"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

21:05 01-12-2021 | icon 970 | Siyasət
"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

Mahir Abbaszadə: “Sərhədlərimizdə də sülhü və təhlükəsizliyimizi təmin edə biləcəyik”

 

Bu gün Laçın rayonunun işğaldan azad olunmasından 1 il ötür. Bu bir ilimizi bir gözümüz ağlayaraq, bir gözümüz gülərək yaşadıq. Ərazilərimizin işğal altında qaldığı 30 il ərazində yaşanan ağrı-acılarımız 44 günlük müharbədə qazandığımız hərbi zəfərlə azad Azərbaycanın gələcəyinə bir strateji açar, işıq saldı. Məqsədlərimiz uğrunda diplomatik mübarizə davam edir. Ölkəmizə qarşı daxildən və xaricdən olan təsirlər səngimir. Belə bir reallıqda qələbə əzmi ilə yaşayan Azərbaycan insanı dekabrın 1-də torpaqların azad olunduğu günü qeyd edərkən perspektivə məhz azad torpaqlarından baxır və vəziyyət nə qədər gərgin olsa da, reallıqlara fərqli prizmadan yanaşır.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağllı müsahibə verən Laçından olan deputat Mahir Abbassadə maraqlı nüanslara diqqət çəkib.

 

- Mahir müəllim, bu gün Laçın azaddır, gözünüz aydın. Ermənistanın kapitulyasiya aktına imza atması ilə 1 güllə atılmadan azad olunan Laçın rayonu mövcud situasiyada hansı streteji əhəmiyyətə malik olan proseslərə şahidlik edir. Azad olunan Laçının indiki vəziyyətini necə təhlil etmək olar?

 

- 30 illik vətən həsrətinə, dekabrın 1-i, 2020-ci ildə son qoyuldu. Biz işğal altında olan bütün torpaqları Azərbaycanın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücayəti, Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına azad etdik.

Laçın rayonunun çox böyük strateji əhəmiyyəti var. Bilirsiniz ki, uzun müddət beynəlxalq danışıqlarda Laçın rayonu mövzu olaraq qalırdı. Bəzən də Qarabağ məsələsinin həll olunmamasının əsas problemlərindən biri kimi Laçınla bağlı razılığa gəlinməməsi qeyd olunurdu. Xatırlayırsınızsa, 2020-ci il dekabrın 1-i cənab Prezident də televiziya ilə xalqa müraciət edərkən bu nüanslara toxundu. Prezident qeyd etdi ki, biz böyük danışıqlardan sonra Laçın rayonunun dəhliz olan hissəsinin təxminən 5 kilometr olması ilə bağlı razılığa gələ bildik. Çünki Ermənistan tərəfi dəhlizin 30-35 kilometr olması ilə bağlı təkliflər irəli sürürdü. Amma təbii ki, Ermənistan məğlub tərəf olduğu üçün Azərbaycanın nəzərədə tutduğu bütün şərtləri qəbul etdi.

Bu illər ərzində Laçın rayonunun əhalisi, laçınlılar bütün Azərbaycan xalqı kimi bu qələbənin təsiri altındadır. Biz ikiqat sevinc içərisindəyik. Biri işğal altında olan torpaqların geri qaytarılmasıdırsa, o işğaldan azad olunan rayonladan birinin məhz bizim doğulub boya-başa çatdığımız rayonun azad olunması sevincini yaşayırıq. Laçın rayonunun insanları bu 1 il ərzində təhlükəsizlik məsələləri həll edildikcə, ərazilər minalardan təmizləndikcə, sərhədlərimizdə davamlı təhlükəsizlik problemləri həll olunduqca, gedib öz ata-baba torpaqlarını ziyarət edirlər. Oradan Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə, eyni zamanda Azərbaycan Ordusuna təşəkkürlərini bildirirlər. Digər tərəfdən, bu bir il ərazində cənab Prezidentin və Mehriban xanımın Laçın rayonuna iki dəfə böyük səfərləri təşkil olunub. Cənab Prezident o səfərlər çərçivəsində Azərbaycanın üçrəngli bayrağını Laçın rayonunda qaldırıb. Bu bayrağın qalxması bir tərəfdən düşmənlərimizə və onların havadarlarına verilən bir mesajdır ki, artıq Laçın azadddır və burada üçrəngli bayrağımız dalğalanır. Bir tərəfdən də Cənab Ali Baş Komandanın o rayonlara səfərləri hər dəfə bizim yaddaşımızda ya yeni layihələrin təməlqoyma mərasimləri kimi, ya da təmirdən sonra istifadəyə verilməsi kimi qalır. Bu bir il ərzində Laçında su elektrik stansiyası istifadəyə verilib, Laçın rayonunun Qorçu kəndində Laçın rayonunun hava limanının təməqoyma mərasimi keçirilib. Həmin hava limanından İstisuya və Qaragölə gələcəkdə turizmin inkişafı ilə bağlı məsələləri həll etmək çün böyük yollar çəkilib. Eyni zamanda, Laçın rayonunda Ermənistanla sərhəddə yerləşən hərbi yol və su ehtiyatlarını təmin etmək məqsədilə həmin hərbi hissələrə yollar, sular çəkilib. Və infrastruktur layihələri bu gün də davam etdirilməkdədir. Digər rayonlarda olduğu kimi, Laçın rayonunda da baş planın hazırlanması məsələsi artıq yekunlaşmaq üzrədir. Kəndlərin kompleksləşdirilməsi, birləşdirilməsi və böyük qəsəbələrin tikintisi ilə bağlı artıq kifayət qədər hazırlıq işləri görülüb və bu il Azərbaycan Respublikasının dövlət büdcəsindən işğaldan azad olunan rayonların bərpası ilə bağlı ayrılmış 2,2 milyarddan artıq vəsaitdən də artıq müəyyən vəsait ayrılacaq ki, bu ərazilər bərpa olunsun, yaşayış məntəqələri salınsın və 30 il bu rayondan məcburi köçkün düşmüş, Azərbaycanın 58 rayonuna dağılmış, getdiyi yerlərdə müəyyən mənalarda nənəvi əziyyətlər çəkmiş insanlarımız axır ki, öz ata-baba yurdlarına qayıtsın, yaşasın, yaratsın və bundan sonrakı həyatlarını Laçın rayonu ərazisində qursunlar.

 

- Məlumdur ki, Laçın və daha iki rayonumuz - Kəlbəcər və Ağdam 2020-ci il 10 noyabr üçtərəfli atəşkəs bəyanatı əsasında bir güllə atılmadan azad olundu. Hazırda sərhədlərin müəyyənləşməsi istiqamətində diplomatik danışıqların getdiyi, ən əsas da torpaqların azadlığının 1 ilini qeyd etdiyimiz bir zamanda vertolyiot qəzasında 14 zabitimizi itirdik. Yenə şəhidlər verdik. Belə bir ərəfədə cərəyan edən gərgin prosesə, elə laçınlıların özünə hansı təsirini göstərmiş oldu?

 

- Qeyd edildiyi kimi, Laçın rayonu və digər iki rayonumuz Ermənistan tərəfi kapitulyasiya aktına qol çəkdikdən sonra bir güllə atılmadan işğaldan azad olundu. Ermənistan tərəfi buna məcbur edildi. Amma qeyd etmək lazımdır ki, Laçın rayonunun bəzi kəndləri hərbi güclə, böyük mübarizə nəticəsində azad olundu. O zaman cənab Prezident özünün twitter səhifələrində yazırdı ki, Laçın rayonunun Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Səfiyan, Aşağı Cicimli, Yuxarı Cicimli, Qazıdərəsi Azərbaycan ordusunun apardığı döyüşlər nəticəsində işğaldan azad edilmişdi. Laçının işğaldan azad edilməsi həm Azərbaycan diplomatiyasının, həm də Azərbaycan Ordusunun qələbəsi kimi qiymətləndirilməlidir. Ən əsas odur ki, bu gün Laçın azaddır və o insanlar da öz azad torpaqlarında azad nəfəs ala bilirlər.

Belə bir ərəfədə 14 zabitimizin şəhid olduğu vertolyot qəzası ilə bağlı yaşadığımız faciə əslində bütün Azərbaycan xalqını sarsıtdı. Burada Azərbaycan ordusunun silahlı qüvvələrinin kifayət qədər yüksək rütbəli zabitləri həlak olublar. Onların bəziləri Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdir. Bəziləri orden və medallarla təltif ediliblər. Bu bizim üçün böyük bir itkidir. O hadisənin Laçın rayonunun işğaldan azad olunmasının 1 illiyi ərəfəsində baş verməsi bir tərəfdən gülən gözümüzün o bir tərəfdən ağlamasına səbəb oldu.

Artıq istintaq orqanları hadisəni araşdırır. Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin mətbuata dediyi fikirlərini dinlədik. Eyni zamanda, Baş Prokurorun birirnci müavini bu məsələlərlə olan istintaq materialları ilə bizi tanış etdi. Qarşıda böyük bir istintaq prosesi olacaq. Çox arzulayırıq ki, istintaq prosesi çox doğru və düzgün aparılaraq, əgər bu hadisədə başqa bir izlər tapılarsa ortaya çıxsın. Amma hələ ki, hüquq mühafizə orqanları işləyir. Çox təəssüflər olsun ki, nədənsə tariximiz belə acı faciələrlə doludur. Bir tərəfdən qələbələri qeyd edirik, başqa bir tərəfdən də bəzən belə acı hadisələrlə üz-üzə qalırıq. Düşnürəm ki, istintaq prosesində bütün həqiqətlər ortaya çıxacaq.

 

- Mahir müəllim, prezident də bütün çıxışlarında müharibənin hərbi müstəvidə bitdiyini bəyan edərək, diplomatik müharibəmizin davam etdiyini, Dəmir Yumruğun daim hazır olduğunu deyir. Regiondakı gərginlik, Soçi, daha sonra Brüssel görüşü və onun ətrafında gedən müzakirələr fonunda cərəyan edən proseslərə nəzər salsaq, Azərbaycana qarşı yönələn təsirlər səngimir. Məsələyə bu kontekstən baxsaq, aparılan danışıqlarda “Laçın dəhlizi” məsələsi nə zamana qədər aktuallığını saxalaya bilər?

 

- Ermənilərin bu gün apardığı əsas mübarizə ondan ibarətdir ki, “Laçın dəhlizi” indiki vəziyyətdə qalsın. Amma 10 noyabr sazişinin müddüəlarında göstərildiyi kimi, Laçın dəhlizindən başqa alternativ bir dəhliz çəkilməlidir və bu dəhliz rus sülhməramlıları tərəfindən qorunmalıdır. Və Laçın şəhərinin faktiki dəhliz adlandırdığımız ərazisində Azərbaycan əhalisi yaşamağa davam etməlidir. Müqavilənin şərtlərində belədir. Məndə olan məlumata görə, alternativ yolun çəkilişinin başa çatması 3 il ərzində nəzərdə tutulub və bu yolun müəyyən hissəsi çəkilib. Həmin yol Ermənistan ərazisinə birləşdirildikdən sonra şəhər boşaldılacaq. Ermənistanın apardığı mübarizə ondan ibarətdir ki, dəhliz olduğu kimi qalsın, amma bu qeyri-mümkündür. Müqavilənin şərtlərinə uyğun deyil.

Laçın və Kəlbəcər rayonlarında sərhəddə baş verən hadisələrdə şəhidlər verdik. Amma proseslərə diqqət yetirsək görəcəyik ki, bütün hadisələrdə, təxribatlarda Azərbaycan ordusu düşmənin layiqli cavabını verib. Düşmən tərəf həm canlı, həm də texniki cəhətdən böyük itkilərə məruz qalıb. Eyni zamanda erməni hərbçilərinin əsir götürüldüyü də məlumdur. Və biz sərhədlərdə möhkəmləndikcə, təbii ki, Ermənistan tərəfi də buna qarşı özünün tədbirlərini görür. Amma unudurlar ki, artıq Azərbaycan ordusu güclüdür, Azərbaycan Ordusu NATO-nun siyahısında ilk 50-likdə dayanır. Ordumuz öz hərbi potensialını artırmış, maddi-texniki bazasını möhkəmləndirmiş, eyni zamanda müasir silahlarla təmin olunmuş, digər tərəfdən böyük ruhu olan qalib əsgərlərdən ibarətdir. Ona görə də Azərbaycan ordusu bu cür həmlələrin qarşısını almaqda davam edir.

O ki qaldı sərhədlərin dəqiqləşdirilməsi məsələsinə, bilirsiz ki, Soçidə görüş zamanı həm Vladimir Putin, Nikol Paşinyan və cənab Prezident İlham Əliyevin imzaladığı sənədə əsasən bu məsələlər yaxın zamanlarda öz həllini tapmalıdır. Sərhədlər müəyyənləşməli, dəqiqləşməlidir. Mənə elə gəlir ki, sərhədlərlə bağlı məsələlər bitdikdən sonra bizim Ermənistanla sərhədimizdə davamlı təhlükəsizliyin və sülhün olması üçün söhbətlər gedə bilər. Bilirsiz ki, biz BMT, ATƏT, Avropa Şurasının Qarabağla bağlı çıxardığı qərarları 44 gün ərzində icra eləmişik, öz torpaqlarımızı geri qaytarmışıq. Biz regionda yeni realıqlar yarada bilmişik. Amerika, Avropa İttifaqı da bu prosesdən kənarda qalmaq istəmir. Ona görə də cənab Prezidentin və Nikol Paşinyanın Brüsseldə görüşü öncəsi Azərbaycana qarşı bəyanatlar verərərk prosesi gərgin vəziyyətdə saxlamaq nəzərdə tutulub. Amma mənə belə gəlir ki, biz nikbin olmalı, bir az səbrli davranmalıyıq. Mübarizə bitməyib. Biz 30 il mübarizə apardıq və bunun nəticəsində 44 gün ərazində torpaqları işğaldan azad eliyə bildik. Bundan sonra da mübarizəmiz bütün cəbhələrdə - diplomatik, hərbi, iqtisadi, informasiya cəbhələrində mübarizələrimizi davam etdirəcəyik. Çünki biz nə edək ki, bizim qonşular mənfur düşmənliyindən əl çəkmir. Ona görə də biz bundan sonra da mübarizələrə hazır olmalıyıq. Çünki artıq Azərbaycanın yeni tarixi yazılıb. Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edib geri qaytarmışıq. Bu faktla müəyyən güclər, erməni lobbisi, erməni lobbisinin havadarlıq etdiyi müəyən güclər razılaşmaq istəmir. Ona görə də mübarizəmiz davam edəcək. Və Azərbaycanın bütün ərazilərində necə öz hakimiyyətimizi bərpa edə bilmişiksə, sərhədlərimizdə də sülhü və təhlükəsizliyi təmin edə biləcəyik.

 

- Biz Laçının azadlığının 1 ili ərəfəsində 14 şəhid verdik. Heç şübhəsiz ki, düşmən sevinir. Bundan sonra düşmənə hansı addımlarımızla cavab verməliyik?

 

- Azərbaycanda hansı mənfi hadisə baş verirsə, Ermənistan sevinir. Çünki düşmənin əlindn ancaq bu gəlir. Sonrakı addımlarımız Azərbaycan dövləti və dövlətçiliyi ilə bağlı ayıq-sayıq olmalıyıq. Azərbaycanı bütövləşdirmək, gücləndirmək, sərhədlərini qorumaq, dünyada inkişaf etmiş dövlətlərin sırasına çıxarmaqla bağlı Azərbaycan xaqlı Azərbaycan Prezidentinin ətrafında olmalıdır. Biz başa düşməliyik ki, bizim bir vahid vətənimiz var və bu vətəni qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Bizim hansı sənət sahibi olmağımızdan, hansı dini etiqadlığımızdan, hansı millətdən olmağımızdan asılı olmayaraq, Azərbaycan xalqı formasında biz Azərbaycan dövlətini qorumaq, inkişaf etdirmək uğrunda bir olmalı, birgə mübarizə aparmalıyıq. Və əgər bu vertolyot qəzasında düşmənin əlinin olduğu ortaya çıxacaqsa, yenə bundan sonrakı işimiz dünyaya layiqli cavab vermək olacaq. Biz belə hallarla düşmənin sevinməsinə imkan verməməliyik. /"həftə içi"/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər