-Elşad müəllim, son günlər İranın Azərbaycana qarşı qıcıqlı bəyanatları, əsassız ittihamları nə ilə bağlıdır?

-İran öz qonşuluğunda qısa bir vaxtda torpaqlarını işğaldan azad edən, qələbə qazanan bir türk, müsəlman, Azərbaycan dövlətinin olmasını istəmir. Belə bir sosial yanaşma var ki, insanlar qalib olan tərəfə, inkişaf etmiş ölkəyə, insanlara qarşı bir rəğbət bəsləyir, onlara oxşamağa çalışırlar. Azərbaycanın bu uğuru faktiki olaraq İranda mövcud olan 30 milyon azərbaycanlının da  hərəkətə keçməsinə səbəb ola bilər.  Bu İran üçün bir qorxudur. Onlar bu qorxunun qarşısını almaq üçün müəyyən məsələlərdə cavab verməyə çalışırlar. Digər bir tərəfdən, onlar uşaqlıqdan etibarən “böyük şeytan”, “balaca şeytan” olaraq aşıladıqları İsrail anlayışını önə çəkib guya onların sərhəddində yerləşməsindən narahat olduqlarını deyirlər. Guya sabah onlara düşmən kimi yanaşa bilərlər, vura bilərlər və sair.  Bütün bunların əsasında da din faktorundan istifadə edib Azərbaycandakı öz əlaaltılarına da müəyyən mesajlar verirlər.  Təbii ki, bunlar hamısı təəssüf doğurur.  Çünki bu illər ərzində  Xocalı soyqırımı ilə bağlı bircə dəfə Azərbaycanın tərəfində durmayan, buna qarşı ermənilərə heç bir şəkildə etirazlar bildirməyən və yaxud Məscidlərdə donuz saxlayan qonşularına qarşı bircə dəfə bir söz deməyən İranın bu barədə Azərbaycana söz deməyə haqqı, hüququ yoxdur. Azərbaycan Ermənistan kimi Rusiyanın forpostu, maşası deyil.  Azərbaycan müstəqil dövlətdir, Azərbaycan özünün müstəqil siyasətini istədiyi kimi apara bilər, istədiyi yerlə dosluq qura bilər, silah ala bilər.

İran Azərbaycanı sionizmə dəstək verməkdə günahlandırır. Bunlar boş sözlərdir.  Bunu onlardan soruşmaq lazımdır ki, siz nəyə əsaslanıb bu iddia ilə çıxış edirsiz. Faktiki olaraq bu gün Azərbaycanda İsrailə qarşı bir rəğbət yaranıbsa , bunu necə “sionizm tərəfdarları” olaraq təqdim edə bilərlər, nəyə əsasən?!. Halbu ki, bu gün yəhudi olan bir vətəndaşımız bu gün gedib torpaq uğrunda şəhid olursa, xristian gedib bu gün Azərbaycan vətəndaşı olaraq şəhid olursa sən bunu necə fərqli bir formada təqdim edə bilərsən?!. Azərbaycan öz vətəndaşlarına, dinlərindən asılı olmayaraq  həmişə sahib çıxıb. Çünki Azərbaycan sekulyar dövlətdir, heç bir fərq qoymadan həmişə öz xalqının arxasında dayanıb. 

- Məlum olduğu kimi Ayətullahın burdakı nümayəndəsi Ocaqnejat artıq Azərbaycanı tərk edib. Bunu necə izah etmək olar?

-Ayətullahın nümayəndəsinin Azərbaycanı tərk etməsi, onun geri çağrılması ilə bağlı deyil.  Ocaqnejat bir diplomatdır, istədiyi vaxt öz ölkəsinə gedib-gələ bilər. Faktiki olaraq o İranın dini liderinin rəsmi nümayəndəsidir.  O xarici işlər nazirliyinin nümayəndəsi deyil ki, geri çağrılsın.

Hüseyniyənin bağlanması isə İran tərəfinin faktiki olaraq atdığı addımlara qarşı bir cavabdır. İrana başqa cür hansı formada cavab vermək mümkündürsə edilir.  Sadəcə olaraq bu gün COVİD məsələsi gündəmə gətirilərək, insanların qapalı yerlərdə çox yığılmaması əsas gətirilir.  Amma faktiki olaraq hər kəs bilir ki, İranın son günlərdə atdığı addımlara, təzyiqlərə  qarşı Azərbaycan tərəfi öz mesajını verməli idi. Bu o mesajdır ki, biz də görürük, biz də bilirik,  biz də istəsək müəyyən addımları ata bilərik.  Onu da deyim ki, Hüseyniyə məscid deyil, başqa bir anlayışdır. Bilirik ki,  bu da İran İslam Respublikasına aid olan bir məsələdir.  Məscidin niyə Hüseyniyyə adlandrılması da başqa bir məsələdir.  Ona görə də burda Məscid bağlanmasından söhbət getmir.  Burada  siyasi arqument olduğundan bunu hər birimiz çox gözəl başa düşürük.

-İranda dini təhsil davam edirmi və bizim din adamları gedib orda təhsil alandan sonra geri qayıdıb nə dərəcədə Azərbaycan dini cameəsində təmsil olunurlar?.

-Təəssüflər olsun ki, siz İrana təhsil üçün gedənlərin Azərbaycanın tərəfdarı olaraq geri qayıtdığını deyə bilməzsiz.  Heç orda təhsil almadığı halda Azərbaycanda faktiki olaraq  fəaliyyət göstərən müəyyən din xadimləri İran əleyhinə hər hansı bir fikir səsləndirmir. Çünki onlar faktiki mərceyi təqlid olaraq İranın dini liderini görürlər. Və ona uyğun olaraq da öz sözlərini deyir, əleyhinə, ziddinə fikirlər səsləndirmirlər. Mərceyi təqlid anlayışı ondan ibarətdir ki, əgər sən ibadətlərini mərceyi təqlid olmadan edirsənsə bu qəbul olunmur. Azərbaycanda mövcud olan din xadimləri, məsələn bu gün bütün günü televiziyalara çıxarılanlar, hansısa hacı, axundlar niyə çıxıb demirlər ki, onların dini liderləri kimdir?! Niyə demirlər ki, onların dini məzhəbləri nədir, onlar kimləri niyə təqlid edirlər? Niyə bu məsələdə  səssiz  mövqe tuturlar? Onlara bu mesajı kim verir? Qafqaz Müsəlmanları İdarəsi niyə İranın bu mövqeyinə qarşı bir çıxış eləmir. Bu onu göstərir ki, tək İranda təhsil alıb almamaqla deyil.  Azərbaycanda orda təhsil almadan da İranın tərəfini tutan çoxsaylı insanlar var.

-Qafqaz Müsəlmanları İdarəsinin məsələlərə səssiz qalmasını qeyd elədiz. İranın Azərbaycan içində formalaşdırdığı  təsirləri nə dərəcədədir?

-Faktiki olaraq bu təsirlər var və bunu heç kəs inkar edə bilməz. İran Azərbaycanda məzhəb faktorundan istifadə edir. Həmin məzhəb, özünün təqlidçilik məsələsinə uyğun olaraq da öz istədiklərini gündəmə gətirə bilir, fikir formalaşdırır və hətta təsir də edə bilirlər.  Çünki onlar bu “toxumlarını” çoxdan səpiblər.  İndi İranın səpdiyi toxumlar müxtəlif formalarda cücərməyə başlayıb. Ona görə də hökumət bu məsələlərdə sadəcə onlar ayağa qalxanda cavablarını verməklə deyil,  ciddi, böyük bir plan hazırlamalıdır. Və bu plana uyğun olaraq da hərəkət edilməlidir.

Vəziyyətə mövcud gərginliyin fonundan baxsaq, heç bir toqquşmanın olacağını düşünmürəm. İranın gördüyü iş sadəcə sözünü o formada çatdırmaqdan ibarətdir. Amma  konkret olaraq heç bir konfliktlərə gedə bilməz. Dövlət başçısı konkret olaraq bu məsələ ilə bağlı fikir bildirdi.  Sadəcə olaraq müəyyən mesajlar verilir ki, məsələ həll olunsun. Çünki Azərbaycan özü heç vaxt qonşu ölkələrə problem yaşadan ölkə deyil. Azərbaycanın torpaqları işğal olunub və öz sərhədlərinin təhlükəsizliyi hər şeydən önəmlidir.   İnanıram ki, məsələ müəyyən vaxtdan sonra öz həllini tapacaq.(hafta.az)

 

Tahirə Qafarlı