Millət vəkili 5 ölkənin təşkilat rəhbərləri ilə Qarabağ həqiqətlərindən danışıb
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində İsveçrə, Pakistan, Meksika, Yaponiya, Malayziyanın fəal qadınları, təşkilat rəhbərləri ilə görüşüb. İsveçrə, Pakistan, Meksika, Yaponiya, Malayziyanın qadın siyasətçiləri, iş adamları, təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
Versus.Az-ın məlumatına görə, İsveçrə, Pakistan, Meksika, Yaponiya, Malayziyanın fəal qadınları, təşkilat rəhbərləri təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.
Görüşlər zamanı millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.
Qənirə Paşayeva İsveçrə, Pakistan, Meksika, Yaponiya, Malayziyanın fəal qadınları, təşkilat rəhbərlərinə Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.
Görüşlərdə Azərbaycandan bir qrup fəal qadın – Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva, Aynur Ağasiyeva, Ramilə Şirinova iştirak ediblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"