"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

17:18 24-09-2021 | icon 712 | Siyasət
"Azərbaycanın möhtəşəm qələbəsi Kuzey Kıbrıs xalqını çox sevindirdi" - MÜSAHİBƏ

Mustafa Beyazbayram: “Həsrətlə Qarabağa gedəcəyim günü gözləməkdəyəm

 

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı Böyükelçisi Mustafa Bəyazbayram Baku News TV-yə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Mustafa bəy, avqust ayında Bakıya gəldiniz. Bu dəfə Böyükelçi kimi. Bir daha təbrik edirik, xeyirli-uğurlu olsun. Bildiyim qədər Bakıya üçüncü gəlişinizdir. Birinci dəfə Azərbaycan keçmiş sovetler birliyinin tərkibində olarkən səfər etmisiniz. İkinci dəfə diplomat kimi gəlmisiniz. Maraqlıdır, bu üç səfəri müqayisə edəndə Sizin gözünüzdə Azərbaycan necə görünür?

 

- İlk dəfə Azərbaycana 1990-cı ildə gəlmişəm. O zaman bir çox ölkələr keçmiş sovetlər birliyinin tərkibində idi. Mən də həmin vaxt Ukraynada, Kiyevde beynəlxalq əlaqələr üzrə ali təhsil alırdım. Məni Bakıya orada oxuyan azərbaycanlı qardaşlarım, tələbə dostlarım dəvət etmişdilər və o vaxtın təəbirincə desəm, Azərbaycan sovet sosialist respublikasına səfərim gerçəkləşdi. Burada çox yaxşı, yaddaqalan günlər keçirdim, çox yerləri gəzdim, gördüm. Bakı onda da çox gözəl, şirin bir şəhər idi. Düzdür, indiki kimi hündürmərtəbəli binalar, tikililər yox idi. Azərbaycan-Ermənistan münaqişəsi artıq başlamışdı. Savaş olmasa da, münaqişə vardı. İnsanların problemləri hiss olunurdu.

Ukraynada universiteti bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Londona getdim. Orada təhsil aldığım dönəmdə sovetlər birliyi dağıldı. Azərbaycan, Ukrayna və digər ölkələr müstəqilliyinə qovuşdu. Təhsilimi bitirdikdən sonra Kuzey Kıbrısa qayıdıb, Xarici İşlər nazirliyində işə başladım. İlk xarici ölkədə işləmək təyinatım Azərbaycana çıxanda çox sevinmişdim. Həm Azərbaycanı, həm də keçmiş sovetlər birliyi ölkələrini yaxşı tanıyırdım. Ukraynada təhsilimi rus dilində aldığımdan post sovet respublikalarında dil problemim də yox idi. Azərbaycan dili ilə türkcəmiz eynidir və öncədən də burada olduğum üçün dörd il çox xoşbəxt bir fəaliyyətim oldu. Azərbaycan rəsmiləri, xalqı ilə gözəl, qardaşlıq ruhunda əlaqələrimiz davam etdi. Bakıda işlədiyim müddətdə hətta Azərbaycandan Kuzey Kıbrısa birbaşa təyyarə reysi gerçəkləşdi. KKTC-nin kurucu cumhurbaşkanı, rəhmətlik Rauf Denktaş Azərbaycana səfər etdi. Daha sonra ikinci cumhurbaşkanımız Tələt Bakıya gəldi, dünya azərbaycanlılarının qurultayında iştirak etdi. O dönəmdə Azərbaycan-KKTC əlaqələri ən üst səviyyədə idi. Bir məqamı da qeyd edim ki, elə o zaman Bakıda gələcək həyat yoldaşımla tanış olduq və ailə qurduq. Ailəli və iki qız babasıyam. Azərbaycanlı həyat yoldaşım və iki övladım Azərbaycan vətəndaşıdılar. Burada fəaliyyət müddətim bitdikdən sonra müxtəlif vəzifələrdə çalışdım və ölkəmin Londonda konsulu oldum. Daha sonra KKTC-nin Antalya quruldu və mən qurucu baş konsul olaraq orada dörd il çalışdım. Son olaraq isə, daha doğrusu son deməyim, ola bilər ki, gələcəkdə yenidən Azərbaycanda çalışım. Ya da elə turist olaraq  tətilə gəlim, bura mənə doğmadır. Növbəti təyinatım və üçüncü ölkə Azərbaycan oldu. 1 avqust 2020-ci ildən KKTC-nin Azərbaycandakı Təmsilçiliyinin rəhbəriyəm.

 

- Mən də ailənizlə bağlı sual verəcəkdim, Siz öncədən cavabladınız. Bilirəm ki, taleyinizi də Azərbaycan, Bakı ilə bağlamısınız və gözəl azərbaycanlı qızla ailə qurmusunuz, şirin-şəkər iki qızınız var. ALLAH mutluluğunuzu daimi etsin. Mustafa bəy, təbii ki, diplomat olmaq, ölkəsini təmsil etmək həm məsuliyyət, həm də şərəfdir. Bu mənada, diplomatiyaya gəldiyiniz yola qısa diqqət çəkməyinizi xahiş edirəm. Diplomat olmaq uşaqlıq arzunuz idi, ya valideynlərinizin istəyi idi?

 

- İlk və orta təhsil illərində diplomat olmaq kimi bir arzum yox idi. Ola bilər ki, uşaqlıq illərində kiminsə böyüyəndə hansı məslək sahibi olacağı ilə bağlı xəyalları olsun. Amma mənim yox idi. Çox gözəl, xoşbəxt uşaqlıq illərim, dostlarım olub. Məktəbdə də uğurlu, dərslərini əla oxuyan şagird idim. Həm orta məktəb, həm lisey illərində uğurlarım davam etdi. Ancaq gələcəklə bağlı planlar qurmadım. Sovetlər Birliyində, Ukraynada ali təhsilimə gəlincə, burs aldığıma görə beynəlxalq əlaqələri seçmək mənim öz tərcihim oldu. Özəlliklə lisey illərimin sonunda siyasət, dünya siyasətində, Kıbrısda baş verənlər diqqətimi çəkirdi və bu sahəyə daha çox maraq göstərməyə başladım. Ona görə də beynəlxalq əlaqələri və siyasəti seçdim. Ali təhsil aldığım illərdə dünya iki qütblü idi - bir tərəfdə Amerika, digər tərəfdə keçmiş SSRİ. Soyuq savaşın bitməyə başladığı dönəm idi. Və indi dönüb geri baxanda həmin illərdə sovetlərdə ali təhsil almağım həm də mənə tarixi hadisələrə şahidlik etmək, onları gözlərimlə görmək fürsəti vermişdi. Mənim oxuduğum universitetdə çox sayda əcnəbi tələbələr vardı. Hətta müəllimlərimiz bizə BMT-dən dərs keçərkən deyirdilər ki, - "Siz Birləşmiş Millətlər Təşkilatının fərqli bir yer olduğunu düşünməyin. Məsələn, elə sizin qrup BMT-dir, hərəniz bir ölkədən gəlmisiniz və burda da müxtəlif müzakirələr aparırıq. Orada rəsmi və dövlətlər tərəfindən göndərilirlər, burada isə qeyri-rəsmidir. Hər biriniz öz şəxsi düşüncələrinizi çatdıra bilərsiniz, onlar isə dövlətlərinin dediklərini, fərq budur".

Sosial bilimlər üzrə təhsilim, sovetlərin dağılması, yeni cümhuriyyətlərinin müstəqilliyini elan etməsi, Avropada baş verənlər, NATO-nun genişlənməsi, Rusiyanın geriləməsi, federasiya daxilindəki savaşlar və sair şahidlik etmək çox az insana qismət olan durumdur, bu üzdən də özümü bir az şanslı hesab edirəm. Bundam başqa, bir az öncə də qeyd etdiyim kimi, Londondakı təhsilimdən sonra vətənimə döndüm və hərbi xidmətimi yerinə yetirdim. Əsgərlikdən sonra Xarici İşlər Nazirliyindəki sınaq imtahanlarını qazandım və orada işə başladım. Diplomatiya oxuyub, aidiyyatı üzrə çalışan çox az insanlardan biriyəm, bu mənada da özümü şanslı hesab edirəm. Bilirsiniz ki, çoxu beynəlxalq əlaqələr oxuyur, amma az sayda diplomat olmaq fürsətini qazanır. Əksəriyyəti başqa sahələrdə, müxtəlif işlərdə çalışır, müəllim və ya akademik işçi və sair kimi. Mən təyinatı üzrə çalışdığım, karyeramı davam etdirdiyim üçün çox xoşbəxtəm.

 

- Bu gün Kuzey Kıbrıs Türk Cümhuriyyətini rəsmi olaraq tanıyan tək dövlət Türkiyədir. İkili, ya çoxüzlü standartlar tanınmaya mane olsa da, Kuzey Kıbrıs universitetlərinin diplomları bütün dünyada tanınır. Eləcə də Avropa və digər ölkələrdə təmsilçilikləriniz fəaliyyət göstərir. Sizcə türk cümhuriyətləri nədən KKTC-ni rəsmi olaraq tanımırlar? İlk addımı onlar atsalar, bu, digər ölkələrə də nümunə olmazmı?

 

- Bəli, bu gün Kuzey Kıbrısı rəsmi olaraq tanıyan tək ölkə Türkiyədir. 1974-cü il Barış hərəkatından sonra adada türklər və rumlar iki ayrı dövlət olaraq yaşamağa başladılar. 50 ildən artıqdır bu sorunun çözülməsi üçün danışıqlar, müzakirələr davam edir. Biz Kuzey Kıbrıs və Türkiyə, yəni olaya tərəf olaraq baxsaq, türk tərəfi hər zaman problemin həlli üçün xoş məram nümayiş etdirdik, bir addım öndə olduq, bütün danışıqlarda iştirak etdik. Rum tərəfi isə bizdən fərqli olaraq, özəlliklə də bizdən qəsb etdikləri rum cümhuriyyətinin tanınmış dövlət olaraq dünyada fəaliyyət göstərməsinə davam etdikləri üçün heç vaxt türk tərəfinə addım atmaq düşüncəsində olmadılar. Son illər isə aşkar oldu ki, biz problemin həlli üçün nə qədər səy göstərsək də, xoşməramlı addımlar atsaq da, qarşı tərəf bunun əksini edir. Xüsusilə də 2004-cü il "Annan planı" dönəmində keçirilən referendumda onlar üzlərini bir daha göstərdilər. Hansı ki, referendumda irəli sürülən planlar çərçivəsində bizim çıxarlarımız, maraqlarımız yüzdə yüz qorunmasa da, problemin həlli, işbirliyi içərisində, adada iki bərabərhüquqlu xalq kimi birlikdə yaşamağa davam etmək üçün Kuzey Kıbrıs xalqının 65 faizi səsvermədə "evet" (bəli) dedi. Rum xalqının 76 faizi isə "hayır" (xeyir) dedi. Beləliklə də, rum tərəfi referendumda türklərlə bərabər, işbirliyi içərisində yaşamaq istəməyə hazır olmadıqlarını bütün dünyaya nümayiş etdirdilər. Onların bu əməli bizə kəsinliklə irəlidə bu şəkildə zamanımızı boş yerə xərcləməyimiz əvəzinə, öz yolumuzu davam etməmiz üçün bir mesaj oldu. Son olaraq hörmətli prezidentimiz Ersin Tatarla rum kəsiminın rəhbəri Nikos Anastasiadesinn Cenevrədəki görüşü oldu. Bu görüşün nəticəsindən danışan BMT-nın baş katibi Quttereş bəyan edib ki, tərəflər hər hansı ortaq məxrəcə gələ bilməyiblər və toplantını sonlandırıb, Nyu-Yorka dönüb. Bu da o anlama gəlir ki, rumlar hələ də bizimlə birlikdə idarəçiliyi qəbul etmirlər və bizi bərabərhüquqlu tərəf kimi görmək istəmirlər. Bizim onların kefi nə vaxt nə istəyəcək kimi durub gözləmək lüksumuz yoxdur. Öz siyasətimizi müəyyənləşdirib, iki bərabərhüquqlu, müstəqil dövlət çərçivəsində bərabər, işbirliyi içərisində yaşamımızı davam etdirmək qərarını almışıq. Nəticədə Kıbrıs bir adadır, onlar da orada yaşayır, biz də, bur yerə gedəcəyimiz yox. Tanınmaya gəlincə, tanınma bir sürəcdir, çünki tanınma de yuri bir diplomatik olaraq, iki ölkənin xarici işlər nazirlikləri üzərindən bir-birlərinə məktub göndərmələri, qəbul etmələri bir tanınmadır. Bir də de fakto tanınma var. Hər hansı rəsmi bir tanınmayı gərəkdirmədən qarşılıqlı işbirliyi çərçivəsində də dövlətlər bir-birini tanıya bilir. Bu sürəc zaman alaraq de yuri dönə bilər. Örnəyi sovetlər birliyi qurulanda tanınmırdı, amma işbirliyi içərisində bir sıra dövlətlərlə əlaqələri vardı. Eyni zamanda, Çin Xalq Respublikası da uzun illər ABŞ tərəfindən tanınmamasına rəğmən, yaşamını davam etdirdi. Bu gün Kosova bir çox dövlətlər tərəfindən tanınır, bir çoxu tərəfindən tanınmır və bu bir sürəcdir. Biz isə öz demokratiyamızı, qurumlarımızı, iqtisadiyyatımızı, infrastrukturumuzu gücləndirməliyik. Sizin də söylədiyiniz kimi, örnəyi təhsil sahəsində Kuzey Kıbrısda 21 universitet fəaliyyət göstərir. Hətta iki yeni universitet açılmaq üzrədir. Universitetlərimizdə dünyanın 150-dən çox ölkəsindən tələbələr təhsil alır və 100 mindən çox tələbə var. KKTC universitetlərində 70-dən artıq ölkədən gələn müəllimlər dərs deyirlər. Onlar çalışır və çörək qazanırlar. Universitetlərimiz Beynəlxalq Universitetlərin üzvləri və Avropa Universitetlər Birliyinin üzvləridir. Universitet diplomlarımız bütün dünyada tanınır. Universitetlərimizdə oxuyub, sonrakı təhsilini Avropanın müxtəlif universitetlərində davam etdirən, doktorluk müdafiə edən tələbələrimiz var. Bundan başqa, universitetlərimizin Avropada fakültələri fəaliyyət göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, ali məktəblərimiz müasir, yüksək keyfiyyətlidir və dünyaya inteqrasiya olub. Biz bu gün qloballaşan dünyada yaşayırıq. İstədiyimiz ölkədə təhsil alıb, istədiyimiz ölkədə çalışıb, yaşaya bilərik. Yəni, əgər sən hansısa ölkənin universitetində təhsil alırsansa, bu onlama gəlmir ki, diplomunu alandan sonra həmin ölkədə qalmalısan. Dünya çapında tanınan universitet diplomu ilə istədiyin ölkəyə üz tuta bilərsən. Məsələn, Ukraynada ali məktəbə qəbul oldum, Londonda təhsilimi davam etdirdim, Kuzey Kıbrısa dönüb çalışdım. Ona görə də aldığımız keyfiyyətli təhsil gələcəkdə bizə yardımçı olur. Daha bir misal, Antalyada baş konsul olduğum dönəmdə Qazaxıstanın Antalyadakı konsulu KKTC-də Girnə Amerikan universitetində təhsil almışdı və çox gözəl türkcə bilirdi. Bu da Kuzey Kıbrıs universitetlərində ali təhsil alan tələbələrin dünyanın müxtəlif ölkələrində ən üst səviyyədə təmsil olunmalarının göstəricisidir.

 

- Mustafa bəy, 47 ildən sonra Kapalı Maraş açıldı. Bildiyim qədər artıq xalq, yerli və xarici mətbuat nümayəndələri də ziyarət edə bilirlər. Kapalı Maraşla bağlı ən son durumu, atılacaq addımları Sizdən duymaq istəyirik.

 

- Kapalı Maraş Kuzey Kıbrıs Türk Cümhuriyyətinin torpağıdır. Bildiyiniz kimi, oranın bəlli bir bölümü əsgəri bölgə statusundadır. Nazirlər Kabinetinin qərarı ilə Kapalı Maraş xalqın üzünə açılıb. İstirahət və turizm baxımından çox gözəldir, sahilboyu çimərliklər, dupduru dəniz suyu dinlənmək üçün şərtlərin çox uyğun olduğu yerdir. Beynəlxalq hüquq və qanunların normaları əsasında bir açılım etdik. Orada mülkləri olan bütün insanların haqlarına heç bir halda xələl gəlməyəcək, qayıdıb işlərini yenidən inkişaf etdirmələrini saxlayacağıq. KKTC-də daşınmaz mal komissiyası qurulub. Avropa İnsan haqları məhkəməsinin yönləndirilməsi ilə yaradılan bu komissya üzərindən də mülklərini qoyub gedən şəxslər yenidən müraciət edə bilərlər. Artıq daşınmaz mal komisiyasına belə müraciətlər var. Uzmanlar bununla bağlı ciddi işlər görürlər. Onu da qeyd edim ki, Kapalı Maraşda təkcə rumların deyil, beynəlxalq şirkətlərin də mülkləri, hotelləri vardır. Onlara da müraciət etmək üçün fürsət vermişik. Təbii, bu bir sürəcdir, bu gün, ya sabah həmən nəticə verəcək bir durum deyil. Ancaq biz işbirliyimizi davam etdirmək, özəlliklə Kıbrısın gözəl torpaqlarını iqtisadiyyata, xalqın xidmətinə qazandırmaq üçün addımlar atırıq. Rum qonşularımız isə əksinə, əngəllər yaratmaqda davam edir, Kapalı Maraşda mülkləru olan rum vətəndaşlarını təhdid edirlər ki, müraciət etməsinlər. Bu da günümüzdə sivlizasiyadan uzaq insanların və ölkələrin davranışlarıdır. Təbii, artıq dünya bunları görür və dəyərləndirir.  Əminəm ki, keçmişdə olduğu kimi, indi dünyanın bir çox ölkələri rum propaqandasına inanmır. Beynəlxalq tədbirlərdə, dəvətlərdə, konfranslarda daha yalan-yanlış təbliğatlarına mükafat verilmir. Artıq başqa ölkələrdən olanların çoxu gerçəyi bilir, hətta bizim haqqımızı müfafiə edənlər və dəstək verənlər də var. Bu da bizi sevindirir və getdiyimiz yolun doğru olduğunu, yavaş-yavaş haqqımızı alacağımızın, əməllərimizin, verdiyimiz mücadilənin gerçəyə çevriləcəyinin göstəricisidir.

 

- Mustafa bəy, Azərbaycanla Kuzey Kıbrıs arasında siyasi əlaqələr üst səviyyədədir, qardaşlıq və dostluğa dayanır. Təəssüf ki, iqtisadi sahədə bu sözü deyə bilmərik. Sizcə Azərbaycan-KKTC iqtisadi əlaqələri iki ölkənin potensialına cavab verir? Bilirik ki, embarqolardan dolayı Kuzey Kıbrıs öz məhsullarını dünya bazarına çıxara bilmir. Sizcə, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

 

- Çox vacib bir məsələyə toxundunuz. Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti iki qardaş xalq, iki qardaş ölkədir. Azərbaycan türkcəsində desəm, xalqlarımız arasında mehriban, sevgi, hörmət üzərində qurulan möhkəm bağlar var. Azərbaycan insanları Kuzey Kıbrısda yaşayır, təhsil alır, çalışır. Ev, villa alıb, ora tətilə gedirlər. Eləcə də bizim iş adamları Azərbaycanda çalışırlar, öz işlərini qurublar. Amma iqtisadi münasibətlərimizin indikindən qat-qat üstün səviyyədə ola biləcəyinə inanıram. Özəlliklə Kuzey Kıbrıs iqtisadiyyatının lokomotivi olan turizm, təhsil, kənd təsərrüfatı sahəsi çox inkişaf edib. Kıbrısa özəl, coğrafi olaraq təsdiqlənmiş helim məhsulumuz var ki, süfrələrdə aranan delikatesdir. Hellimin Azərbaycana ixrac edilməsi və süfrələrdə yer alması vacibdir, əminəm ki, azərbaycanlı qardaşlarımız bu məhsulu çox sevəcəklər. Bundan başqa, yenə Kıbrısa məxsus, sizin də qeyd etdiyiniz kimi, çox dadlı və fərqli kartoflarımız, sitrus meyvələrimiz, ləzzətli portağal, limon, mandarinlərimiz, kiçik boylu bananlarımız, əncirlərimiz, zeytun, zeytun yağlarımız var. Bunlar Azərbaycana ixrac edə biləcəyimiz və insanların bəyənəcəyi məhsullardır.

Eyni zamanda, infrastruktur, hotelçilik sahəsində də işbirliyimiz uğurlu olar. Gördüyüm qədər Azərbaycanda inşaat sektoru çox irəliləyib, çox keyfiyyətli hündürmərtəbəli binalar, yeni tikililər var, körpülərin sayı artmaqdadır. Beynəlxalq tenderlərə qatılaraq, bu sahədə də qarşılıqlı işlər görə bilərik. KKTC-nin ən böyük problemi dünya ölkələrinə birbaşa uçuşlarımızın olmamasıdır. Bununla da istehsal etdiyimiz məhsulların maliyyəti artmaqdadır. Məsələn, Ərcan hava limanından Azərbaycana birbaşa uçuş olsa, 2,5-3 saata məhsullarımızı çatdıra bilərik. Amma yalnız Türkiyə üzərindən olduğu üçün başqa ölkələrə getməyimiz çətinləşir. Eniş-uçuş tarifləri, gözləmələr, vergilər, ödəmələr, benzinin qiyməti - bütün bunlar qiyməti çox yüksəldir. Qiymət də yüksələndə bu dəfə Azərbaycan bazarına gələn məhsullar bahalı olduğundan hamı bunları ala bilmir. Bu zaman da faydalı, karlı işbirliyi olmur, ya başlayıb yarıda qalır, ya da heç başlamır. Qeyd etdiyim kimi, çox keyfiyyətli zeytun yağlarımızı da Azərbaycana ixrac edə bilərik. Çünki bazar olaraq İspaniya və İtaliyadan daha ucuz, keyfiyyətli və ya eyni keyfiyyətdə olan məhsullarımız var. Təəssüflər olsun ki, embarqolarla bağlı ixracda çox böyük problemlər yaşayırıq. Avropaya ixraca gəlincə, bilirsiniz ki, onların keyfiyyət və sağlamlıqla bağlı sertifikatı var. Məhsullarımızı yaşıl oto üzərindən Avropaya ixrac edə bilirik. Amma burada da rum tərəfinin əngəlləri ilə qarşılaşırıq, yersiz problemlər yaradırlar, məhsullarımızı sərhəddə həddindən artıq gözlədirlər, müddətin keçməsinə çalışırlar. Bir sözlə, ticarətdəki asan yolun qarşısına əngəl qoyurlar və bunu şüurlu şəkildə edirlər. Ticarət sürət tələb edir, işini görüb, qarşılığında pul qazanmalısan. Ticarətdə qardaşlıq, dostluq və yaxud kimsə sizi sevdiyindən ixrac, idxal prosesi deyə bir şey yoxdur, iş, ehtiyac və qarşılığında əldə edilən qazanc var. Əlaqələr də axsadığı zaman qiymət yüksəlir, qazanc düşür, problemlər yaşanır, yolda gözləyən mal da xarab olur, atılmaq durumunda qalır. Amma indi texnologiya hər gün inkişaf edir, çatdrılma asanlaşır və mən inanıram ki, irəlidəki dönəmlərdə bu problemlər Türkiyə üzərindən də olsa, öz məhsullarımızı daha sürətlə və daha ücuz dünya bazarına çıxara biləcəyik.

 

- Mustafa bəy, Azərbaycan sentyabrın 27-də möhtəşəm qələbəsinin ildönümünü qeyd edəcək. 30 ildən sonra torpaqlarımızı düşmən işğalından azad etdik. Bilmirəm Qarabağa getmisiniz ya yox, amma əminəm ki, belə bir istəyiniz var.

 

- Bəli, doğru deyirsiniz. Azərbaycanda bundan öncəki diplomatik çalışmam zamanı Qarabağ torpaqları işğal altında idi. Yadımdadır, bütün tədbirlərdə, dəvətlərdə, toplantılarda bir fikir xüsusilə vurğulanırdı. "İnşALLAH, bir gün mütləq Türkün bayrağını Qarabağda asacağız", "Tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik', "Öz dədə-baba torpaqlarımıza qayıdacağıq" və bu qəbildən böyük ümidlə qayıdışa inanırdı Azərbaycan. Bu sözlər insanların hər kəlməsində səslənirdi və hər kəsin ən ümdə arzusu idi. Təbii ki, bu durum o zaman Azərbaycan xalqı üçün bir travma idi. Azərbaycan iqtisadi cəhətdən nə qədər inkişaf etsə də, dünya birliyində öz yerini alsa da, ürəyinin bir tərəfi buruq idi, Qarabağ yarası vardı. Deyə bilərəm ki, torpaqların 20 faizinin işğal altında olması hər bir azərbaycanlının yaşamına, həyatına birbaşa təsir edirdi. Amma Azərbaycanın 30 ildən sonra 44 günlük müharibədə torpaqlarını işğaldan azad etməsi, möhtəşəm qələbə qazanmasının sizləri, Kuzey Kıbrısı, bütün Türk dünyasını necə xoşbəxt etdiyinin, qürurlandırdığının şahidiyəm. Xüsusilə bir nüansı qeyd etmək istəyirəm, qələbədən sonra Azərbaycan insanları küçədə, yolda böyük bir özgüvənlə, qürurla addımlayırlar, gəzirlər. Özlərindən əmin şəkildə, heç kimdən qorxmadan, çəkinmədən. Zatən Azərbaycan regionda, Cənubi Qafqazda iqtisadi baxımdan ən güclü, lider dövlətlərdən idi. Amma torpaqlarını geri qaytarandan sonra Azərbaycan güc faktoruna çevrildi. Artıq hərbi baxımdan da özünü isbat etdi və lider oldu. Türkiyə ilə birlikdə addımlamaq, işbirliyi, bizlərin mənəvi dəstəyi və bütün Türk dünyasının dəstəyi ilə Azərbaycan öz gücünü daha da artırdı. Mənim gördüyüm Azərbaycan hazırda bölgədə ən zəngin, siyasi və hərbi baxımdan güclü bir dövlətə çevrildi. Bu da Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu, düzgün siyasətin nəticəsi və göstəricisidir. Dövləti idarə etmək dövlət adamı olmağı və irəlini görməyi, düzgün siyasət aparmağı gərəkdirir. İnşALLAH, ən yaxın zamanda Azərbaycandakı bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımız da öz doğma torpaqlarına dönər. Bilirəm ki, işğaldan azad olunmuş torpaqlarda çox böyük və sürətli quruculuq işləri gedir. O bölgələrdə də iqtisadiyyatın inkişafı Azərbaycanın iqtisadi gücünə güc qatacaq. Qarabağa heç getmədim, öncəki çalışmamda işğal altında idi. Amma sərhəd bölgələrinə - Tovuza, Tərtər, Bərdə və digər rayonlara səfər etmişdim. Hətta o yerlərdə evlərin divarlarında, qapılarında ermənilər tərəfindən atılan güllələrin izləri vardı. Bilirəm ki, hələ xalqa tam açılmayıb, bu da təbii ki, təhlükəsizliklə bağlıdır, Qarabağ torpaqları düşmənin basdırdığı çoxsaylı minalardan təmizlənir. İnşALLAH, ən yaxın zamanda Qarabağ ilk ziyarət edəcəyim yer olacaq, həsrətlə ora gedəcəyim günü gözləməkdəyəm.

 

- Mustafa bəy, son sualımı vermək istəyirəm. Azərbaycanda KKTC-nin Böyük elçisi olduğunuz müddətdə gerçəkləşdirmək istədiyiniz ən böyük planınız nədir? Təbii ki, sirr deyilsə...

 

- Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə ən çox gerçəkləşdirmək və həyata keçirmək istədiyim məsələlərdən biri qarşılıqlı ziyarətlərin artırılmasıdır. Rəsmi səviyyədə ziyarətlərə nail olmaq və iqtisadi sahədə əlaqələrimizi canlandlrmaq, media, informasiya sahəsində ikitərəfli əməkdaşlığın artırılmasıdır. Azərbaycanda baş verənlərin tez bir şəkildə Kuzey Kıbrıs mətbuatında yer alması, eləcə də bizim ölkəmizdəki hadisələrin Azərbaycan mətbuatında işıqlandırılması. Bu üç sahədə əlaqələrimizi möhkəmləndurmək üçün Bakıya gələn kimi iş insanları ilə, sahibkar birlikləri ilə görüşüb, toplantılar keçirdik. Ziyarətinə getdiyim də oldu, eyni şəkildə təmsilçiliyimizi də ziyarət etdilər, əhəmiyyətli fikir mübadiləmiz oldu. Onlarla bizim sənaye odalarının, ticarət odalarının, qadın sahibkarlarımızın görüşlərini təşkil etmək, qarşılıqlı səfərlərlə və işbirliyi ilə bağlı təmaslarını düşündüm. Bilirsiniz ki, bütün dünyada pandemiya ilə bağlı qadağalar oldu, uçuşlar azaldıldı, hədd qoyuldu, gediş-gəlişlər çətinləşdi. Bunu da göz önünə alaraq deyim ki, həmin gediş-gəliş olmasa belə, zoom üzərindən, onlayn bəzi görüşləri həyata keçirə biləcəyimizi, protokol imzalar belə ola biləcəyini dedim. Fikirlərimə müsbət qarşılıq verdilər. Azərbaycan sahibkar qadınlar birliyi, eyni zamanda media mənsubları ilə burada toplantılar gerçəkləşdirdim. KKTC İnformasiya dairəsində gündəlik mətbuatda yer alan xəbərləri, hadisələri sizinlə, media qrupumuzda paylaşırıq. Siz də istədiyiniz xəbəri götürüb, işlədiyiniz media orqanında verirsiniz və Azərbaycan xalqına çatdırırsınız. İnşALLAH, Azərbaycandan bir qrup media nümayəndəsini KKTC-yə səfərə göndərmək, eləcə də, Kuzey Kıbrıs jurnalistlərindən bir qrupunu Azərbaycana gətirmək planımız var. Media mənsublarının qarşılıqlı görüşüb, gərəkirsə qrumlar arasında əməkdaşlıq anlaşmaları imzalaylb, işbirliyi içərisində olmalarını düşünürəm. Bu da hər iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə öz tohfəsini verə bilər. Mən bura gəlməmişdən öncə, 20 iyul öncəsi Azərbaycan parlamentindən bir qrup millət vəkili Kuzey Kıbrısa səfər etmişdi. Orada bir sıra görüşlər keçirib, müzakirələr aparmışdılar. İnşALLAH, KKTC-dən üst səviyyədə nümayəndə heyətinin bir dəvətlə və ya rəsmi ziyarətlə Azərbaycana səfərini də gerçəkləşdirmək istəyirik. Ümumiyyətlə, Azərbaycan-KKTC əlaqələrini daha da möhkəmləndirmək, ən üst səviyyəyə çatdırmaq üçün, iki qardaş dövlət arasında ziyarətlərin, gediş-gəlişlərin çoxalması, bir-birimizi daha yaxından tanımamız, işbirliyi içərisində olmamız üçün burada çalışdığım müddətdə bütün səy və bacarığımdan istifadə edəcəyəm.

 

- Mustafa bəy, vaxt ayırdığınıza, maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Azərbaycandakı fəaliyyətinizdə və bütün işlərinizdə uğur diləyirəm.

 

- Sağ olun.

 

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI