Əli Əliyevlə SİYASİ NƏRD oyunu – LAYİHƏ

18:37 11-01-2018 | icon 2877 | Layihə
Əli Əliyevlə SİYASİ NƏRD oyunu – LAYİHƏ

“Azərbaycan müxalifətinin də fırıldaqçıları çoxdur”

 

Versus.Az–ın “MASAÜSTÜ OYUN” layihəsinin növbədi qarşılaşması Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə baş tutdu. Xatırladaq ki, 1-ci qarşılaşmamız ALDP sədri Fuad Əliyevlə (yazısı bu linkdə) idi və mən rəqibimlə oynayarkən Tahirə Qafarlı sualları ilə müdaxilə etməklə qarşı tərəfi “yayındırmağa” çalışırdı. Bu dəfə də eyni taktika təkrarlandı.

 

– Əli bəy, söhbətimizə və oyunumuza başlayaqmı?

 

– Mən hazır. İndidən deyim ki, mən sizi udacam, idmanda güzəşt yoxdur.

 

“Güzəşt anlamayan siyasətdə qalmamalıdır”

 

– Bəs siyasətdə necə, güzəşt var, ümumiyyətlə lazımdır?

 

– Həyatın bütün sahələrində güzəştli olmaq lazımdır. Siyasət kompromis sənətidir. Güzəşt anlamayan siyasətdə qalmamalıdır. Bir də güzəşt güclülərin üslubu ola bilər. Zəiflər amansız, acımasızdırlar. Siyasətdə güzəşt yalnız daxilə aiddir. Xarici məsələlərdə güzəşt olmaz. Xüsusən, düşməndən heyf almadan bağışlamaq kişilik deyil.

 

– Oyuna başlamazdan öncə dediniz ki, bütün masaüstü oyunları bilirsiniz. Bəs daha çox hansını xoşlayırsınız?

 

– Şahmatı.

 

– Amma burda şahmat görmədim.

 

– Evə aparmışam. Burda boşluq olanda daha çox domino, hərdən nərd oynayırlar.

 

– Niyə şahmatı?

 

– Şahmatda qalib olmaq iradə və ağıldan asılıdır, nərddə isə zərdən. Nərd şansdır, bəxtəbəxt olan şeydir.

 

– Nərdi siyasətlə əlaqələndirmək olar?

 

– Nərdin özünün də etüdləri var, bu da elə-belə oyun deyil. Burda da fikirləşmək, kombinasiya qurmaq lazımdır. Siyasət də həyatın bir hissəsidir, fikirləşmək, kombinasiya qurmaq lazımdır. Hər şey adamın özündən asılı olmur, siyasətdə də şans əsasdır. Yəni elə ola bilir ki, proseslər şansdan asılı hala gəlir. Bacarıqdan əlavə situasiyanı öz xeyrinə dəyişmək məsələsi var. O baxımdan nərddə qarşılaşdığımız situasiya həyatdakı proseslərə daha yaxındır.

 

 

– Niyə deyirlər ki, “zər tutmaqla” şansı gətirmək olur? Buna oyunda cığallıq da deyirlər.

 

– O dələduzluq tək oyunda deyil, həyatda da var. Bu da nadürüstlük və fırıldaqçılıqdır. Həyatda da fırıldaqçı adamlar var ki, ictimai fikri öz xeyirlərinə dəyişmək istəyirlər. Və əl hərəkətləti, barmaq hərəkətləri ilə başqasını aldatmaqla istəyirlər ki, məsələni öz xeyirlərinə həll etsinlər. Belə nadürüstləri həyatımızda da, siyasətdə də çox görmüşük. “Zər tutan”ları çox görmüşük həyatda (gülür-red).

 

“Dələduzları üzə çıxarıb əllərinə boş stəkan vermək…”

 

– Bəzən olur ki, “dütdülü”yə də ehtiyac olur hətda.

 

– Burda hətda “yek”ə də ehtiyac olur, təkcə “dütdülü”yə yox. O zər tutanın əlinə stəkan vermək lazımdır ki, fırıldaq edə bilməsin. Bizim də partiya olaraq sərbəst siyasətdə olmağımızın səbəblərindən biri o dələduzları üzə çıxarıb əllərinə boş stəkan verməkdir.

 

– Mən niyə “dütdülü” dedim, çünki bəzən siyasi partiyalarda da həmin o “dütdülü”yə də ehtiyac duyurlar.

 

– Hə, ola bilir ki, kiçik bir hal prosesi aparmağa kömək edir. Məsələn, bəzən ən böyük, ən uğurlu sayılan “şeş-qoşa” işə yaramır, əksinə, adamı uduzdurur. Ona görə də o situasiyanın yetişməyindən çox şey asılıdır.

 

– Bu “gedişi” müxalifət düşərgəsi ilə əlaqələndirə bilərik?

 

– Yox, bunun təkcə müxalifətlə əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, şans üstəgəl bacarıq ümumilikdə müsbət nəticə verə bilir. Ola bilir ki, ən böyük oyunçu zərin əsirinə çevrilir. Zər əgər ona uyğun deyilsə, bir nəticə göstərə bilmir. Amma ən zəif oyunçu belə, bir də görürsən ki, heç kəsin gözləmədiyi bir halda…

 

– Axır ki, şeş-qoşa atdım, amma lazım idimi mənə?

 

– Bax, görürsüz, indi sizin atdığınız zər mən deyənləri təsdiq elədi ki, hətda “şeş-qoşa” da işləri korlaya bilir. Hətda zər sənə “iki-bir” verirsə, rəqibini məğlub edə bilirsən. Ona görə də həyatda heç kəs heç kəsə nə kiçik, imkanlı, nə də bacarıqlı kimi baxıb fərq qoymamalıdır. Məsələn, balaca bir qarışqa böyük bir fili məhv edə bilər. Ona görə də bu kimi hallar həyatın, zərlə bağlı olan məsələlər isə şansın ixtiyarında olan bir şeydir… Görürsünüz, mənim “şeş-qoşa”m mənim imkanlarımı artırdı, sizin atdığınız “şeş-qoşa” isə sizin imkanlarınızı məhdudlaşdırdı. Bu, həmin o şansın şəraitə uyğunluğu məsələsidir.

 

– Deyəsən mənim zərim gətirmir.

 

– Yox, ümid sonda ölür.

 

“Uduzan udandan həmişə narazı olur”

 

– Masaüstü oyunlarda bu cığallıqlar var, amma başqalarında bilmirəm.

 

– Böyük oyunlarda başqa cür olur. Mən uşaqlıqda yaxşı futbol oynamışam. Azərbaycanın yığmasında da oynamışam. Bilirsiz, böyük idmanda da cığallıq var. Dünya idmanında illər uzunu futbol kimi dünyanın birinci idman növündə xeyli sayda komandalar cəzalandırılıb, aşağı dvizyonlara göndərilib. Fırıldaq işləri olduqlarına görə kimlərsə üçün cinayət işləri açılıb, kimlərsə həbs edilib. Halhazırda həm dünya Olimpiyasının tərkibində, həm də müxtəlif federasiyalarda, o cümlədən rəhbər heyətindən xeyli istefalar olub. Məsələn, Avropa Futbol Federasiyasının rəhbəri Platin 2 il bundan qabaq fırıldaq qalmaqalı ilə dünya ictimaiəti tərəfindən qınandı. Bu da onu göstərir ki, hətda böyük oyunlarda da fırıldaq olur. Məsələn, Platinə çempionatları satmaq ittihamı irəli sürülmüşdü.

 

– Siyasətdə fırıldaqları necə aşkarlıyıb üzə çıxarırlar?

 

– Siyasətdə fırıldaqları dürüst olmaqla üzə çıxarmaq olar. Fırıldaqçılıq dünya siyasətində tez-tez rast gəlinən haldır.

 

– Zər atmağınzıdan mənə elə gəlir ki, siz zər tutursuz.

 

– Yox, mən zər tutmuram (gülür-red). Sizə elə gələ bilər, amma belə deyil.

 

– Nədən hiss edirəm, siz elə oyun başlayandan “şeş-qoşa”, “pənci-şeş” atırsınız.

 

– Belə bir söz deyirlər ki, zər əli tanımalıdır. Zər məni tanıyır, mənə güzəşt eliyir, bilir ki, mən sizdən güclü oyunçuyam.

 

– Gəlin siyasəti və siyasətçiləri bir anlıq nərdə bəznzədək. Sizcə xana zəri seçir, yoxsa zər xananı?

 

– Burda əslində xananı zər seçir. Çünki nə atarsansa onu da oynayırsan.

 

– Bu günkü siyasi partiyalar arasında gedən prosesləri xanada gedən oyunla necə müqaisə etmək olar?

 

– Yox, bu günkü xana ilə siyasi prosesləri müqaisə edə bilmərəm, çünki iqtidarın yerində ola bilmərəm.

 

– Yəni?

 

– Burda mən güclü tərəfəm və YAP olmaq istəmirəm. Siyasi meydanımız belədir ki, bütün güc YAP-ın əlindədir. Burda da bizim hörmətli rəqibimiz üzürlü saymalıdır. Çünki onun nərd tərcübəsi ilə mənim nərd tərcübəm arasında xeyli fərq var – qeyri-bərabər çəki. Özümü öymək kimi çıxmasın…

 

– Zər atmağınızdan görünür.

 

– Nərdi yaxşı bacarıram, həmişə yaxşı oynamışam.

 

– Yəni istədiyiniz zəri ata bilirsiniz də.

 

– Yox, istədiyim zəri ata bilmirəm, fırıldaqla işim yoxdur. İstədiyin zəri atmaq – zəri tutmaq, fırıldaqçılığın bir növüdür.

 

– Baxın, yenə “şeş-qoşa” atdınız.

 

 

– Mən ovcumun içi ilə atıram. Allah şahiddir ki… bir, iki, üç, bu da dörd (daşları xanaya yerləşdirir-red), təbii ki, uduzan udandan həmişə narazı olur. Əlbətdə ki, heç kəs məğlubiyyəti sevmir…baxın, özünüz öz yolunuzu bağladınız.

 

“Bəzi yaxşı zər atan siyasətçilərimiz də belə ediblər”

 

– Əslində bu oyundur. Amma dediyiniz kimi zər də sizi tanıyır və illərdir ki, bunu oynayırsınız. Və siyasətdə, illərdir bir-birinizi tanıyırsınız, taktikalarınızı bilirsiniz, hansı proseslərin baş verəcəyini də bilirsiniz. Belə olduğu halda nəyə görə bir komanda ola bilmirsiniz və uduzursunuz?

 

 

– Burda taxta məkanımızdır, daşlar da siyasətçilərimizdir. Amma görürsünüz, hər şeyi zər həll eliyir. Amma proseslərin özü də daşın necə düzülməsindən də asılıdır. Hesab edirəm ki, bu gün hakimiyyət meydanda müxalifətdən daha düz davranır, əlində olan imkanlardan daha düzgün istifadə etməyi bacarır. Mənə görə düzdür, hakimiyyət şüllerlik edir, bilirsiz də idmanda cığallıq edənə şüller də deyirlər, ancaq eyni zamanda şanslardan düzgün istifadə etməyi də bacarır. Bunu etiraf etmək lazımdır. Bizim də uduzmağımızın səbəblərinin kökündə yarıtmaz işlərimiz durur.

 

– Deyirsiniz ki, zərdən asılıdır, amma zər atılandan sonra bizim siyasilərimiz daşı hansı xanaya qoyacağını düzgün seçmir.

 

– Bax görürsüz, zəri atdınız, amma daşı elə xanaya qoydunuz ki, öz yolunuzu bağladınız, qaldınız marsa.

 

– Bayaq dediniz ümid sonda ölür, sona ümid edəcəm.

 

– Bizim bəzi yaxşı zər atan siyasətçilərimiz də belə ediblər, Azərbaycan müxalifətinin köhnə siyasətçiləri kimi.

 

– Əli bəy, görürəm nərddə mənim səhvindən istifadə edirsiniz, siyasətdə necə, rəqibin səhvindən fürsət kimi yararlana bilirsiniz?

 

– Rəqibin buraxdığı səhvin yerini doldurmaq lazımdır və güzəşt etmək olmaz.

 

 

– Lazımdır, amma necə əməl edə bilirsiniz?

 

– Misalçün, mən siyasətdə rəqiblərimin səhv buraxmasından dərhal istifadə edirəm.

 

– Məsələn, seçkilərdə hansısa partiya boykot taktikasın seçirsə, siz bundan istifadə edirsiniz.

 

– Yox, seçkiləri boykot etmək onların səhvləri deyil, yanaşmasıdır.

 

“İlham Əliyevlə oynamaq istərdim”

 

– Elə parlament seçkilərini götürək. Kimlərsə seçkiyə qatılmır, siz də bu fürsətdən istifadə edib seçkiyə gedirsiniz və qalib olursunuz.

 

– Mən ümumiyyətlə seçkiləri boykot taktikasını qəbul etmirəm.

 

– Kiminlə nərd oynamaq istərdiniz əsas rəqib olaraq?

 

– Hakimiyyətin əsas adamı İlham Əliyev olduğu üçün onunla oynamaq istərdim. Bizim də mübarizəmiz onunladır. Burda başqa şəxsi mənada heç nə yoxdur. İki oyunçudan biri udmalıdır. Təəssüflər olsun ki, hazırki oyunumuzda İlham Əliyevin yerində mənəm.

 

– Nərddə 15 daş var, yəni komanda oyunudur. Udmağınız üçün daşlardan istifadə etdiniz. Qarşıdan prezident seçkiləri gəlir. Udmağınız üçün yəqin ki, sizə digər partiyaların dəstəyi lazım gələcək. Bu istiqamətdə hər hansı təşkilatlanma, birliyin yaranması kimi işlər görülürmü?

 

– Bu, subyektiv yanaşma tələb edən məsələdir. Partiyalar bu məsələyə fərdi qaydada yanaşırlar. Ölkədə vəziyyət elədir ki, müxalifət yaxınlaşmağa, birləşməyə məhkumdur… bax görürsüz, daşı səhv qoymaq istəyirsiz, ir, iki, üç… hə, yox, qoyubsuz… söz yox, kimlərləsə əməkdaşlıq etməyə məhkumuq. Bunu hamı dərk eləməlidir. Ancaq biz kiminləsə bir yerdə olmağa məcbur deyilik. Hesab edirik ki, müxalifət öz imkanlarını artırmalıdır… baxın, gözüm görə-görə daşı səhv qoyursunuz. YAP-çılar kimi oynayırsınız, onlar da beləcə seçkilərdə aldadırlar (gülür).

 

– Müxalifətdə olmur bu cür aldatmacalar?

 

– Müxalifətdə də YAP xasiyyətlilər var. Azərbaycan müxalifətinin də fırıldaqçıları çoxdur. Onların adlarını da bilirəm, amma açıqlamağın vaxtı deyil.

 

– O zaman iqtidarın müxalifətin səhvlərindən istifadə etməsi də normaldır.

 

– Təbii ki. Bu hakimiyyətin özünün gücləndirilməsi elementləri içərisində müxalifətin səhvləri dayanır. Nə qədər ki… baxın, marsdan çıxdınız… uduzmalıydınız, uduzdunuz.

 

– Yox, Əli bəy, amma həqiqətən də zər tutursunuz, bayaqdan qəşəng zərlər atırsınız.

 

– Hə, onun səbəbini deyim sizə, birincisi zər tutmaq üçün barmaqla tutmaq lazımdır zəri, mən isə ovcumun içi ilə atırdım.

 

– Fikir vermədim, amma sizə lazım olan zəri atırdınız axı.

 

– İkinci maddə kimi onun da səbəbini izah edəcəm. Mən şanslı adamam, hər zaman şanslı olmuşam, Allahın nəzəri üzərimdə olub. İdmanda da o şans həmişə məni təqib edib. Bunu zər atanda da gördünüz. Təvazökarlıq yaxşı şeydir, amma olanı da demək lazımdır. Atdığım zərlər mənim üzümə güldü, zərlər məni tanıyır, sevir, əslində o qədər də bacarıqlı oyunçu deyiləm.

 

– İnşallah siyasətdə də şansınız üzünüzə gülər.

 

– Çox sağ olun.

 

 

– Siz sağ olun və mən də prezidentliyə namizəd olacaq siyasətçiylə nərd oynadığım üçün şanslıyam.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı