Qətər-Uqanda təyyarəsində qəribə hadisə baş verib. Belə ki, hamiləliyinin 35-ci həftəsində olan uqandalı qadın uşağı elə hava gəmisində dünyaya gətirmək məcburiyyətində qalıb.
“Haber Global”ın məlumatına görə, təyyarədə torontolu həkim Aişə Xətibin olması həm ana, həm də körpə üçün xilas olub.
Səkkiz aylıq dünyaya gələn körpəyə möcüzəvi hadisəyə və həkimin şərəfinə Mirakl Aişə adı verilib.
Bununla bağlı xatirələrini bölüşən Xətibin sözlərinə görə, uçuşdan bir saat sonra ona müraciət edilib. O yardıma gedəndə qadının yanında daha bir pediatr və tibb bacısının olduğunu görüb. Həkim ginekoloq onların köməyindən istifadə edərək doğuşu qəbul edib.
“Təyyarədə doğuş qəbul edəcəyimi heç vaxt düşünməzdim. Uşağın ağlamaq səsi gələndə bütün sərnişinlər və heyət üzvləri alqışladı. Havada bu möcüzəni yaratmağa kömək edən aviaşirkətin heyətinə təşəkkür edirik! Ana və körpə yaxşıdırlar, hər ikisi sağlamdır”, - deyə həkim bildirib.
Doktor Xətib doğulan körpəyə özünün üzərində ərəbcə adı yazılmış qızıl boyunbağısını hədiyyə edib.