“Laçın Dəhlizi bağlanmalı, antiterror əməliyyatları aparılmalıdır”

11:24 19-11-2021 | icon 592 | Müharibə
“Laçın Dəhlizi bağlanmalı, antiterror əməliyyatları aparılmalıdır”

“Azərbaycan əsgərləri terrorçunu yerindəcə güllələməli idi”

 

Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının sayını artırması, son olaraq cəbhə bölgəsindəki savaş nəticəsində 7 hərbçimizin şəhid olması və mövcud gərginlik üçüncü Qarabağ savaşının qaçılmaz olmasını ortaya çıxarıb.

 

Müharibə yenidən başlaya bilərmi və nəyə görə Azərbaycan əsgərinə atəş açan əsir götürülmüş erməni cinayətkar geriyə təhvil verilməlidir. Azərbaycan nə etməlidir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasətçi və ekspertlər məsələyə birmənalı olaraq hücumçu mövqedən yanaşıblar.

 

 

 

“Əsgərlərimiz terrorçunu yerindəcə güllələməli idi”

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, son günlər sərhəddə baş verən hərbi toqquşmaların böyük güclərin maraqlarına uyğundur.

 

Onun  sözlərinə görə, regiona daxil olmaq istəyən güclər bu vəziyyətin qalmasında maraqlıdır və böyük ehtimalla belə toqquşmalar davam edə bilər:

 

“Lakin Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirərək bəyan edib ki, istənilən halda hərbi təxribatlara cavab verəcək və layiqincə də cavab verir”.

 

Q.Əlibəyli bildirib ki, bu toqquşmalar genişmiqyaslı müharibələrə gətirib çıxarmayacaq:

 

 “Lakin müəyyən ləngimələr də var. Məsələn, Azərbaycan əsgərləri terrorçunu yerindəcə güllələməli idi. Azərbaycan Laçın Dəhlizini tam bağlamalı və öz ərazilərində antiterror əməliyyatları aparmalıdır”.

 

Partiya sədri hesab edir ki, sərhəddə təxribatlar törədən 60 erməni hərbçinin tutularaq yenidən Ermənistana verilməsi, eləcə də terrorçunun ermənilərə təhvil verilməsi yanlış idi:

 

“Azərbaycanın bu addımı humanistlik kimi təqdim edilsə də cinayətkar düşmən onu anlamayacaq və öz siyasətini aparacaq. Müharibə bitmədən əsirlərin düşmənə qaytarılması ilə bağl hər hansı humanist addım, düşmənin əlinə silah verməyə bənzəyir. Biz erməni hərbçisini azad edəcəyik, o biri tərəfdən də onu silahlandırıb üstümüzə göndərəcəklər. Yaxş olardı ki, əsir götürülmüş hərbçiyə görə xahişə gələnlər, Azərbaycan ərazisində qalan erməni silahlılarını tərksilah etsinlər ki, üstümüzə silahla gəlməsinlər”.

 

 

 

“Bu, Azərbaycan xalqının səbrini daşıracaq”

 

ALDP sədri Fuad Əliyev bildirib ki, erməni silahlıları regionda qaldığı müddətdə baş verən toqquşmalar davam edəcək. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti və siyasi partiyalar olaraq, Azərbaycan Ordusunun gücünə böyük inamı var və hər zaman yanındadılar.

 

Partiya sədri hesab edir ki, bütün hallarda 44 günlük müharibədə olan ictimai-siyasi səfərbərlik, birlik daha da möhkəm olmalı və düşmənə qarşı ən sərt mövqedən çıxış edilməlidir:

 

“Lakin regionda maraqlı olan dövlətlər - ABŞ, Fransa, Rusiya  öz mövqelərini yenidən möhkəmlətmək üçün yenə də münaqişənin alovlanmasında maraqlıdır və bu prosesdə Azərbaycan həm də diplomatik gücünü sərtləşdirməlidir.

