2021-ci ildə idmanda yadda qalanlar

15:21 01-01-2022 | icon 810 | İdman
2021-ci ildə idmanda yadda qalanlar

2021-ci ildə pandemiya davam etsə də, idman belə şəraitdə də olsa mövcudluğunu qoruya bildi. Azərbaycan idmanı da pandemiya şəraitində müəyyən hadisələrlə yadda qaldı.

 

Versus.Az oxu.az-a istinadən yadda qalanları təqdim edir:

 

İlin itkisi

Gənclər və idman naziri Azad Rəhimovun aprelin 30-da müalicə aldığı ABŞ xəstəxanasında dünyasını dəyişdiyi bildirildi. 57 yaşında vəfat edən nazir ağır xəstəlikdən müalicə alırdı. O, 2006-cı ildən nazir və Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi.

 

İlin çempionluğu

“Neftçi” mayın 19-da 2020/21 mövsümü üzrə Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlməklə Ağdam təmsilçisinin ardıcıl 7 mövsümlük çempionluq seriyasına son qoydu. Bununla da “Neftçi” 9-cu dəfə ölkənin ən güclüsü oldu.

 

İlin transferi

İyunun 8-də Mahir Emreli “Qarabağ”dan Polşanın köklü klublarından olan “Leqiya”ya transfer oldu. Onunla 3+1 il şərti ilə müqavilə imzalandı. Bu, Azərbaycan futbolunda ən uğurlu keçidlərdən biri sayılır.

 

İlin turniri

Futbol üzrə Avropa çempionatının 4 oyunu Bakıda təşkil olundu. Bunlardan 3-ü A qrupunun 3 matçı idi. 12 iyunda Uels – İsveçrə (1:1), 16 iyunda Türkiyə – Uels (0:2) və 20 iyunda İsveçrə – Türkiyə (3:1). 1/4 final mərhələsinin 3 iyulda keçirilmiş Çexiya – Danimarka (1:2) matçı Bakı Olimpiya Stadionunda təşkil olundu. Belə bir mötəbər turnir Azərbaycan tarixində ilk dəfə keçirildi.

 

İlin fiaskosu

Olimpiya millimiz Tokio Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunsa da, bir qızıl medal belə qazana bilmədi. 3 gümüş və 4 bürünc medal qazanmış Olimpiya millimiz ümumi sıralamada 67-ci yeri tutdu.

 

İlin uğuru

Paralimpiya millimiz olimpiyaçılardan fərqli olaraq, Tokioda olduqca uğurlu çıxış etdi. Komandamız 19 medal qazandı ki, bu, Paralimpiya tariximizdə bir ilkdir. Belə ki, komandamız 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla tarixi nəticəyə imza atmış oldu.

 

İlin üzüntüsü

Parataekvondoçu Aynur Məmmədova Tokio Paralimpiya Oyunlarında ən böyük medal ümidlərimizdən biri idi. İlk dəfə taekvondonun Paralimpiadaya salınması bu idman növünə marağı artırmışdı. Lakin hələ Bakıda olarkən A.Məmmədovanın koronavirusa yoluxduğu və səfərə çıxa bilməyəcəyi aydın oldu.

 

İlin əzmkarlığı

Yunan-Roma güləşçisi Rafiq Hüseynov əvvəlcə Tokio Olimpiadası üçün çəkisini aşağı salaraq Olimpiadaya lisenziya qazandı. O daha sonra Olimpiadanın bürünc medalını qazandı. Rafiq Hüseynov bununla da kifayətlənmədi. O, oktyabrın 8-də Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında ilk dəfə qızıl medal qazanmaqla atasına verdiyi sözü tutmuş oldu. Onun karyerasının qürub çağı olan – 33 yaşında belə nəticəyə imza atması əzmkarlığının nəticəsi kimi xarakterizə oluna bilər.

 

İlin mətbuat katibi

Bu ada simvolik olaraq Azərbaycan Cüdo Federasiyasının sabiq mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlunu layiq bilirik. Çünki dəyərli həmkar, Beynəlxalq Cüdo Federasiyasındakı kolleqaları tərəfindən “Mister No Problem” kimi dəyərləndirilən Elnuru vaxtsız itirdik. Koronavirusdan müalicə alan E.Əşrəfoğlu oktyabrın 19-da vaxtsız vəfat edib və Saray qəbiristanlığında dəfn olunub.

 

İlin tarixi nəticəsi

“Qarabağ” noyabrın 4-də Qazaxıstanın Almatı şəhərində “Kayrat”a 2:1 hesabı ilə qalib gəlib. Qrupun ikinci görüşündə “Bazel” Kipr “Omoniya”sı ilə 1:1 oynamaqla “Qarabağ”ın ilk dəfə avrokubokların qrupundan çıxmasına səbəb olub.

 

İlin oyunu

İsveçrədə dekabrın 10-da keçirilən Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilmiş “Bazel” – “Qarabağ” oyunu bu nominasiyaya layiqdir. Çünki bu matçda qələbə “Qarabağ”ı qrup lideri edəcək və 1/16 finaldan azad edəcəkdi. Bu matçadək hər iki komanda eyni xala malik olsa da, yalnız top fərqində İsveçrə təmsilçisi üstün idi. Lakin komandamız rəqibinə 0:3 hesabı ilə uduzaraq bu şansını əldən vermiş oldu.

 

İlin ədalətsizliyi

Həmin matçın 3-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Abdellah Zubir qol vursa da, hesab dəyişmədi. Belə ki, xorvatiyalı baş hakim Fran Yoviç top qapı xəttini keçsə də, qolu qeydə almadı. Bu turnirdə VAR sisteminin olmaması və qolun qeydə alınmaması nəinki Azərbaycan mediasında, xarici KİV-də də tənqidi qarşılandı.

 

İlin futbolçusu

Bu yerə namizəd kimi Mahir Emrelini də göstərmək olar. Ancaq onun “Leqiya”da uğurlu çıxışını sonadək davam etdirə bilməməsi, millimizin və “Neftçi”nin futbolçusu Emin Mahmudovun parlaması nəzərə alınmalıdır. Məsələ burasındadır ki, Emin bu il həm “Neftçi”də kapitan kimi “Qarabağ”ın çempionluq seriyasına son qoydu, daha sonra millinin 2021-ci ildə keçirdiyi görüşlərdən 6-da 7 qol vurdu. O, Serbiya (2 qol), Türkiyə, Lüksemburq, İrlandiya və Qətərin (2 qol) qapısına yol tapdı.      

 

İlin idmançısı

Karateçi İrina Zaretskaya bu ada daha layiqdir. O bu il Olimpiadadan əvvəl Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının qalibi oldu. Ardınca Olimpiadada gümüş medal qazanan İrina noyabrın 20-də Dubayda ikinci dəfə dünya çempionu adını qazandı.

 

İlin təyinatı

Boş qalmış gənclər və idman naziri postuna Gimnasika Federasiyasının baş katibi Fərid Qayıbov gətirildi. Bu təyinatın idman ictimaiyyətində maraqla qarşılanmasının ardınca bir sıra islahatların baş tutması sezildi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin