YENƏ SENTYABR, YENƏ BMT SESSİYASI VƏ...

15:04 27-09-2021 | icon 421 | Siyasət
YENƏ SENTYABR, YENƏ BMT SESSİYASI VƏ...
 

YENİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ...

 
 

QƏNİRƏ PAŞAYEVA
/MM-nın Mədəniyyət komitəsinin sədri/

 
 
 

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı ən azı bir neçə əməli fəaliyyət sahəsi üzrə qruplaşdırıla bilər:

 
 
- Dünyaya təhdid yaradan “ikili standartlar”,
 
- Hərbi cinayətkar olan uğursuz dövlət Ermənistanın beynəlxalq səviyyədə qəbul olunmuş qətnamə və qərarlara məhəl qoymamasından irəli gələn problemlər;
 
- Azərbaycan xalqının haqlı Qələbəsi;
 
- Xalqımız öz kökünə, tarixinə, dilinə, adət-ənənələrinə bağlı bir xalqdır;
 
- İqtisadi potensialının, beynəlxalq nüfuzunun artması fonunda Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər;
 
- Yeni gerçəkliklər və yaşanan çətinliklər.
 
 
Altı istiqamət üzrə qruplaşdırdığımız çıxış bir il öncəki çıxışı xatırlatması ilə də ibrətamizdir. Nəyi nəzərdə tuturam? – Ötən ilin sentyabrında – 75-ci sessiyada çıxış edən Prezident Əliyev bir sıra vacib xəbərdarlıqlar etmiş, Ermənistanın və Ermənistana olan münasibətin timsalında baş verə biləcək hadisələrdən danışmışdı. Demişdi ki, Ermənistan təmas xəttinə yeni hərbi texnika cəmləşdirir, yeni müharibəyə hazırlaşır və beynəlxalq ictimaiyyət işğalçıya “Dur!” deməlidir. Xəbərdarlıq edilmişdi ki, həll olunmamış, dondurulmuş münaqişələr ədalətli sülhə xidmət etmir; işğalçı və işğalçılıq mütləq şəkildə beynəlxalq hüquq normaları çərçivəsində qəti münasibətlə üzləşməlidir. Prezident belə xəbərdarlıqları az qala bütün beynlxalq platformalarda və dəfələrlə etmişdi. BMT-nin 75-ci sessiyasında Prezident öz fikirlərini bir daha ifadə etdi və... az sonra – 27 sentyabr, səhər saatlarında olanlar oldu! 44 gün sürən müharibəni tarixi zəfərlə başa çatdıran Azərbaycan 30 illik işğala da, BMT-nin həll edə bilmədiyi 4 qətnaməni də təkbaşına yerinə yetirdi.
 
 
Prezident 76-cı sessiyada müharibəyə gətirib çıxaran qaçınılmaz səbəbləri, beynəlxalq qurumların məsuliyyətini xatırladarkən, Ermənistanın iç üzünü, əsl simasını, daha doğrusu, simasızlığını da təkzibedilməz şəkildə təqdim etdi. Bununla da postmüharibə dövrü gerçəklikləri, bu gerçəkliklərin yaratdığı yeni məsuliyyət və çağırışlar gündəliyə gətirildi.
 
Qısa desək, əlaqədar qurum-quruluşlar, ilk növbədə Ermənistan hərbi-siyasi rəhbərliyi bu konstruktiv çıxışdan nəticə çıxarmasa, Prezidentin səlis təqdim etdiyi siyasi-hərbi, sosial-iqtisadi mənzərəni dərk etməsə, bir sonrakı BMT sessiyasında ediləcək çıxışın məzmununu təsəvvür etmək çətin deyil. Azərbaycanın dövlət başçısının indiyə qədərki çıxışlarına, vədlərinə, xəbərdarlıqlarına bələd olan hər kəs bilir ki, o çıxışlarda yerinə yetirilməsi mümkün olmayan vəzifə, dəqiqləşdirilməmiş informasiya, beynəlxalq hüquqla tərs mütənasib olan vəd olmur. Ona görə də hər kəs qəbul etməldir ki, Azərbaycan unikal dövlət-xalq birliyinin qüdrəti ilə, haqlılığın verdiyi güclə öz dövlət maraqlarını təmin edəcəkdir. Çünki bizim dövlət maraqları məhz haqqa, ədalətə, hüquqa əsaslanır.
 
 
Prezidentin BMT-nin 76-cı sessiyasındakı çıxışında əsas diqqət yetirdiyi məqamlar sırasında Azərbaycan xalqının öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalq olmasının vurğulanması da təsadüfi deyil, əlbəttə. Əlbəttə, dövlət başçısı təsadüfləri deyil, təvafüqləri ifadə edir. 2020-ci ildə Azərbaycanımızın adı beynəlxalq mediada daha çox, Tovuz Döyüşləri, onun ardınca Rusiyanın Xəzər üzərindən İrana, İrandan Ermənistana hərbi təyinatlı intensiv yükdaşımaları, Goranboyda erməni diversiya-kəşfiyyat cəhdinin qarşısının alınması, 27 sentyabr-10 noyabr arasında baş verən Vətən Müharibəsi, dekabrda Bakıda kçeirilən Qələbə Paradı... fonunda tirajlandısa, 2021-ci il Azərbaycan üçün, necə deyərlər, Mədəniyyət İli kimi xarakterizə oluna bilər:
 
“Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Mən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ili “Nizami Gəncəvi İli” elan etmişəm. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür.
Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.” – bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı dedi. Bəli, biz multikulturalizmi bir yaşam tərzi olaraq qoruyur və dəstəkləyirik. Biz müharibədə qalmamışıq, müharibədə göstərdiyimiz qızıl ləyaqəti sülhquruculuğunda da göstəririk. Biz dövlət-xalq birliyinin gücünün təntənəsi ilə Qarabağı yenidən qurur, bərpa edir, o torpaqlara mədəniyyət aparırıq – işğal mədəniyyətsizliyinə son veririk. Dünya müharibədə, işğalın aradan qaldırlmasında yanımızda durmadı, indiki quruculuq prosesində də yanımızda durmasa, bu bizə tarixi haqsızlıq, onların özü üçünsə böyük yanlışlıq olacaqdır. Biz onsuz da Qarabağa qaynar həyatı qaytaracağıq. 30 illik işğala son verməyi bacaran ölkə, tikib-qurmağı da bacaracaq, buna heç kəsin şübhə olmamamlıdır. Heç kəsin şübhəsi olmamamlıdır ki, nəinki 30 il, mövcud olduğu 100 ildən bir az çox “tarixcə”si müddətində onun-bunun hesabına yaşamış Ermənistandan uğurlu dövlət əmələ gətirmək müşkül məsələdir. Ermənistanın nicatı Azərbaycanla, Türkiyə ilə mehriban qonşuluqdan keçir. Gərək Ermənistan işğalçılıq, terrorçuluq siyasətindən birmənalı, qəti şəkildə imtina etsin, üzərinə öhdəlik götürsün.
 
 
Yalnız az bir hissəsini şərh etməyə çalışdığımız tarixi çıxışın ümumi məzmunu, orada qaldırılan məsələlər, irəli sürülən təşəbbüslər Azərbaycan dövlətinin və şəxsən dövlət başçısının xarakterini, xalqımızın dünyaya baxışını, cəmiyyətimizin yeni dünya çağırışlarına hansı səviyyə, dərəcə və keyfiyyətdə cavab verdiyini göstərməkdədir.
 
 
DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu