Özbək teatrının “Arşın mal alan” sevgisi

13:25 07-11-2021 | icon 495 | Mədəniyyət
Özbək teatrının “Arşın mal alan” sevgisi

Daşkəndin Gənclər Teatrı prezident seçkiləri ilə bağlı ölkədə qonaq olan azərbaycanlı jurnalistlərə dahi Üzeyir bəyin “Arşın mal alan” operettası ilə “xoş gəldin” dedi. Zala daxil olarkən ilk heyrətimiz teatr binasının qarşısında çoxsaylı gəncləri görərkən başladı. “Nə yaxşı operettaya tamaşa etməyə gəliblər”, - deyə düşündük. Amma daha böyük heyrətimiz içəridə olacaqdı – aktyorlarla üz-üzə, nəfəs-nəfəsə qurulan balaca zalda...

 

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

 
76 ölkənin 187 teatrı
 

Uzun fasilədən sonra “Arşın mal alan”a fərqli təqdimatda tamaşa etməyim ölməz operettanın tarixini vərəqləməyə sövq etdi.

 

İlk premyerası 1913-cü ildə oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyevin Teatrında oynanan “Arşın mal alan” sonradan dünyanın 100-dən çox səhnəsinə yol tapıb. Hüseyn Ərəblinskinin rejissorluğu ilə quruluş verilən operetta elə ilk oyunu ilə böyük populyarlıq qazanıb. Tiflisdə bir axşam ərzində 6 teatr səhnəsində, 6 dildə - gürcü, Azərbaycan, rus, aysor, ivrit, erməni dillərində oynanılıb.

 

O vaxtdan bəri operetta 76 ölkənin 187 teatrında tamaşaya qoyulub. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.
 

Özbəklərin “Arşın mal alan”ı

 

Maraqlıdır ki, operetta 100 ildən çoxdur ki, Orta Asiya ölkələrindəki teatrların da repertuarından düşmür. Özbəkistanda isə “Arşın mal alan” 1919-cu ildən bəri müxtəlif teatrların səhnəsində həm rus, həm də özbək dillərində səhnələşdirilib. Görkəmli aktyor və rejissor Sidqi Ruhulla da azərbaycanlı aktyorlarla Daşkəndin “Raxat bağçası” teatrında operettaya quruluş verib. Sonrakı illərdə də “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçıları heyran edib.
 

Tamaşaçı ilə canlı ünsiyyət

 
Bizim baxdığımız operettanı Özbəkistanın Xalq artisti Bahadur Yuldaşevin Gənclər Teatrı səhnələşdirib. Tamaşa gənclərdən ibarət teatrın estetikasını, kollektivinin yaradıcı potensialını üzə çıxarmağa kifayət edir. Bu “Arşın mal alan” tamaşaçı ilə səhnə arasında sərhədləri pozan, interaktiv tamaşa idi. Tamaşaçı ilə canlı ünsiyyətdə, xalq oyunu estetikasında oynanması ayrıca bir zövq bəxş etdi. Aktyorlar tamaşaçı ilə danışır, zala xitab edir, öz monoloqlarında müəyyən elementlərlə tamaşaçılara yönəlirdilər.  Kollektivin emosional oyunu tamaşaçını da oyuna qoşmağa, tamaşada iştirak etməyə həvəsləndirirdi. Tamaşaçı birbaşa iştirakçıya çevrilirdi. Bu, mükəmməl estetika və poetika  - “Arşın mal alan”ın tamaşaçı ilə aktyorlar arasındakı canlı rabitəsi idi.
 
Rəhmət, min rəhmət...
 

Ayaq üstə alqışladıq
 

Özbək dilində və Üzeyir bəyin ecazkar musiqisi ilə müşayiət olunan operetta qəlbimizi yenidən fəth etdi. Aktyorların Azərbaycan və rus dillərində arabir improvizə və replikaları da tamaşanın ayrıca estetikası idi.

 

Əsgər, Süleyman, Gülçöhrə, Asya, Telli, Soltan bəy, Cahan xala, Vəli və bizə doğma olan digər rollar qəlbimizi bir daha fəth etdi. Bir molla, 3 manat pul, bir kəllə qəndin səhnədə qovuşdurduğu insanların sevinci ruhumuzu dindirdi.

 

Aktyorları, şərəfimizə oynanan tamaşanı ayaq üstə alqışladıq. Bu, Üzeyir bəy dühasının ölməzliyinə və gənclərdən ibarət özbək teatrının istedadına yönələn hörmət idi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...