“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

19:32 23-09-2021 | icon 1111 | Cəmiyyət
“Buduna qədər ayağı kəsilib, hələ də get-gələ salırlar” - MÜSAHİBƏ

Çiçək Qəzənfərqızı: “Milli Məclisdə bu məsələ ətrafında ciddi müzakirə aparılmalıdır”

 

Son zamanların mübahisəli mövzusu olan əlilliyin təyinatı və ləğvi ilə bağlı məsələlər bir çox hallarda əhali arasında narazılıqla qarşılanır. Belə halların qanunvericilikdə boşluqlar  və məmurların öz səlahiyyətinə barmaqarası yanaşması ilə önə çıxdığı qeyd olunur. Verilən məlumatlara görə, bu gün  17 mindən çox əlillik ləğv olunub, 1700 nəfər II Qarabağ iştirakçısına əlillik təyin edilib. Bu proses nə dərəcədə obyektiv aparılır, mövcud problemlər nə ilə bağlıdır?

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı müəyyən nüanslara diqqət çəkib.

 

- Çiçək xanım, bu gün əlillik və əlilliyin təyin olunması ilə bağlı  ortaya çıxan hansı mühüm nüansları müşahidə edirsiz?

 

- Bu sahədə çox problemlərlə rastlaşırıq. Ola bilər ki, əlilliyin təyinatı ilə bağlı işlər görülür, amma ümumən bu istiqamətdə aparılan siyasət məni qane eləmir. Məsələyə kənardan nəzər salanda başqa bir mənzərənin şahidi oluruq. Məsələn, mən konkret olaraq özüm rastlaşdığım neqativi deyim. Mənim də əlilliyi olan ailə üzvlərim var, tanıdığımı insanlar var. Bu yaxınlarda gəlib dedilər ki, siz 3-4 ildir xəstəxanada yatmamısız, ona görə əlilliyiniz mübahisəlidir, sənə əlillik təyin edilə bilməz. Halbuki onun vəziyyəti bəllidir ki, çox ağırdır. Amma onlar formallıq xatirinə həmin xəstənin yenidən xəstəxanada yatmasını tələb edirlər. Sən onu formal olaraq xəstəxanaya göndərirsən, yaxşı, onun müalicəsi varmı, necə müalicə olunur, xəbərin varmı? O xəstəxanada xəstəyə bir papaverin, dibazol, bir yuxu dərmanı, 2-3 vitaminlər verilir, vəssalam, bundan artıq heç nə verilmir. Axı bu xəstə bu dərmanlarla sağalıb cəmiyyətin sağlam bir kəsimi kimi həyata qayıtmır. Onsuz da xəstə sahibləri onun müalicəsi üçün borc-xərc edib başqa dərmanlar vasitəsi ilə az da olsa müalicəsini aparırlar. Amma həkim komissiyaları üçün xəstənin müalicə olunması formal xarakter daşıyır.

 

- Göstərdiyiniz fakt hansı əlilə aid olan məsələdir. Hansı xəstəlik üzündən ona əlillik düşüb, niyə xəstə ola-ola əlilliyi dayandırılıb və səbəb nə gətirilir?

 

- Həmin xəstə mənim həyat yoldaşımdır. Bu xəstə 2 dəfə ürəyindən infakt keçirib. Mərkəzi Klinikada qoyulan diaqnoza görə damarı dəyişməlidir. O adamın ürəyi ağrıdığı üçün oturaq vəziyyətdə yatır. Bu adam eyni zamanda şizofreniya - şəxsiyyət dəyişkənliyindən əziyyət çəkdiyi üçün qeydiyyatdadır. Bu xəstə şəkərdir, baş barmağı kəsilib. Bu xəstənin sol ayağının altı  şəkərlə bağlı deformasiya olunub çəliklə gəzir, arabada oturur. Yaxşı, siz deyən kimi biz bunu təzədən göndərdik, Sabunçu xəstəxanasında yatdı. Bu adam hansı müalicəni alıb sağalacaq. Bu adamın 3-4 aydır pensiyasını kəsiblər. Xəstəxanaya çatan kimi dedilər ki, yerpulu ver, pastel pulu ver, biri gəldi ki, süpürgəpulu ver və sair... Hələ ayağını içəri qoymayıb, 80 manat xərci çıxdı. Müalicəsi üçün isə aparılmadı. Belə bir hal heç bir yerdə görünməyib. Bunu o yerdə edirlər ki, vətəndaşın sığortası olusun.

Digər məsələ ondan ibarətdir ki, əlilliyi ləğv edən zaman bizə səbəb gətirdilər ki, gedin filan yerə, ürək damarını dəyişdirin müalicə olunun. Heç o biri də başqa xəstəliklərin də adını çəkmir. Yaxşı, gəlmişəm qıç damarını dəyişməyə, buna nə desələr yaxşıdır,  biz sənə qarantiya vermirik. Bir sözlə, əlillik pulunu verməmək üçün insanı ölümə göndərirlər. Onsuz da xəstənin nə qədər yaşayacağı bilinmir. Bu adam Qarabağ qazisidir, vaxtilə vətən yolunda sağlamlığını itirmiş bir adamdır.  Sən bu gün ona qarantiya vermirsənsə, onda bunu hara göndərirsən. O əməliyyatın bəlli bir qiyməti var, necə oldu ki, birdən-birə sənin buna yazığın gəldi, əməliyyata göndərdin?! Biz o göndərişi ləğv elədik. Onu arabaya qoyub apardım və dedim ki, biz əməliyyat istəmirik. Fitek (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi əlilliyi olan şəxslərə kompleks tibbi-sosial və peşə reablitasiyasının aparılması üçün nəzərdə tutulan müəssisə) nümayəndəsi gəldi evə. Evdə müayinə elədi, heç olmasa Allahını yadına salıb görmədi ki, ürəyi heç, bunun ayağı kəsilmək üzrədir.

 

- O xəstənin ruhi xəstəliyi hiss olunurmu?

 

- Niyə görmür, Fitek nümayəndəsi özü yaxşı gördü bu adamın halı nədir. Zobdan əməliyyat olunub, əməliyyat olunduğu yerdən sap sallanır.

 

- Siz bu əlilliyin yenidən təyin olunması üçün neçə ay olar bu proseduru keçirsiz?

 

- Artıq 5 aydır. Hətta biz araba üçün də müraciət etmişik. Ordan da araba verən müəssisənin nümayəndələri deyirlər ki, əlilliyi verilmədiyi üçün araba düşmür. Bu da həmin o komissiyanın görəcəyi işdir.

 

- Çiçək xanım, sız 5 aydır bu əziyyəti çəkirsiz. Faktlar var ki, hətta serebral iflic olan uşaqların da əlilliyi kəsilib. Bu istiqamətdə daha hansı faktlar əlilliyin təyin olunmasındakı boşluq və neqativləri üzə çıxarır? Daha kimlər əlilliyi açıq-aydın göründüyü halda pensiyası ləğv olunub?

 

- Maştağada Ruhi Əsəb Xəstəxanasında dəfələrlə yatmış 52 yaşlı bir qadın var, o da neçə illərdir əlilliyi ilə bağlı pensiya alırdı. Onun ailəsindən şikayət gəlib. Deyirlər ki, illərdir əlil kimi dövlətdən müavinət alsa da, indi dayandırılıb. Biz onun işi ilə məşğul olmuşuq, deyirlər ki, xəstəxanada yatsın. Bəli, təkrar xəstəxanada yatıb, amma pensiyası 2-ci dəfədir ki, dayandırılıb.  Bundan başqa autizm xəstələrinin də əlilliyini dayandırıblar. Səbəb gətirirlər ki, əli var, ayağı var, kolyaskada oturmur, get deyəndə gedir, gəl deyəndə gəlir. Və bu səbəblə də iddia edirlər ki, buna əlillik düşmür.

 

- Doğrudanmı düşmür və düşməlidirsə niyə?

 

- 16 yaşlı bir yeniyetmə özünü idarə edə bilmir. Nə olsun ki, əl-ayağı var. O yaşamalıdr, işləməlidir, adaptasiya olmalıdır. Bunları edə bilmirsə, onun yaşamaq haqqını kim verməlidir və necə etməlidir. Çox üzr istəyirəm, bir heyvana, itə, pişiyə də “piş-piş” eliyəndə gəlir. Bu formada davranışları əgər bunlar normal hesab edirlərsə, onda aparsınlar tələblərini təmin etsinlər. Məktəbə aparsınlar, oxutsunlar, geyindirsinlər, yedirtsinlər, gəzdirsinlər. Bunu necə edəcəklər, artıq onu da özləri düşünsünlər. Axı əgər baş idarə etmirsə, ayağın yeriməsinin, əlinin olması nəyi dəyişir?! Mən bu cür yanaşmanı düzgün hesab eləmirəm, bu doğru deyil. Belə xəstələrə xarici ölkələrdə Əlillik yox ey, böyük imtiyazlar verirlər. Görürlər işləmək imkanı yoxdur, pul verirlər. Bir sözlə, insanın iş qabiliyyəti, özünü idarəetməsi, cəmiyətə, sosial mühitə inteqrasyası yoxdursa, o, dövlət tərəfindən təmin olunmalıdr ki, yaşaya bilsin. Xarici ölkələrdə özləri bunu edir. Çox vaxt özləri bu insanları axtarıb tapır.

Bizə başqa bir şikayət də daxil olub. Həmin adam mənim kimi vətəndaş cəmiyyətinin sədridir. Bədbəxt bir qadındır, 2 uşağı da xəstədir. Bir uşağını himayəyə verib orda saxlayırlar, birini özü saxlayır. Deyir ki, özü saxladığı uşağın əlilliyini dayandırıblar. O səbəbdən ki, əl-ayağı var. Nə baş verməlidir ki, ona əlillik verilsin, pensiya verilsin. O bu saat mübarizə aparır ki, əlilliyi bərpa olunsun. Axı niyə insanlara bu qədər zülm verirsiz. Onsuz da bu ailələr xəstə ailə üzvlərinin həyatı ilə bağlı əziyyət çəkirlər. Niyə insanların həyatını bir qədər asanlaşdırmaq əvəzinə, daha da çətinləşdirirsiz. Niyə sadə, kasıb, xəstəsi olan ailələrin dərdini anlamırsız.

 

- Çiçək xanım, əlilliyin dayandırılması bir çox hallarda onunla əlaqələndirilir ki, bir çox insanlara əlilliyin verilməsi saxta aparılıb, yəni çox insanlar xəstə olmasalar da, əlil kimi müavinət alırlar. Bununla bağlı nə deyərdiniz?

 

- Bəli. Belə hallar ölkəmizdə kifayət qədərdir. İndi bunlar, qurunun oduna yaşı da yandırırlar. Bəli, bu istiqamətdə aparılan araşdırmalar çox gözəl siyasətdir. Əslində mən bunu həmişə gözləmişəm. Çünki illərdir gözüm baxa-baxa filankəslərin yalandan əlillik aldığını görmüşəm. Burda qurunun oduna yaşı da yandırmaq düzgün deyil axı. İndi həmin qanunu pozanlar ondan da bərk gedirlər. Mən adam tanıyıram ki, 3-4 min verir ki, təkrarən əlilliyini bərpa eləsin. 3 mini ver, get otur evdə.  Adamın yəqin ki, pulu var ki, əlilliyi alır da.

 

- Məlum olduğu kimi, vətən müharibəsindən sonra qazilərimiz var ki, əlilliyin alınması, təyinatı ilə bağlı çox çətinliklər çəkdilər. Statistikaya görə 1700 Qarabağ qazisinə əlillik təyin edilib. Bu istiqamətdə görülən işləri necə dəyərləndirir və nələri müşahifə edirsiz?

 

- Düzdür, işlər görülür. Amma problemlər də çoxdur. Bir qazimizə birbaşa yardım elətdirirəm. Ona görə bilirəm ki, çox qazilərimiz əlilliyin alınmasında, təyinatı ilə bağlı çətinliklərlə üzləşib və hələ də belə hallar var. Nicat Sultanlı adlı qazimiz bu yaxınlara qədər deyirdi ki, əlilliyin verilməsi ilə bağlı onun işini uzadırlar. Ondan xəsətəxanadan təkrar göndəriş istəyirdilər. Onun ayağı təkrar bir də kəsildi. Artıq buduna qədər ayağı kəsilib. Amma hələ də qazini get-gələ salırlar. Səbəbini bilmirəm, hər dəfə də bir söz deyirlər. Əslində onları get-gələ salmalı deyillər, oymamalıdırlar. Onların işini alıb elektron qaydada işini həyata keçirməlidirlər. Adamın ayağı yoxdur, maşını da yoxdur. Adam çətinlik çəkir. Nəyə görə gedib hansısa qapını döyməlidir, özü də özü getməlidir. Buna da pis baxıram. Necə ki, onu müharibəyə göndərəndə sənədlərini operativ həll elədilər, bu işi də operativ həll olunmalıdır. Niyə ayağı kəsilmiş qaziyə vaxt qoyursan, nədir, bunun ayağı təzədən çıxacaq?!

 

- Belə qeydlər var ki, 17 mindən çox əlillik ləğv olunub. Sizin də sözlərinizdən görünən odur ki, bunların arasında saxta əlillik alanlar da var, həqiqi əlilliyi olan adamlar da var. 17 min Qarbağ iştirakçısına əlillik təyin olunub, bəlkə daha çox əlilliyin təyinatını gözləyən qazimiz var. Ümumən əlillərə münasibətdə aparılan siyasəti necə dəyərləndirirsiz?

 

- Belə hallar ölkəmizdə narazılığa səbəb olub. İndi onların səsini çıxmağa qoymurlar. Amma nə vaxtsa bu partlayacaq. Burda 2-3 fakta əsasən saxata əlilliyi ləğv elədilərsə, 10 dənə də həqiqiq əlilliyi ləğv elədillər. Mənə gələn şikayətlərin hamısını araşdırmışam. Əlimdə 17 dənə fakt var ki, olanların əlilliyi haqsız olaraq ləğv olunub, dayandırılıb.

 

- Bu barədə ictimai şuralara fikirlərinizi çatdırırsızmı?

 

- İctimai şuraların bir qurum, struktur kimi təşkilinə məətəl qalıram. Onlara gülməyim gəlir. O qurumlarla özlərini kimlərəsə göstərməyə çalışırlar. Necə ki, deputatlar ona-buna yalvardı ki, səs ver, bunlar da elə elədilər. İctimai Şuralar yalançı bir şeydir.  İctimai şura vaxt aparmaqdır. Əgər ictimai şura varsa, o zaman QHT rəhbəri Zeynəb xanım aylardır uşağının problemi ilə bağlı döymədiyi qapı qalmayıb. Niyə onun məsələsini müzakirə edib həll etmirlər. Hansı ki, ictimai şura üzvlərinə səs verib.

 

- Nə etsinlər ki, bu problemlər olmasın?

 

- Düzdür, bu proses çətindir, gərgin iş tələb edir. Minlərlə əhali əlillik alır. Bütün bunlarla yanaşı təklifim budur ki, əlilliyin təyin olunması ilə bağlı daxil olan hər bir sənədlə bağlı geniş araşdırma aparsınlar. Lazım gələrsə, “dost xidmət”lərindən istifadə eləsinləlr. Getsinlər xəstələri öz gözləri ilə görsünlər. Əlilliyin təyinatını müəyyən etməzdən əvvəl ciddi araşdırılsın.

 

- Problemi yaradan nədir, kimdir?

 

- Fitek-dən gəlir, görür ki, adam xəstədir, ona “əlil deyilsən” deyə bilmir, “hə” deməyə də gücləri çatmır. Görünür ki, məmurlar məsələləri düzgün həll etmək istəmirlər. Mənə dedilər ki, əllərindən heç nə gəlmir, qanunlarda olan təzadlar onlara qəti addım atmağa imkan vermir. Məsələn, mənim yoldaşım 2-ci qrup idi. Amma yeni qanuna görə 3-cü dərəcə verirlər. Hesab edirlər ki, 2-ci dərəcə əlillik verilməsi üçün bu adam nasılkada getməlidir. İflicdirsə, əlini tərpətməli deyil. Bu nə cür qanundur?! Bir sözlə, dərəcəni az qala ölüyə verirlər. Bu, insanlığa qarşı hörmətsizlikdir. Şizafreniaya xəstəliyinin də pulunu kəsirlər, deyirlər ki, yeriyir. Bir sözlə, komissiyalarda əlilliyin təyinatı ilə bağlı mübahisələri qanundakı dəyişikliklə əlaqələndirilər. Bu isə yanlışdır. Ona görə də həqiqətən Milli Məclisdə bu məsələ ətrafında ciddi müzakirə aparılmalıdır. Neçə-neçə insanların əlilliyi dayandırılmaqla, həm də haqları pozulur.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı