Qarabağdan daşınan narkotik vasitələr – Milyardlarla dollarlıq narkoticarət

12:17 20-10-2021 | icon 437 | Cəmiyyət
Qarabağdan daşınan narkotik vasitələr – Milyardlarla dollarlıq narkoticarət

İranla Ermənistanın narkotranzit şəbəkəsi təhlükə olaraq qalır

 

Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinin uzun müddət narkotik vasitələrin becərildiyi və narkotranzit kimi istifadə edilməsi faktı Dövlət Təhlükəsizlik Xidmətinin məlumatlarında dəfələrlə təsdiqlənib.

 

Araşdırmalar göstərir ki, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin bir hissəsinin əkilməsi, yetişdirilməsi və toplanması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib. Sonradan həmin narkotik vasitələr İrana, oradan da Azərbaycana gətirilib. Dəfələrlə sübut olunub ki, narkoticarət Ermənistanın dövlət siyasətinə çevrilib. Ölkəmiz  üçün ən narahatedici məqam isə ermənilərin işğal etdikləri Qarabağ ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunmasıdır.

 

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bir neçə il əvvəlki hesabatında da bildirilirdi ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.  Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir. Bu marşrutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır. Lakin beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdır.

 

Azərbaycan xüsusi xidmət orqanlarının apardığı araşdırmalar, əməliyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Vətən müharibəsindən əvvəl isə Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiya olub. Nəzərə alsaq ki, Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyi narkotik ticarəti birbaşa himayə edirdilər, onda bu marşrutların həqiqət olması ehtimalı daha böyükdür.

 

Ermənistanın region üçün yaratdığı bu təhlükə bu gün İran-Azərbaycan münasibətləri müstəvisində yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında etdiyi çıxışında İran-Ermənistan əlaqələrində narkotik biznesinin rolu və regiona, xüsusilə də Azərbaycana vurulan zərərdən söz açıb.

 

 Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə hafta.az-a şərhində bildirib ki, Qarabağın İran-Ermənistan üçün narkotranzit yoluna çevrilməsi dəfələrlə sübut olunub. Onun fikrincə, bu məsələnin məhz Prezident səviyyəsində səslənməsi artıq dünya ictimaiyyəti üçün mübahisəli ola bilməz.

 

“Cənab Prezident oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında qısa zaman kəsiyində həm iclasada iştirak edən MDB dövlət başçılarına məlumat verdi, həm də Ermənistanı törətdiyi cinayətləri konkret faktlarala  bir daha qeyd etdi. Eyni zamanda Ermənistanın havadarlarına, dünya ictimaiyyətinə mesaj verdi ki, bu gün Ermənistanın arxasında duran və durmağa çalışan dövlətlər, o cümlədən onlardan biri olan İran hansı cinayətləri törədiblər. Prezident 30 ilə yaxın işğal altında qalan ərazilərimizdəki vətəndaşlara aid olan mülkiyyətlərin və dövlət ərazi binalarının kərpiclərinin, daşlarının hissə-hisə çıxardılaraq Ermənistan və İranda  satılmasını xatırlatdı. Eyni zamanda qeyd etdi ki, 60 min hektar ərazidə meşə genafondumuz məhv edilib, ağaclar kəsilərək yenə də İranda və Ermənistanda satılmışdır.  O, eləcə də dünyada ən ağır cinayətlərdən hesab olunan narkotik qaçaqmalçılığı ilə bağlı  bir neçə faktları göstərdi. Yüksək səviyyədə qeyd edildi ki, İran işğal altında olan dövrdə Azərbaycan ərazisi olan Cəbrayıl vasitəsi ilə keçmiş Dağlıq Qarabağ ərazisinə girərək ordan Ermənistana keçən narkotrafik marşrutu yaratmışdı. Ermənilər bu yolun vasitəsi ilə İrandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Ermənistana, ordan da Avropa və digər ölkələrə narkotik daşımaları ilə məşğul olublar. Burda cənab Prezident həm İranın bu işlə məşğul olan məsul şəxslərini və dgər qanunsuz ticarətlə məşğul olan şəxsləri günahlandırır. Eyni zamanda Ermənistanın o vaxtkı siyasi hakimiyyətini və təbii ki, buna şərait yaradan Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərini ittiham etməklə dünya ictimaiyyətinə və MDB dövlətlərinıə çatdırdı ki, bu şəxlər əslində işğal olunmuş ərazilərimizdən narkotrafik bir xətt yaradaraq qanunsuz biznes fəaliyyəti və varlanmaqla məşğul olublar”.

 

Ç.Qənizadə həmin tədbirdə Ermənistan baş naziri Paşinyanın Azərbaycan prezidentinin dediklərini susaraq qarşıladığını qeyd edib. Onun sözlərinə görə, Paşinyanın buna qarşı faktları var idisə ortaya fakt qoya bilərdi. Amma bunu edə bilmədi. Paşinyan çıxışı zamanı Zəngəzur dəhlizinə razılıq verdiyini və bizimlə  dəmir yolu və avtomobil yolu kommunikasiyaların açılmasına, delimitasiyaya, sülh sazişinə başlamağa hazır olduqlarını qeyd etdi.

 

Ç.Qənizadə bildirib ki, narkotik maddələrin daşınması, işğal altında olan ərazilərimizin hissə-hissə sökülərək Ermənistan və İranda satılması, əslində Sarkisyan və Köçəryan hakimiyyəti dövrlərinə təsadüf edir. O hesab edir ki, Paşinyanın susqunluğu bununla bağlı idi.

 

Hüquqşünas bildirib ki, ordan nə qədər narkotik vasitələrin daşındığını demək çətindir. Amma cənab prezident özü də qeyd etdi ki, biz sərhədləri bağladıqdan sonra saxlanılmış narkotiklərin qanunsuz dövriyyəsi bizim tərəfimizdən tutulanların nisbətində iki dəfə artmışdı.  Faktlar onu göstərir ki, mütəmadi olaraq bu yoldan istifadə etməklə qanunsuz biznes fəaliyyəti ilə məşğul olublar və Ermənistan və İran bu siyasətindən əl çəkməlidir:

 

“Dünyada ən böyük biznes fəaliyyətlərindən biri narkotik və silah ticarətidir. Dünya narkotik ticarətinə qaşı birləşərsə bu problem həllini tapa bilər. Uzun illər cənab Prezident deyir və bu gün bunu sübut edirsə, niyə dünya dövlətləri susur?. İran Amerikanın təşəbbüsü ilə 30 ildir sanksiya altındadır. Amma hətta Amerika da buna susur. Bu, dünyanın beynəlxalq hüquqa hörmətsizliyindən başqa bir şey deyil”. 

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hafta.az-a açıqlamasında İranın işğalda olan Azərbaycan ərazilərindən narkotranzit kimi istifadə etməsinə, Prezident İlham Əliyevin MDB-nin Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan-İran münasibətlərinə dair açıqladığı  məsələlər kontekstində yanaşıb. Deputat bildirib ki, heç kim o qənaətə gəlməməlidir ki, biz İranı hədəfə almışıq.

 

“Əksinə, bu gün bizim bir təmənnamız var ki, bütün qonşularımızla normal mehriban bir mühitdə yaşayaq və birlikdə inkişaf edək. İrandan da təmənnamız bu olar ki,  öz konstitusiyasının 152-ci və 154-cü maddələrindəki bütün dünya müsəlmanlarının haqlarının qorunması və dəstəklənməsi prinsiplərinə sadiq qalaraq Azərbaycana bu bu prizmadan yanaşsın. Lakin təəssüf ki, rəsmi Tehran da, İranın idarəçiliyinin radikal kəsimi də hələlik arzu etdiyimiz mühitin yaradılmasına maraq göstərmir.

 

Bizim tələbimiz nədir? Biz əvvəlcə xahiş edirdik, indi isə tələbimiz budur ki, İran ərazi bütövlüyümüzə hörmətlə yanaşıb separatizmi dəstəkləməsin, İran bölgədə sülh platformasının kökündə dayanacaq Zəngəzur dəhlizindən qorxmasın. İran öz dövlət ideologiyasına, İslam dəyərlərinə sadiq qalaraq məsciddə donuz saxlayıb müsəlmanları təhqir edilməsi, dini abidələrin dağıdılması faktlarına susmasın, münasibət bildirisin”. 

 

B.Məhərrəmov bildirib ki, 30 il müddətində İran Ermənistanla əlaqəyə girərək işğal altında olan yaşayış məkənlərimizi söküb apararaq viranə qoyub, 60 min hektardan çox meşəmizin məhvinə rəvac verib, Şuşada məscidimizi mənəvi terrora məruz qoyub fars abidəsinə çevirib, 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.  Deputat hesab edir ki, bütün bunlar dinimizdə də dünyəvi hüquqda da yol verilməyən hallardır. 

 

“Təbii ki, bu məsələlər də səngiyəcək, Azərbaycan istənilən halda bu prosesdən qalib kimi çıxıb istər kommunikasiyaların açılması, istər bölgənin əməkdaşlıq mühitinə çevrilməsi kimi mütərəqqi və taleyüklü məqsədlərə nail olacaq. Sadəcə İran elə etməlidir ki, bir il əvvəl olduğu kimi, bölgədə ikinci dəfə proseslərdən, oyundan kənarda qalmasın. İranın regionda nüfuzunu qorumaq üçün üçüncü şansı olmayacaq. Əminliklə deyirəm ki, proseslərin bu cür inkişafından sonra, əgər seçim qarşısında qalsa Ermənistan özü də İrandan üz çevirib Türkiyə və Azərbaycanla əməkdaşlığa üstünlük verəcək”.

 

Politoloq Əli Mustafa hafta.az-a şərhində bildirib ki, Qarabağ münaqişəsinin həlli əslində bir çox qaranlıq məqamları da aydınlatdı. O, hesab edir ki, ən mühüm məqamlardan biri ondan ibarətdir ki,  dünya birliyi İran-Ermənistan arasında Qarabağ üzərindən həyata keçirilən başqa cinayətlərin də olduğunu bildi.  Politoloq qeyd edib ki, Azərbaycanın işğalda olan Cəbrayıl, Füzuli rayonları üzərindən böyük miqdarda narkotik qaçaqmalçılığının reallaşması baş verib. 

 

“Burda əsas daşıyıcısı İran tərəfidir. Burda İranın İnqilab Keşikçiləri Korpusunun maliyyələşməsi nəzərdə tutulur. Bu Korpus İranın əsas güc strukturlarından biridir. İran rejiminin daha çox güvəndiyi, etibar etdiyi bir ordu olduğuna görə onu yüksək səviyyədə saxlamağa çalışır. Bu ordu 150 mindən artıqdır. Əlbəttə bu qüvvənin də maliyyə mənbəyində narkotikadan istifadə olunub. Bu məlumat artıq dünyanın bir çox informasiya şəbəkələrində yayılır. Bizdə olan məlumatlar ondan ibarətdir ki, cinayətkar erməni-İran əməkdaşlığının son vaxtlar Azərbaycana qarşı sərgilədiyi münasbət heç də təsadüfi deyil. 30 il müddətində bu yol üzərindən narkotika daşınıb.  Yəqin ki, burda söhbət milyardlarla dollarlıq dövriyyədən gedir”. 

 

Ə.Mustafa bildirib ki, İran narkotik ticarəti sahəsində dünya birliyinin ona qoyduğu embarqonu aşmaqda, qanunsuz əməllər törətməklə, bir sıra müsəlman ölkələrində terroru maliyələşdirməkdə istifadə edib. Ermənistandakı mövcud rejim uzun illər bu cinayətkar şəbəkənin tərkibində olub. Ermənistan üzərindən narkotikin Avropa və digər ölkələrə çıxarılması  prosesi baş verib.

 

“Aydın məsələdir ki, bu işdə Köçəryan, Sarkisyan hakimiyyəti də böyük qazanclar əldə edib. Daim Ermənistanı müdafiə edən Qərb dövlətləri, Avropa və Amerika bilməlidir ki, onların bazarlarında satılan, gənclərinin zəhərlənməsində Ermənistan-İran əməkdaşlığı misilsizdir.

Bu narkotika biznesinə sərt münasibət bildirməlidir. Hər halda Azərbaycan özünün mövqeyini bəyan edib. Dünya birliyi Azərbycanın yanında olmalıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda cinayətkar fəaliyyəti əngəlləyən bir element kimi qəbul etməlidir. Və bu gün Qərbdən, Avropadan İrana qarşı olan sanksiyaya Ermənistan da qatılmalıdır”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları