“Elə ailələr var ki, orda ağsaqqalın məsləhəti olmasa yaxşıdır” - MÜSAHİBƏ

18:56 03-09-2021 | icon 853 | Cəmiyyət
“Elə ailələr var ki, orda ağsaqqalın məsləhəti olmasa yaxşıdır” - MÜSAHİBƏ

Azad İsazadə: “Başa düşməliyik ki, ermənilər heç yerə çıxıb gedəsi deyillər”

 

44 günlük müharibə torpaqlarımızın işğaldan azad olunması, millətin ruhunun dirilməsi ilə tarixə düşdü. Lakin müharibələr qansız-qadasız olmur. Azərbaycan da öz haqqı uğrunda apardığı savaşda 3000-dən çox şəhid verdi, minlərlə qazimiz müharibənin yarasını sinəsində, beynində bir travma kimi daşıyır. Müharibədən sonra müharibənin dəhşətini öz bədənində gəzdirən bir çox qazilərimizin intihar etdiyini, intihara cəhdlərin olduğunu ürək ağrısı və təəssüf hissi ilə müşahidə edirik. Bu mənada post-müharibə dövrü qazilərimizin psixoloji reablitasiyası, sosial-ictimai həyata düzgün adaptasiya olunması istiqamətində, bütövlükdə cəmiyyətin görməli olduğu işlər çoxdur.

 

Bu gün çoxlarımızda belə bir sual yaranır - nədir qazilərimizi bu  həddə çatdıran səbəb?

 

Versus.Az xəbər verir ki, bu barədə müsahibə verən həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə maraqlı məqamlara diqqət çəkib.

 

- Azad müəllim, müharibə və ondan sonra qazilərimizdə, eləcə də sərhəd, təmas bölgələrində yaşayan əhalidə hansı psixoloji travmaların olduğunu müşahidə etdiniz?

 

- Biz noyabr ayından bu günə qədər  cəbhəyə yaxın kəndlərdə zərərçəkmiş uşaqlara, ailələrə, qadınlara psixoloji yardım göstərirdik. O cümlədən də qazilərə. O cümlədən raketlərlə dağıdılan Gəncədə, Bərdədə olduq. 28-30 nəfərə yaxın psixolq-həkimlərlə 7-8 ay kəndbəkənd gəzib əhali ilə işlədik. Avqustun 27-si qayıtmışıq. Və ən çətin iş şəhid ailələr ilə işləmək idi.

Biz praktiki olaraq psixologiyada rast gəlinən bütün pozuntularla rastlaşdıq. O cümlədən, mən bəzən psixiatr kimi müharibənin nəticəsində ruhi pozuntularla bağlı dərməndan da istifadə etməli oldum. Ürəkgetmələr, depressiya, aqressiya, ailə zorakılığı çoxalmışdı. Kantuziya, beyin travması almış insan evə gəlir, uşaqların hay-küyünü eşidir əsəbləşir. Özü deyir ki, hay-küydə otura bilmir, özündən asılı olmayaraq uşaqları döyür. O, bundan xilas olmaq istəyir. Biz bu müddət ərzində özünə sui-qəsd eliyənləri də gördük. Problem çoxdur və bu iş davam olunacaq.

 

- Şəhid ailələrində hansı psixoloji pozuntulara rast gəldiniz. Onları psixoloji olaraq sıxan nədir?

 

- Təsəvvür edin, bir nəfər yaşlı kişi gəlib, bir ayağı yoxdur. Birinci övladını I Qarabağ müharibəsində itirib, 2 ci övladı bu müharibədə şəhid olub, 3-cü - ən kiçiyi hal-hazırda ordudadır, 1 dəfə kantuziya alıb və qulluğu davam edir, MAXE-dir. Siz təsəvvür edirsiz... Ya da bir kənddə ekiz oğullar eyni gündə şəhid olub. Lövhə asılıb, doğulduğu, şəhid olduğu günlər ikisində də eynidir. Təcrübəmə baxmayaraq, bəzən görürdüm ki, dözə bilmirəm, çətin idi. Sözsüz ki, psixoloqlar da bir-birinə superviziya adlı bir metodla kömək etməyə çalışırlar...

Biz Bakıda az işləmişik. Daha çox kəndlərdə, rayonlarda  olmuşuq. Deyə bilərəm ki, kəndlərdə şəhid ailələrinə münasibət çox yaxşıdır. Biz orda Şəhid ailələrinə hörməti hiss edirik. Onlar özlərini cəmiyyətə lazımlı hiss edirlər. Bir xanım ağlaya-ağlaya mənə deyirdi ki, əziyyətlə müəllimlik edib, həyətində əkib-biçib, uşaqlarını böyüdüb. Deyir ki, oğlu ona demişdi ki, ana, elə gün olacaq ki, sən cəmiyyətin ən hörmətli adamı olacaqsan... və göz yaşını axıdır...

Bu gün qazilərimizə sosial-maddi və psixoloji yardım lazımdır. Qeydiyyata alınan qazilərimiz çoxdur -11 min. O qazilərin bəziləri orta məktəb bitirib, kənd uşağıdır, ali savadları yoxdur. İş problemi, sənəd problemləri var. Həmin o uşaqlar döyüşdə yaralanıb qospitala düşəndə, heç yatmayıblar orda. Deyirdilər ki, mənim dostlarım döyüşür, mən hara yatıram...

İndi müharibə qurtarıb, amma əlində heç bir sənədi yoxdur. 3 dənə yarası var, kontuziyası var, bədəndə qəlpəsi var. Amma kağızı yoxdur. O sənədləri bərpa eləmək mümkündür, amma kimsə bu işlə məşğul olmalıdır. Bu olmayanda qazidə əsəb pozuntusu, yuxu pozuntusu baş verir. Çoxları da intihar edir.

Tutaq ki, Amerika ordusu 20 il Əfqanıstanda döyüşlərdə olub. Onların veteranlarının arasında 6-7 min, bəlkə də daha çox sui-qəsdlər olub. Biz başa düşürük ki, orda psixo-sosial reablitasiya da var, maddi təminat da var. Vyetnam müharibəsindən sonra da həmin proses getdi... Bu o demək deyil ki, mən əsgərlərimizin sui-qəsd hallarına bəraət qazandırıram, xeyir. Bu o deməkdir ki, biz bu məsələ ilə daha ciddi məşğul olmalıyıq. Çünki bu dalğa bizi də gözləyir. İkincisi də bu gün nə siz, nə mən deyə bilmərik ki, üçüncü Qarabağ müharibəsi olmayacaq. Bizi intiharların, depressiyaların, aqressiyaların dalğaları gözləyir.

Ümumiyyətlə, post-dramatik sindrom birdən-birə formalaşmır. Əsgər travmanı alırsa, post-dramatik travmanın formalaşmasına azı yarım il vaxt lazımdır. Deməli, biz indi o dalğanın içinə keçməyə başlayırıq. Çünki yara əvvəl-əvvəl isti idi. Yara - travma isti olanda onu bəzən hiss eləmirik. Qazilərə də təzə-təzə diqqət daha çox olur, sonra yavaş-yavaş unudulur, bu qalır öz problemi ilə təkbətək. Travmatik sindrom formalaşır. Biz bu mənada cəmiyyət, dövlət olaraq onları tək qoymamalıyıq. Onları hansısa sosial proqramlara, kurslara cəlb etməliyik. Bununla yanaşı da peşəkar psixoloji yardım edilməlidir.

 

- Qazilərin, şəhid ailələrinin, müharibə qurbanlarının post-müharibə dövründə reablitasiyasında hansı layihə üzrə işləyirdiniz?

 

- Biz layihə ilə işləmirdik. Layihələri mülki şəxslərə tapmaq daha rahatdır, nəinki keçmiş veteranlara. Beynəlxalq təşkilatlar keçmiş döyüşçülərə layihə vermir. Çünki orda deyilir ki, siz onları bərpa eliyəcəksiz və bunlar da gedib təzədən döyüşəcək. 

Bir qrup psixoloq olaraq sadəcə elan eləmişik ki, biz hər bir qazini heç bir ödəniş etmədən qəbul etməyə hazırıq. Hesab edirik ki, qazi öz borcunu qanı ilə əvvəlcədən ödəyib. Ona görə də biz sadəcə olaraq onları rayonlara gedib qəbul edirik. Amma sonra o bura gəlməlidir. Bakıdakı qaziləri qəbul edə bilərik. Amma nəzərə almalıyıq ki, kəndlərdə olan qazilərin bəzən rayon mərkəzinə getməyə də imkanı olmur.

 

- Gözəl təşəbbüs olardı ki, ayrı-ayrı imkanlı şəxslər, təşkilatlar bu işdə sizə dəstək olsun və səyyar psixoloq qrupları formlaşmaqla kəndlərdə işləsinlər.

 

- Dediyim kimi, müharibə ərəfəsində 7 ay biz kəndbəkənd gəzdik. Amma biz orda da qazilərlə 1-2 dəfə görüşə bilərdik. Növbəti dəfə olmur. Biz o yerlərdə daimi işin təşkili üzrə işləməliyik. Başa düşməliyik ki, ermənilər heç yerə çıxıb gedəsi deyillər. Pisdi, yaxşıdı qonşumuzdur və onlar bu müharibəni hansısa formalarda davam edəcəklər. Ona görə də mən hesab edirəm ki, indidən ali tədris məktəblərində psixoloji travma ilə işləyən peşəkarları hazırlamalıyıq. Məktəb psixoloqları institutu bitirəndə travma ilə necə işləməyi bilməlidir. Sabah azad olunmuş torpaqlarda məktəblər açılanda ora gedən məktəb psixoloqu çətin anlarda heç olmasa ilkin yardımı gösətərə bilmək üçün öyrədilməlidir. Deməli, regionlarda Psixoterapiya Mərkəzləri yaranmalıdır. Çünki bu gün bizim psixoloji travma ilə işləyən peşəkarlar azdır. Düzdür, son 8 ay ərzində yeni psixoloq komandası formalaşdı. Bəlkə də bizimlə paralel də kimlərsə bu işlə məşğul oldu. Amma biz başa düşməliyik ki, 11 min qazi, müharibədən zərərçəkmiş nə qədər mülki əhalimiz var və bunun qarşısında psixoloqların sayı azdır.

 

- Azad müəllim, dediyiniz o Tədris Mərkəzləri ilə bağlı hələ müharibədən əvvəl də danışırdız. Niyə formalaşmır?

 

- Belə Mərkəzlər ancaq kommersiya xarakteri ilə formalaşır. Bu gün onlar daha çox QHT-lər kimi fəaliyyət göstərirlər. Məsələn, müəllimin təhsil nazirliyi, həkimin səhiyyə nazirliyi var və sair. Amma psixoloqları koordinasiya, idarə edən qurum yoxdur. Bu bir tərəfdən yaxşıdır, formalizmdən, məmurdan azadıq. O biri tərəfdən də psixoloqlar üçün eyni qaydalar, proqramlar yoxdur. Kim istəyir özünü psixoloq elan edir, kim istəyir özünü psixoanalitik elan edir. Amma o da normal bir prosesdir. Məktəb psixologiyası təhsilə aiddir. Reklam, bialoji, zoo, klinik psixologiya, hərbi, psixologiya, yəni istiqamətləri çoxdur. 80-ci illərin axırına yaxın Azərbaycanda psixologiya ixtisası yox idi. Yəqin ki bu sahədə də dəyişiklik olar.

 

- Azərbaycan cəmiyyətində psixoloqa yanaşma bir qədər fərqlidir, qəribədir. Psixoloq azılığı ona təlabatın az olması ilə bağlı meydana çıxa bilərmi?

 

- Yox. Düzdür, qəribə idi. Mən işin içindəyəm. Gələn yox idi. Deyirdilər ki, mən psix deyiləm ki, psixoloqa gedim. Mən bu sözü 20-25 il öncə tez-tez eşidirdim. İndi gedirlər. Əsasən də uşaq psixoloqunun yanına. Çünki uşaq gözünün qabağındadır və görür ki, davranışı, danışmağı, oxumağı, öyrənməyi nəsə  fərqlidir. Özümüzə hələ qıymırıq, amma uşaqlara görə gəlirik.

 

- Psixoloqa müracət edilirsə, demək psixologiyamızda nə dəyişib?

 

- Ümumiyyətlə, Şərqdə psixoloqların yanına az gedərdilər. Çünki Şərqdə, o cümlədən də Azərbaycanda ailə anlayışı daha genişdir. Yəni əmi, dayı, bibi, xala, onların övladları və sairə. Və bizdə ailənin hər bir probleminin özünün öz “ekspertləri” var. Eşq-məhəbbət məsələlərini xalaqızı ilə həll edirlər, pul problemi ilə bağlı kiçik əmi, dayı məşğul olur, kimisə döymək lazımdırsa əmiuşaqılar işə qarışır. Böyük bir ailədə məsləhət üçün ağsaqqala - babaya, ataya müraciət olunur.

 

- Bir sözlə, psixoloqa ehtiyac qalmır.

 

- Ailədən-ailəyə fərq var. Demirəm ki, bütün ailələr idealdır. Ailənin içində təfəkkür necədirsə, onun ağsaqqalı da elə məsləhət verir. İndi urbanizasiya prosesində böyük ailələr dağılıb. Tutaq ki, mən Yasamalda, dayım Əhmədlidə, kimsə Sulutəpədə qalır, ünsiyyət azalıb. Amma onların məsləhətə ehtiyacı var. İndi başlayıblar psixoloqa müraciət etməyə və bir də başa düşürlər ki, peşəkar məsləhətinə daha çox ehtiyac var.

 

- Bəzən bu prosesə ailə dəyərlərinin itməsi kimi yanaşırlar. Bu gün dediyiniz kimi, əmiyə, dayıya müraciət edilməməsi, ünsiyyətin azalması yaxşıdır, yoxsa pis?

 

- Elə ailələr var ki, orda ağsaqqalın məsləhəti olmasa yaxşıdır. Ümumilikdə isə bu təbii bir prosesdir və onun mənfi tərəfləri də var, müsbət tərəfləri də. Bu bir norma kimi qəbul olunmalıdır.

 

- Azərbaycanlı psixologiyasında irəliyə doğru dəyişən nədir, geriyə gedən nədir?

 

- İrəliyə gedən yaxşı cəhət odur ki, biz mənfi dərdin üzərində dayanmırıq. Həyat davam edir. Yasa da düşündə 40 verib, il verib həyatımıza davam edirik. Dərd içində qalmırıq. Bu barədə biz bədnam qonşularımızdan irəlidəyik. Onlar 20-ci əsrin 15-ci ilində özlərinə uydurduqları dərdin üstündə qalıblar. Dediyim həmin yaxşı cəhətin ucundakı mənfimiz odur ki, biz dərd olmayanda unuduruq, bu da pisdir. Yaxşıdır, ona görə ki, psixoloji travma almırıq. Pisdir ona görə ki, unuduruq. Biz unutqanlıqla mübarizə aparmalıyıq. Pisi dərd eləmiyək, amma yadımızda saxlayaq, çünki bu, bizim başımıza yenə də gələ bilər. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb