“Müxalifət hansı seçki hazırlığını aparır ki, bir nəticə də gözləsin?”

10:46 30-11-2018 | icon 526 | Siyasət
 “Müxalifət hansı seçki hazırlığını aparır ki, bir nəticə də gözləsin?”

 

İlqar Altay: “Növbədənkənar seçkilərin köhnə deputatların qalması şərti ilə keçirilməsinə inanmıram”

 

 

Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Altayın Versus.Az-a müsahibəsi

 

- İlqar bəy, bu gün ölkənin ictimi-siyasi durumunu təhlil edən ekspertlər, partiya liderləri mövcud sakitliyin altında böyük dalğanın hərəkət etdiyini və bunun ciddi dəyişimlərdən xəbər verdiyini iddia edirlər. Həmin o dalğa nədir, hardan gəlir və təhlükə nə qədər ciddidir?

 

“Gürcüstanla Ermənistan artıq öz yollarını dəqiqləşdiriblər”

 

- Məsələyə geniş geosiyasi spektrdən baxmaq lazımdır. İndi dünya qütbləşmənin ciddi mərhələsindədir. Proses artıq Cənubi Qafqazda özünün konkretliyi ilə müşahidə olunur və nəzərə çarpan odur ki, regionun üç respublikası qarşısında seçim qoyulub. Gürcüstan və Ermənistan artıq öz seçimlərini və yollarını dəqiqləşdirib. Bu dövlətlərin hakimiyyət qolları, cəmiyyəti və xalqı eyni hədəfi seçərək eyni qütb üzrə yola çıxıblar. Məsələn, Ermənistan illərlə Rusiya qütbü üzrə sərfəli yol gedib və bundan lazımi qədər mənfəət qazanıb. İndi isə qərbyönlü istiqamət götürür.

 

- Sizcə bu gün bizdə daha çox hansı səmtə - Qərbə, yoxsa Şimala doğru "yan almalar" var?

 

- Hər bir dövlət və xalq konkret zaman və şəraitdə öz ümummilli maraqlarına, yəni yaşam, mənfəət, inkişaf, bəzən də xilas ehtiyacına uyğun strateji istiqamət seçir. Qeyd etdiyim kimi, Ermənistan vaxtilə Şimalı seçdi və ən çətin, çöküş anında isə bu gün Qərbə yön aldı. Gürcüstan zaman və şəraitə uyğun olaraq hələ 2005-ci ildə Qərbə Saakaşvili dönəmində yön aldı. Halbuki on illiklər və əsrlərlə Rusiya ilə münasibət hesabına yaşam və inkişafını saxlamışdı. Bu gün Azərbaycan da dövlət və xalq olaraq zamanı, şəraiti, imkanları da nəzərə alıb, düşünüb seçimini etməlidir. Elə bir agıllı siyasi seçim ki, bununla varlığımız və inkişafımız həll olunsun və işğaldakı torpaqlarımızın azadlığı daxil olmaqla bugünkü çətin durumdan qurtulaq. Problem, gərginlik də elə bu məsələdədir - hansı yolu seçməli?

Hələ ki, bizdə nə hakimiyyət, nə cəmiyyət, nə də xalq arasında konkret hədəf aydınlaşmayıb. Bu gün ölkədə “hansı yolu seçməli” sualına cavab axtarılır və bu cür “yolayrıcında” dayanma, vahid bir fikrə gəlinməmə daxildə gərginlik yaradır. Hesab edirəm ki, məhz təhlükə də buradan doğur. Güman edirəm ki, bu gərgin, qeyri-müəyyən hal uzun sürməz. Ölkə özü üçün ümummilli və sərfəli “yolu” seçməkdə çətinlik çəkməz.

 

“Müxalifətin zəifliyini, kövrəkliyini, ictimai zərbəyə həssas olduğunu nəzərə alıb...”

 

- Müxalifətin bir-birini ittiham etməsi və bir-birilərinə qarşı təhqiramiz çıxışlar nəyin göstəricisidir?

 

- Hər bir ölkə və cəmiyyət hakimiyyətə alternativ güclü siyasi müxalifətinin olması hesabına güclü olur. Güclü futbol komandasının güclü əvəzedici heyəti olduğu kimi. Buna görə mən də demokratik müxalifətin dayanıqlı və layiqli olmasında maraqlıyam. Açığı hakimiyyəti, məmurları və hüquq-mühafuzə orqanlarını, dini ifratçıları və digər ictimai tərəfləri sərt tənqid etsəm də, müxalifətin zəifliyini, kövrəkliyini, ictimai zərbəyə həssas olduğunu nəzərə alıb onun nöqsanlarına toxunmaq istəmirəm. Xüsusi detallara varmadan, bəzi ümumi tərəflərini qeyd etməliyəm. Hesab edirəm ki, hər bir siyasi müxalifətin üç əsas vəzifəsi var. Birincisi, rəqibi saydığı hakimiyyətlə mübarizə və onun səhvlərini, nöqsanlarını açıb ifşa etmək. İkincisi, hakimiyyətə gəlməklə öz strategiyasını hazırlamaq. Üçüncüsü, iqtidarı tənqid etdiyi qədər də ölkəni daha yaxşı idarə edə biləcək komandanı ortaya qoymaq.

 

Bizim müxalifətdə birinci - yəni, tənqid, təhlil məsələsi pis alınmır. İkinci və üçüncü - yəni hakimiyyəti dəyişmənin imkan və yolları, ölkəni idarə edəcək komandasının potensialı məsələsi problemlidir. Ona görə ki, sonsuz nəticəsiz mübarizə yox, hakimiyyətə gəlib onu idarə etmək istəyən müxalifətdə üç əsas şərt olmalıdır. Birincisi, müxalifət təşkilatlarının öz daxili durum və imkanları geniş olmalıdır. İkincisi, müxalif təşkilatların eyni hədəf üzrə birliyi, həmrəyliyi, anlaşması, bir-birinə istək və mehribançılığı olmalıdır. Üçüncüsü, müxalifətin cəmiyyətlə isti, inamlı münasibəti və bundan da doğan həmrəyliyi olmalıdır. Təssüf ki, bu faktorlar müxalifətdə müşahidə olunmur. Bu cür vacib və böyük nöqsanların aradan qaldırılması arzuediləndir.

 

“Şəxsi, qrup, siyasi maraqlar baş qaldıran kimi eybəcərliklər ortaya çıxır”

 

- İlqar bəy, Qarabağ Komitəsinin mitinqləri ilə bağlı ortaya çıxan fərqli yanaşmalar nəyin nəticəsi idi?

 

- Təəssüf ki, ölkənin bütün sferalarını ümumi məsələlər üzrə əhatə etmiş yayınıqlıq, mövqe ayrılığı Qarabağın, vətənin, torpaqların işğalı kimi vacib məsələdən də yan keçmir. Ötən Qarabağ mitinqinə münasibət bunu göstərdi. Nəinki siyasi müxalifət içində, hətta cəmiyyət, qarabağlıların öz içində və hətta hakimiyyət içində də belə bir ümumi hədəfli tədbirə yanaşmalar müxtəlif oldu. Qarabağ məsələsi xalqın, ölkənin ən həssas yeridir. Bu məsələyə aid tədbirlərdə vətən hissi yox, şəxsi, qrup, siyasi maraqlar baş qaldıran kimi eybəcərliklər ortaya çıxır. Bizdə müstəqillik, xalq hərəkatı dövründən bu yana qədər bəzi insanlar var ki, yeri, aidiyyatı oldu-olmadı, üzdə qalmaq, siyasi mənfəət götürmək, yaxud başqa qeyri-səmimi məqsədlər üçün harada bir tədbir var, orada görünüb müdaxilə edirlər. Bunu azacıq davranış, danışığı ilə xalqa, camaata hiss etdirir və bu cür tədbirin səmimiliyini gözdən salırlar. Hökumətin və şəhər icra hakimiyyətinin də Qarabağ kimi ümumilli məsələyə aid kütləvi tədbiri qadağan etməsini çox anlaşılmaz və mənfi hal hesab edirəm. Dünya da, erməni də görməlidir ki, torpaqların qaytarılmasını hökumətlə birlikdə xalq da səbirsizliklə istəyir.

 

- Müsavat, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, Milli Şura niyə mitinqlərə, Qarabağ Komitəsinə qoşulmur?

 

“Hakimiyyətə gəlmək iddiasında olan mųxalifət hürkək yox, qətiyyətli olmalıdır”

 

- İri siyasi partiyaların Qarabağ mitinqinə qoşulmaması doğrusu, gözlənilməz oldu. Belə fikirlərinin olduğu öncədən hiss olunmurdu. Bəzi hakimiyyət və onlar üçün namünasib siyasi, ictimai tərəflərin bu tədbirə dəstək verdiyini görəndən sonra nəsə plan dəyişdi. Ancaq fikrimcə, mitinqə qoşulmaq daha dogru olardı. Həmin iri partiyalar öz imkanlarından istifadə edib təşəbbųsü ələ ala, bu vacib ümummilli məsələdə irəli çıxıb aparıcılıq edə bilərdilər. Bu, ümummüxalifətin birliyi üçün də bir şans idi. Məhz xalqın müxalifəti bir arada görməsi, sırf ümummilli məsələyə görə siyasi iddialarından əl çəkdiklərini göstərməyin zamanı idi. İqtidar bu tədbirdə iştirak etmək fikrində olmadığı üçün bəlkə də bəzi dəstək siqnallarını müxalifəti xoflandırıb bu iştirakdan çəkindirmək üçün məqsədli etdi. Məncə hakimiyyətə gəlib hökuməti təşkil etmək iddiasında olan mųxalifət belə hürkək yox, qətiyyətli olmalıdır.

 

- Növbədənkənar parlament seçkiləri və bu seçkilərdən sonra çox ciddi dəyişikliklərin olacağı qeyd olunur. Nə baş verə bilər?

 

- Parlament - normal ölkələrdə hakimiyyətin tən yarısı və bəlkə də bir az da artığı deməkdir. Sağlam, dolğun, ağıllı, əsl vətənçi parlament həm hakimiyyəti, həm cəmiyyəti və ölkəni gücləndirir. Bu gün anba-an dünya dəyişir. Sanki hamı dəyişmə və oradan inkişaf üçün marafona çıxıb. Gözümüzün qabağında qonşularımız gürcüləri götürək. Bu faktdır və zaman gözləmir. Biz də yeni əsaslı dəyişikliklər etməyə tələsməliyik ki, inkişafın qabağı açılsın. Bunun üçün korrupsiya, rüşvət, layiqsiz məmur kəsimindən qopmalıyıq. Qanunlar hər yerdə hər kəsə tətbiq edilməlidir. Xalqın içindən vicdanlı, ləkəsiz, savadlı, bacarıqlı, vətəni səvən insanpərvər kadrlar irəli çəkilməlidir ki, onlar da öz potensialları ilə ölkəni, xalqı bu durumdan çıxarsın. Bütün bunları təşkil etmək üçün yaxşı, nümunəvi bir parlamentin böyük rolu olardı.

 

- Parlament dəyişmə ehtimalı nə qədərdir?

 

- Fərqli parlamentin yaranması günün, həyatın tələbidir. Ölkənin reformalar edib inkişafa doğru irəli çıxması üçün son şansıdır. Buna ehtimal böyükdür. Növbədənkənar seçki kecirilirsə, deməli əvvəlki parlament iqtidarı belə qane etmir. Yeni fərqli seçim ehtimalı, xalqa seçim tanımaq şansı daha da böyüyür. Amma seçim, tərkib müxalifəti nə dərəcədə qane edəcək, bunu proqnozlaşdırmaq mümkün deyil. Amma inanmıram ki, köhnə deputatların qalması şərti ilə növbədənkənar seçki keçirilsin. Bu mənasız olardı. Digər tərəfdən axı müxalifət hansı seçki mübarizəsi hazırlığını aparır ki, bir nəticə də gözləsin?

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol