də sabah (bu gün-E.P.) parlamentdə məsələyə çox ciddi yanaşacağıq. Heç kim qanundan yuxarı danışa, davranış göstərə bilməz, xüsusilə millət vəkilləri. Ona görə ki, biz davranışımızda, hərəkətimizdə, sözlərimizdə, hər bir işimizdə hansısa formada nümunəvi addımlar atmalıyıq. İnsanlar baxıb deməlidir ki, bəli, bunlar millətin vəkilidirlər. Millət vəkili olmaq üçünsə ən əsası qəbul etdiyimiz qanunlara, mövcud olan vəziyyətdə tam şəkildə əməl etməliyik. Hər hansı bir insan bu qanunları pozursa, təbii, qanun çərçivəsində cavab verməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI