Göndəriş vərəqələrinin verilməsi qaydalarında dəyişikliklər olacaq
“Yaxın günlərdə icbari tibbi sığorta çərçivəsində verilən göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq”.
Versus.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlimdə deyib.
O bildirib ki, müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq:
“Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda ya müayinə edən həkim, ya da ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasında planlı yatış xidmətindən istifadə mümkün olur”.
O qeyd edib ki, hələlik başqa dəyişikliklər nəzərdə tutulmayıb:
“Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin elektron poçt ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub-olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmətin dövlət tibb müəssisəsində olmadıqda elektron poçt vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"