Yaponiyalı 107 yaşlı iki bacı dünyanın ən yaşlı əkizləri elan edilib.
Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat yayılıb.
Kome Kodama və Umeno Sumiyama 5 noyabr 1913-cü ildə Yaponiyanın Kaqava prefekturasındakı Sedo adasında anadan olublar. Onların ailəsində 13 uşaq böyüb. Bacılar kiçik yaşlarından ayrı yaşamağa başlayıblar. Eyni zamanda, bir-biri ilə əlaqə saxlayıblar.
Qadınlar iki dünya müharibəsinə şahidlik ediblər. Onlar bir-birlərini yalnız ailə üzvlərinin yas və toy mərasimlərində görüblər.
Hazırda onlar müxtəlif qocalar evlərində qalırlar. Kodama və Sumiyama artıq tarixin ən yaşlı əkizləri olduqlarını təsdiq edən sertifikatlarla təltif olunublar.