Brüssel görüşü erməni separatçıları hədəfə çıxartdı

08:46 17-12-2021 | icon 554 | Siyasət
Brüssel görüşü erməni separatçıları hədəfə çıxartdı

Paşinyan Araikə hansı mesajı çatdırdı?

 

İkitərəfli görüşdə erməni baş nazirin Azərbaycan liderinə Ermənistan ordusunun tör-töküntülərinin Xankəndi və ətraf bölgədən tezliklə çıxarılacağını vəd etməsi qətiyyən istisna deyil; Böyük ehtimalla Brüssel görüşündən dərhal sonra Araik Arutyunyanı İrəvana çağıran Nikol Paşinyan ona separatçıları gözləyən real təhlükəni birbaşa anlatmağa çalışıb...

 

Brüssel görüşünün nəticələri artıq tədricən ortaya çıxmaqdadır. Belə ki, hazırda həm Azərbaycanda, həm də Ermənistanda bu görüşün nəticələri geniş şəkildə müzakirə edilməkdədir. Və iki ölkənin cəmiyyətlərində son baş verənlərə münasibət tamamilə fərqlidir.

 

Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində həm Soçi, həm də Brüssel görüşlərində əldə olunmuş nəticələrdən siyasi-ictimai məmnunluq müşahidə edilir. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin addımlarını və manevrlərini dəstəkləyir, hər şeyin yolunda getdiyindən əmindir. Və bu səbəbdən də, Azərbaycan cəmiyyəti üçün hazırda Ermənistanın yeni situasiyaya reaksiyaları daha çox maraq doğurur.    

 

Onu da qeyd edək ki, Ermənistan cəmiyyətində Brüssel görüşünün nəticələri daha çox məyusluqla qarşılanmaqdadır. Belə ki, Soçi görüşündən sonra erməni toplumu əsas ümidlərini məhz Brüsseldəki yüksəksəviyyəli müzakirələrə bağlamışdı. Ancaq bütün bu ümidlərin hamısı puça çıxdı. Və Soçi görüşünün ardından Ermənistanın Brüsseldə növbəti siyasi-diplomatik uğursuzluğa düçar olması barədə qənaətlər indi daha çox ön plana keçib.

 

Təbii ki, Ermənistanın rəsmi dairələri bu qənaətləri qətiyyən bölüşmür. Əksinə, Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşünün uğurlu nəticələr əldə olunduğunu vurğulayır. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevlə əldə olunmuş razılaşmaya əsasən, Ermənistan ərazisindən keçəcək dəmiyolunun çəkilməsi barədə qərar böyük önəm daşıyır: “Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirəcək və Ermənistandan keçəcək dəmiryolunun çəkilməsi barədə anlaşmamız bütün regionda hamı üçün sərfəli dəyişikliyə səbəb olacaq”.

 

Ancaq Ermənistan müxalifəti, xüsusilə də, radikal revanşist siyasi qüvvələr erməni baş nazirin bu fikirləri ilə qətiyyən razı deyil. Əksinə, Soçi və Brüssel görüşünün nəticələrinin Ermənistan dövlətinin mövcudluğunu təhdid etdiyini vurğulayırlar. Yeganə xilas yolunu isə Paşinyan hakimiyyətinin təcili olaraq, dəyişdirilməsində və situasiyanı Ermənistanın mənafelərinə uyğunlaşdırılmasında görürlər.

 

Maraqlıdır ki, Ermənistan cəmiyyətində ən çox çaşqınlıq və çalxalanma yaradan məsələ “dəhlizlər” ilə bağlı məsələdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistanın gömrük postları yaradılacağı təqdirdə, Azərbaycanın da Laçın dəhlizində gömrük məntəqələri quracağını bəyan etməsi erməni toplumunda şok effektinə yol açıb. Belə anlaşılır ki, erməni toplumu rəsmi Bakıdan belə konkret və prinsipial mövqe gözləmirdi.

 

Ona görə də, hazırda Ermənistan cəmiyyətində və siyasi dairələrində rəsmi Bakının bu mövqeyinin doğura biləcəyi nəticələr ciddi müzakirələrə və mübahisələrə səbəb olub. Erməni müxalifəti rəsmi Bakının bu qərarının Ermənistana “artsax”ın tamamilə itirilməsi bahasına başa gələ biləcəyini vurğulayır. Keçmiş prezident Levon Ter-Petrosyana yaxın dairələr isə “artsax”ın indi deyil, daha əvvəl itirdiyini iddia edirlər. Onların fikrincə, erməni toplumu 44 günlük savaşdan sonra Qarabağda yalnız coğrafi ərazi cisgiləri ilə də olsa, hər hansı formada avtonomiyaya belə, ümid bəsləməməlidir. Səbəb kimisə, Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ münaqişəsi həll edilib, heç bir status olmayacaq, bu kimi mövzulara geri dönmək mümkün deyil” məzmununda bəyanatı göstərilir.

 

Maraqlıdır ki, Xankəndi və ətraf bölgədə olan erməni separatçıları yaxınlaşan təhlükəni hamıdan yaxşı hiss etməyə başlayıblar. Rəsmi Bakı tərəfindən Laçın dəhlizində gömrük məntəqələri yaradıla biləcəyi ilə bağlı edilən xəbərdarlığa erməni separatçıların isterik reaksiyaları da bunu biruzə verir. Buna əmin olmaq üçün erməni separatçıların rəhbərlərindən olan David Babayanın son açıqlamasına diqqət etmək yetərlidir.

 

Separatçı D.Babayan bildirib ki, Azərbaycan bu addımları ilə daha uzaqgedən planlar qurduğunu göstərir: “Rəsmi Bakının “dəhliz əvəzində dəhliz” prinsipi “artsax”ın tamamilə süqutuna hesablanıb. Ancaq Azərbaycanın bu yanaşması yalnız “artsax” üçün təhlükəli deyil. Rəsmi Bakı Ermənistanı da nəzarətə götürmək niyyətindədir. Azərbaycanın Ermənistan üzərindən Türkiyə ilə əlaqə yaratmağa nail olacağı təqdirdə, rəsmi Bakı tədricən öz əsas hədəfinə nail ola bilər. Bu, baş verərsə, Azərbaycan əvvəlcə Ermənistanın cənub bölgəsinə nəzarəti ələ keçirəcək, daha sonra isə erməni dövlətçiliyi və suverenliyi yoxa çıxacaq”.  

 

Göründüyü kimi, Xankəndi və ətraf bölgədəki erməni separatçıları arasında qorxu hissi güclənməyə başlayıb. Separatçılar etiraf etməsələr də, 44 günlük savaşdan sonra onların bölgədə qalmalarının mümkün olmayacağını onsuz da anlayırdılar. Onlar bilirdilər ki, rəsmi Bakı əvvəl-axır Xankəndi və ətraf bölgənin Azərbaycanla inteqrasiyasına nail olcaq. Və bu, qaçılmaz xarakter daşıyan bir sonluqdur.

 

Ancaq erməni separatçılar rəsmi Bakının bu prosesi belə sürətləndirməyə çalışacağını gözləmirdilər. Onlar vaxtın uzadılması ilə gələcəkdə vəziyyəti fərqli istiqmətlərə çevirə biləcəklərinə ümidlərini tam itirməmişdilər. Rəsmi Bakının son xəbərdarlıqlarının məzmunu isə Azərbaycanın prosesi tezləşdirmək üçün təsirli mexanizmlərə sahib olduğunu göstərdi.

 

Təbii ki, Xankəndi və ətraf bölgə ilə bağlı mövzunun Brüssel görüşündə müzakirə edildiyi qətiyyən istisna deyil. Böyük ehtimalla Azərbaycan Prezidenti bu məsələ ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyan qarşısında müəyyən şərtlər irəli sürüb. Erməni baş nazirin isə Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi-ticari əlaqələrin qurulması, ümumiyyətlə, Ermənistanın blokada şəraitindən çıxarılması üçün rəsmi Bakının şərtlərini qəbul etdiyini düşünmək olar.

 

Əslində, hazırda “artsax” xəyallarının Ermənistanın gələcək inkişaf perspektivləri qarşısında əsas əngəllərdən biri olduğunun Paşinyan hakimiyyəti tərəfindən qəbul edilməsi barədə müəyyən məlumatlar mövcuddur. Hətta bu barədə erməni separatçılarının rəhbəri Araik Arutyunyana eyham vurulduğu da bildirilir. Və Paşinyan hakimiyyətinin əvvəl-axır “artsax” xəyallarından rəsmən imtina edə biləcəyi qətiyyən istisna deyildi.

 

Maraqlıdır ki, Brüssel görüşündən dərhal sonra Ermənistan baş naziri N.Paşinyanın separatçı Araik Arutyanı İrəvana çağırması da bu baxımdan, prosesin sürətləndirildiyini göstərir. Ermənistan mətbuatının məlumatına görə, baş nazir N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə apardığı danışıqların ardından - dekabrın 16-da Xankəndi və ətraf bölgədəki separatçıların başçısı Arayik Arutyunyanı qəbul edib. Ermənistan paytaxtı İrəvanda keçirlən həmin görüşün detalları, müzakirə olunan məsələlər barədə açıqlanma verilməsə də, nə baş verdiyini təxmin etmək o qədər də çətin deyil.

 

Məsələ ondadır ki, separatçı A.Arutyunyan rəsmi şəxs deyil. Ona görə də, qapalı toplantılarda “artsax”ın suverenliyinə nəzəri ehtimal belə, qalmayıb” fikrini dilə gətirən erməni baş nazirin separatçıya Ermənistan-Azərbaycan danışıqları barədə geniş məlumat vermək niyyəti daşıya biləcəyini düşünmək sadəlövhlük olardı. Böyük ehtimalla erməni baş nazir Brüssel görüşündən sonra Xankəndi və ətraf bölgədə separatçıları gözləyən taleyi A.Arutyunyana anlatmağa çalışıb. Xüsusilə də Brüssel görüşündə Xankəndi və ətraf bölgədə qalan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılması məsələsi gündəmə gəlmiş ola biləcəyindən separatçıların gələcək taleyi müzakirə mövzudur.

Bu baxımdan, Ermənistan baş naziri N.Paşinyanın A.Arutyunyana separatizm fəaliyyətini yekunlaşdırmaq lazım gələcəyinin mesajını vermiş ola biləcəyi qətiyyən istisna deyil. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi