Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

15:03 26-11-2021 | icon 1102 | Siyasət
Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

"Çox ciddi məsələlər var, hamısını ictimaiyyətə açıqlayacam"

 

Region diplomatik savaş meydanında gərginliyini saxlayır. Artıq Soçidə nəzərlər İlham Əliyev, Putin, Paşinyan qarşılaşmasına və masada qəbul oluna biləcək sənədlərə dikilib. Nə etməli və nə gözləməli?

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çox önəmli məsələlərə diqqət çəkib.

 

 

- Hafiz müəllim, Soçi görüşü ilə bağlı gözləntiləriniz nədir? Azərbaycan Soçi masasında diqtə edə biləcəkmi?

 

- Paşinyanın absurd şərtlərlə görüşə qatılmasını nəzərə alsaq, prosesin ağır keçəcəyini düşünürəm. Hər halda, Ermənistan beynəlxalq güclərin Azərbaycana dəvət edilməsinə çalışır. Ermənilər Zəngəzur  dəhlizinin deyil, kommunikasiya xətlərinin açılması və o yollarda öz gömrük nəzarət postlarının qurulmasına iddia edirlər. Mən Soçi görüşündən bu mənada ciddi bir nəticə gözləmirəm. Ermənistan Xankəndi ilə bağlı “Artsax respublikası” deyib dad döyür, regionda ATƏT-in Minsk Qrupunu diriltmək istəyirlər. Avropa Birliyindən Azərbaycana qarşı yönələn təzyiq dolu bəyanatlara nəzər salaraq, biz bu prosesdə çox ciddi olmalıyıq. Düşünürəm ki, cənab prezident Azərbaycanın milli maraqlarının qorunması üçün bütün addımları atıb və bundan sonra da atacaq.

 

- Məlumatlara görə, Paşinyan sülh sazişinə razılaşıb. Nə dərəcədə səmimi ola bilər?

 

- Ermənilərin cinayətkar əməllərinə, yalanlarına baxsaq, buna inanmağa dəyməz. Bunlar bu sözü 30 ildir deyirlər. Bunları işğala sövq edən himayədarları da çoxdur. Son günlər Rusiya telekanallarında da  Azərbaycana, dövlət başçısına qarşı çox böyük iftiralar yağdırırlar. Bunlar hamısı təzyiq formalarıdır. Əgər bizim Xankəndi məsələsi və Qarabağdakı digər ərazilərimizin suverenliyi həll olunmursa, hansı sülhdən danışmaq olar? Bu mənada da Soçidə hələlik bizim xeyrimizə nələrsə gözləmirəm. Paşinyan kimiləri çox “sülh” deyib sərhəddə təxripatlar həyata keçiriblər. Hər dəqiqə qarşı tərəfdən təhlükə gözlənilir. Paşinyanın heç bir vədinə inanmaq olmaz. Bu gün hökumətə qarşı Ermənistanda mitinqlər keçirilir, Paşinyana təzyiq göstərirlər. Ona görə də 10 noyabr bəyanatının bəndlərinin icra olunması ilə bağlı Azərbaycanın xeyrinə olan hər hansı ciddi sənədin qəbul olunmasına inanmıram. Lakin Azərbaycan Ermənistan və Rusiyanı üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə məcbur etməlidir.

 

- Bu görüş ərəfəsində erməni hərbçiləri sərhəddə müəyyən təlimlər keçirib, “əzələ” göstərdilər. Niyyət nədir, Soçidə kimi qorxutmaq istədilər?

 

- Rusiya öz qoşunlarını Ermənistan-Azərbaycan sərhədi boyu yığmağa çalışır və qismən buna nail olub. Onun nəticəsidir ki, heç bir dövlətdə sülh və əminəmanlıq olmur. Əgər xoş niyyətləri varsa, qoşunlarını sərhəddə niyə yerləşdirilər? Üstəlik üçtərəfli bəyanatda erməni silahlılarının ölkədən çıxarılması ilə bağlı bənd olsa da, onun icrası da yerinə yetirilməyib. Ona görə də bu prosesdən hələ ki, müsbət nəticə gözləmirəm. Biz son dərəcə ayıq-sayıq olmalıyıq. Azərbaycan müxalifəti, siyasi partiyaları olaraq dövlət başçısı ilə bir yerdə olub ölkəni bu gərgin, ağır vəziyyətdən çıxarmalıyıq. Soçidə bütün məsələlərin asanlıqla həll olunacağını gözləmək olmaz. Məndə olan məlumata görə, erməni lobbiləri “arsax respublikası” adından Fransada görüşlər keçirib, Qarabağın qaytarılması üçün pullar ayırırlar. Ermənilər komunikasiya məsələlərini müzakirə etmək istəyirlər. Amma Azərbaycan üçün əsas məsələ ərazi bütövlüyünün tanınması, delimitasiya və demorkasiya məsələlərinin həlli, sülh sazişidir. Azərbaycan Prezidenti dediyi kimi, Xankəndi Azərbaycanın ayrılmaz ərazisidir və Qarabağ iqtisadi zonasına daxildir. Xankəndidə sözsüs Azərbaycanın bayrağı dalğalanmalı, qanunları işləməlidir. Rusiya erməni silahlılarının bölgədən çıxarılması ilə bağlı bəhanə edir, bildirir ki, onlar polislərdir və orada asayişi qoruyur. Bunlara birdəfəlik anlatmaq lazımdır ki, Azərbaycan ərazilərində asayişi Azərbaycan polisi özü qoruyacaq. Hələlik buna nail ola bilmirik. Ona görə də ermənilər sülhməramlıların iştirakı ilə gəlib Xocalıda kilsə tikit, bağ salır, məktəb açır və orada erməni terrorçusu Monte Molkanyanın adını verir. Faşizmə qarşı qanunla qadağa qoyan Rusiya sülhməramlıları isə buna göz yumur. Görünən odur ki, böyük təhlükə ilə qarşı-qarşıyayıq.

Putin Soçi görüşünü keçirib Brüssel görüşünü təşkil etməklə göstərdi ki, “burda ağa mənəm”, tapşırığı mən verirəm, nə desəm o da olacaq". Hər halda toparlanmağımızın vaxtıdır. Daxildə də bu sahədə müəyyən narazılıqlar var. Dövlətimizin əleyhinə işləyən qüvvələr çalışırlar ki, Azərbaycanın dövlət başçısı təklənsin. Mən bunu açıq şəkildə görürəm. Çox təəssüf ki, qüvvələrimizi səfərbər edə bilmədiyimizə görə, həm daxildə, həm xaricdə uduza-uduza gedirik. Düzdür, 10 noyabr sazişinə tam əməl olunmasa da, heç olmasa daha çox şəhidlər vermədən torpaqlarımızın bir qismi azad olundu. Amma bəyanatın müddüəları yerinə yetirilmədikcə, belə görüşlərdən heç nə gözləmirəm. Çünki ermənilər, ruslar sərhədə qoşunlar yığır, güclənirlər.

 

- Hafiz müəllim, dediyiniz kimi, düşmən öz düşmənçiliyindən əl çəkmir. Rusiyanın da Azərbaycana qarşı regiondakı mövqeyi bəllidir. Bəs onda sual olunur; biz kimik, Azərbaycan daxilində hansı siyasət yürüdülməlidir, siyasi partiyalar, ictimaiyyət, disporalarımız xaricdə öz işini necə qurmalıdır ki, o sərhədlərdən gələn təhlükələri uğurla önləyə bilək, daha da güclənib öz diplomatiyamızın diqtəsini izləyə bilək?

 

- Bizim diaspora işləmir, mənasızdır. Azərbaycan Prezidenti çox humanist bir insandır. Mehriban xanımın özü çox humanist və xeyirxahdır. Amma bizdə müəyyən insanlar var ki, onların humanistliyindən istifadə edirlər. Məsələn, gedib onlarla şəkil çəkdirən adamlar var ki, sonra bundan dələduzluq üçün istifadə edirlər. Yaxud Ata Abdullayev adlı biri də vardı, bir dəfə prezidentlə şəkil çəkdirmişdi, sonra onu əlində əsas tutub “nəzir” yığırdı. Prezidentlə çəkdirdiyi şəkli ora-bura göstərib ondan alınan pulla nə xeyriyəçilik olur, nə də diaspora işi... Diasporalarda da “bu filankəsin dostudur, bu filankəsin qohumudur” deməklə heç bir iş görülmür. Hazırda Azərbaycan siyasətçilərinin, hökumətlə təcili görüşləri başlamalıdır. Müxalifət toparlanmalı, xalqın dayağı olmalıdır. Xalqımız öz taleyinə biganə qalmaqdan kənara çəkilməlidir. 44 günlük müharibədə, o cümlədən I Qarabağ savaşında verdiyimiz şəhidlərə, qazilərə böyük hörmət, ehtiram nümayiş olunmalıdır. Xaricdə olan diasporalar, səfirliklər və digər nümayəndəliklərimiz toparlanmalıdır.

Bu gün məlumatlardan da görünür ki, Ermənistanı xaricdəki diasporaları, lobbiləri, milyonçuları idarə edir, məğlub olduqları halda onları ayaqda saxlayır. Azərbaycan da xaricdə erməni təbliğatı və aparılan informasiya müharibəsinə alternativ güc ortaya qoymalıdır. Amma diasporamızın, lobbimizin bu işini görürsüzmü, yox! Yaxud tutaq ki,  "xeyriyyəçi işlər" görəndə prezidentlə çəkdirdiyi şəkilləri ortaya qoyub onlardan istifadə etməli deyilik. Xeyirxalqlıq etmək üçün belə bir məcburiyyət olmamalıdır.  Bu şəkillərin hesabına gedib İcra Hakimiyyətindən, ondan-bundan 5-10 manat almaqla da heç nə etmək olmaz və bu olmamalıdır. Bu xeyriyyəçilik deyil. Azərbaycan daxilində, elə xaricində bu cür insanlar çoxdur. Bu məfkurə ilə biz nə edə bilərik? Amma erməni lobbisi, xeyriyyəçiləri görün nə edir? Azərbaycanın təhlükəsizliyi çox çətin durumdadır. Və burada da Azərbaycanın müxalif qüvvələri necə ki, 44 günlük müharibədə Ali Baş Komandanla bir yerdə oldu, bu davam eləməlidir.

 

- Sizin Prezidentlə bir yerdə olmağa mane olan nədir?

 

- Çox təəssüf ki, buna da imkan vermirlər. Birini orda şərliyirlər, birini burda özündən küsdürürlər. Daxildə bir qüvvə var ki, Azərbaycanda milli birliyin olmasını istəmir. Görürsüz Ermənistanda necə etirazlar keçirirlər. Paşinyan da deyir ki, mən istəyirəm, görürsüz xalq istəmir. Biz isə ağzımıza saqqız alıb oturmuşuq. Qalmışıq bir-iki dənə gədənin əlində. Onlar da pozuculuqla məşğuldurlar, qazilərimizi incidirlər, şəhid ailəlri var ki, nə gündədir. Əgər icra başçısı yardım adı ilə şəhid ailəsinə 3 kilo marqarin göndərirsə, 1 kilo pesok, 1 meşok un göndərib bununla işini bitmiş sayırsa, artıq bizim axırımızdır. Biz çox ciddi hərəkətə keçib təşkilatlanmalıyıq. Mən xəstəlikdən sağalıb ayağa qalxan kimi partiyamızın bu istiqamətdə fəaliyyətini gücləndirəcəyik. Bir çox partiyalarla əlaqə saxlayıb bəzi məsələləri müzakirə edirik. Amma təəssüf hissi keçirirəm ki, Azərbaycanımızı, Ali Baş Komandanımızı tək qoymuşuq. Bu mənada siyasi partiyaların bir araya gəlməsi də aktuallığını saxlayır. Hakimiyətin də daxilində müəyyən qüvvələr var ki,  milli birliyin olmasını istəmir. İstəyirlər ki, Prezident xalqa arxalanmasın. Hər halda bundan sonra daha sərt mövqedən çıxış edəcəyik. Hakimiyyətdə olan qüvvələr sevindi ki, yaxşı ki, Hafiz Hacıyev xəstələndi susdu. Sağlıq olsun, qalxıb dövlət başçısına kömək etməkdən ötrü əlimdən gələni edəcəm. Çox ciddi məsələlər var, hamısını ictimaiyyətə açıqlayacam. İcra hakimiyyətlərinin qazilərə, şəhid ailələrinə qarşı olan yanaşmaları qəbul olunan deyil. Deputatlar özlərini müvəqqəti hiss elədiklərinə görə, indi orda bu saat yığan yığanındır. Özlərinin maaşlarının artırılması, özlərinə müəyyən lqotların verilməsi ilə məşğuldurlar. Bunlar çox yanlış yoldadırlar. Bunlar hamısı dövlətin əleyhinə yönəlmiş addımlardır. Hər halda xoşa gəlməyən, gələcəyimizi təhlükə altına salan çirkin oyunlar gedir.

Bütün bunlara rəğmən, Azərbaycan Türkiyə, Pakistan, digər dost ölkələrlə hərbi birlikdə birləşməlidir. Əgər ermənilər 10 noyabr bəyanatına əməl etməsələr, Azərbaycan "Dəmir Yumruğunu" işə salmalıdır. Azərbaycan öz bayrağını Xocalıda, Xankəndidə qaldırmalıdır və tezliklə sülhməramlıların ölkədən çıxarılması üçün kampaniya aparılmalıdır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol