“5 nəfəri gözdən salmaq üçün medianı ləkələmək olmaz” - MÜSAHİBƏ

12:26 16-09-2021 | icon 771 | KİV
“5 nəfəri gözdən salmaq üçün medianı ləkələmək olmaz” - MÜSAHİBƏ

Müşfiq Ələsgərli: “...O şəxslərin fonunda həm də media gözdən düşür”

 

Müasir Azərbaycan mətbuatının mövcud durumu və cəmiyyətin inkişafı prosesindəki rolu, əhəmiyyəti müzakirə predmeti olaraq daim diqqətlə izlənir, təhlil olunur. Mediamızın mövcud fəaliyyəti cəmiyyətin güzgüsü, informasiya təminatçısı və eləcə də dövlət orqanları ilə xalq arasında vasitəçi qismində çıxış edərək ictimai fikrin formalaşmasında daşıdığı missiyaya əsasən zamanın müəyyən kəsimlərində birmənalı qarşılanmayıb. Mediamız özünün funksiyasını necə yerinə yetirir və hansı çətinlikləri, üstünlükləri var.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli maraqlı nüanslara diqqət çəkib.

 

- Müşfiq bəy, mövcud kataklizmlərin fonunda mediamızın bugünkü durumu sizi qane edirmi, mediamız hansı mərhələdədir?

 

- Hər kəsin bildiyi kimi, cənab Prezident 2018-ci ildən ölkədə böyük islahatlar dalğası yaradıb və mətbuat da bu proseslərin içərisindədir. O vaxt islahatlar başlayanda cənab Prezident  deyirdi ki, ölkədə böyük islahatlar dalğası başlayır və mətbuat burada avanqard rol oynamalıdır. Mətbuat bu şəffaflaşmada öndə olmalıdır və  hər şeyi xalqa olduğu kimi çatdırmalıdır.

Yəni mətbuatımız həm ölkədə islahatlar haqqında bilgi verir, həm də özü islahatlar mərhələsini keçir. Təbii ki, islahatlar formasına keçdiyimizə görə hər şey ənənəvi formada qala bilməz. Dəyişimlər, yeniliklər olmalıdır və bu proses gedir. 

 

- Mətbuatımızda dediyiniz o yeniliklər nə ilə bağlıdır?

 

- Bu yenilənmə ilk növbədə hakimiyyətin, dövlətin mediaya yanaşmasında və media ilə münasibətlərindədir. Son vaxtlar cənab Prezident özü, birinci vitse-prezident Mehriban Əliyeva, Prezidentin köməkçisi Hikmət Hacıyev və başqaları  çox intensiv şəkildə media ilə təmaslardadırlar. Yüksək rütbəli məmurlarımız mediaya açıq olmaqla yanaşı, həm də mediada çoxsaylı şıxışlar edir, bu sahədə işlərini interaktiv səkildə qururlar. Bu gün jurnalist üçün Prezident də daxil olmaqla dövlət məmuru ilə kontakta keçmək, ünsiyyətdə olmaq istədiyi sulallara cavab tapmaq o qədər də problem olmur.

Birinci, dünya mətbuatının ilk trendlərindən biri informasiyanın əlçatımlığıdır. Bilirsiz ki, bəzi yeni modellər tərtib olunur. Tutaq ki, pandemiya dövrüdür, bu sahədə informasiya operativliyi var. Ona görə də Operativ Qərargah yaratdılar və o qərargahda gündəlik brifinqlər keçirild, jurnalistlərə istədikləri cavablar təqdim olundu. Yaxud 44 günlük müharibədə hərbi informasiya mərkəzi yaradıldı və ordan informasiyanın operativ idarəedilməsi baş verdi. Eləcə də dövlətin kommunikasiya siyasətində yenilik var. Yəni aktual olan mövzu ətrafında bir mərkəz yaratmaq, o mərkəzdən informasiyanı idarə etmək, informasiyanı əlçatan etmək, bu artıq yeni modeldir.

İkincisi, dövlətin media siyasətini həyata keçirən qurumların özündə dəyişikliklər oldu. Məsələn, bundan qabaq Prezident Aparatında ictimai-siyasi şöbə var idi, o şöbə ləğv edildi və bir neçə şöbələr arasında səlahiyyətlər bölündü. Əvvəllər media, QHT və sair sahələr bir şöbədə idarə olunurdusa, indi həmin şöbə əvəzinə kommunikasiya və iş üzrə şöbə yaradılıb. Kommunikasiya daha böyük anlamdır. Onun içərisində sosial media var, əlaqələrin başqa tipləri də var. Bu onu göstərir ki, dövlət bu sahə üzrə yeni yanaşma ortaya qoyur.

Üçüncü bir məsələ odur ki, bundan əvvəl olan Kütləvi İnformasiya Vasitələrin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv olundu. Əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı, funksiyaları dəyişdi.

Ən böyük məsələlərdən biri media haqqında yeni qanun layihəsinin hazırlanmasıdır. Məsələn, dünyada onlayın media 30 ilə yaxındır ki, aktualdır.  Yeni media tipləri ortalığa çıxıb. Bu 20 il müddətində Azərbaycanda onlayn medianın fəaliyyəti tənzimlənmirdi. Onun haqqında bir qanunvericilik bazası yox idi. Bu bir tərəfdən cəmiyyət üçün problem yaradırdısa, digər bir tərəfdən həmin onlayn meda qurumlarının özü üçn problem yaradırdı. Çünki onların statusu tanınmırdı.

 

- KİV haqqında qanunun 3-cü maddəsində internetin də kütləvi informasiya vasitələri kimi qəbul olunduğu deyilirdi. Burdakı boşluq nə ilə bağlı idi və necə dolduruldu?

 

- Mən mübahisəyə getmirəm, çünki bəzən bu deyilir. Amma orda bu bir cümlə verilirdisə, əvəzində media qurluşunun strukturu necə olmalıdır, informasiya yayımı necə olmalıdır, hansı məsuliyyəti, statusu var, bunlara heç bir aydınlıq gətirilmirdi. İndi yeni hazırlanan qanun layihəsində bütün bunlar öz əksini tapıb. Yəni yeniliklər çoxdur, kifayər qədər genişdir. Amma məsələ bundadır ki, bu proses kifayət qədər uzun vaxt çəkdi. Artıq 2 aydan sonra media sahəsində islahatların başlanmasının iki ili tamam olacaq.

 

- Doğrudanmı bu işləri həyata keçirmək üçün bu iki ilin keçməsinə ehtiyac var idi və bu 2 il keyfiyyət dəyişikliyi baxımından mətbuata nə verdi?

 

- Mənə belə gəlir ki, bu prosesi sürətlə də keçmək mümkün idi. Məsələn, cənab prezident 2021-ci ilin yanvar ayında media haqqında yeni qanunvericiliyin hazrlanması, islahatların dərinləşməsi haqqında qərar verib. Orda vaxt qoyulmuşdu ki, 3 ay müddətində bu qanun hazırlanıb müvafiq qurumlara tapşırılsın. 9 ay keçib, hələ də qanun layihəsi tərtib olunmayıb. Bax belə prosedurlar var ki, onu sürətlə keçmək olar.

Onlayn medianın statusu tanındı. Bilirsiz ki, iyul ayında Media Agentliyi media qurumları üçün yeni müsabiqənin nəticələrini açıqladı. Orda ənənəvi media qurumları ilə yanaşı 30-a yaxın onlayn media qurumuna maliyyə yardımı göstərildi. Mən onlayn medianın üzərində ona görə çox dayanıram ki, onlayn media masir dövrümüzdə Azərbaycan üçün çox vacibdir. Bilirsiz ki, uzun illər Azərbaycan özünün haqq səsini dünyaya çatdırmaq üçün çətinliklərlə rastlaşıb. Bizim səsimiz şüurlu şəkildə boğulub. Erməni şəbəkəsi tərəfindən Azərbaycana qarşı şüurlu şəkildə əks təbliğat həyata keçirilib. Bizim ənənəvi media ilə həmin təbliğatı qırmaq mümkün deyildi. Bu gün internet dövrüdür və bizim bir informasiyanı 3-4 dildə, hətta 7 dildə yayan onlayn media qurumlarımız var. Yəni onlayn media sərhəd tanımır. Məsələn, bir televiziya kanalının tutaq ki, Amerikaya çıxışının məhdudiyyəti var. Amma onlayn media üçün bu sərhəd yoxdur. Ona görə də biz onlayn medianı inkişaf etdirməliyik ki, həm cəmiyyətimizi informasiya ilə təmin etsin, hm də Azərbaycanın dünyaya çıxışını. Amma o çıxış peşəkar olmalıdır. Təəssüf ki, bizdə indiyə qədər onlayn sferada yayılan informasiyaların çox hissəsi feyk-nyüslardan ibarətdir. Xəbər standartı tanımır. Burda şəxsi həyata müdaxilə, müəllif hüquqlarının tanınması və sair dünyada çoxsaylı trend olan məsələlər də var ki, onlar gözlənilmirdi. Amma bu gün dövlət özü onlayn qurumların peşekarlaşması üçün proqramlar həyata keçirirsə və bunun icrasına başlayıbsa, bu çox yaxşı haldır.

 

“Özünü media eksperti elan edən şəxslərdən çoxu siyasi konnekturaya uyğunlaşdılar”

 

- Müşfiq bəy, bu günlərdə bir media adamından medianın mövcud halını soruşanda dedi ki, indi mediamızın vəziyyəti işğaldan sonrakı Ağdamın vəziyyəti kimidir. Ümumən götürəndə onun problemləri nə ilə bağlıdır?

 

- Azərbaycan mediasının bir çox poblemləri var. Onlardan biri müstəqil statuslu ekspertlərin olmaması və ya azlığıdır. Çox təəssüf ki, Azərbaycanda özünü media eksperti edən şəxslərdən çoxu siyasi konnekturaya uyğunlaşdılar. Yəni reallığı yox, çox vaxt siyasi konnekturaya uyğun danışırlar. Gəlin medianın necə xarabazara çevrilməsindən danışaq. Medianın cəmiyyətdə funksiyası nədir, məlumatlandırmaq, maarifləndirmək və sair. Modern dilində deyirlər ki, media və jurnalistikanın funksiyasi cəmiyyətin marağında olan informasiyanı tapıb ona çatdırmaqdır. İkinci funksiyasiı isə dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirməkdir. Gəlin birinci funksiyasına baxaq. Azərbaycanda elə bir informasiya varmı ki, siz ondan xəbərsizsiz?.. Hamı danışır ki, media yerində deyil, batıb, qırılıb gedib, amma hamı da hər şeydən məlumatlıdır. Məlumatları hardan alırsız. Söhbət burda klassik, ənənəvi mediadan getmir. Bu gün dünyada alternativ informasiya mənbələri var. Ola biər ki, ənənəvi qəzet bizə informasiyanı çatdırmır. Amma onlayın media, sosual media çatdırır. Bunlar alternativ informasiya mənbələridir. Burda media, informasiya məkanının dağılmasından söhbət gedə bilməz...

Dünyada böyük dövlət olan Çin, İran və sair ölkələrdə internetə, bəzi sosial şəbəkələrə dövlət səviyyəsində qadağa qoyulub. Bizi gedib həmin ölkələrlə müqayisə etmək olmaz. Medianın dağıldığı, informasiya qıtlığının olduğu ölklər onlardır, biz deyilik. Bəzən diqqət yetirmişəm, ekspertlər başqa bir şəxsi vurmaq üçün elə bir söz deyirlər ki, bu, ümumilikdə Azərbaycanın ziyanına işləyir. Bizdə media da var, media quruluşu da var, azadlığı da var.

 

- O zaman deyək ki, bu fikirləri ortaya çıxaranların dərdi nədir, mətbuat “bazarında” nəyi görmək istəyir?

 

- Məsələn, bu gün Azərbaycanda medianın maliyyə müstəqilliyini təmin edəcək reklam bazarı yoxdur. Dünyada qəbul olunmuş standartlara görə bir KİV qurumunun maliyə gəlirinin 75 faizi reklamdan formalaşmalıdır, 25 faiz satışdan, yayımdan, ianələrdən və sair. Bu gün büdcəsinin 75 faizi reklamdan formalaşan media qurumu var? Yoxdur! Bu ölkədə reklam dövriyyəsi daxili məhsulun, yaxud ən pis halda dövlət büdcəsinin 1 faizi qədərdir. 20 milyardlıq dövriyyəsi olan ölkədə reklam büdcəsi ən azı 200 milyon civarında olmalıdır. Amma Statistika Komitəsinin elanlarından bəlli olur ki, bu gün Azərbaycanın 7-10 milyon arasında dövriyyəsi var. İndi gəlin baxaq, Azərbaycanda nə qədər KİV qurumu var. Tutaq ki, 6 min KİV qurumu, 7 milyon da reklam büdcəsini götürəndə, üst-üstə hər KİV qurumuna 150-200 manat pul düşür. Sizə deyim ki, çox ciddi bir problemdir. Əvvəla yalan xəbərlərdən biri KİV qurumlarının sayı ilə bağlıdır. Mən sizi əmin edirəm ki, ölkədə 6 min KİV qurumu yoxdur.

 

- Nə qədərdir?

 

- Rəqəmi bilirəm amma bunu açıqlaya bilmərəm. Söhbət qeydiyyatdan keçməklə bağlı deyil. Qeydiyyatdan keçən KİV-lər heç də hamısı real fəaliyyətdə deyil. Real fəaliyyət göstərən KİV qurumları ilə təkcə  qeydiyyatdan keçən KİV-lər arasında çox ciddi kəmiyyət fərqi var.

 

- Yaxşı, Azərbaycanın media bazarında reklam niyə yoxdur?

 

- Adətən bunu KİV-lərin üzərinə atıb deyirlər ki, bunların yaxşı meneceri yoxdur. Yalan söhbətdir. Azərbaycanda reklam var və çox təəssüf ki, bu reklamlar gizli reklamlardır, qanunsuz dövriyyəsi olan reklamlardır. Məsələn, bu gün siz radionu, televizoru açın, bunu görəcəksiz. Bizim bəzi media ekspertləri kimi, bir də görürsən ki, tibb üzrə bir ekspert çağırıblar, danışdırırlar. Buna sual verilir ki, bu kəsin filan xəsətliyi var, neyləməlidir. Ekspert də ona cavab verir ki, o filan paliklinikaya getməlidir. Bu artıq ekspert sözü deyil, gizli reklamdır. Yəni bunu o televiziyanın ağlı kəsmir, verir. Təbbi ki, ortada anlaşma var. Bu aradan qaldırılmalıdır.

 

“Medianın reklam-elan məsələləri həll olunmalıdr”

 

- Reklamın olmaması hansı probemləri yaradır?

 

- KİV qurumu fəaliyyət göstərməsi üçün özünün maliyyə dövriyyəsini təmin etməlidir. Bu dövriyyə əgər qanuni yollarla, reklamla, elanla, satışla formalaşmırsa, o zaman bunlar müxtəlif iqtisadi, siyasi qrupların, şəbəkələrin himayəsini qəbul etməli olurlar. Beləliklə, onlar sabah xəbər standartlarını deyil, himayəsində olduqları siyasi, iqtisadi, kriminal qurumların sifarişini yerinə yetirməyə məcbur olurlar. Sonda mediada siyasiləşmə amili meydana gəlir. Əgər bir ölkdə medianın siyasiləşməsi amili varsa, orda müstəqil, peşəkar institutlaşmış KİV-lərdən danışa bilmərik. Bu baxımdan medianın reklam-elan məsələləri həll olunmalıdr. Məsələn, bu gün islahatlar dalğası başlayıb, amma bəzi məqamlar var ki, dəyişməyib. Məsələn, reklam və elanlarla bağlı xüsusi bir addım atılmayıb. Dövlət deyir ki, reklam və elanın verilməsi özü müstəqil bir sahədir. Biz gedib hansısa şirkəti məcbur edə bilmərik ki, reklam verin. Amma əgər ölkədə demokratik inkişaf istəyiriksə, bu məsələnin həlli hansısa formada tapılmalıdr.

Eləcə də, yayım infrastrukturu barədə ciddi prpblemlər var. Normal ölkələrdə hər min nəfər əhaliyə 1 köşk düşür. Azərbaycanda isə 15 min nəfərə 1 köşk düşür. Baxırsan böyük rayonlardır, orda nə köşk var, nə yayım struktru var. Ənənəvi yayım forması olan abunəçilik strukturu da dağılıb.

Amma bu gün medianın ümumi bir bazası yaradılır. Gözləntilər çoxdur. Amma bu proses yekunlaşsaydı, biz deyərdik ki, növbəti mərhələ üçün bu məsləni də həll edin. Əsas məsələ niyyətdir və görünür ki, buna hökumətin niyyəti var. Amma bu proses sürətlə keçməlidir.

 

- Siz medianın bu problemlərinə çox gözəl şəkildə yanaşdız. Bir çox hallarda deyilir ki, mətbuat orqanları hansısa nazirliyin, qurumun, şəxslərin nəzarətindən kənara çıxa bilmir. Bu da medianın siyasiləşməsinə aparır. Amma bəllidir ki, media ekspertləri, mətbuat rəhbərləri özləri də buna qarşı çıxışlar edirdilər. Bu vəziyyətdən necə çıxılacaq?

 

- İslahatların dalğası fonunda çatışmazlar aradan qaldırılmadı. Mən hesab edirəm ki, media qurumunun maliyyə iqtisadi qayğıları aradan qaldırılmayana qədər biz onun siyasiləşməsini aradan qaldıra bilmərik. O baxımdan ilkin formada medanın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastruktur qurulmalııdr. Yayım məsələləri həll olunmalıdır, reklam, yayın məsələləri həll olunmalıdır. Bir stolun ortada dayanması üçün onun 4 ayağı olmalıdır. Hesab edin ki, islahatlar dalğası başlayıb və onun 2 yarımı düzəlib, bir yarımı qalıb. Bu istənilən anda sonucda gəlib çatlar yaradır, natamamlıq yaranır. Ona grə də biz istəyirik ki, islahatın ilkin mərhələsi sürətlə getsin və yerdə qalan digər natamamlıqlar da aradan qaldırılsın.

 

- Müşfiq bəy, mətbuatla bağlı bəzi rəsmilərin istintaqa cəlb olunması baş verdi. Və bir çoxları mətbuatın problemləri deyəndə məhz bu amilə köklənirlər. Mətbuat Şurasının sədr müavini olaraq istər-istəməz siz də bu dalğanın içərisindəsiz. Sizin bu məsələyə münasibətiniz necə olacaq, bu gərginlik sondur, yoxsa proses davam edəcək?

 

- Mən qısa şəkildə deyim ki, real obyektiv istintaqın getməsini və günahkar olan şəxslərin araşdırılıb tapılmasının tərəfdarıyam. Əvvəllər bu proses başlayanda ümumi şəkildə köhnə komandada kimlər var idisə, hamısının şərlənməsi, ittiham olunması halları var idi. Tutaq ki, bu məsələdə günahkar olmayanlardan biri mənəm, amma ittiham olunanlardan biri də mənəm. Bu məsələlərə steriotiplərlə yanaşırlar. Hesab edirlər ki, insan burda olubsa, mütləq onun da yeyintilərdə əli var. Amma əvvəla onu deyim ki, məhkəmə prosesi tamamlanmayıb. Ona görə də kimin günahkar, kimin yeyintidə iştirakının olması hələ tam cavabını tapmayıb.  Amma biz Azərbaycan dövlətinin ədalətinə inanırıq, Azərbaycan məhkəmələrinə inanırıq və hesab edirik ki, bu proses ədalətlə tamamlanacaq. Əgər günahı yoxdursa, insanalar sərbəst buraxılacaq, əgər günühı varsa, hər kəs öz günahına görə məsuliyyət daşıyacaq. Yəni durub burda ümumi steriotiplərlə hər kəsi qınamaq, hər kəsi ittiham etmək olmaz. Bu həm də mediamıza da yaraşmaz.  Çünki o şəxslərin fonunda həm də media gözdən düşür, hər birimiz o prosesin içində oluruq. Mən öz adımdan deyə bilərəm ki, nə yeyintidə, nə başqa bir maxinasiyada olmamışam, gördüyüm işi dövlətçilik baxımından əsaslandırılmış formada həyata keçirmişəm. Yanlış varsa, o yanlışa görə ağır cəzadırsa cəza verilsin, yüngül cəzadırsa keçilsin, yoxdursa, insan ittihamlardan kənarda saxalanılsın. Biz ədalətə güvənirik və ehtimal edirik ki, hər şey ədalətli şəkildə özünün məntiqi sonluğuna gəlib çatacaq. 

Amma bu prosesin içərisində ümumilikdə götürəndə bəzi neqativlər də var. Bu ötən dövürdə Azərbaycan dövlətinin çoxsaylı uğurları olub. Onlardan biri də indiyə qədər Azərbaycanda ictimai rəyin sabit tutulmasıdır. Bilirsiz ki, Azərbaycana beynəlxalq erməni şəbəkəsi, bəzi qurumlar, strukturlar tərəfindən, Avropada olan söyüş şəbəkəsi tərəfindən hücumlar olub. Bütün bu proseslərə Azərbaycan ictimaiyyətinin reaksiyası necə olub. Azərbaycan cəmiyyəti bu hücumlara rəğmən öz dövləti ətrafında daha sıx birləşdi. Əlbəttə, bu istiqamətdə dövlət başçısının gördüyü işlər müstəsnadır, amma cəmiyyətin düzgün maarifləndirilməsində ötürücü funksiyasını media həyata keçirib. Bizim media deyildiyi kimi, satqın, korrupsiyaya tam bulaşmış olsaydı, o funksiyanı yerinə yetirə bilməzdi, ictimai rəy sabit tutula bilməzdi. Cəmiyyətdə ictimai rəy sabit tutulubsa, cəmiyyət düzgün məlumatlandırılıbsa, deməli bu media işləyib. Yəni bu gün 5 nəfəri gözdən salmaq üçün hər şeyi medianın üzərinə yıxamaq, medianı ləkələmək olmaz. Axı proses davam edir, bizim düşmənlərimiz hələ də var, yenə də bizim üzərimizə gəlir. Axı deyirik ki, media cəmiyyətin güzgüsüdür. O güzgünü vurub sındırmaq lazım deyil ki, sabah cəmiyyətimiz orda özünü görə bilsin. Bu şəkildə medianın üzərinə yerimək olmaz.

İkincisi, bu keçmiş, itmiş zamanda hər kəsin səhvi ola bilər. Səhv bağışlanacaqsa bağışlanılsın, cəzalandırılacaqsa cəzalandırılsın. Kifayət qədər vaxt keçir artıq. Bu proses sona çatmalıdır, bu proses sürətləndirilməlidir. Və media öz yoluna davam etməyi bacarmalıdır ki, əlavə problemlər, kataklizmlər yaranmasın. Ona görə də mən bu məsələni buraxıram ədalətin üzərinə, Azərbaycan dövlətinə güvəncimizin üzərinə.

 

- Son dövrlər sosial şəbəkələrdə “feyk xəbərlər”, trollar” və sair ifadələri çox eşidirk. Sosial mediada təhqir və yalnış informasiyaların aradan qaldırılması üçün prosesə hansı nəzarətin qurulması nəzərdə tutulur?

 

- Sosial şəbəkə texnologiyalarının nəhəngləri bu məsələnin tənzimlənməsinin əleyhinədirlər. Özlərinə haqq qazandırmaq üçün məsələni “ifadə azadlığı” kontekstində irəli sürürlər. Amma getdikcə də problemlər artır.

Məsələn, ayrı-ayrı mərkəzlərin araşdırmalarının hesabatlarına görə, sosial şəbəkələr üzərindən yayılan yalan xəbərlərin kəmiyyəti təqribən 60 faizdir. Problem bundadır ki, cəmiyyəti çaşdırıb istədiyi tərəfə yönəldirlər. Tamamilə vergi vermirlər və gəlirlərində tamamilə azaddırlar. Ayrı-ayrı ölkələrdə sosial şəbəkələrin tənzimlənməsi üçün müəyyən hüquqi baza hazırlanır. Burda bir yaxşı nüans var. Bəzən deyirlər ki, inkişaf etmiş demokratik ölkələrdə sosial şəbəkələrin tənzimlənməsi üçün qanun yoxdur. İnkişaf etmiş ölkələr qəbul etdikləri qanunda birbaşa sosial şəbəkələrin tənzimlənməsi məsələsini qoymurlar. Məsələn, bu yaxınlarda Polşada bir qanun qəbul olundu. Orda “insanların saxta xəbərlərdən müdafiəsi haqqında” qanun yazılmışdı. Saxta xəbərlər əsasən hardan gəlir, sosial şəbəkələrdən. Deməli, bu qanunun obyekti həm də sosail şəbəkələrdir. Bunun adını sosial şəbəkənin tənzimlənməsi qoymurlar, qanunu elə qəbul edirlər ki, onun predmeti sosial şəbəkələrin tənzimlənməsinə yönəlir.

Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətini tənzimləyə bilməmişik. Amma 2013-cü ildən etibarən Azərbaycanda sosial şəbəkələrdə ayrı-ayrı predmentlərin tənzimlənməsi üçün  addımlar atılır. 2013-cü ildə Cinayət Məcəlləsinin 147-148-ci (təhqir və böhtan) maddələrinə əlavə dəyişikliklər edildi. Həmin əlavə və dəyişikliklərdə göstərilirdi ki, təhqir və böhtan internet informasiya resurslarından yayılırsa, cinayət məsuliyyəti yaradır. Bu çox yaxşı haldır. Amma bizdə necədir. Bu gün sosial şəbəkələrin yaydığı məlumatlar təkcə təhqir böhtandan ibarətdirmi? Bu gün dünyada sosial problemlərin yaratdığı trend problemlərin siyahısı tutulur. Məsələn, şəxsi həyata müdaxilə var. Bu gün insanların şəxsi həyat sirri çox rahat şəkildə sosial şəbəkələrdə paylaşılır. Bu, çox ciddi qanun pozuntularından biridir. Bu gün sosial şəbəkələrdə heç bir müəllif hüquqları tanınmır, təhqir və böhtan çox rahat şəkildə yayılır. Tutaq ki, təhqir böhtanı cinayət məcəlləsinə əlavə etməklə aradan qaldırdın bəs digət problemlər. Ona görə də məsələni ayrı-ayrı kompanentlər üzrə deyil, ümumi şəkildə məsələni tənzimləyən qanun olmalıdır.

 

- Əslində biz sosial şəbəkələrdə müşahidə olunan neqativləri illərdir müşahidə edirik. Gücümüz ona çatır ki, hesabımızı bağlayırıq. İndiyə heç rastlaşmısınızmı ki, hansısa təhqirə görə kimsə məsuliyyətə cəlb olunsun?

 

- Onun hüquqi yolla tənzimlənməsi ağır prosedurdur. Tutaq ki, siz sosial şəbəkə istifadəçisi tərəfindən təhqirə məruz qalmısız. Gedib məhkəməyə müraciət edirsiz. Azərbaycan məhkəmələrində prosedurlar bəllidir. Bir ay müddətində hazırlıq iclası keçiriləcək, hazırlıqdan sonra başlayacaq məhməkə araşdırması və sair. Yəni siz bir təhqirə görə öz hüququnuzu bərpa etmək üçün ən azı 3-4 ay sərf edəcəksiz. Ya özünüz işdən-gücdən olub məhkəmələrə getməlisiz, ya da xərc çəkib vəkil göndərməlisiz. Hələ sonucda hansı nəticə olacaq bəlli deyil. İndi məsələ bundadır ki, sadə vətəndaş bir dəfə təhqir olunur, axı mən gündə 5 dəfə təhqir olunuram. Yaxşı mən neyləməliyəm. Belə çxır ki, mənim bütün günüm məhkəmələrdə keçməlidir?.. Ona görə də sosial şəbəkələrdə xətaların tənzimlənməsi üçün kompleks tədbirlər görülməlidir. Bura məhkəmələrdə məsələyə baxılma qaydasının sadələşdirilməsi daxildir. Eyni zamanda yol verilən xətaların qanunda hüququ məsuliyyəti müəyyən olunmalı, o xətalarn aradan qaldırılması mexanizmləri hazırlanmalıdır. Prezidentin 2018-ci ildə Məhkəmə-hüquq sistemində islahatların keçirilməsi ilə bağlı verdiyi sərəncamda tətbiq edilən Mediasiya siyasəti var. Mediasiya siyasətinə əsasən bir sıra məsələlərə 2 həftə ərzində baxılır. Mediada sosial şəbəkələrlə bağlı da belə bir qanun işlənməlidir.

 

“Bəzi şəxslər jurnalistlərin mənzil məsələnin üzərində manipulyasiya edirlər”

 

- Bu günlər mətbuatda baş verən məlum kataklizmlər səbəbindən sosial şəbəkələrdə ittihamlara, təhqirlərə məruz qoyulanlardan biri də siz oldunuz. Jurnalistlər üçün tikilən 3-cü bina ilə bağlı da müəyyən gərginlik yaşandı və hələ də mübahisələr var. İstərdim bu məsələlərə diqqət çəkəsiz. Biz də bir evimizin olmasını istəyirdik. Bu 3-cü binanın aqibəti necə olacaq?

 

- 2003-2005 ci illərdə Parlament Jurnalistlər Birliyi, Həmkarlar İttifaqı  jurnalistlərin mənzillə təmin olunması məsələsini gündəmə gətirmişdilər. Jurnalistlərin ev məsələsini gündəmə gətirənlərdən biri də biz olmuşuq. Bizim apardığımız araşdırmalarda məlum olmuşdu ki, o dövr Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin 95 faizinin mənzilləri yoxdur. Problem odur ki, jurnalistikada çalışmaqla o problemi aradan qaldırmaq mümkün deyil. O vaxt ölkədə ipoteka kreditləşməsi başlamışdı. Məsələn, biz 2009-cu ildə belə bir açıqlama vermişdik ki, Azərbaycanda cəmi iki nəfər ipoteka kreditindən istifadə edib. Çünki jurnalistin aldığı əmək haqqı ilə ipoteka kreditinin verilməsi arasında kəskin ziddiyyətlər var idi. Əlavə olaraq jurnalistlə əmək müqaviləsi bağlanmırdı, əmək münasibətləri rəsmiləşdirilmirdi. Ona görə də o, ipoteka kreditləşməsinə düşə bilmirdi. Çox ağır durum yaranmışdı. Baxın, o ağır durum həmin o keçici dövrə təsadüf edir. Çünki media 90-cı illərdə bir sistemlə yaşamışdı, 2000-ci ildə başqa bir seçimə keçid elədi. Ortada 90-cı illərdə qırılıb qalmış bir nəsil var idi.  Onlar nə köhnə sistemlə idarə olunurdular, nə də təzə sistemə inteqrasiya oluna bilmirdilər. Bunlarda kütləvi şəkildə mənzilsizlik problemi var idi. Bu gün jurnalistikaya yeni gəlmiş şəxsər üçün o problemləri həll eləmək asandır. Çünki əmək haqı yüksəkdir, valideyn himayəsindədir və mənzil problemini həll edə bilir. Amma adam var ki, bu gün 50 yaşı var, gəncliyi həmin o 90-cı illərə düşüb.  Həmin illər o məqamı ötürdüyünə görə problemi həll edə bilmir. Biz o vaxt hesablamışdıq ki, dövlət keçid dövrü üçün müəyyən addımlar atmalıdır. Keçid dövrünü tamamlayandan sonra dövlətin bu qədər əziyyət çəkməsinə ehtiyac qalmayacaq. Biz təkliflər vermişdik. Əlbəttə biz o vaxt məsələnin bu qədər köklü şəkildə həll olunacağını gözləmirdik. Biz təklif edirdik ki, Bakıda kooperativ evlər tikmək üçün müəyyən yerlər verilsin və sair. Yaxud jurnalistlər də sosial zümrə olaraq ipoteka kreditinə daxil edilsin. Biz məsələni bu cür qaldırmışdıq. Amma sağ olsun, cənab Prezident mənzilləri tikdi və jurnalistlərə pulsuz verdi.

Ziddiyyət jurnalistlər üçün tikilən 3-cü binanın üzərində yaranıb. 3-cü bina jurnalistlərə verilmədi. Əgər o 3-cü bina da verilsə, 90-cı illərdən qalma nəsil jurnalistləri artıq 3-cü binanın verilməsi ilə təmin edilib qurtarmış sayılır. Ondan sonrakı nəsl üçün artıq yeni şərtlər hazırlamaq olar. Hökm deyil ki, bina tikib verəsən. İpoteka kreditlərindən istifadə edən sosial zümrə katiqoriyasına daxil etməklə problemləri həll ola bilər. Amma həyatını yeni quran jurnalistlə, həyatının ortasında və sonunda olanlar arasında fərq var. 90-cı ildə bir dalğa yaşandı, sistemsizlik yarandı və onun içərisində bizim 10 illik həyatımız itib getdi. Bizim hesablamamıza görə əgər 3-cü bina da jurnalistlərə verilərsə, artıq o problem böyük mənada həll edilmiş sayılır.

 

- Veriləcəkmi?

 

- Təəssüf ki, bəzi şəxslər jurnalistlərin mənzil məsələsinin üzərində manipulyasiya edirlər. Mən o məsələlər ətrafında müzakirələr aparanda soruşuram; o adamlar bilirlərmi nə qədər evsiz jurnalist var və neçə faizi həmin 90-cı illərin burulğanından keçmiş adamlardır. Ortada heç bir statistika yoxdur, amma adamlar durub bunun üzərində fikir yürüdürlər. Yaxşı olar ki, öncə bu statistikanı müəyyən eləsinlər, sonra bunun üzərinə gedilsin. Əlbəttə, o mənzillərin kimə verilməsi cənab prezidentin müstəsna hüququdur, buna heç kəs irad bildirə bilməz. Biz o təklifi verəndə ağlımıza da gəlmzdi ki, mənzilər tikilib heç bir ödəmə istənilmədən verilə bilər. Bu, Azərbaycan jurnalistləri üçün çox böyük töhfə oldu. Amma bu proses tamamlanmaldır.

Ən təəssüf doğuran məqam odur ki, manipulyasiya ən həssas məsələnin üzərində quruldu. Şəhid ailələri bizim ən həssas yerimizdir. Bu məsələdə insanlar qarşı-qarşıya gətirilməməliydi. Ona görə də 3-cü mənzilin jurnalistlərə deyil, başqa-başqa zümrəyə verilməsi ilə bağlı mövzunu gündəmə gətirənlər danışdırılmaldır ki, onlar vəziyyətin izahını versinlər. O zaman dövlət üçün də aydın olacaq ki, bu təşəbbüs hardan gəlib və nəyə yönəlib. Hesab edirəm yəqin ki, son qərarı cənab Prezident verəcək. Cənab prezident hər nə deyəcəksə, bütün məsələlərdə olduğu kimi hər kəs bunu da qəbul edəcək. Yetər ki, bu məsələ manipulyasiya obyektinə çevrilməsin. Təbəqələr üz-üzə qoyulmasın və sonucda ədalətli qərar qəbul edilsin. /həftə içi/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı