Nizami Gəncəvi yaradıcılığı alman dilində
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı Şərq və Qərb dünyasını birləşdirən ən önəmli ədəbiyyat xəzinəsidir. Nizami Gəncəvi yaradıcılığı o qədər zəngin bir xəzinədir ki, alman mütəfəkkiri Yohan Volfqanq fon Höte belə, şairin yaradıcılığına heyranlığını gizlətməyib.
Nizami Gəncəvi yaradıcılığının istər Almaniya, istər Avstriya, istərsə də İsveçrə alimləri tərəfindən davamlı tədqiq olunması, həm də Şərq dünyasına səyahətdir.
Tədqiqatçıların seçimindən görünür ki, Nizami Gəncəvi yaradıcılığı Qərbin bir sıra nüfuzlu elm və təhsil ocaqlarında daim maraq dairəsində olub. Dahi şairin hələ 1197-ci ildə qələmə aldığı “Yeddi Gözəl” poeması isə beynəlmiləl xarakter alaraq özündə multikultural dəyərləri əks etdirən bədii sənət nümunəsidir.
Zaman-zaman alman alim və tədqiqatçılardan prof. Fridrix Rukert, prof. Yohan Kristof Bürgel, prof Gerhard Müller-Hornbax, dramaturq August von Platon, filosof Georg Fridrix Dakmer, yazıçı, filoloq alim Anton Edmund Volhaym da Fonseka, prof. Anna Maria Şimmel, şərqşünas Verner Sondermann, yazıçı-filoloq Bozars Alavi, tərcüməçi Martin Remane, islamşünas Bettina Löber, isveçrəli prof. Renate Vürş, İslam alimi Fritz Mayer, Rudolf Gelpke, avstriyalı Yosef von Hammer-Purgştall, Nosratollah Tastegarın Nizami yaradıcılığına həsr etdikləri əsərləri tarix boyu yaşayacaqdır.
Almandilli tədqiqatçıların Nizami yaradıcılığına səyahətinə nəzər saldıqda aşağıdakı dolğun mənzərəni görürük. Belə ki, Nizami Gəncəvi yaradıcılığı 1858-ci ildə çex əsilli alman şərqşünası Yan Rıpka və alman şərqşünası Fridrix Runker tərəfindən tədqiq olunaraq əsərlərindən parçalar tərcümə olunub.
1871-ci ildə macar əsilli alman şərqşünası Vilhelm Baxer Nizaminin həyat və yaradıcılığı barədə tədqiqat apararaq sanballı monoqrafiya yazıb.
1927-ci ildə alman şərqşünası Ritter Helmutun Berlində və Leypsiqdə çıxan “Nizaminin şəkil qalereyası” əsəri maraqla qarşılanıb.
1933-cü ildə Vizbadendə avstriyalı islamşünas alim Herbert Vilhelm Duda tərəfindən tərcümə olunan “Fərhad və Şirin” poeması alman dilində nəşr olunub. Bir il sonra isə Leypsiqdə şairin “Yeddi gözəl” poemasından bəhs edən “Nizaminin romantik eposu” əsəri işıq üzü görüb.
Hamburqda alman türkoloqu Barbara Henriette Flemminq türk dilində Nizaminin “Fərhad və Şirin” poeması haqqında araşdırma aparıb. O, 1965-ci ildə araşdırmalarını bir qədər də genişləndirərək Vizbadendə fəaliyyətdə olan “Zeitschrift der Deutschen Morgenlandischen Gesellschaft” Cəmiyyəti ilə əməkdaşlıq edib. Onun 1971-ci ildə Nizami poeziyası haqqında “Musiqi və poeziya”adlı kitabı xarici ölkələrlə yanaşı, Leypsiqdə də nəşr olunub. Q.Lipde isə “Nizami poeziyası və muğam” haqqında 1971-ci ildə maraqlı tədqiqat işi yazıb.
Göründüyü kimi, Nizami yaradıcılığı uzun illər əksər avropalı tədqiqatçıların diqqət mərkəzində olub. Onların elmi araşdırmaları Avropada Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin yaradıcılığını öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 875 illiyi münasibətilə Almaniyanın Hildeshaym şəhərində keçirilən və əlamətdar notlarla müşayiət olunan poeziya-konsert axşamı da şairin yaradıcılığına səyahət etmək baxımından mühüm töhfə sayılmalıdır. Azərbaycan Respublikasının Qədim Musiqi Alətləri Ansamblının ifası ilə müşayiət olunan poeziya axşamının Hildeshaym Dünya Musiqi Alətləri Muzeyində keçirilməsi rəngarənglik və fərqli məkan baxımından diqqət çəkirdi. Yeri gəlmişkən, əsasən, almanların izlədiyi konsertin təşkil olunmasında sənətşünas alim, professor Raymund Fogelsin xidməti danılmazdır. Salonda əyləşən alman tamaşaçılarını heyrətləndirən musiqi və poeziya onlarda Azərbaycanla bağlı zəngin, xoş təəssürat yaradırdı.
Almaniyanın “Frankfurt am Main” Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili-poeziya günləri seyrçilərin Azərbaycan mədəniyyəti ilə tanışlığına səbəb olub.
Akademik İsa Həbibbəylinin yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” şairin 880 illiyi münasibəti ilə alman dilində də nəşr olunub. Bununla yanaşı, Almaniyada yaşayan soydaşımız, yazıçı-alim Orhan Arasın “Nizaminin alman ədəbiyyatında təsiri” və “Nizami Gəncəvinin alman dilindəki aforizmləri”, eləcə də Sevil Fuksun “Nizami biblioqrafiyası alman dilində” və “Nizami nəzm və nəsrdə” kitabları şairin yaradıcılığına yüksək maraq və diqqətin təzahürüdür.
Xalq rəssamı Arif Hüseynovun Nizami Gəncəvi yaradıcılığına həsr olunan illüstrasiyaları isə kitablara estetik gözəllik verir, dövrün yaşam tərzini göz önündə canlandırır.
Nizami Gəncəvinin 880 illiyinə həsr etdiyimiz “Nizami Gəncəvi alman dilində” toplumu Azərbaycanın dünya şöhrətli mütəfəkkir şairinin alman dilində nəşr olunmuş əsərlərin biblioqrafiyası ilə bağlıdır.
Düşünürəm ki, nəşr edəcəyimiz toplum Nizamişünas tədqiqatçılar üçün faydalı olacaq, onların stolüstü kitabına çevriləcəkdir.
Alman-Azərbaycan Cəmiyyətinin sədri
Professor Çingiz Abdullayev
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"