“Nizami ili“ necə keçdi? - MÜSAHİBƏ
Nizami Cəfərov: "Təkcə Nizamini yox, onun bütün əsərlərini dünyada təbliğ etdik"
“Nizami ili”ni yaşadığımız illə bir yerdə başa vururuq. Nizami Gəncəvinin təbliğinə ayrılan bu simvolik il riyazi olaraq başa çatsa da, türkün gücü və kimliyini, ədalət hissini, sevgisini, dostluğunu, hətta düşmənçiliyinin özünü belə səmimi, qürurlu siması ilə özündə əxz etdirməklə bizi bir daha dünyaya olduğumuz kimi təqdim edir. Nizami irsinin davamçıları ədalətsiz, haqsız, zülmə baş əyən olmaz.
Versus.Az Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərovun müsahibəsini təqdim edir.
- Nizami müəllim, 2021-ci ili başa vururuq. İlin yekunu həm də “Nizami ili”nin yekunu kimi qeyd olunur. Nizami ilinə diqqət çəkək və görək, son 365 günə 880 ili necə yerləşdirə bildik? Nizami ideyalarının, fəlsəfəsinin içərisinə nə dərəcədə daxil olub, nəyi öyrəndik?
- Bu ilin “Nizami ili” elan olunması, əlbəttə ki, bizim üçün böyük məsuliyyət idi. Azərbaycanda dövlətçilik düşüncəsi, ədəbiyyatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, daim Azərbaycanda həyat ritminin, ictimai, mədəni, düşüncə, elmi, ədəbi- mənəvi ritmimizlə bağlı olmasına çalışıb və buna nail olub. Bunun nəticəsidir ki, Nizamidən danışır və onun irsinin öyrənilməsi ilə bağlı suallara cavab tapmağa çalışırıq. Əslində, bu ilin, ümumiyyətlə, illərin necə keçməsini gələcək nəsillər daha gözəl xatırlayacaq və nəticə çıxaracaq. Biz bundan da əvvəl “Nəsimi ili”ni qeyd etdik, Nəsiminin irsini öyrəndik, Nizami ilini yaşadıq. Bir ara Azərbaycan Xalq Cümhuriyyətinin yaranışını xatırladıq, təhlil etdik. Yəni tarixi illər hələ çox nəsillərə ötürüləcək və onlarla birlikdə müasir dövrün tələblərinə cavab verən şərtlər əsasında təhlil olunacaq.
Qeyd etməliyəm ki, “Nizami ili“ çox yüksək səviyyədə keçdi. “Nizami ili” Nizami Gəncəvini özümüzün böyük şairi kimi dərk etməyimiz üçün gözəl bir yoldur. Bu ili ümummilli lider Heydər Əliyevin sərəncamı ilə keçirilən “Dədə Qorqud ili” ilə müqayisə edə bilərəm. “Dədə Qorqud ili” 3 il keçirildi. Eləcə də indi də ölkə Prezidenti İlham Əliyev də bu yolu çox yüksək səviyyədə davam etdirir. Yəni biz təkcə Nizamini yox, onun bütün əsərlərini dünyada təbliğ etdik. Nizaminin bütün dünyada Azərbaycan şairi, mütəfəkkiri olması ilə sadəcə fəxr etmədik, həm də dünyanı buna məcbur etdik. Bu gün dünyanın özündə də humanizmə ehtiyac var. Onun böyük sənət adamları, düşüncə adamları bu işdə böyük işlər görür. Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva Nizami Gəncəvinun təbliği üçün çox böyük işlər görmüşdü və bu gün o da xatırlanır. Məlumdur ki, Sankt-Peterburqda, eləcə də dünyanın bir çox yerlərində Nizami Gəncəvinin heykəlləri qoyulub. Artıq 15 ildir, Oksford Universitetində “Nizami Gəncəvi albanşünaslıq və Qafqazşünaslıq” bölümü fəaliyyət göstərir və akademik Nərgiz Paşayeva ona rəhbərlik edir. Bütün bunların hamısı bizim Nizamini anlamamız və bilməyimiz üçündür. Neçə illər qabaq Gəncəvinin yalnız fars dilində yazan şair olduğunu iddia edənlər var idisə, indi artıq demək olar ki, bu ziddiyyətlər yoxdur. Azərbaycanın görkəmli şəxsləri dünyanın müxtəlif dillərdə Nizami haqqında çox yaradıcılıq nümunələri qoyub gediblər. Bu mənada Nizami ili çərçivəsində onun irsinin öyrənilməsi onun Azərbaycana mənsub olduğunu bir daha ortaya qoydu. Hətta bir daha bizə səlahiyyətlər verdi ki, Nizami Gəncəvini təhlil edək. Bir məsələni də qeyd edim ki, Mədəniyyət Nazirliyi, M,F.Axundzadə adına Milli Kitabxana, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Aviasiya Akademiyası çox böyük işlər gördülər. Nizaminin əsərləri yenidən çap olundu.
- Aydın məsələdir ki, Nizami Gəncəvinin Azərbaycanda yaşadığı, türk olduğu daha çox İranda və digər güclər tərəfindən daim şübhə altına alınır və müxtəlif bəhanələr uydurulur. Biz bu ildə Nizamini öz adlarına çıxmaq istəyənlərin yalanlarını aça bildikmi?
- Kim Nizami Gəncəvinin əsərlərini əlinə götürüb İranda fars dilində və yaxud başqa dillərdə oxuyubsa, tərcümə edib təhlil edibsə, onların hamısı bunu deyib. Mən mənşəcə fars olan iki böyük alimin Nizami Gəncəvi haqqında dediyi sözləri söyləmək istəyirəm. Onlar deyiblər ki, Nizamidən türk ətri gəlir.
Məsələn, Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd Şeyx deyib ki, Nizami Gəncəvi Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri - dahi şair-mütəfəkkirdir. Əlbəttə, Nizami yaradıcılığı, prinsip etibarilə, Azərbaycan ədəbiyyatı hadisəsi olsa da, ona ümumtürk, ümum-Şərq və ümumdünya ədəbiyyatı kontekstlərində baxmadan dahi şair-mütəfəkkirin tarixi miqyasını və ədəbi missiyasını təsəvvür etmək çətindir. Uzun illər istər Şərq, istərsə də Qərb ədəbiyyatşünaslıq təcrübələrində Nizami İran şairi kimi təqdim olunmuşdur ki, bu zaman onun məhz farsca yazması əsas götürülmüşdür. Həmin məntiqlə yanaşsaq, onda gərək tərcümeyi-halları, yaradıcılıqlarının ideya-estetik koordinasiyası yaxşı məlum olan onlarca türk şairini iranlı elan edək. Yaxud həm türkcə, həm farsca, həm də ərəbcə yazmış Azərbaycan şairi Füzulini, eyni zamanda, üç xalqın övladı sayaq...
Mütəxəssislər Nizami yaradıcılığında şəksiz ümumbəşəri miqyas ilə birlikdə eyni dərəcədə şəksiz türklüyü -azərbaycanlılığı yalnız ideya-məzmunda deyil, həm də forma-üslubda görürlər. Məşhur İran ədəbiyyatşünaslarından Səid Nəfisi vaxtilə yazmışdı ki, “Nizamidən türk ətri gəlir”. Görkəmli Azərbaycan ədəbiyyatşünası Həmid Araslı isə Nizaminin dilində işlənən spesifik türk-Azərbaycan sözlərindən, ifadələrindən çoxlu örnək vermişdi... Belə bir maraqlı fakt-müqayisə də mövcuddur: “Şahnamə”də fars dilini bütün zənginlikləri, incəlikləri ilə əks etdirmiş Firdovsidən sonra, Nizami bu dilə elə yeniliklər gətirdi ki, farsdilli poeziya uzun zaman həmin yeniliklərin təsirindən çıxa bilmədi... Bu isə o deməkdir ki, türk-azərbaycanlı Nizami yazdığı dilin poetik ənənələrini həm davam etdirmiş, həm də ona türk təfəkkürü mövqeyindən rezonans vermişdir.
Nizaminin dili Firdovsinin “Şahnamə”sinin dili deyil. “Şahnamə” təmiz farscadır. Nizaminin əsərləri bir türkün danışdığı, yazdığı fars dilidir. Nizami Gəncəvi “Xəmsə”də 100 dəfədən artıq türk sözü işlədib. Hamısı da ya gözəl mənasındadır, ya da igid anlamındadır. İndi nizamişünasların da tədqiqatlarında təklif olunan xeyli fakt var.
Nizami Gəncəvinin Azərbaycana məxsus olduğunu sübut etməyə çox da ehtiyac duymuruq, bu artıq sübut olunub. Bunlarla yanaşı, nizamişünaslar onu fars dilinin özündə br poetik hadisə kimi dəyərləndiriblər. Nizami Gəncəvini təhlil edib öyrənməyə həmişə ehtiyac var. Hesab edirəm ki, dövlətimiz bu istiqamətdə böyük iş gördü və Nizami təbliğ olundu.
- Nizami müəllim, Nizami Gəncəvi özünün əsərlərində hökmdarları məğlub duruma salır, onları haqqa-ədalətə çağırır. Siz də fars araşdırmaçılara istinadən “Nizamidən türkün ətri” gəlir dediniz. Biz Nizamini təbliğ etməklə nə dərəcədə ikili standartlara qalib gəlmişik? Yaxud Nizamini türk kimi tanıyır, qəbul edirlərmi?
- Bunların hər ikisi var. Bəli, Nizami türkdür və bunu daim etiraf eləməyə ehtiyac yoxdur. Ən böyük fars ədiblərinin, filosofların bu barədə polemikaları var. Şübhə etmirəm ki, dünyanın ikili standartlarında başa düşmək istəmədikləri məqamlar da, maraqlar da var. Nizami Bərdəsi, Gəncəsi, Dərbəndi ilə Azərbaycanındır. Görkəmli şair, ədibimiz Nəriman Həsənzadə onun haqqında maraqlı bir fikir deyib. O, “İsgəndərnamə”də Nizamini ən yüksək səviyyəyə qaldıraraq deyir ki, İsgəndər yaşamaq istəyir, ölümsüz olmaq istəyir, bunun üçün yollar axtarır.
Nəriman Həsənzadə deyir ki, Nizami o əsərdə bütün qüdrəti ilə İsgəndərə göstərir ki, sənə ölümsüzlük cövhəri tapmaq lazım deyil, bu, heç mümkün də deyil. Sənə mənim kimi böyük söz ustası, söz hökmdarı lazımdır ki, “İsgəndərnamə” poemasını yazsın, sən daim yaşa. Bu da hökmdarlara bir Nizami məsləhətidir ki, şairlərin, xalqın ruhunu bilənlərin, mütəfəkkirlərin daim qayğısına qalın. Çalışın ki, onlarla əlaqədə olasınız, çünki onlar xalqın nə olduğunu bilirlər.
Düzdür, bu il “Nizami ili” bitir. Nizami Gəncəvi irsi bundan sonra da hər yeni nəsildə təbliğ olunacaq. Hər yeni nəsil Nizamidə nəsə axtarıb-tapacaq. Proseslər gedəcək. Dövlətçiliyimizin təfəkkürü, ideyası da ondan ibarətdir ki, həmin ideya insanlarımızı, cəmiyyətimizi qüdrətləndirsin. Biz başımzı bu son bir neçə ildə necə dik tuturuqsa, növbəti ideallarımıza çatmaq üçün ondan mənəvi güc alaq. /"həftə içi"/
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"