Yalanı gözlərdən oxumaq mümkün olacaq
Rusiyada insan gözlərinin hərəkətini oxuyan yeni poliqraf sınaqdan keçirilir. Onu aldatmaq mümkün olmayacaq.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Kriminalistika Elmi Araşdırma İnstitutunun rəhbəri Aleksey Bessonov məlumat verib.
“Bu avadanlıq artıq mövcuddur və “aytreker”, yaxud “okuloqraf” adlanır. Hazırda sınaqdan keçirilir və istifadəsi üçün elmi baza hazırlanır”,- deyə o bildirib.
Bessonov insan reaksiyalarını xüsusi proqramların təhlil edəcəyini vurğulayıb.
“İnsan ekrandakı sualı oxuyur və cavablandırır, göz hərəkəti proqramı isə onun nə qədər səmimi cavab verdiyini təyin edir”, - deyə kriminoloq əlavə edib.
Onun sözlərinə görə, belə bir yalan detektorundan nəsə gizlətmək çətin olacaq.
“Biz uzun müddətdir ki, insan göz hərəkətləri reaksiyaları ilə bağlı araşdırmalar aparırıq. Gözlər beynin aşkarda olan hissəsi sayılır. İnsan üçün vacib informasiyada gözlərin hərəkətini, bəbəyin diametrini idarə etmək olmur. Bu səbəbdən insanın nəyi isə gizlətməsi çox çətindir”, - Bessonov bildirib.
“Psixoloqlar gözlərin qəlbin aynası olduğunu çoxdan bilirlər. İnsan duyğusal əhəmiyyətli məlumatlara reaksiya verərkən bəbəyin genişlənməsini və büzülməsini idarə edə bilməz. Bəli, iradə səyləri ilə ürək döyüntüsünü sakitləşdirə və idarə edə bilərsiniz. Lakin bəbəyə təsir insan qüvvəsindən xaricdir. Beləliklə, göz-hərəkət reaksiyası ilə təchiz edilmiş cihaz bu stimulun bir insan üçün əhəmiyyətli olub-olmadığını ortaya çıxara bilər”, - deyə o əlavə edib.
Bessonov qeyd edib ki, insan cinayət törətməyibsə, onunla bağlı suallara müəyyən reaksiyaları verməyəcək.
“Şəxs cinayət haqqında məlumatlıdırsa, buna uyğun bir reaksiya verər”, - deyə Bessonov izah edib.
Mütəxəssisin sözlərinə görə, eyni şəkildə danışma, üz və bədən hərəkətlərini təhlil etmək mümkündür.
“Bütün bu üsullar bir cihazda toplanarsa, düşünürəm ki, istintaqı maraqlandıran məlumatları gizlətmək və təhrif etmək baxımından heç kim onunla rəqabət apara bilməz”, - deyə Bessonov sözlərini yekunlaşdırıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"