"Dərdnamə": dərdlərə etirazın bədii dərki
Hər şeir ruhun pıçıltısına dönə bilmir, buna qüdrəti çatmır
BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/
Şeir ruhun pıçıltısıdır... Hər şeir ruhun pıçıltısına dönə bilmir, buna qüdrəti çatmır. Yaxşı şeir oxucunu həm düşündürür, həm də onun duyğularının ahənrübasına dönür. Onda şeir şairlə oxucu arasında poetik mükalimələşmə vasitəsi olur; oxunduqca yaddaşa hopan şeirlərdə yaşanılanlar unudulmur. Bu, poeziyanın, şeiriyyətin qüdrətidir. Tanınmış şair-publisist Şöhlət Əfşarın "Dərdnamə" kitabı belə şeirlərin kitabıdır...
Klassik ədəbiyyatımızdan üzü bu yana "namə"lər biçimində əsərlər, kitablar oxumuşuq. Son illərin şeir "tünlüyündə" yeni biçimli "namə" görüncə içimdə incə bir tərpəniş hiss etdim. Sələf-xələf vəfasına görə, tarixi keçmişə sayğıya görə, ustadlara şeiriyyət hesabatı vermə istəyinə görə.
Dərd ifadəsi könül qubarının səs ortağıdı. Şöhlət Əfşarın "Dərdnamə"sində dərdin rəngi dərdlərin rənginə bənzəmir. Hər dərdin öz rəngi olduğuna görə. Nadir şah Əfşarın şəcərəsinə layiq şair Şöhlət Əfşarın bu kitabında da tarixdə əfşarların və əfşarların tarixinin izini də görmək istədim. O iz var. O izi şeirləri ürəyinin gözü ilə oxuyanlar görə bilər. Kitabı oxudum və qət etdim ki,
Mehr-ülfət, ülfətli nur
hər ocağın közündədi.
Tarixə düşən iz ki, var,
"Dərdnamə"nin özündədi...
"Dərdnamə"nin tanıtdığı dərdlər hamımıza tanış dərdlərdi. Yaşamışıq, görmüşük, duymuşuq, onların ömürə, yaşantılara zərbəsini nədən hiss etməmişik? Nədən hiss edəndə dinməmişik? Bizi təkcə əsr deyil (M.Ə.Sabir), dərd də dindirirdi axı. Nə onda, nə də onda dinməmək özünə yağılıq kimi rişələnib, şübhəsiz...
"Dərdnamə"də giley, şikayət seziləndir, hiss ediləndir, görünəndir. Bu gileylər şairin (Şöhlət Əfşar) şair-lə (Barat Vüsal) söhbəti formatında təqdim edildiyindən poetik mükalimələşmə kimi oxunur.
Söz qədri bilən Şöhlət Əfşarın
Söz ağladan adamı fələk güldürə bilməz,
Söz var ruhu öldürər, silah öldürə bilməz, -
beyti kəlam kimi oxunur. "Qılınc yarası gedər, söz yarası getməz" atalar sözü var və Şöhlət folklorumuza böyük sədaqətlə bu fikri kifayət qədər yaddaqalan səviyyədə ədəbiyyata gətirib. Bu beyt sözün qüdrətinə inamın beytidir, bu beyt Sözə sədaqətin beytidir. Və iki şairin mükalimələşməsi də Sözün araçılığıyla yaşanılır. Şöhlət Əfşar da, Barat Vüsal da, "Dərdnamə"də deyildiyi kimi, adını sözlə gələcəyə yazır.
"Yalanın, alçaqlığın həyat tərzi olmasına görə, yaltaqlığın millətin evini yıxmasına görə", nağıllarda deyildiyi kimi, dəmir çarıq geyinən şair (vətəndaş) ədaləti axtara-axtara qalıb. İnsan axtardığını tapa bilməyəndə asılanır (Dədə Qorquddan gələn ifadədi), gileylənir. Şöhlət Əfşarın "Dərdnamə"sini poetik asılanma adlandırardım; şair hər yerdə (və hər kəsdə!) Vətənə sevgi görmək istəyir, milli-mənəvi dəyərlərimizin vətəndaşlıq sevgisi ilə yaşadıldığını görmək istəyir.
"Dərdnamə"də boyu görünən dərdin ən böyüyü Vətən dərdidir, işğal dərdidir. Torpaqlarımızın işğalda qalması şairin ruhunu titrədir, varlığının sunamisinə dönür. Bu halı yaşayanların hamısının əvəzindən yazır ki,
Bülbüllər gecələr gizli ağlayır,
Susublar düşmənin güllələrindən.
Bu sıxıntı zamanın sıxıntısı gücündə təqdim edilib. Bu sıxıntı həm də ədəbi çağırışdı. Bu çağırış tarixi diksindirməyə qadir olan çağırışlar sırasındadı. Şöhlət Əfşara görə (və gerçəkliyə görə!) söz dünyanın axarını dəyişməyə də qadirdir. Çünki min illərdi, "kim nə miqdar olubsa, əhlini o miqdar edib" Söz (Füzuli).
Nə vaxt haqqın əlləri haqsızlığı boğacaq?
- sorğusunu illərlə erməni işğalından əziyyət çəkən bütün məmləkət yaşayıb. Şairlər daha duyğusallıqla yaşayıb. Şairlər də bilirdi ki, haqqın əlləri Azərbaycan ordusudur. Ali Baş Komandanın döyüş əmri ilə işğalın, haqsızlığın gözü töküləcək, boğazı üzüləcək. Torpaqlarımız işğaldan azad ediləcək. Həmin günə ruhun qələbəsi deyəcəyik, azərbaycançılığın erməniliyi zəbun etdiyi gün deyəcəyik.
"Dərdnamə" kitabı 2020-ci ilin avqustunda nəşr olunub. Bir ay sonra Ermənistan silahlı birləşmələri yeni ərazilər işğal etmək niyyəti ilə işğal etdiyi ərazilərdən torpaqlarımıza hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi. Vətəni ülvi məhəbbətlə sevən Şöhlət Əfşar məhz bu günün tezləşməsi üçün deyirdi ki:
Nə qədər ürəyindən ayrı yaşasın bədən?
Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu Qələbə "Mən azərbaycanlıyam!" deyənlərin hamısının, həm də şair olaraq Şöhlət Əfşarın intizarının sonu oldu; poetik əndişə tarixdə qaldı. Bu misranın davamının Zəfərdən sonra yazılacaq misraların, şeirlərin süsləyəcəyinin zəmanəti elə "Dərdnamə"nin özüdür...
Ermənistan havadarlarının siyasi və hərbi köməyindən bəhrələnməklə Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Beynəlxalq təşkilatlar bu işğala qarşı etirazını bildirsə də qətiyyət göstərməmişdi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistan danışıqlar prosesini uzatmağa, status-kvonu saxlamağa cəhd göstərirdi. Bu illər öz əksini həm də poeziyamızda tapmışdı. İşğaldan yazılan şeirlər işğala üsyan şeirləri idi, çağırış idi, milli-xəlqi ruhun tələbini ifadə edirdi. Şair olaraq Şöhlət Əfşarın da yaradıcılığı bu harayın tribunasına dönmüşdü. Qarabağın azadlıq döyüşü oldu Vətən müharibəsi...
Şair Şöhlət Əfşarın sevgi şeirləri də oxunaqlıdır, səmimidir. "Eşqdir mehrabı uca göylərin" möcüzəsinin işığında oxunan bu şeirlər də təsdiqləyir ki, ürəklərin sayı qədər sevgi var, sevgilərin yüzlərlə, minlərlə misli qədər sevgi şeirləri yazılıb, yazılır, yazılacaq. Bir sevgi şeirində oxuduğum bir etirafı heç zaman unutmamışam: sevginin həsrəti vüsalından şirindi. İnandırıcıdımı? Sevgi sevgidirsə, inandırıcıdı. Sevdiyinə xitabən "daha həsrətini sevəcəyəm" etirafı ("Əlvida") da sevgidəndi,
Ürəyin şam kimi yanıb-sönəcək,
Qanadı qırılmış quşa dönəcək.
Mələklər nalənə göydən enəcək,
Məni xatırlayıb ağlayacaqsan...
("Ağlayacaqsan")
xəbərdarlığı da. Hər ikisi gözəldi, oxunaqlıdı, düşündürücüdü, həyatidi...
"Dərdnamə" kitabı həm də dilimizin saflığına sayğının kitabıdır. Şair öz sözümüzü bəyənməyib yad sözlərə meyil salanlara söz daşı atır. O daş qınaq daşıdı. O daşlar təkcə şairin adından atılmır, dilimizi sevənlərin hamısının adından atılır...
İstedadlı şair Şöhlət Əfşarın şeirlərində bir haray da var. Bu haray kəsilməz haraydır, səsi eşidilən, ünü dinlənilən haraydır. Şeirləri oxuyursan, duyursan ki, bu haray heç zaman kəsilməyəcək, düşüncələrə köçəcək, düşüncələrdən yaşantılara, yaşantılardan xatirələrə, beləcə, yaşayacaq, yaşadılacaq.
Sən gəldin ömrümə Haqqdan pay kimi,
Gündüz Günəş kimi, gecə Ay kimi,
Nə tez gəlib-getdin bir səyyah kimi,
Dön geri, əzizim, möhtacam sənə.
("Möhtacam sənə")
Bu haray, bir sevgi harayı olsa da, neçə fidan sevdalara tövsiyə harayıdı: sevdanı yaşadın, onu əsən yeldən də qoruyun, yağan yağışdan da, daşan seldən də. Qorunmayan sevda xəzana tuş gələn çiçək kimidi.
Sevgi şeirlərində tənhalıq atributu həsrətin ad daşıyıcısı kimi işlədilir. Şair bu ifadəni bir yozumla təqdim edir (duyanlar belə duyur). "Sən orda tənhasan, mən burda tənha" ("Dözə bilmirəm"). Yəni sən də həsrət sıxıntısını yaşayırsan, mən də. Bir el deyimi var: Divarlar evdə tək qalanın üstünə yeriyir. Yəni adama elə gəlir ki, indicə divar üstünə düşəcək. Bu, tənhalığın ağrı-acısıdı. Şöhlət Əfşara görə, tənhalıqdan, təhhalığın ağrı-acılarından xilas yolu sevgiyə biət gətirməkdi.
Şöhlət Əfşarın bədii "mən"i, klassik poeziyada deyildiyi kimi, sabit qədəmdir. Sevdiyinə "Günəşimsən" deyən bədii "mən" qətiyyətlə (həm də səmimiliklə!) deyir ki, mən səni "Sevmişəm, sevirəm, sevəcəyəm də" ("Sevəcəyəm də!"). Şairə görə, sevgiyə bu münasibət sevgi düsturudu; sevdanın başlanğıcı olur, sonu son nəfəsdi. Dünyəvi poeziyada da belədi, çağdaş poeziyamızda da.
Şair Şöhlət Əfşarın "Dərdnamə" kitabı dərdlər kitabı deyil, dərdlərə üsyan fəlsəfəsinin dərkinə yönəldən kitabdır...
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"