Prezidentin iki fərmanının TƏHLİLİ

11:18 04-09-2021 | icon 728 | İqtisadiyyat
Prezidentin iki fərmanının TƏHLİLİ

...Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq siyasəti fonunda

MÜRVƏT HƏSƏNLİ
/iqtisadçı, iş adamı/

 

Korrupsiyaya qarşı ən gözəl mübarizə yolu dövlət orqanlarında maliyyə əməliyyatlarında insan amilini minimuma endirmək, dövlət satınalmalarını mərkəzləşdirilmiş və şəffaf şəkildə aparmaq, subyektiv yanaşmalara, fərdi sövdələşmələrə yol verməməkdir. Əks halda sadəcə dövlət məmurlarının insafına bel bağlamaq, onların öz işlərinə vicdanla yanaşmalarına inanmaq əsla özünü doğrultmur, “halal süd əmmiş” kimi tanıdığın bir çox idarəçi zamanla korrupsiyalaşmış sistemin içərisində zamanla əriyib ən çox çirkaba bulaşmış varlığa çevrilir. Bu mənada rahatlıqla demək olar ki, korrupsiya sistemini korrupsioner yaratmır, əksinə, sistem öz insanı, məmurunu balalayır. Hazırda ən korrupsioner məmur kimi tanıdığımız insanlar əslində öz mühitlərinin yetişdirdiyi məhsuldurlar. Deməli, korrupsiyaya qarşı mübarizə də təkcə hansısa fərdləri cəzalandırmaqla yox, sistemin kökünün qurutmaqla aparılmalıdır. Əks halda yalnız fərdi cəzalarla kifayətlənmək bataqlığı qurutmaq əvəzinə ağcaqanad öldürməyə bənzəyər ki, bu da qarşıya qoyulan məqsədə xidmət etməz.

 

Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı 2 fərman kənd təsərrüfatı məhsulları sahəsində dövlət satınalmalarında korrupsiya elementlərini minimuma endirmək istiqamətində atılmış çox mühüm addımlardır. Fərmanlardan biri ““Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, digəri isə “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı” adlanır.

 

““Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanı”nı tənzimləyən ilk sənəddə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının tamamilə elektronlaşdırılmasından söhbət gedir. Bu zamana qədər dövlət müəssisələri tələb olunan ərzaq məhsullarını istədikləri tədarükçüdən fərdi qaydada ala bilirdisə, indi bu, mümkün olmayacaq, bütün alqı-satqılar KTN-nin nəzdində yaradılacaq elektron portal vasitəsilə həyata keçiriləcək. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” adlanan bu elektron portal, sözsüz ki, sifarişçi ilə tədarükçü arasında subyektiv razılaşmalara imkan verməyəcək, nəticədə indiyədək iri məmurların cibini dolduran “otkad” əməliyyatlarına yer qalmayacaq.

 

Qeyd edim ki, iri məmurların “otkad” əməliyyatları bir çox hallarda məhsulların real qiymətlərini qat-qat şişirdilməsinə yol açır, nəticədə dövlət əmlakı talanır, iri məmurların ciblərinə axırdı. Üstəlik, bəzən daha artıq vəsait mənimsənilməsi üçün keyfiyyətsiz ərzaq malları alınır və bundan ən çox əziyyəti dövlət müəssisələrində yeməklə təmin olunan vətəndaşlarımız çəkirdilər. Başqa sözlə, iri məmurlar təkcə müxtəlif fırıldaqlarla qaz vurub qazan doldurmaqla qalmır, həm də himayələrində olan vətəndaşların keyfiyyətli qidalanması məsuliyyətlərini də düzgün həyata keçirmirdilər.

 

İri məmurların bu özbaşınalıqlarından, fırıldaqlarından əziyyət çəkən digər insanlar bizim kimi fermerlər olurdu. Min bir zəhmət bahasına ərsəyə gətirilən kənd təsərrüfatı məhsulları ən ciddi istehlak bazarını itirir, 1 illik əziyyətin bəhrəsi olan keyfiyyətli mallar anbarlarda çürüyür, fermerlərin öz əməklərinə maraqları ölürdü.

 

Prezident İlham Əliyev məhz bu tendensiyanın qarşısını almaq üçün 2016-cı və 2018-ci illərdə bir sıra Fərmanlar imzalasa da, iri məmurlarla tədarükçülər arasındakı üz-üzə sövdələşmə imkanları tam aradan qalxmamışdı. Korrupsioner məmurlar yeni qaydalarda boş yerlər tapıb öz talançılıq siyasətlərini davam etdirirdilər. Dünən imzalanan yeni Fərmanlarla məhz bu subyektivliyə son qoyulması nəzərdə tutulur. Prezidentin dünən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanına etdiyi dəyişikliklərlə indən belə bu kimi əməliyyatlar yalnız yeni yaradılacaq “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılacaq. Nəticədə alqı-satqılarda insan amili sıfıra endiriləcək, hər şey şəffaf şəkildə göz önündə olacaq.

 

Prezidentin imzaladığı digər fərman da məhz bu məqsədləri tənzimləmək üçün qəbul olunub. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nda yeni qaydaların detalları öz əksini tapıb. Fərmanın preambulasından aydın olur ki, yeni qaydaların tətbiqi 3 başlıca məqsədə xidmət edir:


a) Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq: Yuxarıda da qeyd etdiyimiz kimi, bundan əvvəlki qaydalarda satınalmalar müəssisə ilə tədarükçülərin ixtıyarına verilir, bu da bir çox fermer təsərrüfatlarını işdən soyudurdu. İndi isə standartlara cavab verən məhsullar portalda yerləşdiriləcək və hamısının ortaq qiyməti olacaq. Beləcə, məhsulların seçimində tərəfkeşliyə yer qalmayacaq. Üstəlik, alıcıların “otkad” kimi fırıldaqlara getmək imkanlarının olmaması hər kəsə eyni gözlə baxmasını stimullaşdıracaq;

 

b) dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək: Satınalınmaların elektronlaşması alqı-satqıların şəffaf aparılmasının rəhnidir və şəffaflıq yeni qaydaların əsas məqsədini təşkil edir;

 

c) bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq: Göründüyü kimi, preambulanın sonuncu tezisində şəffaflıq məsələsi açıq mətnlə keçir.

 

Fərmanın hər bir bəndi bundan sonra kənd təsərrüfatı məhsullarının necə aparılacağının yollarını göstərir. Bu barədə yuxarıda bəzi fikirləri səsləndirdiyimizdən yenidən təkrarçılığa yol vermək istəmirik. Sadəcə onu vurğulamaqda fayda görürük ki, yeni qaydalarda alıcıların öz bölgələrində yetişdirilən məhsulları almaq zərurətləri var. Bu da yerli təsərrüfatların inkişaf etdirilməsi məqsədi güdür. Fərmanın 2-ci maddəsinin 5-ci bəndində deyilir:

 

“2.5. satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi”.

 

Sözsüz ki, bu məsələdə yerli təsərrüfatların üzərində də bəzi məsuliyyətlər düşür. Başlıca məsuliyyət həmin məhsulların keyfiyyəti ilə bağlıdır. Fərmanın 2.2 maddəsinin müddəalarına görə, kənd təsərrüfatı məhsulları üçün konkret standartlar tətbiq olunacaq, bu standartlara cavab verməyən mallar satış portalında hərraca çıxarılmayacaq:

 

“2.1. satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi”.

 

Göründüyü kimi, burada başlıca şərtlərdən biri keyfiyyət olduğu kimi, digəri də kəmiyyətdir. Maddədə bu xüsus "tələbata uyğun istehsal həcminə malik” sözləri ilə açıq-aşkar ifadə olunur.

 

Bu məqam həcm baxımdan tələbata cavab verməyən və istehlakçının ehtiyaclarını ödəmək qabiliyyəti olmayan kiçik təsərrüfatların hərracdan uzaqlaşdırılması mənasına gəlir ki, sözügedən prinsip 2-ci maddənin 4-cü bəndinə açıq-aşkar göstərilir:

 

“2.4. satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması”.

 

İlk baxışdan məsələnin bu şəkildə qoyulması Fərmanın iri təsərrüfatların işinə yarayacağı ehtimalını yaradır və iddia əsassız deyil. Bununla belə, kiçik və orta təsərrüfatların həmin problemi aşmaq imkanları var. Məsələn, onlar öz potensiallarını birləşdirib tələbatı tam ödəyəcək imkana qovuşa bilərlər. Zənnimcə, Prezident İlham Əliyevin sözügedən Fərmanı imzalamaqda əsas məqsədlərindən biri də məhz budur. Ölkə başçısı bir çox çıxışlarında açıq şəkildə bildirmişdir ki, kiçik təsərrüfatlarda aqrotexniki imkanların yetərsizliyi məhsuldarlığa da təsir edir. Bunun əvəzində, böyük təsərrüfatlarda məhsuldarlığın ölkə ortalamasını 2 dəfə üstlədiyi nəzərdə yayınmır. Ölkə başçısının fikrincə, kiçik və orta təsərrüfatlar məhsuldarlığı artırmaq, daha yaxşı nəticələr əldə etmək üçün yeni yaradılan aqroparklara qoşula, onların imkanlarından faydalana bilərlər. Əlbəttə ki, burada əsas məqsəd fermerlərimizə daha yaxşı qazanmaq imkanı yaratmaq, istehsalın həcmini və keyfiyyətini artırmağı stimullaşdırmaqdır. Xatırladaq ki, Fərmanın preambulasında da “kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq” hədəfi açıq mətnlə keçir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI