7/24 cərimələyən radarların kölgəsində "işıq" axtaranlar...

14:27 21-11-2018 | icon 752 | Köşə
7/24 cərimələyən radarların kölgəsində "işıq" axtaranlar...

 

 

ƏMRAH FƏQANOGLU

 

 

Sizə nədən deyim, kimdən danışım, Bakı-Şamaxı magistral avtomobil yolunda xidmət aparan yol polislərindən. Yol təmir olunub genişləndiriləndən, gedişlə gəliş arakəsmə ilə bir-birindən tam ayrılandan sonra iki-üç kilometrin tamamında sürət həddi 90 kilometrə hesablanmış radarları elə formada quraşdırıblar ki, sanki "gəl-gəl" deyə sənə qucaq açır. Lap əla, dəstəkləyirəm, təqdir edirəm. Baxmayaraq, yolun kilometrlə uzanan düppədüz yerlərində sürət həddini 120 də müəyyən etmək mümkündür ki, insanlar mənzil başına daha tez yetişə bilsinlər. Amma nədənsə etmirlər, hələ ki fikirləşirlər. Ümid edirəm, sonda ədalətli qərar verilər.

 


Hə, qayıdaq, qollarını geniş açıb bizi qucmağa hazır vəziyyətdə quraşdırılan, gecənin qaranlığında gözlənilməz yolçu kimi rastımıza çıxan saysız-hesabsız radarların quraşdırılmasındakı əsas məqsədə. Bəli, bəli, məram və məqsəd sürücü və sərnişinlərin, ümumiyyətlə, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməyə hesablanıb. Yəni sürət həddi 90 kilometr müəyyən edilib və radarın beyninə yeridilibsə, demək uzaqbaşı 99-la getmək olar, əks halda əlin cibində olmalıdır, cərimə ödəməyə məhkumsan. Bununla da yollara nəzarət, belə demək olarsa, "sən öl- mən ölüm" başa düşməyən cansız, amansız robotlara həvalə olunub, yol polislərinin sürücülərin işinə, daha doğrusu idarəetməsinə qarışmasına zərurət qalmayıb. Avtomatik olaraq, qaydalara əməl edənlər "kökə", etməyənlərsə "kötək" yeyəcək. Bax budur innovativ yeniliklərin tətbiqi nəticəsində insan faktorunun aradan qaldırılması və şəffaflığın təminatı. Amma sevinməyə tələsməyək, çünki robotların 7/24 fəaliyyətdə olmasına baxmayaraq, məhz onların quraşdırıldığı ərazidə yol polisləri də paralel olaraq 7/24 fəlaiyyətdədirlər, əsasən də onların kölgəsində "işıq", "dönmə işığı" axtarışındadırlar. İki gün öncə avtomobilimlə həmin yerdən keçərkən şəxsən özüm şahidi oldum. 90-lıq yolda sürət həddini aşmadan hərəkət edirdim, Mərəzə ərazisində qəflətən yolun solunda, məhz solunda dayanmış DYP avtomobilinin anidən yola çıxıb, təqibə başladığını gördüm, dərhal da saxladım. Yaxınlaşan inspektordan saxlama səbəbini soruşdum, nə üçün sağla getdiyimi irad tutdu, "sol tərəfi boş saxlamışam ki, tələsən keçsin"-dedim. İnspektorsa guya soldan sağa keçərkən dönmə işığını yandırmamağımı bildirdi, halbuki yolun solundan sağına bəlkə də 5 kilometr əvvəldən keçmiş, keçərkən də dönmə işığından istifadə etmişdim. Vəziyyəti izah etdim, qayda pozuntusuna yol vermədiyim üçün cərimə də ödəmədim, insafən kobud da davranmadılar. Amma boş yerə müəyyən vaxt itirdim. Bir gün sonra gecə vaxtı şəhərə qayıdanda Mərəzə ərazisində eyni situasiya ilə üzləşdim. Bu inspektorun da "arqument"i guya yolun sağından soluna keçərkən dönmə işığı yandırmamaqla bağlı idi, halbuki özü qarşımda 90-lıq yolda DYP avtomobilini qəsdən 30-la sürürdü, onu ötəndə də dönmə işığından istifadə edib ötmüşdüm. Elə ötən kimi də təqib edib, saxlamağımı tələb etdi və dərhal da saxladım. Yenə də qayda pozmadığım üçün cərimə protokolu yazlmadı, təbii ki, amma yenə vaxt itkisinə məruz qaldım...

 


Bir halda ki, yollara hər iki-üç kilometrdən bir radarlar quraşdırılıb və onlar qayda pozuntusunu dərhal qeydə alıb, sürücülərə cərimə təyin edir, magistral yolların kənarında dayanan, yaxud saatda 30 kilometrlə hərəkət edib, sürücülərə qəsdən maneə yaradan, radar kölgələrində "dönmə işığı" axtaran yol polislərinin o yollarda xidmət aparmasına nə ehtiyac var? Xüsusən də törətmədiyin qayda pozuntusu ittihamı ilə səni saxladıb, vaxt itkisnə məruz qoymalarına? Onsuz da Bakıdan Şamaxıya gedən yolda 3 stasionar post var, 3-ündə də lazım oldu-olmadı avtomobilləri saxladıb, sənəd adı ilə nəyi var yoxlayırlar. Bu azmış kimi, hər iki-üç kilometrdən bir radarlarla yanaşı, səni DYP əməkdaşının da qarşılayıb, törətmədiyin qayda pozuntusuna görə ittiham etməsinə, görəsən, nə zamana qədər "ehtiyac duyulacaq"?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı