“Seçkilərə qatılacam və bunun üçün kifayət qədər təcrübəm var” - MÜSAHİBƏ

11:35 23-11-2018 | icon 744 | Siyasət
“Seçkilərə qatılacam və bunun üçün kifayət qədər təcrübəm var” - MÜSAHİBƏ

 

Əlabbas Məhərrəmli: “Siyasilərin mübarizəsi daha çox sosial şəbəkələrdə yer alır”

 

 

Siyasi ekspert Əlabbas Məhərrəmlinin Versus.Az-a müsahibəsi

 

- Əlabbas bəy, bu gün ölkədə cərəyan edən ictimai-siyasi proseslərə yeni baxış və hazırkı vəziyyəti necə dəyərləndirərdiniz?

 

- Bir neçə ay öncə ölkədə növbədənkənar prezident seçkiləri keçirildi. Seçkilərdən sona hakimiyyət öz planlarını həyata keçirməyə başladı və dəyişdiyi nazirlərin, qurumların təyinatı ilə məşğul oldu. Ümumiyyətlə, Azərbaycan regionda xarici güclərin müəyyən təsirləri ilə üz-üzə dayanmaq məcburiyyətində qalır. Qarabağın işğaldan azad olunması ilə bağlı beynəlxalq qurumlar tərəfindən ciddi addımların atılmaması ölkəmizə qarşı yönələn təsirləri daha çox biruzə verir. Təbii ki, bütün bu məsələlər daxildə siyasi proseslərə öz təsirlərini göstərir. Ümumilikdə isə vəziyyətin stabil olduğunu söyləmək olar. Eləcə də müxalifət düşərgəsində seçkilər dövründə necə pərakəndəlik var idi, bu gün də həmin vəziyyət qalır. Əslində siyasilərin mübarizəsi daha çox virtual aləm və sosial şəbəkələrdə yer alır.

 

- Sizcə sosial media üzərindən aparılan siyasət proseslərə təsir edə bilər?

 

- Bu gün sanki hər kəs sosial şəbəkədədir. Hər bir ailə fərdi telefonla çox asanlıqla sosial şəbəkəyə qoşula, hər an məlumat alıb, məlumat ötürə bilir. Yəni internet əsrində yaşayırıq və sosial şəbəkələr medianın aparıcı bir hissəsinə çevrilib. Maraqlı məqam budur ki, hər bir kəs müstəqil şəkildə internetə daxil olub, canlı efirə çıxır və hər bir məsələ, problemlə bağlı öz fikirlərini bildirir.

 

- Deyək ki, hər kəsin öz sözünü deyə biləcəyi demokratik bir mühit  formalaşıb?

 

- Hər kəs öz sözünü deyə bilər. Amma sosial mediada nizamsızlıq olsa da, əsas məqam kimin nəyi və necə deməsi, doğru, yaxud yalan danışması ilə bağlıdır. Bu artıq başqa bir mövzudur. Amma açıq aydın görünür ki, bu gün sosial şəbəkənin varlığı mediada həlledici faktora çevrilib.

 

- Əlabbas bəy, son günlər müzakirə olunan məsələlərdən biri də Qarabağ Komitəsinin keçirmək istədiyi mitinqlərlə bağlıdır.  Bəllidir ki, sentyabrın 29-da keçirilən ilk mitinqlə bağlı siyasi düşərgədə fərqli əks fikirlər səsləndi və bu gün də mitinqin keçirilməsi üçün məhkəmələr qurulur. Bu məsələ ilə bağlı sizin fikriniz nədir?

 

- Qarabağ məsələsi ümummilli məsələdir. Toraqlarımızın azadlığı, münaqişənin həlli ilə bağlı narahatlıqlar hər bir insanımızı düşündürür. Bu mənada bir qrup siyasi partiyanın, ictimai təşkilatların, ziyalıların təmsil olunduğu belə bir Qarabağ Komitəsi adlı qurumun yaranmasını və mitinq keçirmə təşəbbüsünü normal qarşılamaq lazımdır. Amma maraqlıdır ki, ona da birmənalı olmayan yanaşmalar var. Çünki mitinqdən əvvəl həm hakim partiyadan olan millət vəkilləri, həm də Qarabağ Komitəsindən kənarda qalan müxalifət partiyalarının nümayəndələri Qarabağın azadlığı məsələsinin gündəmdə saxlanması üçün belə mitinqlərin keçirilməsinin vacibliyini vurğulayırdılar. Amma birinci mitinqdən sonra bunun əksini gördük. Artıq mitinqlərin hansısa maraqlar naminə keçirilməsi ilə bağlı şübhəli fikirlər səsləndi. Qarabağ məsələsinin bir çoxlarının əlində siyasi elementə çevrildiyi ortaya qoyuldu.

 

- “Siyasi element” deyəndə nəyi nəzərdə tutdunuz?

 

- Qarabağ Komitəsi yaranandan sonra haqqında hər söz danışıldı. Kimlərinsə bununla divident qazandığı söyləndi, kimlərinsə gündəmə gəlmək istədiyi ortaya qoyuldu. Hərə bu məsələyə başqa bir prizmadan yanaşdı. Axı xalqın, bizlərin də gözü, ağlı var və hər halda prosesləri təhlil edərək kimlərin hansı elementdən necə istifadə etdiyini müəyyən etmək mümkündür.

 

“Meydan hərəkatını siyasi partiyaların fəaliyyəti ilə bağlamaq olmaz”

 

- Bu günlərdə dirçəliş gününün 30 illiyini qeyd etdik. Siz də 30 il əvvəl müəyyən bir yaş həddində idiniz və istərdim bir təhlilçi kimi ötən günlərə nəzər salıb o illəri bu günlə müqayisə edəsiniz.

 

- Mən 1988-ci ilin 17 noyabrında uşaq olmuşam, amma  böyüklərin verdiyi məlumatlardan, oxuduqlarımızdan və sənədli filimlərdən öyrəndk ki, həmin tarixdə böyük bir hərəkat baş verib. 17 günlük meydan hərəkatı erməni işğalçılarının Qarabağla bağlı iddialarına qarşı xalqın ümummilli etirazı idi. Bu hərəkat Azərbaycanın müstəqilliyinin yaranmasına bir işarə oldu. Bu gün həmin meydan hərəkatını siyasi partiyaların fəaliyyəti ilə bağlamaq olmaz. Çünki həmin günlər meydanda bütün zümrədən olan insanlar var idi və bütün güc ancaq Qarabağın müdafiəsinə, təhlükəsizliyi məsələsinə yönəlmişdi. Bu mənada dirçəliş günü bizim gözəl günlərimizdən biridir, bu günlər böyük fəxarət və qürur hissi ilə onun 30 yaşını qeyd edirik.

 

- Qarabağla bağlı yaranan meydan hərəkatı ilə bu günün Qarabağ mitinqini müqayisə edəndə nəyə təəssüf edirsiniz?

 

- Mən o günlə bağlı heç bir məsələyə təssüflə yanaşmıram. Düzdür, fərqli yanaşmalar var, mövcud nəticəyə əsaslanıb “bəs nə oldu?”- deyə, təəssüf edənlər var. Mən də buradan bildirirəm ki, meydan hərəkatının nəticəsi bu gün mənim müstəqil bir ölkənin vətəndaşı olmağımdır. Müstəqil dövlətim, bayrağım, himnim, gerbim var. Mən nəyə təəssüflənə bilərəm, heç nəyə...

 

- Bu gün siyasi partiyaların, eləcə də ictimaiyyətin Qarabağın azadlığı uğrundakı fəaliyyətini nə dərəcədə qənaətbəxş hesab edirsiniz?

 

- Qarabağ məsələsi tək siyasi partiyaların işi deyil. Bu məsələdə hansısa qurumun ayrılıqda adını çəkmək doğru olmaz. Hər kəsin bu məsələ ilə bağlı birmənalı mövqeyi var. Təbii ki, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi qurumlar arasında kimlərinsə bu məsələdən şəxsi mənfəət güdə biləcəyini düşünmürəm. Bu vətən, torpaq bizimdir və hamı onun azadlığı uğrunda çarpışır. Amma hərə problemin həllini bir başqa yolda görür.

 

- İstərdim fikrinizi Qarabağ danışıqları prosesinə yönəldəsiniz, bu istiqamətdə vəziyyət necədir?

 

- Qarabağ danışıqlarının dinamikası bir qədər aşağı düşüb. Ümumiyyətlə, son vaxtlar xarici işlər nazirləri səviyyəsində bir neçə görüş keçirilib, Ermənistanın baş naziri ilə bizim dövlət başçısının ayaqüstü görüşləri olub. Amma bu görüşlər münaqişənin hansısa nəticəyə gətirəcəyi anlamını vermir. Hələ ki, müsbət bir irəliləyiş yoxdur. Səbəb də budur ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir, erməni havadarları xüsusi canfəşanlıq göstərərək işğalçıya dəstək dururlar. Neçə illərdir ki, bu işlə məşğul olan ATƏT-in Mink qrupu, qurumda olan Amerika, Rusiya, Fransa kimi böyük dövlətlər daha çox öz maraqlarını güdürlər. Beynəlxalq təşkilatların məsələyə ikilistandartlı yanaşmaları və BMT-nin mühüm qətnamələrinin icrası həyata keçirilmir. Hər dəfə beynəlxalq təşkilatların ziddiyyətli qərarları ilə üzləşirik. Bu cür ikilistandartlara, təzyiqlərə baxmayaraq torpaq bizimdir və qələbəyə çatana qədər mübarizəmiz davam edir.

 

- Resedivist siyasətindən əl çəkməyən Ermənistan hələ ki, özünü “qalib” durumda hiss edir, hələ ki, torpaqlarımız işğal altındadır. Münaqişənin həlli missiyasını öhtəsinə götürən dövlətlərin ikilistandartlarından savayı, işğalçının erməni lobbisindən güc aldığı qeyd olunur.

 

- Əlbəttdə ki, erməni lobbisinun buradakı rolunu xüsusilə qeyd etmək lazımdır. Amma hətta dırnaqarası olsa da, Ermənistana qalib demək doğru deyil. Çünki bütün dünya bilir ki, işğalçı dövlət qalib ola bilməz və o, Azərbaycan torpaqlarını öz gücünə işğal etməyib. Hamı çox yaxşı bilir ki, Rusiya Ermənistana dəstək verən ən böyük gücdür. Ümumilikdə qərb dövlətləri də ilk başdan Qarabağla bağlı birmənalı haqlı mövqe ortaya qoymur. Burda lobbi və dini faktorun da mühüm rol oynadığını söyləmək olar. Bütün bu güclərə qarşı dayanmaq asan məsələ olmasa da, Azərbaycan öz mübarizəsini aparır.

 

- Paşinyan axmaq çıxışlarında hələ də Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməkdən çəkinmir.

 

- Paşinyan siyasətə küçədən gəlib və bütün siyasi dairələr bunu təsdiq edir. Paşinyanın söylədiyi fikirlər onun psixoz vəziyyətində dediyi fikirlərdir. Ermənistanda kimin hakimiyyətdə olmasndan asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü ya sülh, ya da hərb yolu ilə həll olunacaq. Son qərar Azərbaycana məxsusdur. İşğala son vermək üçün əsas qərarı Azərbaycan verəcək. Paşinyan hələ ki, mövcud vəziyyətdən istifadə edərək populist çıxışlarına davam edir.

 

-  Əlabbas bəy,  parlament seçkilərinin də növbədənkənar olacağı ilə bağlı fikirlər gündəmin müzakirəsindədir. Sizin qənaətiniz nədir?

 

- Mən də mətbuatdan, sosial şəbəkədə aparılan müzakirlərdən növbədənkənar parlament seçkilərinin olacağı ilə bağı məlumatları izləyirəm. Bu gün Azərbaycan parlamentində 8 deputat mandatı boşdur. Mənim də qənaətim növbədənkənar parlament seçkilərinin olacağına işarə edir.

 

“Mənə alternativ olan namizədlər kifayət qədər nüfuzlu idilər”

 

 

- Seçkilərə qatılacaqsınız?

 

- Seçkilərə qatılacam və bunun üçün kifayət qədər təcrübəm var. Seçkiyə ilk dəfə 2015-ci ildə qatıldım və bu mənim üçün bir sınaq oldu. Kifayət qədər uğurlu seçki kampaniyası apardım və öz seçki qərargahımı formalaşdırdım. Həmin ərəfədəki seçki prosesində normal olaraq namizədlər arasında rəqabət oldu. Təqiblərə dözdüm və axıra qədər seçkilərə getdim. Nəticənin necə olması isə başqa bir mövzudur.  Ümumilikdə isə o seçki mənim üçün bir qələbə idi. Çünki bir gənc olaraq ilk dəfə seçkiyə qatılırdım. Bu gün həmin təcrübəyə dayanaraq növbəti seçkiyə qatılmaq üçün müəyyən planlarım var.

Mən yeganə şəxs idim ki, həm seçici, həm də namizəd idim. Seçki zamanı alternativ namizədlərim kifayət qədər nüfuzlu idilər.

Məlum məsələdir ki, mən alternativim olan namizədə səs verməsəm də,  hesab edirəm ki, 125 deputatın içərisində ən yaxşı işləyən deputatın ikisi bizim payımıza düşüb. O, millət vəkili Vahid Əhmədov idi ki, həm yaxşı iqtisadçı və fəal deputatdır. Hazırkı millət vəkili Yevda Abramov, Allah şəfasını versin, o da problemləri qaldıran deputatdır.

 

“Maarifləndirici qurum kimi öz missiyasını yerinə yetirə bilmir”

 

- Mədəniyyət sahəsi üzrə ixtisaslaşmış bir şəxs kimi necə hesab edirsiniz, bu gün televiziyalarımız öz üzərinə düşən missiyanı nə dərəcədə yerinə yetirə bilir?

 

- İxtisasım kinorejissorluqdur. Mən bir Azərbaycan vətəndaşı kimi televiziyalarımızdan razı qaldığımı deyə bilmərəm. Televiziya verilişlərinin ziyanlı tərəfləri həddən artıq çoxdur. Televiziyalar maarifləndirici bir qurum kimi öz missiyasını yerinə yetirə bilmir. Azərbaycan vətəndaşına, onun zövqünə xeyir verəcək yalnız 1-2 veriliş var. Məsələn, düşünürəm ki, “Nanəli”də Azərbaycan xalq və klassik müsiqisinin təbliğinin insanlara çox xeyri var. Orda bayağı musiqi və müğənnilər yoxdur. Amma elə kanallarda elə verilişlər var ki, orada əxlaqdan kənar olan adamlar insanlara dərs keçirlər, aparıcılarda oturuş, danışıq qaydası yoxdur. Görürsən ki, hansısa bir aparıcı heç yaşı başı çatmayan bir ziyalı haqqında utanmadan, çəkinmədən elə bir söz deyir ki, adam utanır. Efirlərdə yerində olmayan məqamlar çoxdur. Aparıcıların çox problemi var. İndi aparıcı seçəndə birinci onun natiqliyinə, danışığına yox, cəmiyyət tərəfindən hansısa yolla tanınmasına diqqət edirlər. Elə hesab edirlər ki, bu müğənni, yaxud şou aparıcısıdırsa, tanınır və veriliş apara bilərlər. Xeyir, bu belə deyil.  Görürsən ki, aparıcı ana dilində səlist danışa bilmir, yersiz sözlər istifadə edir. Bütün bunlara ciddi nəzarət olunmalıdır. Mən telekanalların adını çəkmək istəmirəm, amma bəzi bir neçə kanal var ki, artıq vətəndaş hiss edir ki, burda yenilənmə var. Ümumilikdə verilişlərin səviyyəsi və aparıcı problemi böyükdür. Baxırsan ki, verilişdə ağbirçək qadınlar, gənc gəlinlər məişət məsələlərini efirə çıxarıb bir-birinə nə gəldi deyirlər. Bu biabırçılıqdır. Məişət məsələləri daha çox qabardılır, ictimailəşir. Tamaşaçı bununla heç nə qazanmır, əksinə zövqü zədələnir.

 

- Mədəniyyətdən  söz düşmüşkən, sosial media və saytlarda incəsənət adamlarından birinin deputat olması barədə fikirlər yer alır.

 

- Bəli, Faiq Ağayev. O, Azərbaycan respublikasının vətəndaşıdır və bir neçə titulu var. Kimin ona nə münasibət bəsləməsindən asılı olmayaraq, seçkilərə qatılıb, namizədliyini verə bilər. Onun yaxşı nitq qabiliyyəti, savadı var. Hətta Milli Məclisdə oturan bəzi deputatlardan da savadlı danışır. Amma indi kimsə bəyənir, bəyənmir bu onun öz işidir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı