"Görünən odur ki, bəzi dairələr ikili oynayır"

19:21 20-11-2018 | icon 469 | Siyasət
"Görünən odur ki, bəzi dairələr ikili oynayır"

 

Vüsal Qarayev: "Əli Kərimlinin “AXCP sədri” kimi təqdim edilməsi dövlət qurumlarının özünü təkzib etməsidir"

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına hazırda iki iddiaçı var. 2015-ci ilin 18 oktyabrında Razi Nurullayevin rəhbərliyi ilə cəbhəçilər Etimad Qurultayı keçirərək partiyanı yenidən formalaşdırıb.

 

Versus.Az cebhe.info saytına istinadən xəbər verir ki, həmin il azlıqda qalan Əli Kərimli tərəfdarları da qurultay keçirib. Hər iki tərəf  qurultayda qəbul olunmuş sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edib. Amma nazirlik bir partiya adına iki iddiaçı olduğu üçün heç bir tərəfi rəsmi olaraq qeydiyyata almayıb.

 

Yəni bu gün nə Razi Nurullayev, nə də Əli Kərimli Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq AXCP sədri kimi tanınır. Amma bəzi dövlət qurumları ya bu məsələdən xəbərsizdir, ya da bilərəkdən Ədliyyə Nazirliyinin qərarına hörmətsizlik nümayiş etdirir. Belə ki, bu günlərdə Əli Kərimli bir qrup tərəfdarı ilə qanunsuz olaraq yürüş keçirmək istəyərkən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi rəsmi açıqlamasında Əli Kərimlini “AXCP sədri” kimi təqdim edib.

 

“Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb. Faktla bağlı Səbail rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək” -deyə açıqlamada bildirilib.

 

Göründüyü kimi,  Əli Kərimli yanlış olaraq “AXCP sədri” kimi təqdim olunub. Amma yuxarıda da qeyd olunduğu kimi, Ədliyyə Nazirliyi AXCP adını qeydiyyata almayıb və bunun əsas götürülərək Əli Kərimlinin AXCP sədri kimi təqdim olunması qanunsuzdur.

 

Bakı şəhər Baş Polis İdarəsi ilə yanaşı dövlət və özəl televiziyalar da təqdimatda yanlışlığa yol verib. Məsələ ilə bağlı Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-dən etiraz gəlib.

Partiyanın Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə şərhində baş verən hadisəni “rəzalət” adlandırıb. O, bu təqdimatı məsuliyyətsiz, qeyri-ciddi addım kimi qiymətləndirib:

 

“Əli Kərimlinin rəsmi qurumlar  və media tərəfindən “AXCP sədri” kimi təqdim edilməsi dövlət qurumlarının özünü təkzib etməsidir. Ümumiyyətlə, bu, qeyri-ciddidir. Anlamaq mümkün deyil. İstər hökumətə, istərsə də müxalifətə yaxın olan media illərdir Əli Kərimli ilə Razi Nurullayev tərəfdarları arasındakı məlum mübahisəli məsələdən yazır. Ədliyyə Nazirliyi də güman ki, bu mübahisəli məsələni nəzərə alaraq hələ ki, heç bir tərəfi rəsmən AXCP kimi qeydiyyata almayıb. İş hələ də məhkəmədədir. Amma dövlət televiziyası, rəsmi qurumlar Əli Kərimlini “AXCP sədri” kimi təqdim edib. Eləcə də özəl telekanallar bu yanlışlığa yol verib. Görünür kimlərsə özəl telekanallara Əli Kərimlinin “AXCP sədri” kimi təqdim olunması göstərişini verib. Amma niyə? Maraqlıdır ki, bu gün Əli Kərimliyə “AXCP sədri” deyən televiziya kanalları və digər media bizim keçirdiyimiz Etimad Qurultayında iştirak ediblər. Bu boyda qeyri-ciddilik, qeyri-səmimilik olmaz. Əgər qanuni əsas var idisə, Ədliyyə Nazirliyi zamanında Əli Kərimlini “AXCP sədri” kimi tanıyardı. Biz də qəbul edilən qanunlara müvafiq yolumuzu seçərdik. İllərdir iki tərəf arasında mübarizə gedir.

Belə çıxır ki, bu mübarizədə, çəkişmədə maraqlı olanlar var. Özəlliklə əhalinin kütləvi olduğu sosial şəbəkələrdə o qədər ağır, haqsız ittihamlara, təhqirlərə, qaralamalara məruz qalmışıq. Qarşı tərəf bunu saxta profillər vasitəsiylə həyata keçirib. Biz də etika çərçivəsində bu ittihamları, təhqirləri cavablandırmaq məcburiyyətində qalmışıq. Kənardan olayları izləyən vətəndaş bu durumdan, AXCP və müxalifət daxilindəki çəkişmədən razı olmayıb. Xalq vahid, güclü müxalifət görmək istəyib. Ancaq görünən odur ki, bəzi dairələr ikili oynayır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir