Qənirə Paşayeva: "Qardaş ölkələr arasında həyata keçirilən mühüm layihələr məmnuniyyət doğurur"
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında 20-23 oktyabr tarixində Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında və Xarəzm vilayətində təşkil olunan “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Qaraqalpaqıstanın inzibati mərkəzi Nukusda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılış mərasimində çıxış edib.
Berdaq adına Dövlət Musiqili Teatrında təşkil edilən mərasimdə yerli rəsmilər, elm, mədəniyyət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.
Qənirə Paşayeva belə tədbirlərin təşkilinin Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar və digər sahələrdə işbirliyinin inkişafına xüsusi təkan verdiyini söyləyib. O, Qaraqalpaqıstanda ilk dəfə düzənlənən Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Belə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Qaraqalpaqıstana, bütövlükdə Özbəkistan Respublikasına öz təşəkkürünü bildirən Q.Paşayeva, qardaş ölkələr arasında mədəniyyət, elm, təhsil sahələrində işbirliyinin, həyata keçirilən mühüm layihələrin məmnuniyyət doğurduğunu söyləyib:
“Can Azərbaycandan qardaş Özbəkistana və qardaş qaraqalpaq xalqına salam gətirmişik. Bu gün Azərbaycan və Özbəkistan prezidentləri öz xalqlarının inkişafı üçün var qüvvə ilə çalışır. Ölkələrimiz arasında heç bir problem yoxdur və münasibətlərimiz başqa ölkələr üçün örnək təşkil edir.
Özbəkistanın Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv olması Türk Şurasını daha da gücləndirib. Bu da öz növbəsində ikitərəfli, çoxtərəfli münasibətlərimizə yeni üfüq və dərinlik qazandırıb.
Azərbaycan mədəniyyətinin Özbəkistanda, bu qardaş ölkənin regionlarında nümayişinin, yaxından tanıdılmasının Nizami Gəncəvinin 880 illiyi, Əlişir Nəvainin 580 illiyinin qeyd edildiyi, Azərbaycanda “Nizami Gəncəvi İli”, Özbəkistanda “Əlişir Nəvai İli” elan edilən 2021-ci ildə baş tutması çox anlamlıdır.
Onu da bildirməliyəm ki, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ötən il bu vaxtlar baş verən müharibə nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgər və zabitlərimiz Qarabağımızı və gözəl Şuşanı erməni əsarətindən xilas etdi. Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bu status artıq yalnız mənəvi planda qalmayıb, qanun qüvvəsini alıb, rəsmiləşib. Biz məmnuniyyətlə bildiririk ki, Şuşa 2022-ci ildə Türk dünyasının Mədəniyyət Paytaxtı olacaq. Şuşanın həmçinin İslam dünyasının Mədəniyyət paytaxtı olması ilə bağlı da müraciət var. İnşallah sizlər ölkəmizə, Mədəniyyət paytaxtımıza səfər edincə, ortaq adət-ənənələrimizə, sizə doğma mədəni irsimizə biləvasitə şahid və bələd olacaqsınız.
Bugünkü mərasimdə də Azərbaycanın Qarabağ bölgəsinə xas milli qadın və kişi geyimlərinin nümayişi keçiriləcək, dəfilənin nümayişi məhz “Qarabağ şikəstəsi”nin sədaları altında baş tutacaq.
Mənimlə birgə burada olan Xalq artisti Gülyanaq Məmmədova xalq mahnıları və muğamlarımızı, Daşkənddə yaşayan saz ustası İlham Abdullayev qədim saz havalarımızı, AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi sizlərə təqdim edəcək.
Ayrıca, çox şadam ki, bu mərasim, öz yaradıcılığı ilə Qaraqalpaq poeziyasının zirvəsini təşkil edən ulu Berdaqın adını daşıyan mədəniyyət ocağında baş tutur. Berdaq adı bizlər üçün də əzizdir.
Qaraqalpaqıstan yazılı ədəbiyyatının inkişafı, başqa sözlə, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata, peşəkar ədəbi müstəviyə keçməsi XVIII yüzilin yarısı – XIX yüzilin əvvəllərinə təsadüf edir. Məhz bu dövrdə qaraqalpaq ədəbiyyatının aparıcı nümayəndələri Jien Jırau, Günxoca, Hacı Niyaz, Berdaq və başqalarının yaradıcılığı xalq həyatının müxtəlif yönlərini dolğun şəkildə əks etdirməklə meydana çıxıb.
O, bütün yaradıcılığı boyu öz xalqının azadlığı u ğrunda mübarizə aparan şəxsiyyət kimi tanınıb.
Biz bilirik ki, qaraqalpaq aşıq-ozan yaradıcılığı, dastan yaradıcılığı biz azərbaycanlıların eyni janr və kateqoriyadakı yaraıcılığı ilə yaxından səsləşir, bir çox hallarda müstəsna yaxınlıq nümayiş etdirir. Bu da, xalqlarımızın ortaq keçmişindən xəbər verməkdədir.
Özbəkistanın Xalq şairi, Özbəkistan Qəhrəmanı İbrahim Yusupov kimi sənətkarların adı, xidmətləri tarixi təqdir qazanmışdır.
Məmnuniyyətlə bildirmək istərdim ki, müəllifi olduğum, bu ilin avqustunda, Özbəkistanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibəti ilə yazdığım “Addım-addım Özbəkistan” kitabında Qaraqalpaqıstana, gözəl vətəninizin mədəniyyətinə, ədəbiyyatına xüsusi yer ayrılıb.
Bu gün burada başqa bir kitabın sözünü vermək istərdim. İnşallah növbəti görüşümüzə azərbaycanca “Qaraqalpaq ədəbiyyatı antalogiyası” ilə gələrik.
Bir daha hər birinizə yüksək qonaqpərvərlik və təşkilatçılıq üçün təşəkkür edirəm”!
PƏRİ
Versus.Az