Əgər erməni silahlıları Azərbaycan hərbçilərinə hücum edib, cinayət törədirsə,  düşmən ya yerində məhv edilməli, yaxud əsir düşürsə, ən ağır cəzaya məhkum edilməlidir. Az qala erməni silahlılarının əsir götürülüb sonra da Ermənistana təhvil verilməsi “lətifədir”. Harda görülüb ki, terrorçu tutulsun və dərhal separatçı dəstələrə təhvil verilsin. Noyabrın 16-da baş verən hadisə artıq sonuncu həddir. Həmin gün Azərbaycan ordusu 7 şəhid verdi. Düşmən cəzasını almalıdır. Və onlara havadarlıq edən güclər anlamalıdırlar ki, Azərbaycan onların nazı ilə sonadək oynamaq fikrində deyil”.

 

F.Əliyev qeyd edib ki, ermənilərin hərbi hücumundan sonra bir daha Laçın dəhlizinin bağlanılması, Xankəndi, Xocalı və digər ərazilərimizdə bütün nəzarətin Azərbaycan Ordusunun, qanunverici orqanlarının nəzarətinə alınması məsələsi aktuallaşdı.

 

O, hesab edir ki, Azərbaycan Rusiya sülhməramlılarını öz işlərini düzgün yerinə yetirməyə dəvət etməlidir:

 

“Bütün postlarda ruslarla bərabər Azərbaycan əsgərləri də dayanmalıdır. Nə vaxtda qədər ki, erməni silahlıları burdadır və bizim sərhədlərə erməni himayəçiləri nəzarət edir, belə toqquşmalar olacaq və bu da Azərbaycan xalqının səbrini daşıracaq”.

 

 

 

“Bu dərs erməniləri məcbur edəcək ki...”

 

ANAP sədri Abutalib Səmədov bildirib ki, Şuşada baş verən terror aktı ermənilərin mahiyyətini bir daha üzə çıxartdı və danışıqlarda mövqeyimizi gücləndirdi.

 

“Ancaq terrorçu niyə Azərbaycana təhvil verilmədi? Hesab edirəm ki, Azərbaycanın Müdafiə Nazirliyi, Baş Prokurorluğu bizə izahat verməlidir ki, niyə buna imkan verdik. Aydın məsələdir ki, erməni separatçıları terrorçu haqqında heç bir tədbir görməyəcək və onu qəhrəman səviyyəsinə qaldırıblar.  Məhz sülhməramlıların yerləşdiyi yerdə təxribatların baş verməsi də bizi narahat edir və buna etiraz etməliyik. Biz eyni zamanda Monitorinq Qrupunun susqunluğuna da narahatçılığımızı bildirməlyik. Axı bəyanata nəzarət funksiyası Monitorinq qrupunun üzərinə qoyulub. Bu məsələ ilə bağlı nə bəyanat, nə də münasibət yoxdur. Deyək ki, ruslarla hər şey aydındır, axı orda bizim türk qardaşımız var, onlar da bu məsələyə münasibət bildirməlidir. Bu məsələlər Azərbaycan cəmiyyətini narahat edir və biz cavab istəyirik”.

 

A.Səmədov bildirib ki, noyabrın 16-da başlayan erməni hərbi hücumu Rusiyanın təxribatıdır. Onun sözlərinə görə, Ermənistan bununla sərhədlərin müəyyən olunması, demorkasiya, delimitasiya prosesini pozdu:

 

“Hücum zamanı Azərbaycan ordusu ermənilərin dərsini verdi, baxmayaraq ki, irəlilədik, bir neçə postu ələ keçirdik, ancaq çox təəssüf ki, şəhidlər verdik. Rusiya bu təxribatla Ermənistanı məcbur eləmək istəyir ki, sən masaya oturub bu sənədlərə qol çəkməlisən. O da təsadüfi deyil ki, elə həmin gün Paşinyan müdafiə nazirini vəzifəsindən azad elədi. Təbii ki, itkilərimiz bizdən ötrü çox ağırdır. Ancaq yenə də, addım-addım irəliləyirik, mövqelərimizi möhkəmləndiririk. Bu dərs erməniləri məcbur edəcək ki, onlar delimitasiya, demorkasiya haqqında sənədlərə qol çəksinlər”.

 

A.Səmədov vurğulayıb ki, Zəngəzur dəhlizi məsələsinin yenidən müzakirə olunması gündəlikdədir:

 

“Ağır mübarizə gedir. Hər şeyə hazırıq və əlimizdən gəlləni edirik ki, bu müharizədə qalib gələk. Bu proses Laçın dəhlizinin bağlanmasını aktuallaşdırdı. Teror aktı bizə imkan verir ki, bu məsələni yenidən müazkirəyə çıxaraq. Ermənilərin bu ağılsız terror hərəkətləri onlara baha başa gələcək. Biz Laçın dəhlizinin bağlanması məsələsini qaldırmalıyıq”.

 

 

 

“Münaqişənin müsbət həllini istəyiriksə, bu prosesdən də  keçməliyik”

 

Politoloq Zərdüşt Əlizadə şərhində son günlər regionda baş verən gərginliyi postmüharibə dövründə mübahisəli məsələlərin qarşılıqlı mübarizə və razılaşma əsasında həlli kimi dəyərləndirdi.

 

Onun sözlərinə görə, bu, gözlənilən proses idi:

 

“Biz nəticədə münaqişənin müsbət həllini istəyiriksə, bu prosesdən də keçməliyik. Biz 28 il atəşkəs dövrünü yaşadıq, 2016-cı ildə 5 günlük müharibə dövrünü, 44 günlük müharibə dövrünü yaşadıq. Artıq 1 ildir post konflikt dövrünü yaşayırıq.  Münaqişədən sonra mövcud olan mübahisəli məsələnin həlli prosesinə keçilib”.

 

Z.Əlizadə bildirib ki, hazırda gedən üçtərəfli danışıqlarda hər bir tərəfin özünün məqsədləri və mövqeyi var:

 

“Bu mövqeləri uzlaşdırmaq üçün tərəflər özünün imkanlarını ortaya qoyur. Bu da ondan ibarətdir ki, Azərbaycanla erməni separatçıları arasında döyüşlər gedir, itkilər verilir, əsirlər götürülür, Rusiya isə özünün vasitəçilik rolunu həyata keçirdir”.

 

Z.Əlizadə ermənilərin hərbi hücumunun Rusiyanın hərbi təxribatı və ermənilərə bir dərsin verilməsi siyasəti olduğunu inkar etmədi:

 

“Rusiya Ermənistana Azərbaycanın əli ilə təsir edir.  Azərbaycan da bu dərsi ermənilərə verib. Ermənistan Zəngəzur dəhlizinin açılmasını, delimitasiya və demorkasiyasını istəyir və Ermənistan buna gedir. Sülhməramlılar Şuşada teror törədən ermənini separatçılara verməklə, Qarabağdakı separatçı qüvvələri əməli olaraq tanıdığını göstərir. Eyni zamanda, Rusiya “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” deməklə ikili mövqe sərgiləyir. Amma bunların heç birindən təəccüblənmək lazım deyil. Bu ikilistandart mövqe bütün dünya siyasətçilərində, dövlətlərində mövcuddur. Eyni zamanda, atəşkəs mövcuddur. Atəşkəs şəraitində tərəflər münaqişənin tənzimlənməsi üçün vasitəçilərin iştirakı ilə hansısa barışın əldə edilməsi üçün addımlar atmalıdır. Bura əsirlərin təhvil verilməsi də daxildir. 44 günlük müharibə qurtarandan sonra əsirlərin verilməsi məsələni az qala ənənəyə çevrib. Ermənistan beynəlxalq hüquqa uyğun mövqe tutmur. Ona görə də Azərbaycan məcburdur ki, əsrilərin valideynlərinin, qohumlarının hökumətə göstərdiyi təzyiq nəticəsində Paşiyanı hansısa yanlış mövqedən geri çəkindirsin”.

 

 

 

“Azərbaycan səbrlə antiterror əməliyyatı apara bilər və aparır”

 

Siyasi şərhçi Teymur Qasımlı bildirib ki, üçüncü Qarabağ savaşının olması mümkün deyil. Lakin 10 noyabr bəyanatı Ermənistan tərəfindən yerinə yetirilmirsə, təxribatlar olacaqsa, qeyri-qanuni silahlı qüvvələr bölgədə qalacaqsa, Azərbaycan hökuməti səbrlə antiterror əməliyyatı apara bilər və aparır.

 

Onun fikrincə, sərhəddə və Qarabağda baş verən terror əməlləri ABŞ və Fransanın Azərbaycanla Ermənistan tərəflərini görüşdürüb müəyyən danışıqlar aparmaq istəyinə qarşı Rusiyanın yönəldtiyi bir təxribatdır:

 

“Azərbaycan dövlətinə qarşı çox böyük təzyiq var. Status məsələsi və ən əsası da Xankəndi bizdən tələb edilir. Azərbaycan buna qarşı çıxdığına görə və Qərblə aparılan pərdəarxası təmaslardan qorxuya düşən Rusiya sərhəd gərginliyini artırır”.

 

 

 

 

“Ermənistan hökumətinin siyasi idarəçilik təcrübəsi az olduğu üçün...”

 

Politoloq Samir Hümbətovun fikrincə, Paşinyanın Azərbaycanla danışıqlara başlayacağı ilə bağlı söylədiyi fikirlər onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan arasında danışıqların başlaması gözləniləndir.

 

Onun sözlərinə görə, hətta böyük ehtimal var ki, yaxın vaxtlarda prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçrilməsi mümkün olsun:

 

“Əgər dövlət başçıları arasında görüş keçrilməsi baş tutarsa, bunun Moskvada deyil, başqa yerdə keçrilməsini və yaxud da bundan sonrakı proseslərə Türkiyənin də qatılmasını, danışıqlar prosesində onun da aktivlik göstərməsini daha məqsədəuyğun olduğunu da düşünmək olar. Ermənistan-Azərbaycan sərhəddində baş verən hərbi toqquşmalar və pozulan atəşkəs prosesinin ümumi gedişi göstərir ki, Ermənistan özü belə olmasını istədi. Çünki əsas iradə özlərinin deyil, kənar qüvvələrin əlindədir”.

 

Politoloqun fikrincə, proseslərin Ermənistan-Azərbaycan dövlət sərhədində baş verməsi bir neçə versiyanı ortaya qoymağa imkan yaradır:

 

“Birincisi, Rusiya prosesin sülhməramlılara aidiyyatı olmadığını göstərməyə və sərhəddə yaranmış təxribatların olma səbəbini rus əsgərinin orada olmaması ilə izah etməyə çalışır. Digər tərəfdən, Ermənistan hakimiyyətinin xalqa aid olmadığını və ona görə də hakimiyyətdaxili ziddiyyətlərin çox olduğunu göstərir. İkincisi, təkcə Rusiya deyil, eyni zamanda Fransa və ABŞ-da regionda qalmağın yolu kimi münaqişənin qalmasını istəyirlər. Ermənistan üzərində nüfuzunu artırmaq məqsədi ilə Rusiya, ABŞ və Fransa arasında ciddi pərdəarxası mübarizənin getdiyi görünməkdədir”.

 

Politoloq bildirib ki, mövcud Ermənistan hökuməti siyasi idarəçilik təcrübəsi az olduğu üçün hadisələrə nəzarəti əlində saxlaya bilmir:

 

“Ona görə də hakimiyyət daxilində digər güc mərkəzlərini təmsil edən qüvvələr Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmasına icazə vermək istəmirlər. Amma görünən odur ki, Paşinyan artıq ölkədəki vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını anlamağa başlayıb. Digər tərəfdən isə Paşinyan başa düşür ki, Rusiya onu hakimiyyətdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Ona görə də danışıqlar masasına oturmağın vaxtının çoxdan çatdığını yaxşı anlayır”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR