Daha sonra çıxış edən “ELLE Decoration” jurnalının baş redaktoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ASC ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan xüsusi marağı xüsusi qeyd etdi.
Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da baş tutmuş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır.
Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib.
Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klasdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.
Qapalı keçirilən “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı Azərbaycan gecəsinin təşkilatçıları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi, “Azərxalça” ASC və “Detali” ali dizayn məktəbidir.
Əsas məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır. “Azərxalça” ASC artıq dünyanın məşhur dizaynerləri ilə işləmək, onlardan sifariş götürmək və ya onların sifarişlərini toxumaq kimi məsələləri gündəmdə saxlayır.